Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-949/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı "xxxx" Aşıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi»nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" Aşıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16.06.2020-ci il tarixdə, saat 15:15 radələrində Bakı şəhəri, Atatürk prospekti ərazisində Cavabdeh idarə etdiyi “VAZ 21705" markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil "Xalq Sığorta” ASC tərəfindən CSB200134960 saylı sığorta şəhadətnaməsi ilə kasko sığortası növü üzrə sığortalanmış “Mini Cooper” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi zərər vurmuşdur. Nərimanov RPİ DYPŞ tərəfindən tərtib edilmiş AP № ******* saylı inzibati xəla haqqında protokola əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş Qüsur aktında göstərilmişdir ki, “Mini Cooper” markalı, **-AZ-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 1352 (bir min üç yüz əlli iki) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə CSB65068 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 200 (iki yüz) manat şərtsiz azadolma məbləği çıxılaraq 1152 (bir min bir yüz əlli iki) manat məbləğində sığorta ödənişi 10.09.2020-ci il tarixində ödənilmişdir.
3. Göstərilənlərə əsasən, Cavabdeh 1152 AZN (bir min bir yüz əlli iki manat) pul vəsaitinin və 31,52 AZN (otuz bir manat, əlli iki qəpik) məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" Aşıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
Əsaslandırıcı hissə:
4. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
6. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehin ünvanına rəsmi qaydada bildiriş göndərilmiş, lakin sonradan məhkəməyə hər hansı bir etiraz daxil olmamışdır.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
8. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
a) Mülki işin materialları:
9. İş materiallarında olan avtomobilin sığorta şəhadətnaməsinin surətinə əsasən "xxxx" MMC-yə məxsus “Mini Cooper” markalı, **-AZ-*** dövlət nömrə nişanlı avtomaşın 03.10.2019-cu il tarixindən 02.10.2020-ci il tarixədək "xxxx" Aşıq Səhmdar Cəmiyyətində sığortalanmışdır.
10. İş materiallarında olan Nərimanov RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 13.08.2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinimişdir.
11. İş materiallarında olan AR DİN BDYPİ tərəfindən verilmiş AD seriyalı 599520 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətinə əsasən “VAZ 21705" markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 adına qeydiyyata alınmışdır.
12. İş materiallarında olan 22.06.2020-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Mini Cooper” markalı, **-AZ-*** nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 1352 AZN təşkil edir.
13. İş materiallarında olan "xxxx" Aşıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş CSB65068 saylı sığorta aktından görünür ki, sığortalanmış “Mini Cooper” markalı, **-AZ- *** dövlət qeydiyyat nişanlı avtomobil 03.10.2019-cu ildən 02.10.2020-ci il tarixinədək sığortalanmış, həmin nəqliyyat vasitəsi “VAZ 21705" markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə “Mini Cooper” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1352 AZN ziyan dəymiş, 200 manat şərtsiz azadolma məbləği çıxarılaraq 1152 AZN sığorta ödənişi həyata keçirilmişdir.
14. "xxxx" Aşıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə ünvanlanmış 20.10.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, “Mini Cooper” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 03.10.2019-cu il tarixində "xxxx" ASC tərəfindən sığortalanmışdır. 16.06.2020-ci il tarixində Cavabdeh idarə etdiyi “VAZ 21705" markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə “Mini Cooper” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi zamanı zərər vurmuşdur. "xxxx" Aşıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş hesabata əsasən, “Mini Cooper” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1352 AZN məbləğində müəyyən edilmiş, 200 manat şərtsiz azadolma məbləği çıxarılaraq 1152 AZN "xxxx" Aşıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Məhkəmə iddianın hüquqi cəhətdən əsaslı olduğu qənaətinə gəlmişdir.
17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
18. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
19. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
20. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
21. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
22. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
23. Bundan əlavə, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda məhkəmə xərcləri Cavabdeh aid edilməlidir.
25. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək, Cavabdeh subroqasiya hüququ əsasında 1152 AZN (bir min bir yüz əlli iki manat) pul vəsaitinin və 31,52 AZN (otuz bir manat, əlli iki qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
28. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh subroqasiya hüququ əsasında 1152 AZN (bir min bir yüz əlli iki manat) pul vəsaitinin və 31,52 AZN (otuz bir manat, əlli iki qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Aşıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov