Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-960/2022 26.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı, İddiaçının vəkili X1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul vəsaitinin qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul vəsaitinin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 42.500 manat (25.000 ABŞ dolları) pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə 2007-ci ildən tanışdır və bu müddət ərzində müxtəlif ünvanlarda şərikli mənzillər almış, təmir etmiş və satmışlar. Əldə olunan pul vəsaitini tən yarı bölbmüşlər. Növbəti mənzilin alışı ilə bağlı alınacaq mənzilin alınmasına qoyulacaq vəsaitin 85.000 ABŞ dollarının 61.000 ABŞ dollarını cavabdeh, 24.000 ABŞ dollarını o xərcləmiş və mənzili cavabdehin dostu Ədalət Hüseynovun adına rəsmiləşdirmiş, mənzildə kosmetik təmir işləri görülmüş və mənzili X2 adlı şəxsə 135.000 ABŞ dollarına satılması ilə bağlı razılıq əldə olunmuş və alıcı cavabdehə 3.000 manat beh olaraq ödəmişdir. Sonradan məlum olmuşdur ki, alıcı mənzili ipoteka adı altında götürmüş, "xxxx" ASC-nin 1 saylı filialına girov qoymuş və öz borclarını sildirmişdir. Bu zaman məhkəmə mübahisəsi başlamış və sonda mənzil yenidən cavabdehin dostu və onun tanışı Ədalət Hüseynovun adına qaytarılmışdır və mənzil yenidən başqa müştəriyə analoji qiymətə satılmışdır. Bu zaman cavabdeh onu guya alıcı İsmayılova Qənirə onun rəfiqəsi olduğunu; Q.İsmayılova ilə birlikdə onu aldatdığını və sair bəhanələrlə onun pulunu bir halda xərclədiyi 24.000 ABŞ dollarını və əldə olunan gəlirin tən yarı bölünməsindən imtina etmişdir. Uzun sürən çəkişmələrdən sonra ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərlə sübut olunur ki, cavabdeh müxtəlif vaxtlarda verdiyi a) izahatlarda; b) Nəsimi rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsində biri-digərini təkzib edən fikirlər söyləyir, belə ki:
1. İstintaq zamanı verdiyi izahatında cavabdeh məlum edir ki, mənzilin pulunu o ödəmişdir, halbuki mənzilin 61.000 ABŞ dollarını cavabdeh, 24.000 ABŞ dollarını isə onun tərəfindən ödənilməsini izahatlarında etiraf edir. Bu zaman məntiqi sual doğur: mənzilin pulunu ödədiyini deyəndə cavabdeh nəyi nəzərdə tutur? – Məhkəmə xərcləri; - Vəkil xidməti və s. Lakin bu məbləğ açıqlanmır. 2. Nəsimi rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdeh qeyd edir ki: - alınmış 3.000 manat behi cavabdeh yox, o almışdır. – X5 isə 3.000 manat behi ona yox, cavabdehə verdiyini təsdiqləyir. – Behin yarısının ona çatmasını cavabdeh iddia ərizəsində təsdiqləyir, yəni onunla şərikli olaraq pul xərcləmək və əldə olunan gəlirə və zərərə eyni dərəcədə məsuliyyət daşıdıqlarını etiraf edir. Zərər nə qədər olmuşdur və bu zərəri kim nə qədər ödəmişdir sualı aydınlaşdırılmır. 3. Cavabdeh iddia ərizəsində qeyd edir ki, «mənə məlum etdi ki, geri qaytarılan mənzilin yenidən satılacağı zaman mənə də köməklik göstərəcək» və cavab olaraq o, məlum etmişdir ki, cavabdehin təklif etdiyi 15.000 ABŞ dollarından o, imtina etmiş və bu vəsait Q.İsmayılovadan alacağını məlum etmişdir. Əlavə olaraq demişdir ki, cavabdeh ziyana düşməsin ona bəs edər. Cavabdeh məlum edir ki, 6.000 ABŞ dolları bir dəfə, 10.000 ABŞ dolları ikinci dəfə ona pul vermiş, sonuncu dəfə o, cavabdehə qəbz yazmışdır ki, ona borcu yoxdur. Bəli, qəbzi cavabdehin ətrafında olanlar belə bir qəbzi yazmağı ona məcbur etmişlər, lakin sonradan o, bu barədə inzibati orqanlara məlumat vermişdir. 4. Son olaraq məlum edir ki, məlum iddia ərizəsində cavabdeh məlum edir ki, o, cavabdehə bir min manat zərər vurmuşdur, bütün bunlar sübut edir ki, cavabdeh hərəkətlərində səmimi deyil. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan sadə yazılı formada qəbzdən görünür ki, iddiaçı cavabdehdən ona olan borcunu aldığını, cavabdehin ona heç bir borcu olmadığını bildirmiş və imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul vəsaitinin qaytarılması» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı «pul vəsaitinin qaytarılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 240 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Səməd Cəfərov