Məhkəmə qərarları › İş №2(006)-937/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-937/2023

03.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-937/2023 03.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" KB ASC və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 12 oktyabr 2022-ci il tarixdə “Unibank mobil tətbiq proqramı” vasitəsilə köçürülmüş 840 (səkkiz yüz qırx) manat məbləğində pul vəsaitinin və onun tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, həmçinin mənəvi ziyanın əvəzi olaraq 1000 (min) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1948-ci il tarixdə Əli- Bayramlı şəhərində anadan olmuşdur. Hal-hazırda təqaüdçüdür. O da, oğlu X5 da cavabdeh “Unibank" ASC-nin bank xidmətlərindən istifadə edir. O, adətən özünə məxsus 070 *** ** ** nömrəli mobil telefonda "Unibank mobil tətbiq proqram”ı vasitəsilə ödənişləri həyata keçirir. 12 oktyabr 2022-ci il tarixdə oğlu X3 məxsus 4098 0944 2046 5609 hesab nömrəli Albalı kartına pul göndərməli idi. O, unibank mobil tətbiq proqramı vasitəsilə oğlunun kart hesabına 12 oktyabr 2022-ci il tarixdə köçürmə əməliyyatını həyata keçirtmək istədikdə səhvən başqa karta 2 dəfə 420 (dörd yüz iyirmi ) manat olmaqla, ümumilikdə 840 (səkkiz yüz qırx) manat məbləğində pul köçürtmüşdür. Belə ki, təzyiq xəstəsidir, gözü də zəif görürür. Həmçinin, "Unibank mobil tətbiq proqramı” vasitəsilə ödəniş həyata keçirərkən kart hesabının kimə məxsus olmasını müəyyən etmək olmur. Bu baxımından da texniki səhvə yol verərək 840 (səkkiz yüz qırx) manat məbləğində pul vəsaitini başqa şəxslərin kart hesabına köçürtmüşdür. Lakin, vəsaitin köçürüldüyü şəxslər barəsində hər hansı bir məlumatı yoxdur. Bununla əlaqədar olaraq müvafiq qaydada cavabdehə rəsmi qaydada müraciət etdikdə ona 16 dekabr 2022-ci il tarixli məktub ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrin, kənar auditorolara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. Bu səbəbdən də vəsaitin köçürüldüyü şəxs barəsində hər hansı məlumat ona təqdim edilməmişdir. Buna görə də o, həmin şəxsləri müvafiq qaydada cavabdeh qismində mülki işə cəlb edə bilmir. Qeyd edilənləri nəzərə alaraq, iddiaçı 12 oktyabr 2022-ci il tarixdə “Unibank mobil tətbiq proqramı” vasitəsilə köçürülmüş 840 (səkkiz yüz qırx) manat məbləğində pul vəsaitinin və onun tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, həmçinin mənəvi ziyanın əvəzi olaraq 1000 (min) manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulmasını məhkəmədən tələb edir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək izahatında qeyd etmişdir ki, iddiaçı tərəfindən həmin məbləğ onun kartına daxil olduğu zaman o, Azərbaycanda deyildi. Kartını həmin zaman qardaşı işlədirdi. Onun da ümumiyyətlə bu proseslərdən xəbəri olmayıb. 10 gün öncə "xxxx" KB ASC-nin nümayəndəsi ona zəng etdikdən sonra məlumatlı olmuşdur. Hal-hazırda həmin pulu geri qaytaracaq imkanı yoxdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Hazırki məhkəmə iclasında cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X2 iddia tələbinin cavabdeh "xxxx" KB ASC-yə münasibətdə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə İddiaçı və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə hazırki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçı və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materiallarında olan məhkəmə baxışı zamanı tədqiq edilmiş: -"xxxx" KB ASC tərəfindən İddiaçı ünvanlanmış məktubdan və qəbzlərin surətindən görünür ki, xx.xx.2022-ci il tarixində, 19:26 və 19:27 saatlarında 409809******5609 nömrəli kartdan 2 dəfə 420 manat, cəm olaraq 840 manat vəsait 524375******7544 nömrəli karta köçürülmüşdür. -"xxxx" KB ASC tərəfindən “sübutların cəlb olunması” ilə bağlı qərardadın icrası ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanlanan məktubdan görünür ki, qərardadda qeyd edilən 4098 09** **** 5609 nömrəli kartdan məxaric olunan cəmi 840 (səkkiz yüz qırx) manat xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh2 məxsus 5243 75** **** 7544 nömrəli kartına köçürülmüşdür. -xx.xx.2022-ci il tarixli, 31861 nömrəli qəbzdən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, İddiaçı tərəfindən özünə məxsus 4098 09** **** 5609 nömrəli kartdan 12 oktyabr 2022-ci il tarixdə “Unibank mobil tətbiq proqramı” vasitəsilə səhvən Cavabdeh2 məxsus 5243 75** **** 7544 nömrəli kartına iki dəfə, hər dəfə 420 (dörd yüz iyirmi) manat olmaqla, cəmi 840 (səkkiz yüz qırx) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Hazırda iddiaçı həmin pul vəsaitinin, iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun, həmçinin ona vurulmuş mənəvi ziyanın əvəzinin Cavabdeh2 onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddia tələbinin cavabdehə məxsus karta köçürülmüş 840 manat məbləğində pul vəsaitinin geri qaytarılması tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Göstərilən Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmçinin, həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmçinin, Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa, vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Hazırki iş üzrə İddiaçı özünə məxsus kartdan səhvən Cavabdeh2 məxsus karta 840 (səkkiz yüz qırx) manat məbləğində pul vəsaiti köçürmüş, cavabdeh isə həmin pul vəsaitinin iddiaçıya geri qaytarılmasını təmin etməmiş, nəticədə Cavabdeh2 əsassız olaraq varlanmışdır. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, əsassız varlanmış şəxs, yəni Cavabdeh2 840 manat məbləğində pul vəsaiti alınaraq məhrum olana, yəni İddiaçı geri qaytarılmalıdır. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, hazırda iddiaçı ona mənəvi ziyan vurulduğunu iddia edərək, cavabdehdən 1000 manat məbləğində pul vəsaitinin tutulmasını qeyd etsə də, həmin hissədə iddia tələbi əsassız hesab edilməlidir. Belə ki, iddiaçı bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, bunu sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 12 oktyabr 2022-ci il tarixdə “Unibank mobil tətbiq proqramı” vasitəsilə köçürülmüş 840 (səkkiz yüz qırx) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 12 oktyabr 2022-ci il tarixdə “Unibank mobil tətbiq proqramı” vasitəsilə köçürülmüş 840 (səkkiz yüz qırx) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar