Məhkəmə qərarları › İş №2(006)-917/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-917/2025

07.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-917/2025 07.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçı Travkina Sabinanın nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Travkina Sabinanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Travkina Sabina cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında olan mənzilin kirayəsi üçün ödənilmiş və qanunsuz olaraq cavabdehlərdə saxlanılan 6000 (altı min) manatın, 680 (altı yüz səksən) manat məbləğində daşınma xərcinin, 435 (dörd yüz otuz beş) manat gecikmə faizi və 93 (doxsan üç) manat məbləğində dövləl rüsumunun cəmi 7208 (yeddi min iki yiiz səkkiz) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Travkina Sabinanın nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr.151, Port Baku, mənzil 109, blok C ünvanında olan mənzilin kirayəsi üçün ödənilmiş və qanunsuz olaraq cavabdehlərdə saxlanılan 5600 (beş min altı yüz) manatın, 680 (altı yüz səksən) manat məbləğində daşınma xərcinin, 435 (dörd yüz otuz beş) manat gecikmə faizi və 93 (doxsan üç) manat məbləğində dövlət rüsumunun cəmi 6373 (altı min üç yüz yetmiş üç) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı Travkina Sabinanın milliyyətcə azərbaycanlı olmaqla Rusiya Federasiyası vətəndaşıdır. Azərbaycan Respublikası ərazisində mülkiyyətçisi olduğu evinin təmir işləri ilə bağlı bir müddət Bakı şəhərində yaşamalı olduğundan tanışları Cavabdeh1 mülkiyyətində olan AZ1010, ünvan 2 ünvanında olan mənzilin 3 (üç) ay müddətinə kirayəsi üçün şifahi Kirayə müqaviləsi bağanılıb. Lakin iddiaçı dəfələrlə cavabdehlərdən kirayə müqaviləsinin ona təqdim edilməsini tələb etsə də, nəticə etibarı ilə iddiaçıya təqdim edilməyib. Tərəflər arasında heç bir qabaqçadan ödəniş, depozit ödənişlər müzakirə edilməmiş, sadəcə faktiki yaşayış üçün aylıq kirayə məbləği müəyyən edilməklə standart kirayə şərtlərilə razılaşdırılmışdır. Kirayə verilmiş mənzildə iddiaçı Travkina Sabinanın ev heyvanı (pişik) ilə birlikdə yaşayacağı razılaşdırılmış və iddiaçı üç aylıq ödənişi də əvvəlcədən Cavabdeh1 təqdim etdiyi 4105 1104 1254 9241 nömrəli bank kartına iddiaçının tapşırığı əsasında iddiaçının həyat yoldaşı X3 tərəfindən ABB bankındakı Hesabından ödənilib. xx.xx.2024 tarixində 2400 manat (RRN RS4103A10961), xx.xx.2024 tarixində 3000 manat (RRN RS4102A00866) və xx.xx.2024-cü il tarixində 3000 manat (RRN RS4101A95301) olmaqla cəmi 8400 manat pul gəlmişdir. Lakin iddiaçı kirayə götürdüyü mənzildə heç bir təqvim ayı belə yaşamadan cavabdehlər tərəfindən mənzildən çıxarılmağa məcbur edildi. Buna səbəb isə guya iddiaçının pişiyinin cavabdehlərin itinə psixoloji təsir göstərilməsi olub. xx.xx.2024-cü il tarixdə iddiaçı mənzilin açarlarını (resepsiyon vasitəsilə) cavabdehlərə təhvil verərək mənzildən çıxsa da, cavabdehlər qalan məbləği geri qaytaracaqlarını təsdiqləsə də, bu günə kimi qalan iki ayın pulu iddiaçıya geri qaytarılmayıb. Geri qaytarılacaq mənzil 6000 (altı min) manat məbləği təşkil edir. Bundan əlavə iddiaçıya məcburi köçlə əlaqədar digər maddi zərər də dəyib. Belə ki, iddiaçı həm mənzilə köçərkən, həm də vaxtından əvvəl mənzildən çıxarıldığından növbəti dəfə daşınma ilə əlaqədar xərclərin çəkilməsinə məcbur qalıb. Belə ki, iddiaçı xx.xx.2024cü il tarixində 400 manat, xx.xx.2024 cü il tarixində daşınma üçün 280 manat məbləğində daşınma xərci ödəyibdir. Məsələ ilə bağlı iddiaçı tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilmişdir. Nəsimi RPİ-nin 22 ci Polis Şöbəsi tərəfindən iddiaçıya verilmiş cavab məktubu ilə mülki qaydada məhkəməyə müaraciət etmək tövsiyyə olunmuşdur. Cavabdehin etirazı: Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçinin irəli sürdüyü iddia əsassızdır və hüquqaziddir. Belə ki, anlaşılmayan haldan biri odur ki, iddiaçının cavabdeh qismində göstərdiyi Cavabdeh2 bu məsələyə heç bir aidiyyəti yoxdur. İddia ərizəsinə əsasən, vurğulamaq istəyir ki, iddiaçı Cavabdeh2 hansı şəkildə və rolda iştirak etməsi qeyd edilməyib. Qalan digər məsələlərə gəldikdə isə, xüsusilə qeyd etmək lazımdır ki, iddiaçı və Cavabdeh1 arasında şifahi əmlakın kirayəsi müqaviləsi bağlanmışdır. AR Mülki Məcəlləsinin müvafiq fəslinə əsasən, kirayə müqaviləsinin şifahi və ya yazılı şəkildə bağlanması barəsində heç bir göstəriş və təlimat yoxdur. Bu razılaşma əsasında, cavabdeh özünə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 151, X7, Blok C, mənzil 109 ünvanında yerləşən mənzilini iddiaçıya 3 ay müddətinə kirayə vermişdir. İddiaçı isə onun əvəzində 3 aylıq kirayə haqqını Cavabdeh1 tam şəkildə ödəmişdir. Ödəniş geri qaytarılmayan olub və bu barədə iddiaçının xəbəri var idi. Cavabdehlər müqaviləni yazılı etmək istəsə də, iddiaçı öz pasport məlumatlarını cavabdehlərlə paylaşmayıb. İddiaçı buna dair heç bir sübut təqdim etməyib. Bu səbəbdən də, tərəflər arasında yazılı razılaşma yoxdur. İddia ərizəsində iddiaçı mənzildə 1 ay yaşadığını və məcburi çıxarılmasını bildirir. İlk olaraq, məcbur olunmasına dair sübut və dəlil yoxdur, ikincisi isə odur ki, iddiaçının mesajlarından görünür ki, o, özü öz xoşluğu ilə mənzili tərk edib, bu barədə məlumatı mülkiyyətçiyə yalnız növbəti gün bildirib və müqavilənin pozulması haqqında heç bir söhbət açmayıb. X7 Y/K-nin öz daxili qaydaları mövcuddur. Bu qaydalardan biri də odur ki, mənzil sahibləri ev heyvanlarını kompleks daxilində gəzdirə bilməzlər. Bununla bağlı iddiaçiya X7 Y/K-nin administrasiyası tərəfindən dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin, iddiaçı özünün xarici vətəndaş olmasını göstərərək, bütün qaydalara zidd şəkildə, xəbərdarlıqlara məhəl qoymayıb, özünü eşitməzliyə qoyub və pişiyini açıq şəkildə kompleksin daxilində gəzməyə buraxmışdır. Bu barədə bina administrasiyasının dəfələrlə xəbərdarlığı olmuşdur, hətta cərimə tətbiq olunacağı barədə də məlumat verilmişdir. Qeyd edilməlidir ki, iddiaçı bir neçə il öncə həmin Y/K-də mülkiyyətçi olmuşdur və bütün qaydalardan xəbəri olmuşdur. İddiaçının pişiyi kompleksə aid və qonşuların mülkiyyətində və istifadəsində olan terassalarda gəzib və bu yay vaxtında qapı və pəncərələrinin açıq olmasını nəzərə alaraq, sakinlərin bir neçə dəfə narazılığına səbəb olmuşdur. X7-in administrasiyası, iddiaçının xəbərdarlıqlara heç bir məhəl qoymamasını nəzərə alaraq, bu məsələ ilə bağlı cavabdehlərə müraciət etmişdir. Cavabdehlər tərəfindən xəbərdarlıq edilməsi də iddiaçı tərəfindən eşidilməyib. Cavabdehlər tərəfindən müqavilə şərləri pozulmayıb, iddiaçı mənzildən qovulmayıb. Əksinə, iddiaçı cavabdehləri xəbərdarlıq etmədən mənzildən çıxmışdır və açarları X7 Y/Knin qəbul (resepşn) şöbəsinə qoymuşdur. Həmin mənzilin açarları olduğu yerdə qalaraq, mənzil razılaşdırılmış müddət ərzində iddiaçının hüquqi istifadəsində olmuşdur, heç bir üçüncü şəxsə kirayəyə verilməmişdir və mülkiyyətçi tərəfindən mənzilə müdaxilə edilməmişdir. İddiaçının istinad etdiyi AR Mülki Məcəlləsinin 697.3-cü maddəsi kirayə müqavilələrində istifadə edilən depozit məbləğlərinə aiddir ki, bu hala şamil edilə bilməz. İddiaçı tərəfindən ödənilmiş məbləğ yalnız 3 aylıq kirayə haqqı olmuşdur. Bəlli olduğu kimi, ikitərəfli müqavilələr birtərəfli qaydada pozula bilməz. Bunun üçün hər iki tərəfin razılığı olmalıdır, hansı ki, hazırkı işdə mövcud deyil və tətbiq edilə bilməz. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini və məhkəmə xərcləri və hüquqi yardıma görə Vəkil Bürosuna ödənmiş 380 AZN iddiaçıya aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı Travkina Sabinanın nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddiaya etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, təxminən 1 il olaraq, “X7”də direktor kimi işləyir. Travkina Sabinanı tanıyır. О, “X7”də əvvəlki mülk sahibi olmuşdur, sonradan orada kirayəyə mənzil götürərək yaşamışdır. Məlumatı var ki, mənzildən müvəqqəti istifadə edirdi və orada yaşayırdı. Travkina Sabina binanın qaydaları ilə tanış olmuşdur. Qadağan olunmuş ərazilərdə pişiyini gəzdirirdi, ona bu barədə xəbərdarlıq da edilib, cərimələr də tətbiq olunub və buna görə sənədlər təqdim etmişlər, lakin iddiaçı imzalamamışdır. İddiaçı demişdir ki, pişiyinə zərər vuranın başını kəsər. О, dа demişdir ki, onların ev heyvanı ilə işi yoxdur, binanın qaydaları var. Qaydalar 15 ildir ki, var. Təlimatda yazılıb ki, qadağan olunmuş ərazilərdə heyvan gəzdirmək olmaz. Travkina Sabinaya 3 dəfə xəbardarlıq olunub, sonra 300 manat cərimə yazılıb, amma ödəməyib. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: X4 bank kartından çıxarışın surətindən görünür ki, kart vasitəsilə xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2024-cü il tarixdə 2400 manat ödənişlər edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən Travkina Sabina tərəfindən 280 manat xidmət haqqı ödənilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən Travkina Sabina tərəfindən 400 manat ödəniş olmuşdur. X4 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanladığı ərizənin surətindən görünür ki, X3 ABB bankındakı Hesabından ödənilib: xx.xx.2024 tarixində 2400 manat (RRN RS4103A10961), xx.xx.2024 tarixində 3000 manat (RRN RS4102A00866) və xx.xx.2024cü il tarixində 3000 manat (RRN RS4101A95301) olmaqla cəmi 8400 manat. Hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən Cavabdeh1 hüquqlarını müdafiə etmək üçün vəkili Vəkil ilə bağlanmış müqavilə üzrə haqq 190 manat təşkil edir. Hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən Cavabdeh2 hüquqlarını müdafiə etmək üçün vəkili Vəkil ilə bağlanmış müqavilə üzrə haqq 190 manat təşkil edir. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış Cavabdeh1 əmlak məlumatlarına əsasən, ünvan 5 ünvanında olan mənzil Cavabdeh1 xüsusi mülkiyyətindədir. Sabina Travkina tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya bildirişindən görünür ki, 5 iş günü ərzində istifadə edilməmiş icarə günləri üçün ödənilmiş pulun geri qaytarılmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi ilə bağlı xəbərdarlıq etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, ev 1A, mənzil 28 X2 mülkiyyətindədir. X2 xx.xx.2024-cü il tarixdə ünvan 6 ünvanladığı ərizədən görünür ki, Travkina Sabinanın Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, ev 1A, mənzil 28-ə müvəqqəti qeydiyyata alınmasına razılıq verir. Tətbiq edilən hüquq: Mülki Məcəllə Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 675.Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Maddə 690.1. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. Maddə 690.2. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. Mülki Prosessual Məcəllə Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 5 ünvanında yerləşən mənzil Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla xüsusi mülkiyyətindədir. İddiaçı Travkina Sabina ilə Cavabdeh1 arasında mənzilin 3 aylıq kirayəyə verilməsinə dair şifahi müqavilə bağlanmış və mənzil, iddiaçıya aylıq 3000 manat razılaşdırılmaqla kirayəyə verilmişdir. Hazırda iddiaçı Travkina Sabina həmin mənzildə heç bir təqvim ayı belə yaşamadan cavabdehlər tərəfindən mənzildən çıxarılmağa məcbur edildiyinə, buna səbəbin isə guya iddiaçının pişiyinin cavabdehlərin itinə psixoloji təsir göstərməsi olmasına istinad edərək, mənzildən istifadə etmədiyi qalan iki ayın ödənişinin qaytarılmasını tələb edir. İddiaçı eyni zamanda daşınma xərclərinin qaytarılması tələbini irəli sürür. Cavabdeh tərəf isə iddiaya etiraz edərək, iddiaçının mənzildən məcburi çıxarılmasını bildirməsinə baxmayaraq, buna dair sübut və dəlilinin olmamasını, öz xoşluğu ilə mənzili tərk edib, bu barədə məlumatı mülkiyyətçiyə yalnız növbəti gün bildirməsini, habelə müqavilənin ləğv edilməsi üçün hər iki tərəfin razılığının olmamasını bildirərək, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını tədqiq edərək, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmənin qənaətinə əsasən iddiaçının irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilməsi mümkün olan qanunvericilik müddəalarının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Məhkəmə ilk növbədə cavabdeh qismində göstərilmiş Cavabdeh2 münasibətdə qeyd edir ki, işdən görünür ki kirayə müqaviləsinin tərəfləri Travkina Sabina və mənzilin mülkiyyətçisi kimi Cavabdeh1 olmuşdur. Göründüyü kimi hazırkı halda iddiaya cavab verməli olan şəxs kimi Cavabdeh1 çıxış etməli olduğundan, Cavabdeh2 münasibətdə iddia tələbi təmin edilməməlidir. Məhkəmə kirayə müqaviləsinin forması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, qanunverici kirayə müqaviləsinin forması haqqında Mülki Məcəllənin kirayə münasibətlərini tənzimləyən 33-cü fəslinin normalarında xüsusi qayda müəyyən etməmişdir ki, bu da kirayə müqaviləsinin həm şifahi, həm də yazılı formada bağlanıla bilməsinin mümkünlüyünü təsbit edir. Bu baxımdan məhkəmə tərəflər arasında mövcud olan kirayə müqaviləsinin forma etibarlılığına qiymət verərək, onu müqavilənin tərəfləri üçün hüquqi nəticələr doğurma qabiliyyətinə malik əqd kimi qəbul edir. Baxılan işin hallarından göründüyü kimi, tərəflər arasında şifahi qaydada bağlanmış kirayə müqaviləsinin ləğvi ilə əlaqədar mübahisə mövcuddur. Belə ki, iddiaçı Travkina Sabina cavabdehlərə ünvanladığı pretenziya məktubunda Mülki Məcəllənin 688.1.3-cü maddəsinə (əgər kirayə müqaviləsi kirayədə marağı olan şəxsin təqsiri olmadan bağlanmazsa və ya kirayə müqaviləsinə zidd olaraq kirayəçinin əşyaya sahibliyə başlaması imkanı təmin edilməzsə, kirayədə marağı olan şəxs tərəfindən istənilən vaxt tamamilə geri tələb edilə bilər) istinad edərək onun ləğvinə dair bildiriş göndərmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasında razılaşmanın ləğvinə əsasların olmadığını ifadə etmişdir. Qeyd edilənlər müqavilənin birtərəfli iradə bəyanı ilə ləğvinin gerçəkləşibgerçəkləşmədiyinə dair tərəflər arasında ixtilafın, mübahisənin olduğuna dəlalət edir. Belə olan halda müvafiq mübahisəni həll etmək məhkəmənin vəzifəsi olduğundan həmin aspektdən iddia tələbinə münasibət bildirilməsi zərurəti yaranmışdır. Qeyd edilməlidir ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Hazırkı işdən qanunvericiliyin bu maddələrində nəzərdə tutulan halların baş verməsini müəyyən etmək mümkün olmamışdır. Çünki tərəflərin müqavilənin ləğvi ilə bağlı razılaşması yoxdur. Kirayəyə verənin isə müqaviləni əhəmiyyətli dərəcədə pozması, o cümlədən müqavilə bağlanarkən tərəflərin əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halları müəyyən edilməmişdir. İşdən isə görünən odur ki, iddiaçının iddia ərizəsində göstərdiyi hallar mübahisə predmeti olan müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün əsas deyildir. İddiaçının, pretenziya məktubunda MM-in 688.1.3-cü maddəsinə istinad etməsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin norma kirayə müqaviləsinin bağlanmadığı hala aid olmaqla, onun hazırda tərəflər arasında artıq bağlanmış (şifahi qaydada) və iddiaçının həmin mənzilə köçüb yaşaması ilə icra edilmiş müqavilə münasibətlərinə tətbiqi yolverilən deyildir. Beləliklə, məhkəmə, hazırkı halda iddiaçı Travkina Sabinanın birtərəfli iradə ifadəsi ilə kirayə müqaviləsinin ləğv edilmədiyi qənaətinə gəldiyindən, ləğv faktına söykənən (ödənilmiş kirayə haqqının qaytarılması və daşıma xərclərinin ödənilməsi) tələblərin rədd edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa iddiaçı mənzildən cavabdehlər tərəfindən məcburi çıxarılmasını bildirsə də, məhkəmənin təklif etməsinə və cavabdeh tərəfin mübahisələndirməsinə baxmayaraq, sübutetmə yükü üzərinə düşən iddiaçı tərəf iddia tələbi ilə bağlı hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir. Qeyd edilməlidir ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İddiaçı tərəfindən CD diskdə təqdim edilən səs yazıları iddiaçının mənzildən çıxmasından sonrakı dövrə aid olmaqla, onun məcburi qaydada çıxarılması, cavabdehin müqavilə üzrə öhdəliyini pozan hallar barədə məlumatı özündə əks etdirmir. Təqdim edilmiş whatsapp yazışmalarında isə əksinə, iddiaçı özü mənzili tərk edərək, açarları yaşayış kompleksinin qəbul şöbəsinə qoyduğunu bildirmişdir. Mülki Məcəllənin 684.2-ci maddəsinə görə isə kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Məhkəmə iclasında tərəflər arasındakı müqavilədə ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı şərtlərin razılaşdırılıb-razılaşdırılmaması barədə məsələ müzakirə edildikdə, nümayəndələr bu barədə müqavilə şərtinin nəzərdə tutulmadığı bildirildilər. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatına və iş materiallarında olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Travkina Sabinanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Travkina Sabinanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar