Məhkəmə qərarları › İş №2(006)-892/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-892/2020

01.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-892/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2nə qarşı «maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2nə qarşı «maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2015-ci ilin noyabr ayında ailəsi ilə birlikdə Türkiyə Respublikasına köçmüşdür və orada müəyyən müddət müalicə almışdır. Türkiyədə yaşadığı müddət o, evdə istifadə etmək üçün müəyyən əşyalar, mebel dəstləri və sair almışdır. 2017-ci ilin aprel ayında onlar Azərbaycana həmişəlik qayıtmaq məqsədi ilə Azərbaycandan apardıqları, Türkiyədə aldıqları əşyaları, həmçinin bütün geyim əşyalarını 54 qutuya qablaşdırıb Azərbaycana aparmaq məqsədi ilə yük və sərnişindaşımalarla məşğul olan və Türkiyə Respublikasında fəaliyyət göstərən Cavabdeh2nə təhvil vermişdir. Təhvil verilən əşyaların cəmi çəkisi 1157 kq idi və onu bununla bağlı karqo-təhvil fakturası verildi. Bunun müqabilində o, şirkətlə 1500 ABŞ dolları pula razılaşmışdır.xx.xx.2017-ci il tarixdə Cavabdeh2ndən ona bildirdilər ki, onlar Azərbaycanda fəaliyyət göstərən Cavabdeh1 MMC ilə razılaşıblar və yükü Bakıya onlar aparacaq, qiyməti isə 2000 ABŞ dolları təşkil edəcək. xx.xx.2017-ci il tarixdə onlar Azərbaycana gələndə onu «Sədərək» buraxılış məntəqəsində saxladılar, sonradan o, həbs olunmuş və 20 ay həbsdə qalmışdır. Həmin vaxt o, və anası əmlakların taleyi barədə Binəqədi və Qaradağ rayon Prokurorluğuna şikayət etmişlər. Həmin şikayətlər əsasında aparılmış araşdırma zamanı onun iddia ərizəsində göstərdiyi xüsusatlar tamamilə öz əksini tapmışdır. Cavabdeh təşkilatların hərəkətləri nəticəsində ona həm maddi, həm də mənəvi ziyan almışdır. Belə ki, onun şirkətə təhvil verdiyi əşyaların qiyməti 250000 ABŞ dolları təşkil edir. Eyni zamanda cavabdeh təşkilatlarının qanunsuz hərəkətləri nəticəsində ona həmçinin mənəvi ziyan dəymişdir. Belə ki, artıq 3 ilə yaxındır ki, o, əşyalarsız qalmışdır, Respublikada müraciət etmədiyi orqan qalmayıb, həmçinin təşkilatın nümayəndələri ona qarşı hörmətsizlik etmişlər. Göstərilənlərə əsasən Cavabdeh1 MMC və Cavabdeh2 şirktəndən müştərək qaydada maddi ziyana görə 250000 ABŞ dolları və mənəvi ziyana görə 50.000 manat pul tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 MMC-nin və «Karqo Qlobus» şirkətinin nümayəndələriməhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 MMC-nin və «Karqo Qlobus» şirkətinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 tərəfindən tərtib edilmiş 1856 nömrəli qəbzdən görünür ki, göndərən «İlahə» adlı şəxs alıcı «Asya» adlı şəxsə çəkisi 1157 kq olan əşyalar Cavabdeh2» şirkəti vasitəsi ilə qeydə alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Binəqədi rayon Polis İdarəsi tərəfindən tərəfindən verilmiş sənədlərdə olan İddiaçı izahatlarından görünür ki, onlar əşyaları Türkiyədən Azərbaycana göndərilməsi üçün İstanbul şəhərində yerləşən Cavabdeh2nə müraciət etmişlər və o, həmin şirkətlə 1500 ABŞ dolları pula razılaşmışdır. Sonra Cavabdeh2 onlara əşyaların aparılması üçün 1500 ABŞ dollarına deyil, 5000 ABŞ dollarına aparacağını bildirmişlər. Onlar bununla razılaşmadılar və həmin əşyaları 2000 ABŞ dollarına Cavabdeh1 MMC ilə göndərəcəyini bildirmişlər. Sənədlərin itirildiyinə görə İstanbula geri qayıda bilməmiş və buna görə razılaşmaq məcburiyyətində qalmışdır. Türkiyədən Azərbaycana qayıdanda Ordubad sərhəd postunda onu saxlamışlar və istintaq təcridxanasına göndərmişlər. Əşyaları Cavabdeh1 MMC-nin Bakı şəhəri «Yeni Avtovağzal ofisindən götürməli idi, lakin götürə bilmədilər. Cavabdeh1 MMC-də ona bildirmişlər ki, əşyaları digər şəxslər gəlib aparmışlar. Əşyaların dəyəri 250.000 ABŞ dolları təşkil etmişdir. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı iddianın əsası kimi göstərdiyi Cavabdeh2 vasitəsilə göndərilən malların dəyərini istəsədə, qeyd etdiyi halın alıcı kimi yazılan Asya adlı şəxsə veriləcəyini, lakin göndərilmə qəbzində heç bir imzanın, tarixin və möhürün olmaması bunun verilməsini təkzib edir. Bundan əlavə iddiaçı polis və prokurorluq orqanına etdiyi şikayətlərində qarşı tərəfin izahatlatının olmasını və həmin izahatlarında malların göndərilməsini və qəbul edilməsini bildirən izahatların olduğunu bildirsədə məhkəmənin sorğusuna əsasən verilmiş cavab məktubunda belə bir izahatın olmadığı, yalnız iddiaçının və Minayə Həmidovanın izahatlarının olduğu müəyyən olunmuşdur. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona maddi və mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx xxxxxx 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu da sübuta yetirə bilməmiş və həmçinin iddianın maddi tələb hissəsi rədd olunduğundan mənəvi tələb hissəsidə rədd olunmalıdır. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2nə qarşı «maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi»nə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2nə qarşı «maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi»nə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar