Məhkəmə qərarları › İş №2(006)-946/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-946/2023

16.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-946/2023 16.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı Məmməd oğlunun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məmməd oğlu cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 5.000 manat, mənəvi ziyana görə 25.000 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Məmməd oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2018-ci ilin ikinci yarısında Gəncə şəhəri Kəpəz rayon məhkəməsinə iddia ərizəsi verərək bildirmişdir ki, X4 ona məxsus 4 sot torpağı və üzərində olan bir otaqlı evi zəbt edərək əlindən alıb. Kəpəz rayon məhkəməsinin hakimi nə səbəbdənsə iddiasını rədd edərək 25 dekabr 2018-ci il tarixdə xususi qəradad çıxardaraq, cinayət işi qaldırılması üçün prokurorluğa göndərmişdir. Gəncə şəhər BPİ-nin İ və Tİ-nin baş müstəntiqi, polis mayoru X6 23 aprel 2019-cu ildə Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmiş və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçmişdir. 02 iyul 2019-cu il tarixdə cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsindən həmin Məcəllənin 29, 178.2.4 və 320.2-ci maddələrinə tövsif edilmiş və baxılması üçün Gəncə şəhəri Nizami rayon məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(044)- 16/2021 saylı hökmü ilə ona CM-nin 29, 178.2.4-cü maddəsi İlə 1 il 2 ay müddətinə azadlığın məhdudlaşdırması cəzası təyin edilmişdir. Həmin hökmdən verdiyi apellyasiya şikayətinə baxılaraq, Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 29 noyabr 2021-ci il tarixli 1(104)-477/2021 saylı hökmü ilə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 1(044)-16/2021 saylı hökmü ləğv edilmiş, ona Azərbaycan Respublikası CM-nin 29, 178.2.4-cü maddəsi ilə bəraət verilmişdir. Hökmdə göstərilmişdir ki, 23 aprel 2019-cu ildən 29 noyabr 2021-ci il tarixə kimi başqa yerə gedə bilmədiyi və işgüzar nüfuzuna xələl gəldiyi üçün təhqiqat, ibtidai-istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə ona vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası tam həcmdə ödəməlidir. Belə ki, təhqiqat-istintaq və məhkəmə prosesi zamanı günlərlə-aylarla Daşkəsəndən Gəncə şəhərinə getmiş, pul xərcləmiş, vəkil tutaraq maddi ziyana düşmüşdür. Daşkəsən rayon X12-Şahmat məktəbində 28 ildir ki, məşqçi- müəllim vəzifəsində işləyir. Ona cinayət işi qaldırılandan, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçiləndən sonra şagirdləri başqa şəhərlərə yarışlara apara bilməmişdir. Ona rəqib olan məşqçi-müəllimlər onu gözdən salmaq üçün idmançılar arasında təbliğat aparmışlar ki, «Elşad müəllimin məşqinə getməyin, saxtakar, fırıldaqçı və dələduzdur». Məhkəmənin nəzərinə çatdırır ki, Milli Məclisə keçirilən seçkilərdə deputatlığa namizəd olmuşdur. Daşkəsən şəhər Bələdiyyəsinə keçirilən seçkilərdə dəfələrlə namizəd olmuşdur. 101 saylı Dairə seçki komissiyasının üzvü olmuşdur. Dəfələrlə Azərbaycan Respublikası Prezidentliyinə namizəd olanların vəkili və nümayəndəsi olmuşdur. Cinayət işi qaldırılandan sonra dövlətin apardığı siyasi işlərdə, seçkilərdə iştirak etməmiş, başqa yerə, şəhərlərə gedə bilməmişdir. Qarşıdan gələn seçkilərdə rəqibləri onu dələduz adlandırıb palçıq atacaqlar. Deputatlığa və Bələdiyyə üzvlüyünə namizədliyini irəli sürməyəcək, çünki adı dələduzluğa cəhddə hallanıb, bundan sonra o, necə Prezidentliyə namizədlərin vəkili və ya nümayəndəsi ola bilər? Hal-hazırda Məntəqə seçki komissiyasının komissiya üzvüdür, həyat yoldaşı və bir evladı Məntəqə seçki komissiyasının komissiya üzvləridir, bir evladı Dairə seçki komissiyasının komissiya üzvüdür. Ailəlikcə müəllimdirlər. Bir evladı 44 günlük Vətən müharibəsində Prezidentin sərəncamı ilə «Suqovuşanın azad olunmasına görə» medalı ilə təltif olunub, hal-hazırda hərbi xidmətdə olmaqla, tank komandiridir, 30 yaşı var, subaydır. Kimin qızını alsın, kimin qapısına elçi getsə deyəcəklər oğlu da atası kimi dələduz olacaq. Ailəlikcə 3 il gecəgündüz narahat olmuş, əsəb-stres keçirərək dinclik tapmamışlar. Azərbaycan Respublikasında və xarici ölkələrdə el sənətkarı kimi tanınaraq 35 ildir ki, el şənliklərində olub uşaqlara sünnət edir. Bəzi həkimlər və el sənətkarları özləri sünnət etmələri üçün onu dələduz, fırıldaqçı, saxtakar adlandıraraq elin gözündən salmağa çalışır və buna nail olurlar, çünki əllərində məhkəmənin hökmü var. Başqa yerlərə sünnət toylarına gedə bilməmiş, öz rayonlarında da bu cinayət ittihamını bilərək öz evlərinə uşaqlarını sünnət etməyə çağırmamışlar. Hökmü qarşı tərəf olan X1 alıb dələduz olmağını sübut etmək üçün rayonlara kəndlərə paylamışlar. Bu ləkəni, «dələduz» sözünü inanmır ki, ölənə kimi öz üzərindən götürə bilsin, o, öləndən sonra da bizi istəməyənlər evladlarına deyəcəklər ki, bunlar dələduzun evladlarıdır. Bir sözlə, onların ailəsini, nəsli - təhqiqatçı, müstəntiq, prokuror, məhkəmə orqanları heç bir əsas olmadan ləkələmişdir. İndi o, həmin ləkəni aradan qaldırmaq üçün başına gələnlər haqqında kino çəkməli, kitab yazıb çap edərək rayonlara, kəndlərə paylamalı və şəhərlərə rayonlara, kəndlərə gedib Gəncə Apellyasiya Məhkəməsinin bəraət hökmünü göstərməli, günahkar omadığımı elə obaya subut etməliyəm. Subut etmək üçün ona pul lazımdır, indiyənədək ona maddi və mənəvi ziyan vurulub. Odur ki, cavabdeh ona dəyən ziyanı tam həcmdə ödəməlidir. İddiaçı Məmməd oğlu məhkəməyə ərizə göndərərək mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə yuxarıda qeyd olunan ərizəni nəzərə alaraq mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X8 məhkəməyə göndərdiyi iddiaya etirazda qeyd etmişdir ki, İddiaçı Məmməd oğlu daxili işlər orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi zərərə görə 5.000 manat, mənəvi ziyana görə 25.000 manat məbləğində təzminatın cavabdehdən tutulması barədə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu məhkəmə işi üzrə cavabdeh qismində iştirak edir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, həmin iddia tələbi rədd edilməlidir. İş materiallarından göründüyü kimi iddiaçı onun barəsində istintaq hərəkətlərinin aparılması ilə əlaqədar ziyanın ödənilməsi tələbi ilə çıxış edərkən Azərbaycan Respublikası Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini Maliyyə Nazirliyinə yönəltmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 8 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında sebəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bildirirlər ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də, iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə»nin 8.7-ci bəndinə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni zamanda, burada onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də, dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıdan qeyd olunan Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhiükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). İndiki halda isə iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmişdir və ağlabatan deyildir. Bu baxımdan onun faktlara və sübutlara deyil, şəxsi mülahizələrinə söykənən kompensasiya tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İddiaçının Maliyyə Nazirliyi tərəfindən mənəvi zərərə məruz qaldığını sübut edən hallar mövcud deyildir. Bu səbəbdən, İddiaçı Məmməd oğlunun Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiasının rədd edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 1(044)-16/2021 saylı hökmü ilə İddiaçı Məmməd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş; İddiaçı Məmməd oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməmiş; Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 178.2.4-cü maddəsi ilə 1 il 2 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş; İddiaçı Məmməd oğlunun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış; İddiaçı Məmməd oğlunun üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Daşkəsən rayonunun ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmuş; İddiaçı Məmməd oğlunun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmiş; iş üzrə maddi sübut kimi tanınmış İddiaçı Məmməd oğlunun istifadə etdiyi X7-Yoldaşlıq Birliyinin xx.xx.1988-ci il tarixli 11 nömrəli protokolu əsasında olan saxta çıxarış, həmin çıxarışa əlavə edilmiş plan və xx.xx.1994-cü il tarixli 537 saylı saxta arayış cinayət işinin materiallarında saxlanılmış; iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 265 manat məbləğində pulun təqsirləndirilən şəxs İddiaçı Məmməd oğlundan alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. Gəncə Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 29 noyabr 2021-ci il tarixli 1(104)-477/2021 saylı hökmündən görünür ki, təqsirləndirilən şəxs İddiaçı Məmməd oğlunun apellyasiya şikayəti təmin edilmiş; iş üzrə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 1(044)-16/2021 saylı hökmü ləğv edilmiş; İddiaçı Məmməd oğluna Azərbaycan Respublikası CM-nin 29, 178.2.4-cü maddəsi ilə bəraət verilmiş; İddiaçı Məmməd oğlu Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəza təyin edilməmiş; İddiaçı Məmməd oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş; iş üzrə maddi sübut kimi tanınmış İddiaçı Məmməd oğlunun istifadə etdiyi X7-Yoldaşlıq Birliyinin xx.xx.1988-ci il tarixli 11 nömrəli protokolu əsasında olan saxita çıxarış, həmin çıxarışa əlavə edilmiş plan və xx.xx.1994-cü il tarixli 537 saylı saxta arayış cinayət işinin materiallarında saxlanılmış; iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 265 manat məbləğində pulun dövlət büdcəsi hesabına ödənilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 06 iyul 2022-ci il tarixli 1(102)-1051/2022 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 29 noyabr 2021-ci il tarixli 1(104)- 477/2021 saylı hökmü dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, iddiaçı barəsində cinayət işi başlanmış, ibtidai və məhəmə istintaqları aparılmış, barəsində ittihamedici hökm çıxarılmış, barəsində qətimkan tədbiri seçilmiş və bu səbəbdən kifayət qədər uzun müddət ərzində yaşadığı rayonun ərazisini tərk edə bilməmiş, gündəlik yaşayış ahəngi pozulmuş, mənəvi cəhətdən əziyyət çəkmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 3.000 (üç min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 3.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Məmməd oğluna vurulmuş mənəvi zərərə görə 3.000 (üç min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı ona maddi ziyan vurulmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Məmməd oğluna vurulmuş mənəvi zərərə görə 3.000 (üç min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar