Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-930/2022 10.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14.12.2018-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin inzibati binasında yerləşən 825 saylı ATM-dən maaş kartından iki dəfə (hər dəfə bir manat olmaqla) pulunu çıxartmaq istərkən həmin ATM-dən pul çıxmadı və ATM-ə bilavasitə yaxın olan polis nəfəri də canlı şahid olmuşdur. 24.12.2018-ci il tarixdə yenidən yuxarıda qeyd olunan ATM-dən pul çıxarmaq istərkən görmüşdür ki, kartından 2000 manat vəsait silinmişdir. Bu barədə 102 xidmətinə Azərbaycan Beynəlxalq Bankına və Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi əsaslı araşdırma aparmadan 2(006)-2168/2019 saylı, 18.03.2019-cu il tarixli qətnaməsi ilə «silinmiş vəsaitin geri qaytarılması» tələbinə dair iddiası təmin etməmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına müraciət etmişdir. Məhkəmə Ekspertizası təşkil olunmuş, araşdırmalardan sonra aydın olmuşdur ki, iddiaçı ATM-ə daxil olan anda ATM-də proqram pozğunluğu və kritik səhv yaranmış, yəni pul çıxmadan kartından 2000 manat vəsait silinmişdir Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-275/2020 saylı qətnaməsi ilə şikayət təmin ediliməmişdir. Daha sonra Azərbaycan Beynəlxalq Bankı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti edilməsinə baxmayaraq Ali Məhkəmənin 2(103)-55/2021 saylı, 09.02.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-275/2020 saylı nömrəli iş üzrə 18.03.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ona görə də iddiaçıya vurulmuş maddi və mənəvi zərərin qəbul olunmasına zərurət vardır. Silinmiş 2.000 manat vəsaitinin geri qaytarılmasına baxmayaraq ötən 2 il ərzində iddiaçı güclü mənəvi sarsıntılar keçirmişdir, ürəyində aritmiya yaranmış, şəkər xəstəliyinə tutulmuş və gözlərində görməni tamamilə itirdiyinə görə hər iki gözündən əməliyyat olunmuşdur. Eyni zamanda 2 il 5 aydan sonra geri qaytarılan vəsaiti də öz əvvəlki dəyərini itirmişdir. Göstərilənlərə əsasən xərclədiyi vəsaiti, keçirdiyi mənəvi sarsıntıları nəzərə alaraq "xxxx" ASC-dən 5000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. O, həmçinin izahatında qeyd etmişdir ki, cavabdeh tərəfinin vermiş olduğu kassasiya şikayəti onu dərindən sarsmışdır. Məhkəmə proseslərindən sonra onda şəkər xəstəliyi yaranmış, gözü ilə bağlı isə həkimlərə müraciətlər etmişdir.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, maddi və mənəvi ziyanın ödənilməsi məsələsi ilə bağlı burda cavabdehin heç bir ödəməli olduğu məbləğ yoxdur. Belə ki, daha öncəki işdə qətnamə icra edilməsi üçün banka göndərilən zaman onlar 7 günlük könüllü icra müddətində qətnamənin icrasını təmin etmişlər. Kassasiya şikayəti vermək isə qanunvericilik onlara qanunvericilik tərəfindən verilən hüquqdur. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 2168/2019 saylı qətnamədən çıxarışından görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «silinmiş vəsaitin geri qaytarılması» tələbinə dair iddiası təmin edilməmişdir.
7. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-275/2020 saylı, 18.03.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2168/2019 saylı iş üzrə 18.03.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməsi, "xxxx" ASC tərəfindən 2000 manat pul vəsaitinin İddiaçı kart hesabına geri qaytarılması, iddia ərizəsinin v apellyasiya şikayətinin vepilməsi üçün 45 manat dövlət rüsumunun əvəzi "xxxx" ASC-dən alınaraq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 161,71 manat məbləğində pulun "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə (Məhkəmə Ekspertiza Mərkəzinin hesabına) ödənilməsi qət edilmişdir.
8. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 55/2021 saylı, 09.02.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-275/2020 saylı 18.03.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 05.10.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı 05.10.2021-ci il tarixdə Dünyagöz Xəstəxanasında müayinə olunmuşdur və aparılan müayinələr nəticəsində xəstənin bir iki gözünə Fakoemulsifikasiya+İol əməliyyatı məsləhət görülmüşdür. Əməliyyat üçün ödəniləcək məbləğ 2290 manatdır.
10. İş materiallarında olan Bakı Respublika Endokrinoloji Mərkəzi tərəfindən verilmiş 22.10.2021-ci il tarixli ambulator kitabçadan (xəstəlik kartından) çıxarışın surətindən görünür ki, İddiaçı bir aydır ki, şəkərli biadetlə xəstədir, «İnsulindən asılı olmayan şəkərli diabet, ağırlaşmalarsız" əsas diaqnoz qoyulmuşdur.
11. İş materiallarında olan "xxxx" MMC-nin kassa mədaxil orderinin qəbzlərin surətlərindən görünür ki, İddiaçı tərəfindən 05.10.2021-ci il tarixdə əməliyyat üçün - 130 manat, 05.10.2021-ci il üçün müayinə üçün – 40 manat, 05.10.2021-ci il tarixdə tədqiq üçün – 40 manat, 06.10.2021-ci il tarixdə əməliyyat üçün - 2160 manat, 19.10.2021-ci il tarixdə müayinə üçün – 40 manat, 27.11.2021-ci il tarixdə müayinə üçün – 20 manat "xxxx" MMC-yə ödəniş edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı maaş kartından silinmiş pul vəsaitinin qaytarılması tələbi ilə 2018-ci ildə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bundan sonra iddiaçı şəkər xəstəliyinə tutulmuş və gözlərində görməni tamamilə itirdiyinə görə hər iki gözündən əməliyyat olunmuşdur. Hazırda iddiaçı bunun nəticəsində özünə dəymiş maddi və mənəvi ziyanın əvəzini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
14. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
15. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
16. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
17. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf ona maddi ziyanın dəydiyini iddia etsədə bunun yaranma səbəbinin sırf məhkəmə çəkişmələrinin olması ilə yaranmasına dair mötəbər sübutu təqdim edə bilməmişdir. Cavabdeh tərəfinin məhkəmə aktından yuxarı məhkəməyə qanunvercilikdə nəzərdə tutulmuş qaydada şikayət verməsi onun məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üsuludur. Bu hüquqdan istifadə edilməsi kiməsə maddi və mənəvi ziyanın vurulması kimi qiymət verilə bilməz.
18. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri (hərəkətsizliyi) nəticəsində həqiqətən də ona maddi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
20. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
21. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi- törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü- mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır.
22. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir.
23. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
25. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
26. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir.
27. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
30. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov