Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-862/2022 13.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı Slavyan Universitetinə qarşı (Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müsəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «pul vəsaitinin geri qaytarılması və təhsil haqqından azad edilmə» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Slavyan Universitetinə qarşı «pul vəsaitinin geri qaytarılması və təhsil haqqından azad edilmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Slavyan Universitetinə ödədiyi 850 manat təhsil haqqının ona qaytarılması və oxuduğu müddət ərzində təhsil haqqı ödəməkdən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müsəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı Slavyan Universitetinin Pedaqoji fakültəsinin 1-ci kursunda «Xarici dil müəllimliyi (rus dili üzrə)» ixtisası üzrə əyani şöbəsində ödənişli əsaslarla təhsil alır. O, Zəngilan rayonundan məcburi köçkün düşmüşdür. Onlar məcburi köçkün olsalar da, ondan illik təhsil haqqı almışlar. O, məcburi köçkün olduğunu bildirsə də, cavabdeh onu təhsil haqqından azad etməmişdir. O, məcbur olub 2020-2021-ci təhsil ili üçün 850 manat məbləğində təhsil haqqı ödəmişdir. İddia ərizəsinə əlavə etdiyi ailə tərkibi haqqında arayışdan da görünür ki, o, məcburi köçkündür. X4 da məcburi köçkündür. O, Azərbaycan Respublikası Qaçqın və X6 üzrə Dövlət Komitəsinə müraciət edərək, təhsil haqqından azad olunmasına kömək etmələrini xahiş etmişdir. Azərbaycan Respublikası Qaçqın və X6 üzrə Dövlət Komitəsi Bakı Slavyan Universitetinə müraciət edərək təhsil haqqını ödəməkdə çətinlik çəkdiyini nəzərə alaraq təhsil haqqının ödənilməsinə mümkün köməklik etmələrini xahiş etmişlər. Lakin bunun da nəticəsi olmamışdır. Cavabdehin ondan təhsil haqqı alması qanunsuz olduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddiası təmin edilməlidir. Belə ki, qanunvericiliyə görə məcburi köçkünlər təhsil xərclərindən azaddırlar. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçının təhsil haqqından azad edilməsi üçün onun məcburi köçkün statusuna malik olmasını təsdiq edən vəsiqə təqdim edilməlidir. Lakin İddiaçı tərəfindən belə bir vəsiqə universitetə təqdim edilməmişdir. İddiaçı tərəfindən məcburi köçkün statusuna malik olmasını təsdiq edən vəsiqə təqdim edilsəydi, onun təhsil haqqından azad edilməsi məsələsinə baxıla bilərdi. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 1.1-ci bəndində qeyd edildiyi kimi, «məcburi köçkün» statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məslələrinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi qəbul edir. Həmin Qaydaların 4.1 və 4.1.6-cı bəndlərinin tələblərinə əsasən İddiaçı məcburi köçkün hesab edilməsi üçün onun atasının məcburi köçkün olması və valideynlərinin hər ikisinin işğal altında olmuş yaşayış məntəqələrində qeydiyyatda olmaları zəruridir. Lakin iddiaçının valideynlərindən atası məcburi köçkün statusuna malik olsa da, anası Sumqayıt şəhərində qeydiyyatdadır. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (məcburi köçkün statusuna malik olan şəxs olmasına) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının valideynlərindən atası «məcburi köçkün» statusuna malik olan şəxs olmaqla, qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayondur. Lakin iddiaçının valideynlərindən anası Sumqayıt şəhərində daimi yaşayış yeri üzrə qeydiyyatdadır (məhkəməyə təqdim olunmuş vəsiqələr və arayışlardakı məlumatlara əsasən). Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1 və 4.1.6-cı bəndlərinə əsasən «Məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqə valideynlərindən atası «məcburi köçkün» statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara verilir. Qaydaların tələbindən göründüyü kimi, iddiaçı məcburi köçkün hesab edilmir. Bu səbəbdən, hazırda iddiaçının məhkəmə tərəfindən Zəngilan rayonundan məcburi köçkün kimi qəbul edilməsi, eləcə də, onun Bakı Slavyan Universitetinə (Pedaqoji fakültəsinin 1-ci kursunda «Xarici dil müəllimliyi (rus dili üzrə)» ixtisası üzrə əyani şöbəsində ödənişli əsaslarla aldığı təhsilə görə) 20 sentyabr 2021-ci il tarixdə ödədiyi 850 manat təhsil haqqının geri qaytarılması və təhsil haqqının ödənilməsindən azad edilməsi barədə iddiasının təmin edilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Bakı Slavyan Universitetinə qarşı «pul vəsaitinin geri qaytarılması və təhsil haqqından azad edilmə» tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıya, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalarına əsasən «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə müraciət etmək, «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqəni aldıqdan sonra hazırki tələbi universitet tərəfindən təmin edilmədiyi təqdirdə, təkrarən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı Slavyan Universitetinə qarşı «pul vəsaitinin geri qaytarılması və təhsil haqqından azad edilmə» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-862/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-862/2022
13.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver