Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-956/2020 24.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Bəybala qızına qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh Bəybala qızına qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bəybala qızının mülkiyyətində olan 33 saylı mənzilində su və s. borularında olan nöqsanların aradan qaldırması vəzifəsinin cavabdehin üzərinə qoyulması, ona vurulmuş maddi ziyana görə 5.000 (beş min) manat, mənəvi ziyana görə 5.000 (beş min) manat, ümumilikdə 10.000 (on min) manat pul vəsaiti Cavabdeh Bəybala qızından tutulub xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, ev 65 ünvanında yerləşən 31 saylı mənzil mülkiyyətindədir. 2016-cı ildən Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, ev 65 ünvanında yerləşən 33 saylı mənzil qonşusu Cavabdeh Bəybala qızının mülkiyyətindədir. Cavabdeh mənzili mülkiyyətində olan mənzilinin üstündə yerləşir. Qonşusu Cavabdeh mülkiyyətində olan mənzili bir neçə dəfə suya basmış, nəticədə dəhlizdə, mətbəxdə, sanitar qovşağında olan tavanı, divarları və s. əşyaları yararsız vəziyyətə salmışdır. Hər dəfə, cavabdeh mənzilini suya basandan sonra o, öz hesabına təmir işləri aparmışdır. Tərəfindən dəvət olunmuş usta təmir işləri apararkən izah etmişdir ki, su sızması mənzilinin üstündə yerləşən mənzildən, yəni cavabdehin mənzilindən baş verir və nə qədər o, mənzilində olan borularda nasazlığı aradan qaldırmayacaq, yenə də mənzilinə su sızması baş verəcək. O, dəfələrlə bu barədə cavabdehə və onun həyat yoldaşına bildirmişdir. Bir müddət cavabdeh guya mənzilində yerləşən borularda təmir işləri aparmış və bildirmişdir ki, artıq onun mənzilindən su sızması baş verməyəcək. Lakin bir müddət keçəndən sonra yenə cavabdehin mənzilindən mənzilinə daha pis su sızmış, nəticədə yenə dəhlizdə, mətbəxdə, sanitar qovşağında olan tavanı, divarları və s. əşyaları, apardığı təmir işləri tam yararsız vəziyyətə gətirmişdir. Tərəfindən dəvət olunmuş usta yoxlama işləri aparandan sonra bildirmişdir ki, su sızması qonşusundan baş verib və nə qədər o, mənzilində olan nöqsanları aradan qaldırmayacaq yənə su sızması baş verəcək. O, bu barədə cavabdehə və onun həyat yoldaşına bildirmiş, lakin heç bir nəticə baş verməmiş, əksinə bildirmişlər ki, guya onun mənzilində heç bir nöqsan yoxdur və su sızması onun mənzilindən baş verməyib. Beləliklə, cavabdehin mənzilindən daimi olaraq mənzilinə su sızır, suya basır və mənzilini yararsız vəziyyətə gətirir. Dəvət olunmuş usta ona dəymiş ziyanı hesablayaraq 5.000 (beş min) manat dəyərlənmişdir. Bundan başqa, hər dəfə cavabdeh mənzilini suya basarkən, o, çox pis əsəbləşmiş, səhhəti pisləşmiş, bununla da ona mənəvi ziyan dəymişdir. Bununla əlaqədar olaraq Cavabdeh Bəybala qızının mülkiyyətində olan 33 saylı mənzilində su və s. borularında olan nöqsanların aradan qaldırması vəzifəsinin cavabdehin üzərinə qoyulması, ona vurulmuş maddi ziyana görə 5.000 (beş min) manat, mənəvi ziyana görə 5.000 (beş min) manat, ümumilikdə 10.000 (on min) manat pul vəsaiti Cavabdeh Baybala qızından tutulub xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat vermiş iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xaqani küçəsində istifadədə olan 0,6294 ha torpaq sahəsində yerləşən 65 nömrəli, 5 mərtəbəli binanın 4cü girişində, 3-cü mərtəbəsində yerləşən – kv.m ümumi, 29,7 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 31 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 72 nömrəli reyestr kitabının 6285 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə ********* nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 12 saylı Vəkil Bürosuna ünvanlanmış məktubdan görünür ki, 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariusu tərəfindən bağlanmış xx.xx.2016-cı il tarixli 4Ə-1162 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, ev 65, 33 saylı mənzil xx.xx.2016-cı il tarixdə Cavabdeh Bəybala qızının adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, ev 65 ünvanında yerləşən “xxxx” MTK-nın bina sakinləri Dürdanə Vəliyeva, Marqarita Qasımova, Lalə Cəfərova və İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, həmin binanın 31 nömrəli mənzilində yaşayan və daimi qeydiyyatda olan İddiaçı binanın sədrinə rəsmi müraciət edərək onun yaşadığı mənzilə şahidlər ilə birlikdə baxış keçirməyi xahiş etmişdir. Mənzilin hamam, mətbəx və dəhlizinə baxış zamanı aşağıdakı nöqsanlar aşkar edilmişdir: hamam - tavanın suvağı yararsız vəziyyətdədir və elektrik xətti qismən zədələnib, mətbəx - tavan tamamilə yararsız haldadır, çatlar əmələ gəlib, suvaq tam şəkildə tökülüb, divarda axan suyun izləri qalıb, dəhliz — bir neçə hissədə suvaq tökülüb və suyun mütəmadi olaraq axması nəticəsində tavanda qabarmalar əmələ gəlib. Baxış nəticəsində ev sahibinin tələbi ilə müvafiq qaydada foto və vİdeoçəkiliş aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12828 nömrəli, xx.xx.2020-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, 65 saylı evin, 33 saylı mənzilinin qapısı bağlı olduğundan su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Lakin 31 saylı mənzilin divarlardakı su sızma izlərini nəzərə alaraq, mübahisəli 31 saylı mənzilə 33 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunur. Tədqiq olunan 31 saylı mənzilə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1082,0 manat məbləğində müəyyən olunur. İş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üst mərtəbədə yaşayan qonşusu Cavabdeh Bəybala qızının mənzilindən mütəmadi olaraq onun yaşadığı mənzilə su sızdığını, bunun nəticəsində ona xeyli miqdarda maddi ziyanın dəydiyini, mənzilinin yararsız hala düşdüyünü bildirmişdir. Qeyd edilən halların və iddiaçıya dəymiş maddi ziyanın məbləğini müəyyən etmək məqsədi ilə xx.xx.2020-ci il tarixli, 2(006)-6866/2020 saylı qərardadla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, 65 saylı evin 33 saylı mənzilinin qapısı bağlı olduğuna baxmayaraq ekspert rəyinə əsasən 31 saylı mənzilin divarlardakı su sızma izlərindən mübahisəli 31 saylı mənzilə 33 saylı mənzildən suyun sızması nəticəsində zərər vurulması, vurulmuş zərərin aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1082,0 manat məbləğində olması müəyyən edilmişdir. Mülki Məcəllənin (bundan sonra - MM) 1096, 1097.1, 1097.3 və 1111.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Beləkilə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehə məxsus mənzildən axıdılması müəyyən edilmişdir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddiaçının mənzilinə cavabdehin mənzilindən su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün ekspert rəyinə əsasən müəyyən olunan məbləğin 1082 manat təşkil etddyini nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, dəymiş maddi ziyana görə cavabdehdən 1082 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının mənəvi ziyana görə 5000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və X2 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə, iddiaçının evinə cavabdehin evindən su sızması nəticəsində ona dəymiş mənəvi zərəri 200 manat məbləğində qiymətləndirir. Məhkəmə iddianın “Cavabdeh Bəybala qızının mülkiyyətində olan 33 saylı mənzilində su və s. borularında olan nöqsanların aradan qaldırması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12828 nömrəli, xx.xx.2020-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, 65 saylı evin 31 saylı mənzilinə Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, 65 saylı evin 33 saylı mənzilindən su sızması müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmalı, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, 65 saylı evin, 31 saylı mənzilinə ziyan vurulmasının qarşısını almaq məqsədilə Cavabdeh Bəybala qızının üzərinə qətnamə icraya yönəldiyi gündən 1 ay müddətində Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, 65 saylı evin 33 saylı mənzilindəki nasazlığın aradan qaldırılması vəzifəsi qoyulmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, mənzilə su sızması nəticəsində dəymiş maddi ziyan olaraq 1082 manat, vurulmuş mənəvi zərərə görə 200 manat məbləğində pul Cavabdeh Bəybala qızından tutularaq İddiaçı ödənilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, 65 saylı evin 31 saylı mənzilinə ziyan vurulmasının qarşısını almaq məqsədilə Cavabdeh Bəybala qızının üzərinə qətnamə icraya yönəldiyi gündən 1 ay müddətində Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, 65 saylı evin 33 saylı mənzilindəki nasazlığın aradan qaldırılması vəzifəsi qoyulmalıdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində pul ödəmişdir. Həmçinin, ekspert tədqiqatının dəyəri ekspertiza xərclərinə dair bildirişə görə 100 manat təşkil edir. İddiaçının tələbinin 13%-i təmin edildiyindən çəkilmiş məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərərə görə 1082 manat, mənəvi zərərə görə 200 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 4 manatı, cəmi 1286 manat məbləğində pul Cavabdeh Bəybala qızından tutularaq İddiaçı ödənilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, 65 saylı evin 31 saylı mənzilinə ziyan vurulmasının qarşısını almaq məqsədilə Cavabdeh Bəybala qızının üzərinə qətnamə icraya yönəldiyi gündən 1 ay müddətində Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, 65 saylı evin 33 saylı mənzilindəki nasazlığın aradan qaldırılması vəzifəsi qoyulsun. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 87 manatı İddiaçı, 13 manatı isə Cavabdeh Bəybala qızından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-956/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-956/2020
24.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver