Məhkəmə qərarları › İş №2(006)-888/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-888/2023

07.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-888/2023 07.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Cavabdeh iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X5 olmaqla Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən asas borc olan 15500 manat məbləğində pulun, maşın kimdə qalacaqsa təmirə ödədiyi 5400 manatın, pul gecikdirildiyinə görə faizlərin və 153 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X5 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə Bakıxanov qəsəbəsi, Çörək zavodunun arxasında, maşm təmir edən avto salonda tanış olmuşdur. Vurulmuşəzilmiş **-NY-*** nömrəli avtomaşın satılırdı. Maşının sahibinin kim olduğunu soruşmuş, cavahdeh etibarnamə ilə səlahiyyətin ona verildiyini bildirmişdir. Cavabdehlə danışmış, 15.500 manata razılığa gəlmişlər, notarusda 15.500 manatı cavabdehə ödəmiş və xx.xx.2022-ci ildə Nizami rayonunda X1 imzası ilə ona etibarnamə verilmişdir. xx.xx.2023cü ilə kimi vurulmuş-əzilmiş maşını təmir etdirmək üçün Nərimanov rayonunda Şəki restoranı ilə üzbəüz İnter-Servisə qoymuşdur. **-NY-*** nömrəli avtomaşının təmiri 4 ay çəkmiş, maşının təmirinə cəmi 5400 manat ödəmişdir. Maşın almışdır ki, təmir etdirib mülkiyyətinə keçirsin. Lakin aldığım əmlakı ilə və verdiyi pulla bağlı bu hüquqların heç birini gerçəkləşdirə bilməmişdir. Arvadı xətə idi, maşını təmirdən götürdüyü vaxtı, həkim bildirmişdir ki, arvadı xərçəng xəstəliyindən əziyyət çəkir, aldığı maşını satmağa məcbur olmuşdur. xx.xx.2022-ci ildə yol polisi ona xəbərdarlıq etmişdir ki, ona verilən etibarnamə ləğv edilmişdir. Bundan sonra maşını aldığı cavabdehə müraciət etmişdir. Cavabdeh bildirdirmişdir ki, heç bir günahı yoxdur, bu hərəkəti mülkiyyətçinin arvadı etmişdir. xx.xx.2022-ci ildə saat 11:56-da 9 saylı Notariusda ona verilən etibarnamənin ləğv olunduğunu öyrənmişdir. Etibarından sui-istifadə edib, pulunu mənimsəyib qaytarmırlar. Cavabdeh pulunu qaytaracağına söz vermişdir. Artıq 11 aydır ki, maşın ondadır. Cavabdeh onun etibarından sui-istifadə edərək pulunu mənimsəmişdir, pulunu tələb etsə də vermir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AE seriyalı 028737 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai İX-35 minik” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli ƏN-Vİİİ seriyalı 197756 saylı 1226 reyestr nömrəli etibarnamədən görünür ki, X5 tərəfindən “Hyundai İX-35 minik” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri xx.xx.2023-cü il tarixədək iddiaçıya verilmişdir. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, X3 etibarnamə üzrə nümayəndəsi X4 tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçının adına verilmiş xx.xx.2022-ci il tarixli 1226 reyestr nömrəli etibarnaməyə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onların iddia tələblərinin qanuni əsaslarının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadırlar; çünkü iddiaçı ilə cavabdeh arasında mübahisə predmeti olan avtomobilə dair alqı-satqı münasibətləri olmamış, iddiaçı tərəfindən pul cavabdehə ödənilməmiş, hətta məhkəmə tədqiqatı zamanı mübahisə predmeti olan avtomobili iddiaçıya cavabdeh tərəfindən deyil, cavabdehin dayısı oğlu tərəfindən satıldığı və iddiaçının tələb etdiyi pulu həmin şəxsə ödədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehi iddia tələbini ona qarşı irəli sürməyə imkan verən cavabdeh kimi qəbul etmək mümkün deyildir. Çünki hazırkı işdə şifahi formada bağlanmış alqı-satqı müqaviləsi hüquq münasibətinin əmələ gəlməsinə yönəlmişdir. Belə ki, müqavilənin nəticəsi olaraq satıcı ilə alıcı arasında öhdəlik hüquq münasibəti əmələ gəlmişdir. Əmələ gələn münasibətin cavabdehə aidiyyəti yoxdur. Məhkəmə bunu aşağıda göstərilənlərlə izah edir: Birincisi, cavabdeh öhdəlik münasibətinin subyekti (satıcı və ya alıcı) deyil. İkincisi, öhdəlik münasibətinin məzmununun (subyektiv hüquqların və hüquqi vəzifələrin) cavabdehə hər hansı aidiyyəti yoxdur. Belə ki, subyektiv hüquq (satıcının malın dəyərini qəbul etmək hüququ) və hüquqi vəzifə (satıcının malı təhvil vermək vəzifəsi) müqavilənin tərəflərinə aiddir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia ərizəsinin digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Beləliklə, hazırkı vəziyyətdə cavabdeh müqavilənin tərəfi olmadığından iddiaçının iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar