Məhkəmə qərarları › İş №2(006)-876/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-876/2022

10.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-876/2022 10.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsi tərəfindən 06.10.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 29,178.2.1, 29,178.2.1, 29,178.2.4, 29,200.2.2, 29,200.2.3 və 308.1-ci maddələri ilə əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmiş və həmin iddiaçı barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə əsassız həbs qəti imkan tədbiri seçilmişdir. İbtidai istintaq qeyri-obyektiv aparılmış və barəsində əsassız ittiham aktı tərtib edilərək iş məhkəməyə verilmişdir. İddiaçı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 11.02.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,178.2.1, 29,178.3.2.,29,178.2.4, 29,200.2.2 və 29,200.2.3-cü maddələri ilə təqsirli bilinib 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Həmin hökmdən iddiaçı apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və iddiaçıya bəraət verilməsini xahiş etsə də, apellyasiya məhkəməsi 01.10.2019-cu il tarixli əsassız qərarı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 11.02.2019-cu il tarixli hökmünü dəyişdirmədən öz qüvvəsini saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin 01.10.2019-cu il tarixli qərarından verdiyi kassasiya şikayəti təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ləğv edilərək, iş obyektiv araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 04.02.2021-ci il tarixli hökmü ilə iddiaçıya bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04.02.2021-ci il tarixli hökmündən ittihamçı prokuror tərəfindən protest verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06.10.2021-ci il tarixli qərarı ilə prokurorun protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 04.02.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi) nəticəsində iddiaçıya külli miqdar maddi və mənəvi ziyan vurulmuşdur. Belə ki, iddiaçı baytar həkimi işləyərkən heç bir qüsuru və qəbahəti olmadığı və hər hansı bir cinayət törətmədiyi halda Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi iddiaçını əsassız yerə cinayət məsuliyyətinə cəlb etmiş və həmin tarixdə barəsində Binəqədi rayon Məhkəməsinin 06.10.2018-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və iddiaçı 4 ay 6 gün müddətinə əsassız yerə tutularaq azadlıqdan məhrum edilmişdir. 11.02.2019-cu ildə Nəsimi rayon Məhkəməsinin hökmü ilə azadlığa buraxılmışdır. 14.02.2019-cu ildə iddiaçı tutulana qədər işlədiyi Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin rəhbərliyinin şifahi göstərişi ilə işə dəvət olunmuş, 14.03.2019-cu ildə haqqında olan cinayət işi üzrə bəraət almadığını bildirərək ondan öz xahişi ilə işdən azad olunması barədə ərizə yazmasını tələb etmişlər. Əks təqdirdə onu əmək qanunvericiliyini pozmuş bir şəxs kimi işdən azad edəcəklərini bəyan etmişlər. Buna görə də iddiaçı məcbur olub işdən öz xahişi ilə çıxması barədə ərizə yazmışdır. Bundan sonra iddiaçı dəfələrlə müraciət etməsinə baxmayaraq, onu öz işinə bərpa etməmişlər. Nəhayət 2019-cu ilin dekabr ayında iddiaçını işlə təmin etmişlər. İddiçı 14 ay müddətinə işləməmişdir. Əgər işləsəydi, hər ay 275 manat əmək haqqı alardı. Bununla əlaqədar iddiaçıya 3850 manat maddi ziyan dəymişdir. Ərizə, şikayət və teleqramların yazılması və göndərilməsi ilə əlaqədar iddiaçıya təxminən 5000 manat ziyan dəymişdir. Əsassız və qanunsuz həbsdə saxlandığı müddətdə streslər keçirmiş. Bununla əlaqədar xəstə olan ürəyinin vəziyyəti daha da pisləşmiş və iddiaçı uzun müddət saxlandığı təcridxananın tibb məntəqəsində müalicə almağa məcbur olmuş və iynə dərmana 5000 manatdan çox pul xərcləmişdir. Hüquqlarının müdafiəsi üçün 7 dəfə vəkil ilə müqavilə bağlanmışdır. Bu müqavilələr əsasında vəkilə cəmi 1000 manat pul ödənmişdir. 2019-cu ilin dekabr ayında işlə təmin olunduqdan sonra Bakı şəhəri Probasiya İdarəsi tərəfindən məhkəmə hökmündən cərimə cəzası kimi nəzərdə tutulan 1000 manat pul iddiaçıdan tutulmuşdur. Bəraət aldıqdan sonra dəfələrlə müraciət etməsinə baxmayaraq həmin 1000 manat pulu geri ala bilmir. Bunlarla yanaşı 14 ay işləmədiyi müddət ərzində hər ay orta hesabla 150 manat iddiaçıya mükafat verilirdi. Həmin mükafatın almadığına görə iddiaçıya 2100 manat ziyan dəymişdir. Ümumiyyətlə iddiaçıya həmin orqanların qanunsuz hərəkətləri nəticəsində cəmi 17950 manat maddi ziyan dəymişdir. Digər tərəfdən həmin orqanların qanunsuz hərəkətləri nəticəsində iddiaçının ailə üzvləri çox böyük mənəvi sarsıntılara məruz qalmışlar. İddiaçının həbs edilməsi onların həyat şəraitinə çox mənfi təsir etmişdir. Ona görə ki, ailənin yeganə qazanc gətirəni iddiaçıdır. Onlar məcburi köçkün ailəsidir. Cəbrayıl rayonundan məcburi köçkündürlər. Eyni zamanda həmin orqanların qanunsuz hərəkətləri nəticəsində iddiaçı özü də çox böyük mənəvi əzab çəkmişdir. Həbs edilməsi ilə əlaqədar iddiaçının bütün dostlar, tanışlar və qohumlar arasında nüfuzu aşağı düşmüş, onun şərəf və ləyaqəti alçaldılmış, ona ağır mənəvi zərbə vurulmuşdur. Ona dəymiş mənəvi ziyanı isə 100000 manat qiymətləndirir. Təhqiqat ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinin 1-ci bəndinə əsasən barəsində bəraətverici hökm çıxarıldıqda vurulmuş ziyanı həmin qanunla müəyyən edilmiş hallarda və qaydada ödənilməsini xahiş etmək hüququ vardır. Göstərilənlərə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadə) nəticəsində iddiaçıya vurulmuş 17950 manat maddi və 100000 manat məbləğində mənəvi ziyanın, cəmi 117950 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

6. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı ərizəsində hansı əmək fəaliyyəti ilə məşğul olması, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə hər hansı sübt təqdim etmədən əmək haqqının əvəzi olaraq 5.950 manat kompensasiya ödənilməsini tələb edir. Eyni zamanda bildirirlər ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum temə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə xitam verilə bilər. Lakin ərizədə iddiaçının işdən azad olunmasının bu cinayət işi ilə bağlılığı sübut olunmur. Ümumiyyətlə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığı halda işçinin əmək müqaviləsinə xitam verilməsi nəticəsində yaranmış əmək mübahisəsi işçi və işəgötürən arasında tənzimlənməlidir. Bu baxımdan maddi ziyanın ödənilməsi tələbi Maliyyə Nazirliüinə deyil işəgötürənə yönəldilməlidir. Bundan başqa iddiaçı hüquqi yardım göstərilməsi üçün vəkilə 1000 manat ödədiyini bildirmiş, lakin hüquqi yardımla bağlı sənədlər işin materiallarına əlavə edilməmiş və hətta bunların iddiaçıya qarşı həmin cinayət işi ilə bağlı olması barədə sübutlar təqdim olunmamışdır. Belə olan halda məhkəməyə müdafiəçi ilə bağlanılmış müvafiq müqavilələrin surətləri təqdim olunmalı idi. Həmçinin iddiaçı ərizəsində ərizə, şikayət və teleqramların yazılması və göndərilməsi ilə bağlı ona 5000 manat zərər dəydiyini qeyd edir. Amma yenə də bununla bağlı hər hansı sübut və ya əsaslandırma təqdim etməmişdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində ödənilən ziyanın (məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və s.) konkret növləri göstərilmişdir. Qeyd olunan Qanunda iddiaçının tələb etdiyi xərclərə görə hər hansı kompensasiya nəzərdə tutulmamışdır. Bundan başqa, iddiaçı müalicə xərcləri ilə bağlı 5000 manat vəsaitin ödənilməsini tələb etmişdir. Lakin işin materiallarına iddiaçının bu xəstəliyini təsdiq edən və qeyd olunan məbləğin həqiqətən də müalicə ilə bağlı xərclənməsini sübut edən hər hansı bir dəlil əlavə edilməmişdir. Qeyd edirlər ki, tələb olunan məbləğ ağlabatan deyil. Bildirirlər ki, Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunur ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməelə tam həcmdə ödənilməlidir. İddiaçı isə ərizəsində heç bir əsaslandırma və sübut göstərmədən maddi ziyana görə 17.950 manat kompensasiya ödənilməsini tələb edir. Bu baxımdan iddiaçının maddi zərərə görə kompensasiya tələbi əsassız sayılmalıdır. İddiaçı həmçinin mənəvi ziyana görə 100.000 manat kompensasiya ödənilməsini tələb edir. Qüvvədə olan qanunvericiliyinə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edirlər ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı anatoji norma kimi Azərbaycan Respublikası CPM-nin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir (ona qarşı xüsusilə ağır cinayət törədildikdə – üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə – yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə – əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə – on bir manat). Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Həmçinin bildirirlər ki, Azərbaycan Respublikası Prezidntinin 09.02.2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə»nin 8.7-ci bndinə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində müəyyənləşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs ( və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəli göstərilməklə) təqsiri müəyyən edilməlidir. Göründüyü kimi, cinayət prosesini həyata keçirən orqan (və ya vəzifəli şəxs) hazırki iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. Göstərilənləri nəzərə alaraq İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsi xahiş edilmişdir.

7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-48/2021 saylı, 04.02.2021-ci il tarixli hökmündən görünür ki, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 11.02.2019-cu il tarixli, 1(006)-85/2019 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1,29,178.2.3 və 29,178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 4000 manat məbləğində, həmin Məcəllənin 29,200.2.2. və 29,200.2.3-cü maddələrində nəzərədə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 5000 manat məbləğində cərimə cəzasına məhkum olumuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1 və 66.2-ci maddələrinə əsasən İddiaçı təyin edilmiş cərimə cəzaları qismən toplanılmaqla qəti olaraq ona 6000 manat məbləğində cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə müvafiq olaraq İddiaçı hökm çıxarılan anadək həbsdə saxlanıldığı 04 ay 06 gün müddət nəzərə alınması və ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 1000 manat məbləğində cərimə cəzası saxlanılmış, İddiaçı verilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi xaric edilmiş, İddiaçı barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmiş, hökm qanuni qüvvəsini alanadək onun barəsində «başqa yerə getməmək iltizam» qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından azad olunmuş, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1,29,178.2.3 və 29,178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 4000 manat məbləğində, həmin Məcəllənin 29,200.2.2 və 29,200 2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 5000 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1 və 66.2ci maddələrinə əsasən X3 təyin edilmiş cərimə cəzaları qismən toplanılmaqla qəti olaraq ona 6000 manat məbləğində cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə müvafiq olaraq X1 hökm çıxarılan anadək həbsdə saxlanıldığı 04 ay 06 gün müddət nəzərə alınmış və ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 1000 manat məbləğində cərimə cəzası saxlanılmış, Quliyev Əlican Ərəstun oğluna verilmiş ittihaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi xaric edilmiş, X7 barəsində seçilmiş «həbs» qətimkan təlbiri dəyişilmiş, hökm qanuni qüvvəsini alanadək onun barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından azad olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 04.02.2021-ci il tarixli hökmü ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 11.02.2019-cu il tarixli, 1(006)-85/2019 saylı hökmü Mirimov X5 və X3 aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni hökm çıxarılmış, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1,29,178.2.3,29, 178.2.4,29,200.2.2 və 29,200.2.3-cü maddələri ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1,29,178.2.3, 29,178.2.4,29,200.2.2 və 29,200.2.3-cü maddələri ilə bəraət verilmiş, X7 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası İddiaçı Osman oğlu və X3 izah edilməsi, iş üzrə aparılmış məhkəmə ekspertizasının xərci İddiaçı və X3 aid hissədə dövlətə aid edilmiş, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1243/2021 saylı, 06.10.2021-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilməmiş, İddiaçı oğlu və X3 Azərbaycan Respublikası CM-nin 29,178.2.1,29,178.2.3,29, 178.2.4,29,200.2.2 və 29,200.2.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04.02.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

10. İş materiallarında Nəsimi rayon Məhkəməsinin 1(006)-85/2019 saylı, 11.02.2019-cu il il tarixli icra vərəqəsinin surətindən görünür ki, İddiaçı,X7, X9, X10, X14 və X12 müştərək qaydada ekspertiza tədqiqatlarının dəyəri 150,12 manat tutularaq dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir.

11. İş materiallarında olan Qaradağ rayon icra şöbəsinin icraata xitam verilməsi haqqında 21.09.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-85/2019 nömrəli, 11.02.2019-cu il tarixli icra sənədində olan tələb borclu İddiaçı tərəfindən tam şəkildə təmin olunduğundan, icra sənədinə xitam verilmişdir.

12. İş materiallarında olan "xxxx" ASC-nin 21.09.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Nəsimi rayon Məhkəməsinin 1(006)-85/2019 saylı cinayət işi üzrə 27 manat məhkəmə xərcləri ödənilmişdir.

13. İş materiallarında olan "xxxx" MMC-nin mədaxil qəbzlərinin və "xxxx" ASC-nin teleqram üçün mədaxil qəbzlərin surətlərindən görünür ki, İddiaçı tərəfindən ərizə və şikayətlərin göndərilməsi üçün müxtəlif tarixlərdə ümumilikdə 478,20 qəpik pul ödənilmişdir.

14. İş materiallarında olan "xxxx" ASC-nin 05.01.2022-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Nümayəndə adına hüquqi xidmətləri üçün 17,25 manat məbləğində pul vəsaiti ödənilmişdir.

15. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin «Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu» X20 tərəfindən İddiaçı ünvanlanmış 01.04.2021-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 36-cı maddəsinə və «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərin qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi cinayət prosesini həyata keçirən orqan (dövlət) tərəfindən təmin edilməlidir. Bəraət almış şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkuəmə xərcləri müdafiəçiyə ödənilmiş pul məbləği, hökmün icrası zamanı ödənilmişt və ya tutulmuş cərimə üzrə kompensasiya dövlət tərəfindən verilir. Bundan əlavə nəzərinə çatdırmaq istəyirlər ki, onunla bağlanmış əmək müqaviləsinə öz xahişi əsasında X13 sədrinin 13.02.2019-cu il tarixli K/104 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə uyğun xitam verilmiş və daha sonra yenidən öz təşəbbüsünü nəzərə alınaraq 24.12.2019-cu il tarixdə X6 Departamentinin Mərkəzi Baytarlıq Laboratoriyasının 18 saylı qida təhlükəsizliyi nəzarət məntəqəsinə baytar həkim vəzifəsinə işə qəbul edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı itirilmiş əmək haqqı üzrə kompensasiyanın ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

16. İş materiallarında olan Bakı şəhər Probasiya Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 05.04.2021-ci il tarixli məktubun surətindən görünür ki, 1000 manat məbləğində pulun geri qaytarılmas üçün müvafiq məhkəməyə müraciət etməsi xahiş olunmuşdur.

17. İş üzrə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin «Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu» X20 tərəfindən Qaradağ rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 15.03.2021-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı əmək haqqından cərimə cəzası tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin və Qaradağ rayon İcra və Probasiya Şöbəsinin rekvizitlərinə tam şəkildə köçürülmüşdür.

18. İş üzrə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ilə İddiaçı arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında 12.12.2019-cu il tarixli, 1127 nömrəli müqavilədən görünür ki, vəkil ona həvalə edilən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01.10.2019-cu il tarixli qərarından kassasiya şikayəti verməsinə dair tapşırığı əsasında hüquqi vardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqqqarşılıqlı razılıqla 120 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. Hüquqi yardıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən asılı deyil.

19. İş üzrə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ilə İddiaçı arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında 10.08.2020-ci il tarixli, 423 nömrəli müqavilədən görünür ki, vəkil ona həvalə edilən Azərbaycan Respublikası CM-nin 29,178.2.1,29,178.2.3,29,178.2.4,29,200.2.2 və 29,200.2.3-cü maddələrinə dair tapşırığı əsasında hüquqi vardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqqqarşılıqlı razılıqla 130 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. Hüquqi yardıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən asılı deyil.

20. İş materiallarında olan 10.08.2020-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Bakı şəhəri 7 saylı Vəkil Bürosuna 131 manat pul ödənilmişdir. 21.İş üzrə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ilə İddiaçı arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında 17.09.2021-ci il tarixli, 603 nömrəli müqavilədən görünür ki, vəkil ona həvalə edilən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04.02.2021-ci il tarixli hökmündən verilmiş kassasiya protestinə dair tapşırığı əsasında hüquqi vardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqqqarşılıqlı razılıqla 130 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. Hüquqi yardıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən asılı deyil. 22.İş üzrə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ilə İddiaçı arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında 08.12.2021-ci il tarixli, 774 nömrəli müqavilədən görünür ki, vəkil ona həvalə edilən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair tapşırığı əsasında hüquqi vardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqqqarşılıqlı razılıqla 120 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. Hüquqi yardıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən asılı deyil.

23. İş materiallarında olan 08.12.2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Bakı şəhəri 7 saylı Vəkil Bürosuna 121 manat pul ödənilmişdir.

24. İş üzrə ödəniş tapşırıqlarının surətlərindən görünür ki, «Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu» X20 tərəfindən Bakı şəhəri Baş Maliyyə İdarəsinə İddiaçı icra vərəqəsi üzrə 10.07.2020-ci il tarixdə 93,11 manat, 14.08.2020-ci il tarixdə – 137 manat, 02.09.2020-ci il tarixdə – 150 manat, 13.10.2020-ci il tarixdə – 137 manat, 18.11.2020-ci il tarixdə – 137 manat, 15.12.2020-ci il tarixdə – 137 manat, 29.12.2020-ci il tarixdə – 137 manat, 04.03.2021-ci il tarixdə – 71,89 manat ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

25. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 11.02.2019-cu il tarixli İddiaçı aid olan hissədə hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1,29,178.2.3 və 29,178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 4000 manat məbləğində, həmin Məcəllənin 29,200.2.2. və 29,200.2.3-cü maddələrində nəzərədə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 5000 manat məbləğində cərimə cəzasına məhkum olumuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1 və 66.2-ci maddələrinə əsasən İddiaçı təyin edilmiş cərimə cəzaları qismən toplanılmaqla qəti olaraq ona 6000 manat məbləğində cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə müvafiq olaraq İddiaçı hökm çıxarılan anadək həbsdə saxlanıldığı 04 ay 06 gün müddət nəzərə alınması və ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 1000 manat məbləğində cərimə cəzası saxlanılmış, İddiaçı barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmiş, hökm qanuni qüvvəsini alanadək onun barəsində «başqa yerə getməmək iltizam» qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından azad olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 04.02.2021-ci il tarixli hökmü ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 11.02.2019-cu il tarixli hökmü Mirimov X2 aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni hökm çıxarılmış, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1,29,178.2.3,29, 178.2.4,29,200.2.2 və 29,200.2.3-cü maddələri ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası İddiaçı Osman oğluna izah edilmiş, iş üzrə aparılmış məhkəmə ekspertizasının xərci İddiaçı aid hissədə dövlətə aid edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı ona vurulmuş 17950 manat maddi və 100.000 manat mənəvi ziyanın ödənilməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

26. Məhkəmə İddiaçı qanunsuz olaraq məhkum olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.

27. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz».

28. Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir.

29. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

30. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir.

31. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir.

32. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır.

33. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

34. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.

35. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.

36. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir.

38. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır.

39. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.

41. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il).

42. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona 17950 manat ziyanın vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Sadəcə 27 manat məhkəmə xəricinin, ərizə və şikayətlərin göndərilməsi üçün ödədiyi 478,20 qəpik və hüquqi yardım alması üçün vəkilə 399,65 manat ödədiyi vəsaitin qəbzlərini məhkəməyə təqdim etmişdir.

43. Məhkəmə həmçinin iddiaçının maddi ziyanın 1000 manat olan cərimə məbləğinin onbdan tutulması hissəsi ilə bağlı qeyd edir ki, qeyd olunan tələblə iddiaçı bir başa məhkəməyə deyil, ilk öncə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı ödənilmiş cərimə məbləğinin ona geri qaytarılması ilə bağlı ərizə ilə müraciət etməli idi. Lakin iddiaçı tərəf cavabdehə ərizə ilə müraciət etməsinin və bunun nəticəsi barədə (hərəkət və ya hərəkətsizlik) heç bir məlumatı məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi 1000 manat ödənilmiş cərimə məbləğinin tutulması hissəsində təmin edilə bilməz.

44. Məhkəmə iddiaçının iş yerindən azad olunması barədə ona dəymiş ziyanın qaytarılması hissəsində isə qeyd edir ki, iddiaçı işdən öz xahişi ilə azad olmuş, bu hüquq onun iradəsinə zidd olaraq xitam verilmədiyindən iddia ərizəsi bu hissədə də təmin oluna bilməz.

45. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində qismən əsaslı hesab edilməli və cavabdehdən iddiaçının xeyrinə 904,85 manat maddi zərərin əvəzi tutulmalıdır.

46. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

48. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

49. Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona maddi və mənəvi zərər vurulmuşdur.

50. Məhkəmə iddiaçıya vurulmuş maddi və mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir.

51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki döriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

52. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

53. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

54. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X4rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.

55. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.

56. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.

57. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə maddi və mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni maddi zərərlə bağlı hissəsində 904,85 (doqquz yüz dörd manat, səksən beş qəpik) manat, mənəvi zərər hissəsində isə 4200 (dörd min iki yüz) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçının 4 ay 06 gün azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi ağlabatan deyildir.

58. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə maddi zərərə görə 904,85 (doqquz yüz dörd manat, səksən beş qəpik) manat və mənəvi ziyana görə 4200 (dörd min iki yüz) manat pul tutularaq ona verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

59. zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

61. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

62. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

63. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə maddi zərərə görə 904,85 (doqquz yüz dörd manat, səksən beş qəpik) manat və mənəvi ziyana görə 4200 (dörd min iki yüz) manat, ümumilikdə 5104,85 (beş min yüz dörd manat, səksən beş qəpik) manat pul tutularaq iddiaçıya verilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar