Məhkəmə qərarları › İş №2(006)-953/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-953/2025

03.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-953/2025 03.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. 2.Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıların 2023-cü ilin sentyabr ayında Araz adlı tanışları Teymur adlı səxslə onlara yaxınlaşaraq Teymurun bankda kredit borcu olduğunu və həmin krediti ödəyərək ona yenidən bankdan daha çox məbləğdə kredit götürmək lazımdır. Teymur banka olan köhnə borcunu ödəmək üçün ona pul lazım olduğunu bildirmişdir. Ortaq tanışları olduğu həm də Teymur yalvararaq dəfələrlə xahiş etdiyi üçün iddiaçılar ona inanıb xx.xx.2023-cü il tarixində 12500 (on iki min beş yüz) manat məbləğində pul verdilər. Həmin gün Teymur banka gedərək borcunu bağlamış və yenidən kredit götürmüşdür. Həmin vaxt Teymur iddiaçıları aldatdığı üçün Bakı şəhəri Nizami RPİnin 25-ci PŞ-nə müraciət etmişdir. Həmin vaxt iddiaçılara özünü Həbib kimi təqdim edən, lakin sonradan əsl adının Təbib olduğunu bildirmiş şəxs ortaya çıxaraq bildirmişdir ki, o, Teymura verilmiş pulu özü qaytaracaqdır. Sonradan iddiaçılar yenə onlara inanaraq xx.xx.2023-cü il tarixində də yenə onlara borc pul verdilər. Lakin bu dəfə də onlar iddiaçıları aldadaraq onlara olan borclarını geri qaytarmamışlar. Onların iddiaçılara ümumilikdə 25000 (iyirmi beş min) manat məbləğində borcu vardır. Həmin bu 25000 manatın 17000 manatı İddiaçı1 Ziyaddin oğluna, 8000 manatı isə İddiaçı2 məxsusdur. Qeyd edilir ki, həmin şəxslər iddiaçıları aldatdıqları üçün məcbur olub polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdilər. Şikayət ərizəsi əsasında polis idarəsində müvafiq araşdırma aparılmış və müstəntiq Cəmil Məmmədov tərəfindən xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar qəbul edilmişdir. Həmin araşdırma zamanı da onlar iddiaçılara olan borclarını etiraf etmişdilər. Lakin bugünə kimi həmin pulu ödəmədiklərinə görə məcbur olub məhkəməyə müraciət etmişlər. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ümumilikdə 25000 (iyirmi beş min) manat borca görə və 170 (bir yüz yetmiş) manat ödənilmiş dövlət rüsumuna görə tutularaq, 17120 (on yeddi min bir yüz iyirmi) manat pulun İddiaçı1 Ziyaddin oğluna və 8050 (səkkiz min əlli) manat pulun İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra iddiaçılar İddiaçı1 Ziyaddin oğlu və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ümumilikdə 24551 manat borca görə və 170 manat ödənilmiş dövlət rüsumuna görə 12051 manat (10881 manat əsas borc + 1000 manat vurulmuş maddi ziyan + 170 manat ödənilmiş dövlət rüsumu) pulun İddiaçı1 Ziyaddin oğluna və 12500 manat pulun İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

4. Məhkəmənin xx.xx.2025-ci il tarixli protokola qeyd edilməklə vermiş olduğu 12051 manat (10881 manat əsas borc + 1000 manat vurulmuş maddi ziyan + 170 manat ödənilmiş dövlət rüsumu) pulun İddiaçı1 Ziyaddin oğluna cavabdehlərdən müştərək qaydada tutulmasının tələbinin “1000 manat vurulmuş maddi ziyan “ tutulması hissəsi məhkəmənin baxış iclası zamanı verildiyi üçün həmin hissə məhkəmə tərəfindən icraata qəbul edilməmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq 10.881 manat pulun ona məxsus olduğunu, həmin məbləğlə Bankda Təbiblə birlikdə Teymurun kreditini bağladıqlarını, borcun bağlanmasına dair onda qəbzlər olduğunu, pulun 9700, 408 və 770 manat şəklində ödənildiyini, bütün ödənişləri 2023-cü ildə etdiyini bildirmişdir. 7.Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq 12.500 manat pulu Teymura verdiyini, bununla bağlı onda qəbzlər olduğunu, Təbibə pul vermədiyini və onu tanımadığını, pulu Teymura verməkdə məqsədinin Teymurun iki uşağının xəstə olması və bankdan pul çıxarmalı olmasını bildirməsini, sonradan Teymurla əlaqə saxlasa da, onun kredit götürmədiyini, sonradan kredit götürdüyünün məlum olması və pulun Təbibdə olması, pulun qaytarılmadığını, buna görə 25-ci polis bölməsinə şikayət etdiyini, Teymurun 11.400 manat pulu götürərək Təbibə verdiyini, sonradan Teymurun 10.000 manat "xxxx" ASC-dən, 11.400 manat isə "xxxx" ASC-dən götürdüyünü bildirmişdir. 8.Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini ona aid hissədə qəbul etməyərək, ona aid hissədə rədd edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq onun hesabına köçürülən 10.878 manat pulla kreditinin bağlandığını, krediti Babək müəllimin bağladığını, daha sonra bankdan 11.400 manat götürdüyünü və Təbibə verdiyini, 2-ci dəfə başqa bir bankdan 21.000 manat pul götürdüyünü və Təbibə Babək müəllimlə, Aida xanımın borcunu ödəməsi üçün verdiyini, ümumilikdə 22.400 manat Təbibə pul verdiyini, 10.000 manat isə özünə götürdüyünü və hal-hazırda həmin kredit məbləğini ödədiyini bildirmişdir. 9.Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini ona aid hissədə qəbul etməyərək, ona aid hissədə rədd edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq xəstə övladı olduğu üçün təcili pula ehtiyacı olduğunu, işləmədiyi üçün heç bir bankın ona kredit vermədiyini, bununla bağlı dostu Teymura müraciət etdiyini, onun isə artıq Unibankda aktiv kreditinin olduğunu, bununla bağlı sonradan Babəklə görüşdüklərini, banklarda tanışlarının olduğunu və kredit götürə biləcəyini, Babəklə birgə Teymurun adına Unibankda olan 10.000 manatlıq krediti bağladıqlarını, bunun əvəzində isə Babəkə 20% əlavə edilməklə pulu geri qaytaracağını, birinci dəfə Teymur tərəfindən ona 10.400 manat, ikinci dəfə isə 11.000 manat, ümumilikdə 22.400 manat verildiyini bildirmişdir. 10.Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 11.Mülki işin materiallarında olan Bakı şəhəri, Nizami RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Cəmil Məmmədov tərəfindən qəbul edilən 01 yanvar 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı Cavabdeh1 və Cavabdeh2 əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə tərkib əlamətləri olmamasına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 12.Mülki işin materiallarında olan Azərbaycan Kredit Bürosu MMC tərəfindən verilən Cavabdeh1 məxsus xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, onun "xxxx" ASC-də 11.000 manat məbləğində aktiv borc öhdəliyi görünür. 13.Mülki işin materiallarında olan BPM5775690P nömrəli, xx.xx.2023-cü il tarixli və BPM5775911P nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, "xxxx" ASC-yə Cavabdeh1 tərəfindən 408.48 manat, 1.52 manat və 9700 manat məbləğində kredit ödənişi həyata keçirilmişdir. 14.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, 770 manat məbləğində kredit ödənişi ödənilmişdir. 15.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, BPM5620701P nömrəli mədaxil qəbzlərindən görünür ki, Cavabdeh1 tərəfindən "xxxx" ASC-yə 10905.02 manat və 1528.05 manat məbləğində kredit ödənişi ödənilmişdir. 16.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün İddiaçı1 Ziyaddin oğlu tərəfindən məhkəməyə 170 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 17.Mülki işin materiallarında olan cd-disk.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 18.Beləliklə işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 pul tələbinə dair iddianı onunla əsaslandırmışlar ki, cavabdehlərə ümumilikdə 24.551 manat borc pul verilmiş, bundan İddiaçı1 Ziyaddin oğlu tərəfindən 10.881 manat məbləğində pulla Cavabdeh2 ilə birlikdə Cavabdeh1 bankda olan krediti bağlanılmış, bundan sonra Cavabdeh1 iki dəfə ayrı-ayrılıqda ümumilikdə 21.400 manat məbləğində iki bankdan kredit götürmüş və Cavabdeh2 vermiş, 12.500 manat məbləğində pul isə əlbəəl İddiaçı2 tərəfindən Cavabdeh1 verilmişdir. Cavabdeh Arifli X1 Babək Ziyaddin oğlu tərəfindən 10.878 manatla onun kreditinin bağlanıldığını, bundan sonra onun iki bankdan cəmi 32.400 manat kredit götürdüyünü, həmin məbləğdən 22.400 manatını Cavabdeh2 iddiaçıların borcunu qaytarması üçün verdiyini, qalan 10.000 manatı isə özünə götürdüyünü etiraf etmiş, Cavabdeh2 isə Cavabdeh1 tərəfindən ona cəmi 22.400 manat məbləğində pulun verdildiyini etiraf etmişdir. 19.Hazırda iddiaçılar cavabdehlərdən müştərək qaydada 24551 manat borc pul və 170 manat ödənilmiş dövlət rüsumunun tutularaq, 12051 manat (10881 manat əsas borc, 170 manat ödənilmiş dövlət rüsumu) pulun İddiaçı1 və 12.500 manat pulun İddiaçı2 ödənilməsini tələb edirlər.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 20.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 21.İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2023-cü il tarixdə İddiaçı1 Ziyaddin oğlu tərəfindən 10.878,48 manat məbləğində pul vəsaiti ilə Cavabdeh1 "xxxx" ASC-də olan krediti bağlanılmış (sonuncu tərəfindən Cavabdeh2 daha çox məbləğdə kredit götürülməsi məqsədilə), İddiaçı2 tərəfindən isə 12.500 manat məbləğində pul əlbəəl şəkildə Cavabdeh1 (sonuncu tərəfindən Cavabdeh2 verilməsi məqsədilə) verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanılmamış, razılaşma şifahi qaydada həyata keçirilmişdir. 22.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında 2023-cü il tarixdə pulun borc kimi verilməsinə dair şifahi qaydada bağlanmış müqavilə qanunvericiliyin müəyyən etdiyi yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə məhkəmə iclasında cavabdehlər iddiaçılar tərəfindən borc pul verilməsini etiraf etmişlər. Belə olan halda hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçıların əmlakı hesabına varlanma halı olmuşdur. 23.Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 24.Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 25.Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 26.Məhkəmə iddia tələbinin 12.051 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, tələb həmin hissədə yalnız Cavabdeh1 münasibətdə əsaslı hesab edilməklə qismən təmin edilməlidir. 27.Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 "xxxx" ASC-də olan kreditinə görə İddiaçı1 tərəfindən ümumilikdə 10.878,48 manat məbləğində pul ödətdirilərək kredit bağlanmışdır. Bunu iş materiallarına əlavə edilən mədaxil qəbzləri (hansı ki, ayrı-ayrılıqda 408,48 manat, 770 manat və 9700 manat olmaqla cəmi 10.878,48 manat pul "xxxx" ASC-yə ödənilmişdir) və tərəflərin məhkəmə iclası zamanı verdikləri izahatlar təsdiq etmişdir. Məhkəmə iclasında həmçinin, Cavabdeh1 iddiaçının onun kreditini bağladığını etiraf etmişdir. 28.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında pulun borca verilməsinə dair yazılı müqavilə olmasa da, Cavabdeh1 özünün şifahi izahatı ilə 10.878,48 manat məbləğin ona verilməsini təsdiq etmişdir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, Cavabdeh1 əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə etiraf etdiyi pul məbləğini ona qaytarmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 10.878,48 manat alınaraq İddiaçı1 Ziyaddin oğluna ödənilməlidir. 29.Digər Cavabdeh2 münasibətdə isə tələb həmin cavabdehin subyektiv cavabdehlik daşımaması əsasına görə rədd edilməlidir. Belə ki, işin araşdırılan hallarına uyğun olaraq Cavabdeh1 krediti məhz digər Cavabdeh2 verilməsi məqsədilə bağlanmış olsa da belə, tələb edilən pulla Cavabdeh1 krediti bağlanmış və bu hal Cavabdeh2 öhdəlik daşıması mənasına gəlməməlidir. Bu yalnız sonradan Cavabdeh1 Cavabdeh2 vermiş olduğu pulları tələb etməsi üçün əsasdır. 30.Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, iddiaçılar İddiaçı1 10881 manat pulun verilməsini tələb etsələr də, bu qəbzlər əsasında 10878,48 manat təşkil etdiyindən iddia olunan (10881 manat) məbləğin digər hissəsi təmin edilə bilməz. 31.Məhkəmə iddia tələbinin 12.500 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı2 ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilməklə qismən təmin edilməlidir. 32.Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı2 tərəfindən əlbəəl şəkildə Cavabdeh1 12.500 manat məbləğində pul verilmişdir. Bunu iş materiallarında olan mədaxil qəbzləri və tərəflərin məhkəmə iclasında verdikləri izahatlar təsdiq etmişdir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, Cavabdeh1 əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə etiraf etdiyi pul məbləğini ona qaytarmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 12.500 manat alınaraq İddiaçı2 ödənilməlidir. 33.Digər Cavabdeh2 münasibətdə isə tələb həmin cavabdehin subyektiv cavabdehlik daşımaması əsasına görə rədd edilməlidir. 34.Məhkəmə iddia tələbinin “ödənilmiş 170 manat dövlət rüsumunun cavabdehlərdən tutulması” hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə də iddia qismən təmin edilməlidir. 35.Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 36.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi dövlət rüsumu ödənilir. 37.Hazırki iş üzrə iş materiallarında göründüyü kimi iddia qaldırılması üçün 170 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin iddianın hər iki iddiaçıya münasibətdə təmin edilən hissəsi yalnız cəmi 23.378,48 manat (10.878,48 manat İddiaçı1 və 12.500 manat İddiaçı2 münasibətdə) olmuş və yalnız Cavabdeh1 münasibətdə təmin edilmişdir ki, bu halda da ödənilmiş dövlət rüsumunun 160,14 manatı Cavabdeh1 iddiaçıların xeyrinə müştərək qaydada tutulmalı, dövlət rüsumunun qalan hissəsi iddiaçılara aid edilməlidir. 38.Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh1 ümumilikdə 23.378,48 (iyirmi üç min üç yüz yetmiş səkkiz manat, qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti olmaqla, bundan 12.500 (on iki min beş yüz) manatın İddiaçı2 xeyrinə, 10.878,48 (on min səkkiz yüz yetmiş səkkiz manat, qırx səkkiz qəpik) manatı isə İddiaçı1 xeyrinə tutulmalı, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən dövlət rüsumu olaraq ödənilmiş vəsaitin 160,14 (bir yüz altmış manat, on dörd qəpik) manatı Cavabdeh1 tutularaq iddiaçılara müştərək qaydada ödənilməli və iddia tələbi qalan hissədə və digər Cavabdeh2 münasibətdə təmin edilməməlidir. 39.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 40.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 ümumilikdə 23.378,48 (iyirmi üç min üç yüz yetmiş səkkiz manat, qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti olmaqla, bundan 12.500 (on iki min beş yüz) manatı İddiaçı2 xeyrinə, 10.878,48 (on min səkkiz yüz yetmiş səkkiz manat, qırx səkkiz qəpik) manatı isə İddiaçı1 xeyrinə tutulmalı, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən dövlət rüsumu olaraq ödənilmiş vəsaitin 160,14 (bir yüz altmış manat, on dörd qəpik) manatı Cavabdeh1 tutularaq iddiaçılara müştərək qaydada ödənilsin. Ödənilmiş dövlət rüsmunun qalan hissəsi iddiaçıların özlərinə aid edilsin. İddia tələbi qalan hissədə və digər Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar