Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-962/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Sideif-zadə Sürəya Əbdül qızına qarşı «maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sideif-zadə Sürəya Əbdül qızına qarşı «maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin oğlu Sideif-zadə Babək Maarif oğlu ilə iddiaçının arasındakı nikah xx.xx.2008-ci il tarixdə Səadət Sarayı (Bakı Nikah Evi) tərəfindən verilən AZ-İ № 435291 saylı nikah şəhadətnaməsi ilə rəsmiləşdirilmişdir. Birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. Əvvəllər ailə münasibətləri yaxşı olsa da, sonradan cavabdeh B.M.Sideif-zadə ilə iddiaçı arasındakı münasibət pozulmuşdur. Nəticədə, Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-4254/2018 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun yanında saxlanılmaqla aliment kəsilmişdir. Eyni zamanda bildirir ki, faktiki olaraq nikahda olduğu dövrdə yaşadığı, o cümlədən hazırda da onun əşyalarının ora olduğu – Bakı şəhəri, Xətai rayonu, Tağızadə küçəsi, ev 11/15, mənzil 9-dan iddiaçını çıxaran yumşaq toxumaları əziyi diaqnozu ilə xəsarət almışdır. Bundan başqa, iddiaçı mənzildən çıxarılsa da, ona mənzilə olan istifadə hüququnun itirilməsi zamanı hər hansı bir kompensasiya ödənilməmişdir. İddiaçı hələ də kirayələrdə qalır və pul ödəyir. Cavabdeh ona xeyli maddi və mənəvi ziyan vurmuşdur. İddiaçı xeyli vaxtdır ki, cavabdehə görə stress və sarsıntı keçirir. Odur ki, məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən cavabdeh Sideif-zadə Sürəya Əbdül qızı tərəfindən iddiaçıya vurulmuş maddi ziyana görə 20.000 manat, mənəvi zərərə görə isə 50.000 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Sideif-zadə Sürəya Əbdül qızı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə iddia tələbinə dair etiraz ərizəsi ünvanlayaraq işə onun iştirak olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Sideif-zadə Sürəya Əbdül qızı iddia tələbinə dair etiraz ərizəsində göstərmişdir ki, iddiaçı iddia ərizəsində iddiasını əsaslandırmaq istəmiş və bildirmişdir ki, «…faktiki olaraq nikahda olduğum dövrdə yaşadığım, o cümlədən hazırda mənim əşyalarım orada olduğu – Bakı şəhəri, Xətai rayonu, Tağızadə küçəsi, ev 11/15 mənzil 9dan çıxaran yumuşaq toxumaların əziyi diaqnozu ilə xəsarət almışam. Bundan başqa, mən mənzildən çıxarılsam da, mənə mənzilə olan istifadə hüququmun itirilməsi zamanı, hər hansı bir kompensasiya ödənilməmişdir. Mən hələ də kirayələrdə qalıram və pul ödəyirəm. Cavabdeh mənə xeyli malli və mənəvi ziyan vurmuşdur. Mən xeyli vaxtdır ki, cavabdehə görə stress və sarsıntı keçirirəm». İddia ərizəsinin məzmunundan da göründüyü kimi iddiaçının əsası ancaq qeyd edilən cümlələrlə ifadə olunmuşdur. İddiaçının iddiası tamamilə əsassızdır. Bundan əlavə iddiaçı evdən məhkəmənin qətnaməsi ilə çıxarılmışdır. Məhkəmə qətnamələrindən də göründüyü kimi məhkəmə hazırki iddia ərizəsi üzrə iddiaçı olan Sideif-zadə İddiaçı ona məxsus Bakı şəhəri, Xətai rayonu, Tağızadə küçəsi, ev 11/15, mənzil 9-dan çıxarılması qət edilmişdir. Qətnamə icraya yönəlmiş və Sideif-zadə İddiaçı bilavasitə onun tərəfindən deyil, Xətai rayon icra və probasiya şöbəsinin icra məmurları tərəfindən çıxarılmış (mənzilin açarı belə ona icra məmurları tərəfindən verilmişdir) və iş üzrə icraata da xitam vermişdir. Odur ki, iddia ərizəsi əsasızdır və o, iddiaçıya heç bir kompensasiya ödəməli deyil. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)- 4943/2018 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər Sideif-zadə İddiaçı və Sideif-zadə Babək Marif oğlunun Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsi, ev 11/15, 9 saylı mənzildən çıxarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-131/2019 saylı qətnaməsinin surətindən görünür ki, Nəsimi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi Sideif-zadə İddiaçı münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-4593/2019 saylı qərarın surətindən görünür ki, cavabdeh Sideif-zadə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-131/2019 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Xətai rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-4943/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə tam şəkildə icra olunması ilə əlaqədar icraata xitam verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın icarəyə verilməsi haqqında müqaviləsinin surətindən görünür ki, Sideif-zadə İddiaçı aylıq 450 manat ödənilməklə Bakı şəhəri, S.Orucov küçəsində yerləşən 8A saylı evin 36 saylı mənzili icarəyə götürmüşdür. İş materiallarında olan Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş ambulator xəstənin tibbi kartasının və arayışın surətlərindən görünür ki, Sideif-zadə İddiaçı xx.xx.2020-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzinin həkim yanında müayinədə olmuş «Sol diz oynağının küt travması. Yumşaq toxumaların əziyi» diaqnozu qoyulmuşdur. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddianın hüquqi tərəfləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016-cı il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). «Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 3 saylı Qərarının 7-ci bəndində göstərilmişdir ki, MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında iddiaçının mübahisəli mənzildən çıxarılması ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Məhkəmə qeyd edir ki, mülki iş üzrə mənzildən çıxarılma tələbinin icra olunmasının vacibliyini, cavabdeh tərəfindən ziyan dəydiyi təqdirdə ziyanın mənzildən çıxarılarkən baş verdiyini, həmin ziyanın sırf cavabdehin təqsiri üzündən baş verməsini əsas gətirən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehin ona məhz 20.000 manat məbləğində maddi ziyan vurulmasını təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının kirayə götürülmüş evdə yaşaması, həmin evdə məhz onun mübahisəli mənzilindən qanunsuz şəkildə çıxarılması səbəbindən məcburi yaşamasını təsdiq edən mötəbər sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə vurulmuş mənəvi ziyana görə 50000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və X3 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 50000 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sideif-zadə Sürəya Əbdül qızına qarşı «maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Sideif-zadə Sürəya Əbdül qızına qarşı «maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi» tələbin dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-962/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-962/2021
18.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver