Məhkəmə qərarları › İş №2(006)-939/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-939/2020

07.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-939/2020 07.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İlkin iddia üzrə iddiaçı X3 ilkin iddia üzrə Cavabdeh qarşı «əmlak və pul tələbi»nə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh X5 qarşı «müqavilə öhdəliklərinin məcburi icra edilməsi və vurulmuş zərərin ödənilməsi tələbi»nə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 Cavabdeh qarşı «əmlak və pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-cü il tarixdə ağ-lay daşlarını istehsal etmək üçün torpaq sahəsi almaq istəyərkən ortaq tanışların vasitəsi ilə Cavabdeh ilə tanış olmuşdur. Həmin vaxt cavabdeh iddiaçıya bildirdi ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şosessi ünvanında yerləşən özünə məxsus 900 m2 torpaq sahəsini satmaq istəyir. İddiaçı cavabdehlə birlikdə həmin vaxt qeyd etdiyi ünvana getmiş və həmin 900 m2 torpaq sahəsinə yerində baxmışdır. Həmin torpaq sahəsində iki ədəd tikili var idi, tikililərdən birinin üç tərəfi bağlı bir tərəfi açıq, üstü isə şiferlə örtülü olanın ölçüləri təxminən 4x15 m2 olan idi, digəri isə hər tərəfdən və üstü bağlı olanın ölçüləri isə 4x5 m2 olardı. Həmin ərazi iddiaçıya uyğun olduğuna görə cavabdehlə danışıqlar aparmışlar və sonda belə qərara gəlmişlər ki, aşağıda qeyd olunan şərtlərlə həmin torpaq sahəsini cavabdeh iddiaçıya satsın. Tərəflər belə razılaşmışlar ki, satdığı torpağın sənədi olmadığı üçün, aralarında 4 illik icarə müqaviləsi bağlayaraq, iddiaçı hər ay cavabdehə ayda 1700 manat vəsait ödəsin, həmin vəsaitdən 400 manatı aylıq icarə haqqı olsun, yerdə qalan 1300 manat isə torpağın alqı-satqısına hesablansın. Razılaşdıqları müddət ərzində cavabdeh həmin torpaq sahəsini özəlləşdirəcəkdir və sonda isə alqı-satqı müqaviləsi ilə iddiaçının qaynının adına keçirəcəkdir. Bununla da, xx xxxx 2013-cü il tarixdə danışdıqları kimi icarə müqaviləsi bağladılar. Baxmayaraq ki, iddiaçı hər ay cavabdehə 1700 manat ödəmək öhdəliyi götürmüş, lakin müqavilədə hər ay 400 manat qeyd etmişlər. Həmçinin də, iddiaçı hər il yerli Bələdiyyə büdcəsinə 700 manat torpaq və əmlak vergisi ödəmişdir. İddiaçı cavabdehlə icarə müqaviləsi bağlanan gün bir aylıq pulu, yəni 1700 manatı cavabdehə nağd ödəmişdir. O sonra həmin ərazini iddiaçıya təhvil vermiş və iddiaçı işə başlamışdır. Belə ki, iddiaçı icarə müqaviləsi bağlandıqdan sonra, həmin ərazidə ağ-lay daşlarının istehsalı üçün sex qurmağa başlamış və həmin ərazidə adlarını qeyd etdiyi bir-neçə tikili inşa etdirmiş və həmçinin də, bir-neçə ədəd də dəzgahlar quraşdırmışdır. İddiaçı cavabdehlə müqavilə bağlanan gündən, yəni xx xxxx 2013-cü il tarixdən xx xxxxxx 2016-ci il tarixədək fəaliyyət göstərmiş və cavabdehlə razılaşdıqları kimi hər ay 1700 manat cavabdehə vermiş, lakin cavabdeh razılaşmanı pozmuş, razılaşdıqları formada iddiaçıya satdığı torpaq sahəsini sənədləşdirib qaynının adına keçirməkdən imtina etmiş və iddiaçı məcbur olub tikdirdiyi tikililəri və quraşdırdığı dəzgahları da orada qoyub, mübahisəli torpaq sahəsini tərk etmişdir. Cavabdeh iddiaçını aldatmış, 41 ay ondan 1700 manat vəsait almış, lakin torpaq sahəsini ona verməmişdir. Bununla da, hər ay 1300 manat olmaqla, 41 ay iddiaçıdan aldatma yolu ilə icarə müqaviləsindən kənar əlavə vəsait almışdır. Həmçinin də, üç il həmin mübahisəli torpağa görə hər ili 700 manat olmaqla, torpaq və əmlak vergisini də yerli Bələdiyyəyə iddiaçıya ödətdirmişdir. Cavabdeh aralarında olan razılaşmanı pozubsa onda, 41 ay ərzində aldatma yolu ilə iddiaçıdan aldığı hər ay 1300 manat olmaqla, cəmi 53300 (41x1300) manatı, torpaq-əmlak vergisinə görə yerli bələdiyyəyə ödədiyi 2100 (3x700) manatı və tikdirdiyi tikililərə xərclədiyi 11200 manatı geri qaytarmalıdır. İddiaçı cavabdehə bu vaxta qədər hörmət etsə də, sonda ona olan borcunu və torpaq sahəsində quraşdırdığı avadanlıqları rahatlıqla qaytarmayacağını bildiyindən, səbri tükənmiş və məcbur olub müvafiq qaydada məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şosessi ünvanda olan 900 m2 torpaq sahəsinə görə 41 ay ərzində aldatma yolu ilə iddiaçıdan alınmış hər ay 1300 manat olmaqla, cəmi 53300 (41x1300) manat, torpaq-əmlak vergisinə görə yerli bələdiyyəyə ödənilmiş 2100 (3x700) manat və tikilmiş tikililərə xərclənmış 11200 manat olmaqla, ümumilikdə cəmi 66 600 (altmış altı min altı yüz) manat pul vəsaitinin və mübahisəli torpaq sahəsində iddiaçı tərəfindən quraşdırılan böyük yük-qaldırıcı, 1 ədəd-qiyməti 1000 manat; balaca yük-qaldırıcı, 1 ədəd-qiyməti 400 manat; “Tomaçı dəzgah”, ölçüsü 400-qiyməti 10000 manat; mişar-qiyməti 1200 manat; frezer, ölçüsü 83-qiyməti 4500 manat dəyərlərində olan dəzgahların cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Öz növbəsində, Cavabdeh X5 qarşı «müqavilə öhdəliklərinin məcburi icra edilməsi və vurulmuş zərərin ödənilməsi tələbi»nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İ.Valiev ilə özünün istifadə və sahibliyində olan torpaq sahəsində özü tərəfindən inşa edilmiş sexin icarəyə verilməsi barədə xx.xx.2013-cü il tarixdə müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə əsasən hər ay icarə haqqı 400 (dörd yüz) manat olmaqla, Cavabdeh ödənilməli idi. Həmin sexdə daha əvvəllərdə digər icarəçiləri olmuş və işləmişlər. Sex tam olaraq istifadəyə yararlı və bütün avadanlıqlarla təchiz edilmiş şəkildə olmuşdur. İlk əvvəl İ.Veliev bu işdə yeni işləməsini və müştəri yığana qədər icarə haqlarının verilməsində ona möhlət veriləsini xahiş etmiş və Cavabdeh da buna razılaşmışdır. Uzun müddət işlədikdən sonra İ.Veliev Cavabdeh cəmi 2 aylıq icarə haqqını ödəmişdir. Bundan sonra Cavabdeh onun sexdən çıxmasını tələb etdikdə o böyük bir iş götürdüyünü və həmin müştəridən pulu alan kimi bütün müddət üçün icarə haqqını ödəyəcəyini bildirmişdir. Cavabdeh da pulun alınması üçün razı oldu. Ancaq sonradan Cavabdeh məlum oldu ki, bu şəxs onun sexdə olan dəzgahlarını sökərək hardasa başqa bir yerdə özünə sex götürmüş və oraya aparmışdır. Hətta Cavabdeh xəbər vermədən sexdən çıxıb getmiş, onun pulunu ödəməmişdir. Dəfələrlə telefon vasitəsilə əlaqə saxlayaraq pulun ödənilməsini, sexdəki dəzgahların motorlarının qaytarılması və bərpa edilməsini, digər alətlərin qaytarılmasını tələb etsə də, İ.Vəliyev müxtəlif bəhanələrlə yayınmışdır. Son danışıqlarından sonra Cavabdeh onun barəsində məhkəməyə və aidiyyəti qurumlara müraciət edəcəyini bildirdikdən sonra, İ.Vəliyev öz əməllərini pərdələmək üçün Cavabdeh barəsində məhkəməyə əsassız olaraq iddia vermişdir ki, guya Cavabdeh qeyd edilən torpaq sahəsini İ.Vəliyevə satmışdır və s. Qeyd edilən torpaq sahəsi Cavabdeh istifadə və sahibliyinə verilmişdir və Cavabdeh onu satmaq kimi niyyəti heç zaman olmamışdır, ən əsası isə buna hüququ yoxdur. Qeyd edilən torpaq sahəsində qarşılıqlı cavabdehdən başqa bir neçə başqa icarəçi vardır. Belə olan halda həmin icarəçilər də desinlər ki, Cavabdeh torpağı onlara satmışdır və ya belə “vəd” vermişdir. Bu düşüncə tamamilə əsassız və yalandır. Cavabdehla qarşılıqlı cavabdeh arasında icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsi Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmışdır. İcarə müqaviləsi üzrə qarşılıqlı cavabdeh hər ay Cavabdeh 400 manat olmaqla 3 il müddətində 14400 (on dörd min dörd yüz) manat vəsait ödəməli olduğu halda cəmi 800 manat vəsait ödəmişdir. Qalıq borcu 13600 (on üç min altı yüz) manatdır. Eyni zamanda dəzgahların motorlarını da söküb aparmış və Cavabdeh faktiki olaraq 8000 (səkkiz min) manat məbləğində maddi zərər vurmuşdur. Bundan başqa, ərazidə Cavabdeh tərəfindən quraşdırılmış elektrik transformatoru da cavabdeh tərəfindən nasaz vəziyyətə gətirilmiş və təmirə 1300 manat vəsait xərclənmişdir ki, həmin vəsait də qarşılıqlı cavabdehdən tutulmaldır. Bundan başqa, 2017-ci ilin mayından bu günə qədər müqavilə bitməsinə baxmayaraq, icarə haqqı qanunsuz olaraq ödənilməmişdir. MM-nin 449-cü maddəsinə əsasən hər il üçün illik uçot faiz dərəcəsi (7%) nəzərə alınmaqla 3 il üçün 2856 (iki min səkkiz yüz əlli altı) manat cavabdehdən penya tutulmalıdır. Göstərilənlərə əsasən X4 13600 (on üç min altı yüz) manat icarə haqqının, maddi zərərə görə 9300 (doqquz min üç yüz) manat, icarə haqqının qanunsuz olaraq ödənilməməsinə görə illik bank faiz uçot dərəcəsi nəzərə alınmaqla 3 il üçün 2856 (iki min səkkiz yüz əlli altı) manat və 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X6 ilkin iddianı müdafiə edərək, iddianın təmin olunması, qarşılıqlı iddianın isə əsassız hesab edilərək rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X6 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh nümayəndəsi və vəkili Vəkil ilkin iddianı qəbul etməyərək, habelə qarşılıqlı iddia tələbini müdafiə edərək ilkin iddianın rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda, ərizə təqdim edərək, işə ilkin iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işə ilkin iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həm ilkin iddia tələbi, həm də qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 636 №-li qərarından görünür ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən 8000 kv.m torpaq sahəsinin istehsalat sahəsi üçün vətəndaş Cavabdeh alqı-satqı qaydasında mülkiyyətinə ayrılması, həmin torpaq sahəsinə görə Binəqədi qəsəbə bələdiyyəsinin hesablaşma hesabına müvafiq məbləğin otuz iki milyon manat ödənişinin həyata keçirilməsi və torpaq vergisinin vaxtlı-vaxtında ödəməsi qərara alınmışdır. İş materiallarında olan icarəyə verən Cavabdeh ilə icarəçi X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şossesi ünvanında olan 900 kv.m torpaq sahəsini 3 (üç) il müddətinə, aylıq 400 (dörd yüz) manat kirayə haqqı olmaqla icarəçi X5 icarəyə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019cu il tarixli məktubundan görünür ki, Cavabdeh adına Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ünvanında yerləşən 900 kv.m sahəsi olan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Hazırki iddia tələbləri ilə (həm ilkin, həm də qarşılıqlı) bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər-hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Yuxarıda qeyd olunduğu kimi tərəflər icarə müqaviləsində göstərilən şərtlərlə razılaşaraq həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərlərinə öhdəliklər götürmüşlər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ilkin iddia üzrə iddiaçı X6 və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmələrinəbaxmayaraq, tələblərinin əsaslı olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həm ilkin iddia tələbi, həm də qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı X3 ilkin iddia üzrə Cavabdeh qarşı «əmlak və pul tələbi»nə dair ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh X5 qarşı «müqavilə öhdəliklərinin məcburi icra edilməsi və vurulmuş zərərin ödənilməsi tələbi»nə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar