Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-95/2024 07.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 978 (doqquz yüz yetmiş səkkiz) manat zərərə görə və təmir üçün məbləğində pulun, 2800 (iki min səkkiz yüz) manat dörd aylıq kirayənin qiymətinin, ödənilmiş 78 (yetmiş səkkiz) manat məbləğində dövlət rüsumunun, 1000 (min) manat məbləğində mənəvi ziyanın birdəfəlik tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində Seriya MH № ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 74 ünvanda yerləşən 43 və 44 saylı mənzillər mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. 43 və 44 saylı mənzillərin üstündə yerləşən 47 və 48 saylı mənzillərin sahibi X6 43 və 44 saylı mənzillərə qəsdən zərər vurur, mütəmadi olaraq çirkab su axıdır. Yaşayış müddətində bir dəfə də öz mənzilini təmir etməmişdir. Hər gün su axıdaraq ümumi su xəttinin borularını zədəliyib və qəzalı hala salmışdır. Baxmayaraq ki, Nəsimi Rayon Məhkəməsin xx.xx.2022ci il qətnaməsi ilə Nərminə Axundova cərimələnib və xəbərdarlıq olunub (İş № 2(006)- 213/2022), lakin o öz əməllərindən əl çəkməyib. Gündə qəsdən çirkab su axıdır. Təəssüflər olsun ki, bu şəxs öz qanunsuz hərəkətləri ilə bütün binaya və onun sakinlərinə zərər vurur, şəxsi mülkiyyəti qəsdən məhv edir və korlayır. "xxxx" ASC-nin qaynar xəttinə müraciətindən sonra "xxxx" ASC-nin əməkdaşları gəlib baxış keçirib və qəzalı ümumi su xəttini dəyişməyi təklif ediblər. Lakin, Nərminə Axundova onları təhqir edərək, mənzilindən keçən borunu dəyişməyə qoymayıb. Nərminə Axundovanın mənzildən axan çirkli su “Azəriqaz” İB-nin qaz sayğacını və qaz xəttini zədələyib. Nəticədə onlar sıradan çıxıb və dəyişdirilməlidirlər. Nərminə Axundovanın qanunsuz hərəkətləri bütün evi təhlükə altına qoyur. 43 və 44 saylı mənzillərdə elektrik xəttlərini də yararsız hala salıb, tavanın beton örtüyünü zədəliyib, mənzildə nəmişlik, divar kağızlarının qopması və divarların kiflə örtülməsi müşahidə edilir. Nəticədə mənzillər yararsız hala düşmüşdür. Dördüncü aydır ki, iddiaçı bu mənzillərdə yaşaya bilmir, kirayə qalır. Dəfələrlə cavabdehə müraciət edərək, su axıdılması nəticəsində vurduğu ziyanın ödənilməsini və mülkiyyətə qəsd edən hərəkətə son qoyulması üçün tədbirlərin görülməsini xahiş etsə də, nəticə olmamışdır. Bundan sonra o, Nəsimi rayon 21-ci polis bölməsinə müraciət etmiş, polis işçilər araşdırma apardıqdan sonra və maddi ziyanın müəyyən edilməsi üçün mülki qaydada məhkəmə orqanlarına müraciəti müvafiq hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Cavabdeh X7 öz hərəkətləri ilə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 5.2; 6.0.6; 15; 35.1; 35.5-ci maddələrini kobud şəkildə pozmuşdur. Sonradan, əsl olmayan cavabdeh X7 əsl cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə əvəz edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, İddiaçı izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 74 saylı evin 43 və 44 saylı mənzilləri İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-213/2022 saylı qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddianın qismən təmin edilməsi, maddi zərərə görə 1.297 manat məbləğində pulun cavabdeh "xxxx" ASCdən, 710 manat məbləğində pulun isə Cavabdeh2 tutularaq X2 ödənilməsi, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 13 manatının cavabdeh "xxxx" ASCdən, 10 manatının isə Cavabdeh2 tutularaq X2 ödənilməsi, iddianın digər hissədə rədd edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 150 manatın 37 manatıın iddiaçı X1, 63 manatının cavabdeh "xxxx" ASC-dən, 50 manatının isə Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməsi qət edilmişdir. AR Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixində məktub ünvanlanaraq, mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, ev 74 ünvanında yerləşən 47, 48 nömrəli mənzil Cavabdeh2 (1/3 hissə) və Cavabdeh1 (2/3 hissə) adlarına qeydiyyatdan keçmiş və hazırda onların mülkiyyətindədir. İş materiallarında olan 736904 və 736905 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnamələrinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 74 saylı evin 43 və 44 saylı mənzilləri "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin zərər dəymiş daşınar/daşınmaz əmlakın qiymətləndirilməsinə dair hesabatdan görünür ki, iddiaçıya 226.00 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəməyə təqdim olunmuş fotoşəkillərdən iddiaçıya məxsus mənzilə su sızma izləri və bunun nəticəsində zərər vurulması aşkar şəkildə müşahidə olunur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2023-cü il tarixli, 10/3386 nömrəli rəyindən görünür ki, aparılmış tədqiqatın nəticəsində İddiaçı mülkiyyətində olan Azadlıq prospekti, 74 saylı evin 43 və 44 saylı mənzillərinin hamam-ayaqyolu tikilisinin tavanına su sızma nəticəsində ziyanın dəydiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 74 saylı evin 47-48 saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (su boru xətləri) divarın üzəri ilə keçdiyi və həmin borularda su sızma halının baş vermədiyi müəyyən edilmişdir. Lakin (kanalizasiya boru xəttləri) gizli (malalatı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, cavabdehin mənzilinin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra, iddiaçının mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Bu səbəbdən 43-44 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 74 saylı evin 43-44 saylı mənzilin tavanında, su sızma ləkələrinin, eləcə də mülki iş materiallarında olan, xx.xx.2023-cü il tarixli aktın məlumatlarına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 74 saylı evin 43-44 saylı mənzilinə yuxarı mərtəbədəki 47-48 saylı mənzildən suyun sızması müəyyən olunmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 74 saylı evin 43-44 saylı mənzilində su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 60.0 manat məbləğində müəyyən olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1761/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə təkrar məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və işin icraatı ekspertiza rəyi alınanadək dayandırılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2024-cü il tarixli 3-16-16/2-10/7685 nömrəli rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 74 saylı evin 43-44 saylı mənzilin konstruktiv elementlərində (divan, tavan və s.) təmir işlərinin aparıldığını, hər hansı bir qüsurun olmadığını, 47-48 saylı mənzilin mətbəx və sanitar qovşağı tikililərində quraşdırılmış su boru xətlərinin divarın üzəri ilə getdiyini, həmin boruların üzərində hər hansı qüsur olmadığını nəzərə alaraq, qərardadın sualları üzrə tədqiqat aparıılması mümkün olmamışdır. Lakin mülki iş materiallarına əlavə edilmiş 10/3386 saylı ekspert rəyində sözügedən mənzilə su sızma nəticəsində ziyan dəydiyi və dəymiş ziyanın aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin bazar qiymətlərinə uyğun dəyərinin təqribən 60,0 manat məbləğində olduğu qeyd edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, maddi zərərin ödənilməsi tələbinə dair hissədə iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 226 manatın 1/3 hissəsi Cavabdeh2, 2/3 hissəsi Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Belə ki, "xxxx" ASC-nin zərər dəymiş daşınar/daşınmaz əmlakın qiymətləndirilməsinə dair hesabatdan görünür ki, iddiaçıya 226.00 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə ekspertiza rəyinə tənqidi yanaşır, ona görə ki, 60 manat məbləğində pulun cavabdehlərdən tutulması ədalətli olmamaqla yanaşı, real deyildir. Əvvəla qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyə görə ekspert rəyi araşdırılmalı olan sübut növünə aid edilir. Ekspertin rəyi sübut növünə aid olsa belə, qeyd edilməlidir ki, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Doğrudur, hazırki iş üzrə ekspertizanın təyin edilməsində məqsəd işin tam, hərtərəfli və obyektiv araşdırılmasından ibarət olmuşdur. Lakin ekspert rəyinin məcburi qüvvəyə maik olmaması, onun digər sübut növləri kimi qiymətləndirilməsi imkanının qanunvericilikdə nəzərdə tutulması məhkəmənin təqdim edilmiş rəyi araşdırmaq və rəylə razı olmadığı təqdirdə öz mövqeyini qəbul etdiyi qətnaməsində (qərardadında) əsaslandırmaq imkanını ehtiva edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Ekspert rəyi ilə razılaşmamasını məhkəmə onunla əsaslandırır ki, göründüyü kimi, rəydə iddiaçıya dəymiş ziyanın məbləği ümumilikdə 60 manat məbləğində qiymətləndirilmişdir. Rəyə xərclər smetası əlavə edilmiş, smetada görüləcək işlərin və bu işlərin görülməsi üçün tələb olunan materialların məbləğləri ayrı-ayrılıqda göstərilmişdir. Lakin həmin məbləğlərə diqqət yetirilsə, həm görülməli olan işlərin, həm də tələb olunan materialların dəyəri 2 manat, 6 manat və s. civarında qiymətləndirilmişdir. Məhkəmə hazırki bazar qiymətlərini nəzərə alıb rəydə göstərilmiş məbləğlərin həqiqəti əks etdirmədiyi qənaətinə gəlir. Həmçinin, iş materiallarında iddiaçı tərəfindən təqdim edilmiş olan digər sübut növü də mövcuddur. Belə ki, "xxxx" ASC-nin dəymiş zərərin qiymətləndirilməsinə dair hesabatında ödənilməli olan xərclər ümumilikdə 226 manat müəyyən edilməklə, görüləcək işlərə görə zəhmət haqqı qismində 175 manat, bu işlərin görülməsi üçün isə zəruri materiallara görə 51 manat məbləğində vəsait tələb olunur. Məhkəmə "xxxx" ASC-nin hesabatı ilə razılaşıb onun hazırki bazar qiymətlərinə və işin hallarına daha uyğun olduğunu qəbul edir. Bununla da, yuxarıda göstərilmiş səbəblərə görə məhkəmə ekspert rəyi ilə razılaşmamasını əsaslandıraraq, dəymiş ziyanı "xxxx" ASC-nin hesabatına uyğun qiymətləndirərək, maddi ziyana görə tutulmalı olan məbləğin 226 manat təşkil etdiyi qənaətinə gəlir. İddia tələbindən görünür ki, maddi ziyanla yanaşı cavabdehlərdən mənəvi ziyan da tələb edilir. Vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin hissədə də iddia qismən təmin edilməli, cavabdehlərdən vurulmuş mənəvi zərərə görə 300 manat tutulmalı və həmin məbləğin 1/3 hissəsi Cavabdeh2, 2/3 hissəsi Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Belə ki, cavabdehlərin 47-48 saylı mənzilindən su sızması nəticəsində iddiaçının mülkiyyətində olan mənzillərində qüsurların əmələ gəlməsinin uzun müddət davam etməklə, iddiaçının şüurunda müəyyən mənfi reaksiyaya səbəb olması aşkardır. Məhkəmə vurulmuş mənəvi zərər həddini müəyyən edərkən, mənzilə vurulmuş maddi zərərin həddini nəzərə alır. Məhkəmə bu mövqeyini onunla əsaslandırır ki, işin yuxarıda sadalanmış halları ilə müəyyən edildiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 74 saylı evin 43-44 saylı mənzilinə öncədən də üst mənzildən su sızması nəticəsində ziyan dəymiş və mübahisə məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(006)-213/2022 saylı qətnaməsi ilə yekunlaşmışdır. Bu növ mübahisənin öncədən də baş verməsinə baxmayaraq, cavabdeh tərəf zəruri tədbirlər görmək əvəzinə məsələyə səhlənkar yanaşmaqla iddiaçının mənzilinə dəymiş ziyana görə təqsirli hesab edilmişdir. Halbuki, su sızmasının qarşısını almaq, mübahisənin məhkəmədənkənar həllinə nail olmaq üçün tədbirlər görmək imkanına malik olsa da, bir növ hərərkətsizlik nümayiş etdirmişdir. Məhkəmə su sızma hadisəsinin 2022-ci il tarixində baş verməsi, bu hadisədən sonra 2023-cü il tarixində iddiaçının məhkəməyə müraciət etməsi, məhkəmə gedişatı zamanı bir neçə dəfə ekspertizaların keçirilməsi və iddiaçının uzun müddət ərzində stress, sarsıntı keçirməsi hallarını nəzərə alıb, 300 manat məbləğində mənəvi ziyanın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə görə hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Son olaraq iddia tələbinin kirayə haqqının ödənilməsi hissəsinə də münasibət bildirilməsi zəruridir. Belə ki, iddiaçı tərəf kirayə müqaviləsi təqdim etməklə, kirayədə qalmağa və kirayə haqqı ödəməyə məcbur olduğuna istinad etsə də, göründüyü kimi, təqdim edilmiş kirayə müqaviləsi iddiaçının oğlu tərəfindən başqa bir şəxslə, su sızması hadisəsi baş verənədək bağlanmışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə sübuta yetirilmədiyindən, habelə kirayə hüquq münasibətləri su sızma hadisəsindən daha öncə baş verdiyindən, təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 78 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumuna gəldikdə isə, məhkəmə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 30 manatının cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olduğunu ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 226 manatın, mənəvi zərərə görə 300 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun 1/3 hissəsi Cavabdeh2, 2/3 hissəsi Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 1/3 hissəsi Cavabdeh2, 2/3 hissəsi Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə 226 manatın, mənəvi zərərə görə 300 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun 1/3 hissəsi Cavabdeh2, 2/3 hissəsi Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manatın 1/3 hissəsi Cavabdeh2, 2/3 hissəsi Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-95/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-95/2024
07.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver