Məhkəmə qərarları › İş №2(006)-903/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-903/2023

09.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-903/2023 09.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «əmlakın və ya onların dəyəri olan 2287 manatın alınması» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «əmlakın və ya onların dəyəri olan 2287 manatın alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əlavə olunmuş tikintinin aparılması üçün zəruri olan avadanlıqların və alətlərin və ya onların dəyəri olan 2287 manat pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2005-ci il tarixində cavabdeh ilə bağlanmış nigahı pozulmuşdur. Lakin bir neçə il keçəndən sonra cavabdeh ona gəl Zabratda yaşamaq təklifi irəli sürmüşdür. Razılaşmış və orada 1 il 8 ay bərabər Zabrat qəsəbəsində qeyri-rəsmi yaşamışlar. Cavabdeh ona Zabrat qəsəbəsində həyəti abadlaşdırmaq və həyətdə tikinti işləri görməyi bildirmiş, onunla razılaşmışdır. Tikinti aparmaq üçün özünə məxsus zəruri avadanlıqları və alətləri aparıb tikməyə başlamışdır. Tikinti bitən kimi ona bu evdə birlikdə yaşaya bilməzlər deyə onu evdən qovmuşdur. Cavabdeh onu evdən çıxararkən ona məxsus olan alətlərini, geyimini orada saxlamışdır. Cavabdeh ona demişdir ki, alətlərini, yorğan döşəyini və geyimlərini görməyəcək. Orda qalan əşyalarının siyahısı: böyük laqonda- 80 manat, turba yapışdıran- 150 manat, sivirlo dəsti -20 manat, qaz açarları N-1,2,3 -30 manat, atvyorka və kəlbətin -10 manat, xırda qayka açarları -15 manat, sıvarka aparatı-230 manat, sıvarka kabeli və maskası-80 manat, qaz balonu 10 metr şlankı ilə 40 manat, palçıq qarışdıran mikser-3 manat, dekor- 10 manat, 2 ədəd su matoru-90 manat, laqonda mişarı -10 manat, 2 ədəd metrə 5-10metr- 10 manat, malakeş 2ədəd-4 manat, laqonda üçün salaçka-2 manat, dəmir turbaya rezba açan 3 dəst-30 manat, 5kq kuvalda dəsdəyi-15 manat, taxda çəkic-10 manat, mismar çıxardan lom-5 manat, taxda yolmaq üçün rəndə-5 manat, preparator-150 manat, yataq dəsti və üst geyimləri-150 manat, əmək kitabçası, seyf qapı sadə-80 manat, tol peçi 2 göz 20 manat, türpan ışlənmiş-15 manat, kalonka-25 manat. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AZ-İ seriyalı 055349 saylı Nikahın pozulması haqqında Şəhadətnamədən görünür ki, iddiaçı ilə cavabdeh arasında olan nikah xx.xx.2005-ci il tarixdə ləğv edilmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı iddia ərizəsində tələb etdiyi əmlakların iddiaçıda olmasını qeyd etsə də, bunu təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən üzərinə düşən tələbin əsası kimi istinad etdiyi halları sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Ona görə də məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar