Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-955/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 21.000 manat, vurulmuş mənəvi zərərə görə 2.000 manat pul vəsaitinin və dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun tanıdığı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona bildirmişlər ki, maddi çətinlikləri var, evləri bankda batır və bunun üçün onlar Cavabdeh1 Saray qəsəbəsindəki torpağını satırlar. Günlərlə söhbətdən sonra onu yola gətirdilər ki, o, həmin torpağı alsın. Beləliklə, o, 29 aprel 2013-cü il tarixində onlara, yəni Anaxanıma və Ülkərə pulu verən zaman məlum olmuşdur ki, Saray qəsəbəsindəki Anaxanıma məxsus olan torpağın sənədi yoxdur. Buna görə o, torpağı almaqdan imtina etmişdir. Bu halda Cavabdeh1 və Cavabdeh2 xahiş etmişlər ki, onlara 21.000 manat borc versin. Onlar 2 ay müddətinə ya Saray qəsəbəsindəki və ya H.Seyidzadə küçəsində yerləşən 15 saylı evin 23 saylı mənzilini satıb borcu qaytaracaqlarını bildirmişlər. Beləliklə o, 29 aprel 2013-cü il tarixində Cavabdeh1 və Cavabdeh2 21.000 manat pulu borc vermişdir. Eyni zamanda, bu pulu almaq barədə Cavabdeh1 və Cavabdeh2 iltizam yazıb ona vermişlər. Lakin cavabdehlər qeyd edilən vaxtlarda üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməmişlər. Dəfələrlə pulu ona qaytarmalarını tələb etsə də, müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışlar, sonda isə pulu ona qaytarmaqdan imtina etmişlər. Cavabdehlər bu günə qədər bir qəpik belə ona pul qaytarmamışlar. Cavabdehlərin məqsədi onu aldatmaq və ona məxsus olan pulları ələ keçirmək olmuşdur. Həyat yoldaşı X9 1-ci Qarabağ müharibəsi veteranı, 1-ci qrup əlil olmuş və 2003-cü ildə rəhmətə getmişdir. Qaynı X1 müharibəsi şəhididir. X4 şəhid qaynının vərəsəsidir. Onlar şəhid ailəsidirlər. İki övladını tək böyütmüşdür. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun pullarını mənimsəyib qaytarmamaqla, ona xeyli miqdarda maddi və mənəvi ziyan vurmuşlar. Həmçinin, cavabdehlərin əməli nəticəsində o, mənəvi zərərə də məruz qalmışdır. Belə ki, uzun müddət zəhmət hesabına toplayıb əldə etdikləri pul vəsaitlərindən məhrum olmaqları, cavabdehin onları dəfələrlə aldatması, sonda pulu qaytarmaması səbəbindən dəfələrlə stress keçirmişlər və psixikalarına ciddi şəkildə təsir etmişdir. Ona görə də, cavabdehlər tərəfindən onlara vurulmuş mənəvi zərəri 2.000 manat məbləğində dəyərləndirirlər. Sonradan, İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, 02.02.2022-ci ildə keçirilən hazırlıq məhkəməsində cavabdehlər tərəfindən iştirak edən vəkil onun iddia ərizəsinə qarşı iddia müddətinin bitdiyini qüsur tutaraq, iddia ərizəsinin rəddini tələb etmişdir. Buna cavab olaraq bildirir ki, 20.08.2014-ci ildə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir, lakin Nəsimi Rayon Məhkəməsi heç hazırlıq iclası belə keçirmədən, ona qərardadın üstündə qeyd edilən müddətdən sonra qərardad vermişdir. Həmin ildən övladlarının xəstəliyinə görə həkimlərdə qalmışdır. Tək ana olaraq ailənin bütün öhdəliyi onun üzərinə düşürdü (həyat yoldaşı 1-ci Qarabağ müharibəsi veteranı, 1-ci qrup əlil olmuş, 2003-cü ildə vəfat etmişdir). Pulunun qeri qaytarılması ilə yanaşı, əsas övladlarının sağlamlığı idi. 2016-cı ildə qardaşı vəfat etmişdir. Hər dəfə cavabdehlərdən pulu qeri istəyəndə onlar qeyd edirdilər ki, ona yazıb verdikləri iltizamda da yazmışlar ki, iki mülkdən birini satıb pulunu qaytaracaqlar. Lakin bu dəqiqə onlardan heç birini sata bilmirlər. Belə ki, hal-hazırda cavabdehin əri Tahir ilə aralarında mülklərin bölgüsü üzrə məhkəmə gedir. Tahir Ülkərin atası, Anaxanımın həyat yoldaşıdır. Bir neçə il də əri ilə razılığa gəlib mülklərindən heç birini sata bilmədiyini qeyd edərək, vaxtı uzatmışdır. Bu günə qədər məhkəməyə ikinci dəfə müraciət etməməyinin səbəbi uşaqlarının sağlıq vəziyyəti, cavabdehlərin yaşayış yerlərini bildiyinə, yaxın aylara qədər pulu geri qaytaracaqlarını dediklərinə görə və həqiqətən də evlərini satmadıqlarına görə məhkəməyə müraciət etməmişdir. Lakin bir neçə ay öncə cavabdehlərdən pulunu qeri istədikdə, ona söylədilər ki, nə mülklərini satacaqlar, nə də ona pulu qeri qaytaracaqlar, hara istəyirsə şikayət etsin. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlərə 2013-cü il tarixində qəbz imzalatmaqla, 21.000 manat pul vermişdir. Lakin qeyd edilən məbləğdən sonuncular tərəfindən ödəniş edilməmişdir. Cavabdehlərə dəfələrlə pulun qaytarılması barədə şifahi qaydada müraciət etmiş, lakin müraciətləri cavabsız qalmış və verdiyi pul geri qaytarılmamışdır. Məhkəməyə uzun müddət sonra müraciət etməsinə səbəb bəzi hadisələrin baş verməsi omuşdur. Belə ki, qardaşı rəhmətə getmiş, oğlu xəstə olmuş, daha sonra isə pandemiya şəraiti və bu kimi səbəblər onun hazırki iddia ilə məhkəməyə müraciət etməsinə əngəl olmuşdur. Daha sonra 2021-ci ilin oktyabr ayında cavabdehlərə eyni tələblə müraciət etdikdə, onlar tərəfindən sərt rəftara məruz qalmış və bunun nəticəsi olaraq da, məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, iddiaçıdan 7.000 manat və 1.500 manat olmaqla, ümumilikdə 8.500 manat pul götürmüşlər. Həmin borcdan hissə-hissə ödənişlər etmişlər. Aldıqları pula faiz də hesablanırdı. 2014-cü ilin sonuna doğru ümumilikdə iddiaçıya 21.000 manata qədər pul ödəmişlər. Sonuncu ödənişlərini 2014-cü il tarixində etmişlər. Bu səbəbdən iddiaçı məhkəməyə indiyə qədər müraciət etməmişdir. Əlavə olaraq onu da qeyd etdi ki, iddiaçı tərəfindən ödədikləri pulun təsdiq edilməsi barədə hər hansı bir sənəd onlara təqdim edilməmişdir. İddiaçı yalnız özünə məxsus dəftərdə bu barədə qeydlər aparmışdır. Göstərilənlərə əsasən iddia müddəti tətbiq edilməklə, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh2 izahatına uyğun izahat verdi və iddia müddətinin tətbiq edilməsi barədə verdiyi ərizəyə müvafiq olaraq, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, Cavabdeh2 və cavabdehlərin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan sadə yazılı formada tərtib olunmuş 26 iyun 2013-cü il tarixli qəbzdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əmlaklardan birini sataraq iki ay müddətinə qaytarmaq şərti ilə İddiaçı 21.000 manat məbləğində borc almışlar. İş materiallarında olan iddiaçı tərəfindən 2014-cü ildə məhkəməyə təqdim edilmiş iddia ərizəsinin surətindən görünür ki, iddiaçılar İddiaçı və X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 20 avqust 2014-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişlər. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 sentyabr 2014cü il tarixli, 2(006)-5535/2014 saylı qərardadı ilə iddiaçılar İddiaçı və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə tələblər bir-biri ilə əlaqədar olmayan tələblər olduğundan və hər bir tələb üzrə ayrıca iddia verilməli olduğundan, geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 31 may 2016-cı il tarixədək qüvvədə olmuş 740-cı maddəsinin tələblərinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas onlar arasında sadə yazılı formada tərtib olunmuş 26 iyun 2013-cü il tarixli qəbz olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranan zaman mülki qanunvericiliyin tələblərinə riayət edilmiş və həmin zaman qüvvədə olan maddi hüquq normalarının pozulmasına yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin faktiki hallarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıdan qarşılıqlı razılıq əsasında 26 iyun 2013-cü il tarixli sadə yazılı formada tərtib olunmuş qəbzə imza etməklə, borc pul almışlar. Qəbzə əsasən cavabdehlər aldıqları pulu iki əmlakdan birini satmaq yolu ilə iki ay ərzində qaytarmağı öhdələrinə götürmüşlər. Habelə iş materiallarından görünür ki, İddiaçı və X5 tərəfindən 2014-cü il tarixdə pulun qaytarılması tələbi ilə məhkəməyə müraciət edilsə də, məhkəmənin yuxarıda qeyd edilən qərardadına əsasən İddiaçı və M.Şirzadovanın iddia ərizəsi onlara geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, hazırda iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilsə də, qanunla müəyyən olunmuş 3 illik iddia müddəti üzürsüz səbəbdən ötürülmüş (müddət qərardada əsasən 2017-ci il tarixdə başa çatmış), iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə yalnız 08 dekabr 2021-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırki iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə gedişatı zamanı verdiyi izahatlarında hazırki tələbi ilə bağlı cavabdehlərə qarşı müraciət etdiyini qeyd etsə də, bu müraciətinə dair hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən borcun ümumilikdə 8.500 manat (7.000 manat + 1.500 manat) olması və 2014-cü ilin sonuna qədər faizlərlə birlikdə 21.000 manat iddiaçıya ödənildiyi qeyd edilsə də, buna dair hər hansı bir sübut cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olsa da, onun tərəfindən iddia müddəti ötürülmüşdür və bu da, iddianın rədd edilməsi üçün əsasdır. Bu səbəbdən, iddia təmin edilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının iddia müddətinin ötürülməsi səbəbilə cavabdehlərə qarşı “pul” tələbi təmin edilmədiyindən, bu tələbdən irəli gələn iddianın digər hissəsinə də, hüquqi qiymət verilməsinə prosessual qənaət prinsipi baxımından zərurət qalmayıb. Odur ki, iddia “mənəvi zərərin ödənilməsi” hissəsində də təmin edilməməlidir. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 160 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ödənilmiş 160 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Ödənilmiş 160 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-955/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-955/2022
16.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver