Məhkəmə qərarları › İş №2(006)-890/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-890/2021

16.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-890/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 Asimovnanın iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 (min) manat məbləğində pul vəsaitinin, mənəvi zərərin əvəzi olaraq 2000 (min) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 30 manat, ümumilikdə 3030 (üç min otuz) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya məxsus mağazadan xx xxxxxx 2020-ci il tarixdə mobil telefon cihazı almışdır. Telefonda qüsurlar olduğunu bildirmiş və bu qüsurlar iddiaçı tərəfindən aradan qaldırılmışdır. Lakin, sonradan cavabdeh telefonun yenisi ilə əvəz olunmasını tələb etmişdir. Bu tələbinə rədd cavabı aldıqda Xətai rayon Polis İdarəsinə müraciət etmişdir. Xətai rayon Polis İdarəsinin əməkdaşları hər hansı bir çağırış vərəqəsi və rəsmi məktub göndərmədən iddiaçıya məxsus mağazaya gələrək, işçiləri idarəyə aparmışlar. Sonradan iddiaçı da Xətai rayon Polis İdarəsinə gəlmiş, iddiaçı idarəyə gəldikdən sonra içşilər sərbəst buraxılmış, lakin iddiaçı gecəyə qədər idarədə saxlanılmışdır. Cavabdehin tələbi ilə polis əməkdaşları iddiaçıdan cavabdehə 1000 manat verilməsini bildirmişlər. Son nəticədə iddiaçı bütün gününü ac və susuz idarədə keçirdiyini görüb heç bir əsas olmadan cavabdehə 1000 manatı vermək məcburiyyətində qalmışdır. Bundan sonra cavabdeh ərizə yazaraq, telefonunun təmir olunduğunu və əlavə olaraq 1000 manat vəsait aldığını bildirmişdir. xx xxxxxx 2020-ci il tarxidə Xətai rayon Polis İdarəsinin müstəntiqi Elmin Abdullayev Cinayət Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə (əməlde cinayət tərkibi olmadıqda) istinaq edərək, cinayət işinin başlanıimasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Beləliklə şərh edilənlərdən də göründüyü kimi cavabdeh hər hansı bir hüquqi əsas olmadan telefonun təmirindən əlavə 1000 manat məbləğində pul vəsaiti almış və bununla da əsassız varlanmışdır. Qanunvericiliyin tələblərini nəzərə alaraq, hesab edirlər ki, cavabdehdən iddiaçının xeyrinə 1000 manat pul tutulmalıdır. Bundan başqa iddiaçıya mənəvi ziyan da vurulmuşdur. Belə ki, cavabdehin şikayəti nəticəsində iddiaçı heç bir əsas olmadan bir gününü polis idarəsində ac və susuz keçirmişdir və cavabdehin bu hərəkəti iddiaçının şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş və nəticədə iddiaçı mənəvi sarsıntı, o cümlədən də fiziki iztirab keçirmişdir. Mənəvi zərərin məbləğinə gəlincə isə cavabdehin təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edirlər ki, iddiaçıya vurulmuş mənəvi zərərin 2.000 (iki min) manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatan olardı. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə o, X1 adına rəsmiləşdirilmiş (VÖEN **********) Ziya Bünyadov prospektində Çinar Park BM-də yerləşən "Almalı.az" mağazasından 2500 manat məbləğində xxxx İphone 11 PRO 256 GB, Midnight Green, seriya №**********36024 mobil telefonu almışdır. Qısa müddətdə sonra mobil telefonu işlədərkən, telefonun alt dinamikində səslənmədə ciddi qüsurların olduğunu hiss etmişdir. Bu məsələyə aydınlıq gətirilməsi məqsədi ilə fevral ayının sonlarında mağazaya zəng etmiş, lakin həmin telefon danışığının nəticəsi olmamışdır. Bundan sonra o dəfələrlə Elnur Novruzova məxsus mağazaya gələrək, mağazanın əməkdaşlarına telefonun səslənməsində ciddi qüsurların olduğunu bildirmişdir. Mağazaya hər dəfə gəldikdə mağazanın işçiləri, fiziki şəxs Elnur Novruzovun yerində olmadığını, elan edilmiş karantin rejimi ilə əlaqədar mağazanın hər gün işləmədiyini bildirmişlər. Bir müddətdən sonra isə Elnur Novruzov mağazanın yerini dəyişərək, ünvan 1 ünvanda təzə mağazanı açmışdır. O həmin mağazaya yaxınlaşaraq, telefonu qəbul edib, qüsurların aradan qaldırılmasını tələb etmişdi. Mağazanın işçiləri pandemiya qutardıqdan sonra telefonu qəbul edib zəmanət şərtlərinə uyğun olaraq Dubaya göndəriləcəyini bildirmişlər. Nəhayət xx xxxx 2020-ci il tarixdə mağazanın əməkdaşı Maksim Kliyev ondan telefonu qəbul edərək, zəmanət talonunda telefonun alt dinamikində xışıltı olduğunu qeyd etmişdir. Həmin vaxtdan telefon mağazada qalmışdır. Bir həftədən sonra o yenə də mağazaya yaxınlaşan zaman, Maksim Kliyev bildirmişdir ki, Elnur Novruzov ona məxsus telefonu Azərbaycan Respublikası üzrə ‘'xxxx” Şirkətinin rəsmi "Alma Store” biznes-əməkdaşlıq servis mərkəzinə müayinəyə göndərmişdir. "Alma Store” biznes-əməkdaşlıq servis mərkəzində müayinədən sonra xx xxxx 2020-ci il tarixli tərtib etdiyi rəsmi rəyə əsasən, “xxxx İphone 11 PRO 256 GB, Midnight Green, seriya №**********36024 mobil telefonun dinamikində problem var, səs aydın gəlmir və bu qüsur istehsalat qüsurudur. Həmçinin rəydə qeyd olunmuşdur ki, telefon açılıb yoxlanılmış və zədə izi aşkar olunmamışdır. O, əldə edilmiş servis rəyindən sonra yenidən mağazaya yaxınlaşanda, mağazanın işçiləri pandemiya ilə əlaqədar telefonu yenisi ilə əvəz edilməsi üçün Dubaya baş ofisinə göndərilməsi mümkün olmadığından, telefonun təmir ediləcəyini bildirmişlər. Halbuki, telefona xxxx Şirkəti tərəfindən verilmiş beynəlxalq zəmanət şərtlərinə və milli qanunvericiliyinə əsasən, qüsuru olan mobil cihazının yenisi ilə dəyişdirməyi tələb etmək onun müstəsna hüququdur. O, beynəlxalq və yerli qanunvericiliyin qaydalarının pozulması hallarını gördükdə, xx xxxx 2020-ci il tarixdə Xətai RPİ-nə ərizə ilə müraciət edərək Elnur Novruzovun ona 2500 manat müqabilində istehsal qüsurlu telefonun satdığını, həmin telefonun hazırda yenisi ilə dəyişmək məqsədi ilə mağazaya qaytardığını, lakin mağaza tərəfindən telefonun dəyişdirilməcəyini və bununla ona 2500 manat məbləğində maddi ziyan vurduğu barədə bildirmişdir. xx xxxx 2020-ci il tarixdə Elnur Novruzov ona 01/001/07/20 saylı cavab məktub göndərərək, ona məxsus telefonun xx xxxx 2020-ci il tarixdə təmir edilməsini və daxili zəmanət şərtləri əsasında telefonun yenisi ilə əvəz edilməsi mümkün olmadığını bildirmişdir. Sonradan mağaza tərəfindən ona məxsus telefonda məhz hansı təmir işlərin aparılması və ümumiyyətlə onun icazəsi olmadan hansı əsasla telefonun açılması suallarına cavab verilməmişdir. xx xxxxxx 2020ci il tarixdə Xətai RPİ-nin baş müstəntiqi Tofiq Namazov ona zəng vuraraq idarəyə dəvət etmişdir. O, saat 13:45-də idarəyə gələrək, orada Elnur Novruzovu və əvvəl ümumiyyətlə tanımadığı hazırkı iddianı verən İddiaçı görmüşdür. Polis İdarəsində olarkən, İddiaçı izahatı verərək göstərmişdir ki, “o 2019-cu ildən “xxxx” Şirkətinin təsisçisi və direktorudur. Elnur Novruzov isə həmin şirkətdə broker vəzifəsində işləyir, Almalı.az adlı mağazanın kassası Elnurun adına rəsmiləşdirilmişdir. 2020-ci ilin yanvar ayında Cavabdeh Çinar Plazada yerləşən Almalı az mağazasından 2500 manat pulun müqabilində xxxx İphone 11 PRO 256 GB, Midnight Green, seriya N9**********36024 mobil telefon cihazı almışdır. 2020-ci ilin mart ayının əvvəllərində Natiq mağazaya zəng vuraraq, mobil telefonun dinamikində problem olduğunu bildirmişdir. Bir neçə gün sonra Natiq mağazanın yaxınlığına gəlmiş və mobil telefonu mağazada təmir etdirmək üçün Elnur Novruzova təqdim etmişdir. Natiqə məxsus mobil telefonu müayinə etdikdə həmin telefonun yuxarı dinamikində cüzi xırıltı səsin olduğunu müəyyən etdik. 2020-ci ilin iyun ayının sonralarında biz qeyd olunan mobil telefonun stereo dinamikini 50 manat pulun müqabilində "İnteqral Texno ” servisdə yenisini qoyduraraq tam saz vəziyyətdə Natiqə təhvil vermək istəsək də, götürmədi”. Elnur Novruzov həmin məzmunda da izahat vermişdir. O, öz növbəsində polis idarəsində bildirmişdir ki, ilk növbədə telefonun alt dinamikində ciddi problem var və həmin problem istehsal xarakteri daşıyır. İddiaçının qeyd etdiyi “İnteqral Texno"’ servisin telefonda guya 50 manata dəyişildiyi dinamikin bazar qiyməti hazırda 220-250 manat civarındadır. Bundan əlavə, xxxx şirkətinin istehsal olunan telefonlar yalnız Azərbaycanda rəsmi servisi olan “Alma Store” biznes-əməkdaşlıq servis mərkəzində mülkiyyətçinin rəsmi razılığı ilə təmir edilə və yoxlanıla bilər. Bu səbəbdən də, razılığı olmadan naməlum şəxs tərəfindən açılmış telefonun qəbul edilməsindən o, imtina etmişdir. Bundan sonra Elnur Novruzov ona istehsal qüsurlu telefonun qaytarılması və maddi ziyan kimi ona 1000 manat ödənilməsini təklif etmişdir. O da Elnurun bu təklifi ilə razılaşaraq telefonu və ona dəymiş maddi ziyandan 1000 manat pulunu götürmüşdür. Bu səbəbədən də, Xətai RPİ tərəfindən xx xxxxxx 2020-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin bütün göstərilənlərə baxmayaraq, hal-hazırda İddiaçı ona qarşı iddia ilə çıxış edərək, onun tərəfindən ona 1000 manat pulun ödənilməsi, həmin pulun tərəflərin razılığı ilə yox, müstəntiqin tələbi və hədə-qorxu ilə ona verilməsi səbəbindən, həmin əməliyyatın əsassız varlanma kimi qiymətləndirilməsini xahiş etmişdir. Hazırki işin materiallarından görünür ki, iddia tələbində qeyd edilən 1000 manat pul vəsaiti Elnur Novruzovun ona istehsal qüsurlu olan telefonun satılması üçün dəymiş ziyan əvəzinə Elnur tərəfindən aralarında olan razılığa əsasən ödənilib. Telefonun istehsal qüsurlu olduğu “xxxx” Şirkətinin rəsmi “Alma Store” biznes-əməkdaşlıq servis mərkəzinin xx xxxx 2020-ci il tarixli rəyi ilə tam sübuta yetirilir və ona təqdim edilmiş xxxx şirkətinin beynəlxalq zəmanət şərtlərinə və istehlakçıların hüquqlarına əsasən o bu cür malı yenisi ilə əvəz edilməsini tələb edə bilər. Həmçinin bazar qiyməti 220-250 manat olan ehtiyyat hissəsinin 50 manat dəyişilməsi qeyri-mümkün olduğundan həmin telefonun təmir edilməsi faktı həqiqətə uyğun olmamışdır və telefonda olan qüsur qalmışdır. İddiaçının Xətai RPİ-də yazılmış izahatında və hazırkı iddiada da həqiqətə uyğun olmayan faktlardan istinad edilməsi işin faktiki halları ilə tam sübuta yetirilir. Beləliklə, daxili Zəmanət şərtləri üstündə "Almalı.az” mağazanın əməkdaşı Maksim Kliyev tərəfindən aparılmış qeydlərindən müəyyən olunur ki, telefon iddiaçının İzahatında göstərildiyi kimi mart ayında Elnur Novruzov tərəfindən yox xx xxxx 2020-ci il tarixdə mağazada Maksim Kliyev tərəfindən qəbul edilmişdir. Həmin əməkdaş telefonu qəbul edərkən, telefonun ALT dinamikində xışıltı olduğunu və yalnız telefonun (qutusuz) qəbul edilməsini qeyd etmişdir. Bundan əlavə, Elnur Novruzovun şəxsən imzalanmış xx xxxx 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, telefon iyun ayının sonralarında yox, xx xxxx 2020-ci il tarixdə təmir olunmuşdur. İddiaçının telefonun təmir edilib tam saz vəziyyətə gətirilməsinə isə gəldikdə, bildirir ki, “Texnoservis” Servis Mərkəzinin məlumatına görə, xxxx İphone 11 PRO 256 GB. Midnight Green, seriya №**********36024 mobil telefon cihazının dinamik hissəsində qüsur aşkar edilmişdir, telefon ətraflı yoxlanılmışdır və tozdan təmizlənmişdir. Göründüyü kimi, iddiaçının istinad etdiyi serviz mərkəzi tərəfindən telefonda hər hansı bir təmir işləri aparılmamış və telefonun dinamiki dəyişdirilməmişdir. Hazırki işə aid olan milli və beynəlxalq normalarına əsasən onun istehlakçı kimi, ona qüsurlu malın satıldığı halda satıcıdan sərbəst şəkildə ya malın lazımı keyfiyyətli mala dəyişdirməyi, satış qiymətinin azaltmağı və ya malın təmir edilməsini tələb etmək hüququ var. Hazırki halda o, əvvəlcədən “Almalı.az" mağazasından aldığı xxxx İphone 11 PRO 256 GB, Midnight Green, seriya №**********36024 qüsurlu mobil telefonu lazımı keyfiyyətli telefonu ilə əvəz edilməsini tələb etmişdir, lakin sonradan Elnur Novruzovla əldə etdiyi razılığa əsasən telefonun qiyməti azaldılaraq, ona 1000 manat məbləğində ziyan qaytarılmışdır. İddia ərizəsində qeyd olunan onun əsassız varlanma halı həmçinin “World Telekom’’ mağazasından həmin telefonun 3199 manata aldığı da təkzib edir. Beləliklə, xx xxxxxxxx 2020-ci il tarixli satış çekindən görünür ki, o, “Almalı.az" mağazadan aldığı telefonu “World Telekom" mağazasına təhvil verib üstündə 1149 manatı ödəyərək xxxx İphone 11 PRO Max telefonu almışdır. Həmin markalı qüsursuz telefonu əldə etmək üçün o, köhnə telefonu, maddi ziyan kimi ödənilmiş 1000 manatı və əlavə 149 manatı da ödəmişdir. İddia ərizəsində qeyd olunan müstəntiqin iddiaçıya təzyiq göstərilməsinə gəldikdə isə, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, həmin qərar barədə maraqlı tərəflərə məlumat verilməklə, ondan şikayət etmək hüquqlarının olması tərəflərə izah edilmişdir. Eyni zamanda cinayət-prosessual qanunvericiliyinə əsasən işdə iştirak edən şəxslərin təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından və hərəkətlərindən şikayət etmək hüququ var. Beləliklə, İddiaçı ona qarşı əsassız varlanma iddia tələbi ilə məhkəməyə müraciət etsə də, iddiada qeyd olunan pul vəsaitin məhz onun tərəfindən müstəntiqin təzyiqi altında verilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələbi əsassız olduğundan onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 Asimovna iddianın əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. “Alma store” mağazası tərəfindən tərtib edilmiş qəbzdən görünür ki, müştəri Elnur Novruzovun aldığı «xxxx İphone 11 Pro 250 Gb» markalı mobil telefon cihazının dinamikində problem olduğu, səsin aydın gəlmədiyi müəyyən edilmişdir. Cihaz açılıb yoxlanılmış, maye və zədə izi aşkar olunmamışdır. Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X3 tərəfindən qəbul edilmiş xx.xx.2020ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh xx xxxx 2020-ci il tarixdə Xətai RPİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən «Alma Store» adlı mağazasından 2500 manat pulun müqabilində «xxxx İphone 11 Pro 250 Gb» markalı mobil telefon cihazı aldığını, telefonda istehsal qüsuru olduğuna görə telefonu həmin mağazaya qaytarmasına baxmayaraq mağazada pandemiyanı bəhanə gətirərək işlədikləri və fəaliyyət göstərdikləri halda, yalandan işləmədiklərini bildirmiş və ona qarşı dələduzluq edərək ona 2500 manat maddi ziyan vurmuşlar. Daha sonra isə Cavabdeh ərizə ilə müraciət edərək ona məxsus mobil telefonun təmir edilib özünə qaytarıldığını və əlavə olaraq ona 1.000 manat pul verildiyini bildirmiş və ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsini xahiş etmişdir. Tərəflər arasındakı məsələ mülki xarakterli olduğundan cinayət işinin başlanmasının rədd edilmiş və qəbul edilmiş qərardan prokurora, yaxud məhkəməyə müraciət etmək hüquqlarının olması tərəflərə izah edilmişdir. Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Tofiq Namazova ünvanlanmış ərizədən görünür ki, Cavabdeh mağaza tərəfindən ona vurulmuş maddi ziyanın qaytarıldığı, mağazadan aldığı telefonun təmir etdirildiyini və əlavə olaraq 1000 AZN məbləğində vəsaitin ödənildiyi, həmin mağazadan şikayətçi olmadığını bidirərək şikayət ərizəsi əsasında aparılan araşdırmanın rədd olunmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, pandemiya təzə başlayan zaman müştəri telefon gətirdi. Bütün servis və mağazaların əksəriyyəti bağlı idi. Müştəridən telefonu təhvil alıb servisə verdiklərini bildirmişdir. Eyni zamanda müştəri telefonu servisdən götürməyə gəlməmişdir. Bir müddət keçdikdən sonra Xətai RİP-nin əməkdaşları tərəfindən dələduzluğa görə idarəyə aparıldıqları və orada xeyli müddət qaldıqlarını bildirmişdir. Telefonu təmir etməklərinə baxmayaraq müştəriyə əlavə olaraq idarədə 1000 manat pul vermişlər. Pul müştəriyə Rüstəm tərəfindən verilmişdir. Pul idarəyə Rüstəmin qohumu Azər tərəfindən gətirilmişdir. Polis idarəsində müştəriyə verilən pulun mağazaya və ona aidiyyəti yoxdur. Pulu verməyəcəkləri təqdirdə idarədən buraxılmayacaqları bildirilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadə verərək bildirmişdir ki, oğlu iddiaçıya məxsus mağazadan telefon almışdır. Bir müddətdən sonra telefonda problem yaranmışdır. Mağazaya müraciət etməklərinə baxmayaraq yaranmış nasazlığa görə cavab vermək istəməmiş, mağazanın əməkdaşları onları süründürmüşlər. Xeyli müddət keçdikdən sonra onları qəbul eləmiş, telefonu götürmüşlər. Telefonu oğlunun icazəsi olmadan açmışlar. Onlar tərəfindən polisə müraciət edilmişdir. Telefon idarəyə sonradan Elnur tərəfindən gətirilmişdir. Oğluna idarənin koridorunda 1000 manat verilmişdir. Oğlu sonradan ona demişdir ki, pulu verilən zaman, səsi onlar tərəfindın yazılmışdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə Ziya Bünyadov prospektində “Çinar Park” BM-də yerləşən "Almalı.az" mağazasından tanışı X1 adına 2500 manata “xxxx İphone 11 PRO 256 GB, Midnight Green” markalı mobil telefon almışdır. Cavabdeh xx xxxx 2020-ci il tarixdə Xətai RPİ-nə ərizə ilə müraciət edərək «Alma Store» adlı mağazadan 2500 manata aldığı «xxxx İphone 11 Pro 250 Gb» markalı mobil telefonda istehsal qüsuru olduğuna görə telefonu həmin mağazaya qaytarmasına baxmayaraq mağazada pandemiyanı bəhanə gətirərək işlədikləri və fəaliyyət göstərdikləri halda, yalandan işləmədiklərini dediklərini və ona qarşı dələduzluq edərək 2500 manat məbləğində maddi ziyan vurulduğunu bildirmişdir. Fakt üzrə Xətai RPİ-nin İstintaq Şöbəsində müstəntiq X3 tərəfindən araşdırma aparılmış və tərəflərin izahatları alınmışdır. Araşdırma zamanı İddiaçı dəymiş ziyanın əvəzi kimi Cavabdeh 1.000 manat məbləğində pul ödəmiş və bundan sonra Cavabdeh ərizə ilə müraciət edib ona məxsus mobil telefonun təmir edilib özünə qaytarıldığını və əlavə olaraq ona 1.000 manat pul verildiyini bildirərək cinayət işinin başlanmasının rədd edilməsini xahiş etmişdir. Tərəflər arasındakı məsələ mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmiş və qəbul edilmiş qərardan prokurora, yaxud məhkəməyə müraciət etmək hüquqlarının olması tərəflərə izah edilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 (min) manat məbləğində pul vəsaitinin, mənəvi zərərin əvəzi olaraq 2000 (min) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 30 manat, ümumilikdə 3030 (üç min otuz) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İş materiallardan göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən satıcı-iddiaçı keyfiyyəti müqavilədəki şərtlərə uyğun gələn əşyanı alıcınıncavabdehin mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehə lazımi keyfiyyətdə olmayan əşya verildiyindən, o, aldığı telefonun qaytarılması və vurulmuş zərərin ödənilməsi üçün müvafiq polis orqanlarına müraciət edərək, cinayət işinin başlanmasını xahiş etmişdir. Araşdırmanın aparılması zamanı iddiaçı tərəfindən təmir olunmuş telefon cavabdehə qaytarılmış, eyni zamanda, alıcıya vurulmuş maddi zərərin əvəzi olaraq 1000 manat məbləğində pul ödənilmişdir. Hazırda ödədiyi pulun qaytarılmasını istəyən İddiaçı Mülki Məcəllənin 1091.1, 1091.2 və 1092.1-ci maddələrə istinad etmişdir. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddənin məzmunundan göründüyü kimi, əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün şərtlər aşağıdakılardır: - Borclu əmlak əldə etsin; - Həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin; - Bu əldəetmə üçün heç bir hüquqi əsas olmasın. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Başqa sözlə iddiaçı pulun tərəflər arasında yaranmış müqavilə münasibətlərinə əsasən verilmədiyini müəyyən etmiş, cavabdehin onun hesabına 1000 manat məbləğində əsassız olaraq varlandığına əsaslanmışdır. Məhkəmə qeyd etməyi zəruri sayır ki, hazırkı mübahisənin düzgün həlli üçün tərəflər arasında yaranmış münasibətin həqiqi mahiyyətinin, onların qarışılıqlı öhdəliklərinin dairəsinin və ona tətbiq olunmalı maddi hüquq normasının müəyyən oluması mühüm əhəmiyyət kəsb edir. Belə ki, məhkəmənin gəldiyi qənaətə görə, bu mübahisənin həlli iddiaçı tərəfindən müqavilə şərtlərinin lazımi qaydada icra edilmədiyi üçün cavabdehin düşdüyü zərərin ödənilməsinə dair tələb ilə, yəni müqavilədən irəli gələn öhdəliklərlə əlaqədardır. Bu qənaəti təkzib edən iddiaçının Xətai RPİ-nin İstintaq Şöbəsində aparılan araşdırma üzrə cinayət işinin başlanmasının rədd edilməsi müqabilində 1000 manat məbləğində pulu verdiyinə dair irəli sürdüyü dəlilləri isə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakterlidir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə qeyd edir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmasından irəli gələn hüquq münasibətləri yarandığından mübahisə müvafiq normalara əsasən həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-ci, 581.2-ci maddələrinə əsasən satıcı alıcıya keyfiyyəti alğısatqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Bu Məcəllənin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: alış qiymətinin mütənasib azaldılması; əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Mülki Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia mənəvi zərərlə bağlı hissədə də təmin oluna bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi hallar, yəni ona təzyiq göstərilərək cavabdehə 1.000 manat məbləğində pul verməsi, bununla da cavabdehin onun hesabına əsassız olaraq 1.000 manat məbləğində varlandığı sübuta yetirilmədiyindən və beləliklə də iddia tələblərinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən hazırki iddia rədd edilməlidir. Məhkəmə belə qənaətə gələrkən mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar