Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-902/2024 02.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Malı̇ yyə Nazı̇ rlı̇ yinə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Hərbi Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kasının Malı̇ yyə Nazı̇ rlı̇ yinə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Hərbi Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı vurulmuş mənəvi zərərə görə 100.000 (yüz min) manat məbləğində kompensasiyanın, maddi zərərə görə isə 10.962 manat pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı N00-N02-ci illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçı xx.xx.N04-cü il tarixdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində müvafiq kursa başlamış və kursu bitirdikdən sonra müxtəlif hərbi hissələrdə zabit olaraq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmişdir. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olarkən N17-ci ilin may ayında şərti olaraq “Tərtər işi’ adlandırılan iş çərçivəsində saxlanılmış, qanunsuz sorğu-suala və ağır işgəncələrə məruz qalmışdır. Eyni zamanda iddiaçı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona qarşı Azərbaycan Respublikasının CM-nin 274 və digər maddələri ilə ittiham irəli sürülmüşdür. Cinayət əməllərini törətməsində təqsirliliyi sübuta yetirilmədiyi üçün iddiaçının barəsində aparılmış cinayət təqibinə bəraətverici əsasla, Azərbaycan Respublikasının CPM-nin 39.2-ci maddəsinə əsasən xx.xx.N18-ci il tarixdə xitam verilmişdir. Beləliklə, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində iddiaçıya maddi ziyan və mənəvi zərər vurulmuşdur, iddiaçı ona vurulmuş ziyana görə kompensasiya almalıdır. İddiaçı cinayət məsuliyyətinə cəlb edilərkən, yəni N17-ci ilin may ayında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində leytenant rütbəsində həqiqi hərbi xidmətdə olmuşdur. “Kapital Bank“ ASC-nin Mingəçevir şəhər filialından verilən arayışdan görünür ki, həmin vaxt iddiaçının orta aylıq əmək haqqı məbləği 1218 (min iki yüz on səkkiz) manat təşkil etmişdir. İddiaçı məsuliyyətə cəlb edilərkən son əmək haqqını N17-ci ilin iyun ayında almışdır. Beləliklə, iddiaçı N17-ci ilin iyun ayından N18-ci ilin aprel ayına qədər 9 aylıq (iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr N17-ci il və yanvar, fevral, mart N18-ci il) müddətdə əmək haqqından məhrum olmuşdur. Bu isə 10,962 (on min doqquz yüz altmış iki) manat edir (9 ay x 1218=10,962). İddiaçı xüsusilə ağır cinayətdə ittiham edilərək 10 ay ərzində istintaq altında saxlanılmışdır. Azərbaycan Ordusunun zabiti olaraq ona qarşı hərbi qulluqçu üçün ən ağır ittiham hesab edilən dövlət xəyanəti ittihamının verilməsi iddiaçıya mənəvi əzab və iztirab vermiş, onda qeyrimüəyyənlik, nigarançılıq kimi hisslər oyatmışdır. İrəli sürülmüş ittiham və həmin ittiham üzrə uzun müddət ərzində istintaq altında olması onun zabit şərəfinə də ləkə gətirmiş, iddiaçının məsələnin mahiyyətindən məlumatlı olmayan şəxslərin əsassız tənqid və təhqirlərinə məruz qalması ilə nəticələnmişdir ki, bu da iddiaçının keçirdiyi mənəvi iztirabları gücləndirmişdir. İddiaçı ona vurulmuş mənəvi zərərə görə 100.000 (bir yüz min) manat kompensasiya tələb edir. İddiaçı ağır işgəncələrə məruz qalmış, bir hərbçi kimi cəmiyyətdə nüfüzuna ziyan vurulmuş, hər kəs onu vətənə xəyanət edən şəxs kimi bilmiş və bəzi şəxslər ondan uzaqlaşmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndəsi X4 məhkəmə iclasında qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirərək, ədalətli və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin və müstəqil tələb irəli sürməyən digər üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. -İş materiallarına əlavə olunmuş EZ seriyalı ******* saylı hərbi biletdən görünür ki, İddiaçı N04-cü il tarixdə SQTTM-Gizir hazırlığı kursu keçmiş, ona Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.N15-ci il tarixli 079 saylı əmri ilə “kiçik leytenant “ rütbəsi verilmiş, MNBM-SQBQR-nin xx.xx.N16-cı il tarixli 032 tarixli əmri ilə “leytenant” rütbəsinə yüksəlmiş, xx.xx.N17-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 0646 nömrəli xx.xx.N17-ci il tarixli əmrinə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata ( və ya istefaya) buraxılmışdır. -İş materiallarına əlavə olunmuş MN seriyalı ******* nömrəli şəxsi vəsiqədən görünür ki, İddiaçı Müdafə Nazirinin müavini Quru Qoşunları komandanının N iyul N22-ci il tarixli 049R nömrəli əmri ilə “baş leytenant” hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N may N22-ci il tarixli 0395 nömrəli əmri ilə N nömrəli hərbi hissədə “taqım komandiri” vəzifəsinə təyin edilmişdir. İ ordu korpus komandirinin 27 mart N23-cü il tarixli 06 nömrəli əmri ilə İddiaçı N hərbi hissənin zirehli-tank xidməti rəisi təyin edilmişdir. xx.xx.N23-cü il tarixli 015 nömrəli əmri ilə N nömrəli hərbi hissə bölmə rəisinin köməkçisi vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən İddiaçı ünvanlanan 15 mart N18-ci il tarixli 4/02/1077 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun barəsində Azərbaycan Respublikası 274 və s. maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikasının CMnin 274-cü və ya digər maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyi üçün barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslarla, Azərbaycan Respublikası CPM-nin 39,2-ci (cinayətin törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yeririlmədikdə) maddəsinə əsasən xx.xx.N18-ci il tarixdə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.N23-cü il tarixdə hazırlanmış xx.xx.N16xx.xx.N17-ci il dövrünə aid olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı xx.xx.N16cı il tarixə olan ilkin qalığı 0,69 qəpik, xx.xx.N17-ci il tarixə olan son qalığı 1.156,87 manat təşkil edir. İş materallarına əlavə olunmuş ********* nömrəli cinayət işi üzrə “cinayət təqibinə xitam verilməsi haqqında” 14 mart N18-ci il tarixli qərardan çıxarışa əsasən müəyyən olunur ki, istintaqın ilkin mərhələsində İddiaçı, X2, X5 və X7 ifadələrində düşmənlə məxfi əməkdaşlığa cəlb olunmalarını, məxfi əməkdaşlıq çərçivəsində N saylı hərbi hissənin balansında olan “170” nömrəli, T 72 M1 markalı döyüş tankını N0.000 ABŞ dolları məbləğində pulun müqabilində düşmən hərbi qulluqçularına təhvil vermələrini göstərmişlər. Lakin istintaqın sonrakı mərhələsində İddiaçı, Rəcəbli Mərhəmət və Raul Məmmədov ilkin ifadələrində özləri və Elçin Mirzəliyev barədə göstərdiklərini təkzib edərək belə ifadə vermələrini tanımadıqları hərbi qulluqçular tərəfindən döyülərək işgəncələrə məruz qalmaları ilə izah etmişlər. Elçin Mirzəliyev xx.xx.N17-ci il tarixdə öldüyü üçün onun əlavə dindirilməsi və onun iştirakı ilə zəruri istintaq hərəkətlərinin keçirilməsi mümkün olmamışdır. Aparılmış hərtərəfli və obyektiv istintaqla İddiaçı, M.Rəcəbli E.Mirzəliyev və R.Məmmədovun ilkin ifadələrində göstərdikləri xüsusatlar təkzib olunmuşdur. Beləliklə də, istintaq materialları ilə İddiaçı Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən düşmən tərəfinə keçməsi, casusluq etməsi, dövlət sirrini xarici dövlətə verməsi və Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə kömək etməsi sübuta yetirilmir. Göstərilənlərə əsasən, ********* №-li cinayət işi üzrə N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu İddiaçı cinayət təqibi aparılan əməlləri törətməsi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə barəsində aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməsi və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Müdafiə Nazirliyinin İ Ordu Korpusuna məxsus hərbi hissələrinin hərbi qulluqçularının işgəncələrə məruz qalmaları faktı üzrə ********* №-li ayrıca cinayət işi istintaq olunduğu üçün İddiaçı istintaqa cəlb edilməzdən əvvəl tanımadığı maskalı olan şəxslər tərəfindən döyülməsi və işgəncələrə məruz qalaraq özü və digər şəxslərin əleyhinə ifadə verməyə məcbur edilməsi faktları üzrə istintaqın ********* №-li cinayət işində davam etdiriləcəyi və göstərilənlərə hüquqi qiymət veriləcəyinin nəzərə alınması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən məhkəməyə ünvanlanan məktubdan görünür ki, N nömrəli hərbi hissənin sabiq qulluqçusu İddiaçı 24 iyun N17-ci il tarixdə Müdafiə Nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən N nömrəli hərbi hissənin komandirinin sərəncamına göndərilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa zərər və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqazidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü maddəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi zərər ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən zərərın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi zərər əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi zərər Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş zərərın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş zərərın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş zərərın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi zərər ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş zərərın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 9000 manat məbləğində mənəvi zərər tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş zərərın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi zərər ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi zərər hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi zərər mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi zərər, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi zərərın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.N02-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi zərərla» bağlı təcrübəsi göstəririr ki, mənəvi zərərın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi zərər xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi zərərın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. İddia ərizəsinin məzmunundan aşkar şəkildə görünür ki, iddiaçı bir qrup digər şəxslər kimi əsassız yerə təqsirləndirilərək, həbs edilmiş, uzun müddət ərzində barəsində istintaq aparılması nəticəsində mənəvi iztirab çəkmiş, törətmədiyi cinayət əməllərinə görə barəsində mənfi fikirlər səslənmiş, mənfi obraz yaradılmış, sevdiyi işindən və ordu mühitindən kənarda qalmış, ömrünü bağladığı zabit peşəsini sonadək davam etdirə bilməmişdir. İddiaçı ailəsindən, rahatlığından məhrum olmuşdur. İddiaçı 24 iyun N17-ci il tarixdə Müdafiə Nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən N nömrəli hərbi hissənin komandirinin sərəncamına göndərilmişdir. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd edir ki, təqdim edilmiş sənədlərə əsasən İddiaçı öncələr əmək fəaliyyəti ilə məşğul olarkən stabil şəkildə əmək haqqı almışdır. Bununla bağlı arayış məhkəməyə təqdim edilmişdir. Məhkəmə istintaq orqanının səhvi nəticəsində maddi ziyana məruz qalması ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qeyd olunan hissədə təmin edilməlidir. Belə ki, həmin vaxt iddiaçının orta aylıq əmək haqqı məbləği 1218 (min iki yüz on səkkiz) manat təşkil etmişdir. İddiaçı məsuliyyətə cəlb edilərkən son əmək haqqını N17ci ilin iyun ayında aldığına görə iddiaçı N17-ci ilin iyul ayından N18-ci ilin mart ayı daxil olmaqla 9 aylıq (iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr N17-ci il və yanvar, fevral, mart N18-ci il) müddətdə əmək haqqından məhrum olmuşdur. Bu isə 10,962 (on min doqquz yüz altmış iki) manat edir (9 ay x 1218=10,962). Məhkəmə iddiaçıya ödənilməli mənəvi zərərın həcmini 9000 manat müəyyən edərkən, İddiaçı Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən düşmən tərəfinə keçməsi, casusluq etməsi, dövtət sirrini xarici dövlətə verməsi və Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə kömək etməsi ilə bağlı xüsusilə ağır cinayət törətməsində ittiham olunduğunu, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən N nömrəli hərbi hissənin komandirinin sərəncamına göndərildiyini və bütün diqqətəlayiq məqamları nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 9000 manat manat məbləğində pul vəsaiti və maddi zərərə görə isə 10.962 manat Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-2N, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 9000 manat manat məbləğində pul vəsaiti və maddi zərərə görə isə 10.962 manat Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-902/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-902/2024
02.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver