Məhkəmə qərarları › İş №2(006)-965/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-965/2022

21.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-965/2022 21.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Yəhyazadə Elnur Bəhman qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş 3.280 (üç min iki yüz səksən) manat və dövlət rüsumu olan 53 (əlli üç) manat cəmi, 3.333 (üç min üç yüz otuz üç) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə barışıq sazişini təqdim etməklə tərəflərin hazırkı mülki işi barışıq sazişi bağlamaqla yekunlaşdırmaq niyyətində olduqlarını və qarşılıqlı razılığa gələrək müəyyən şərtlərlə hazırkı barışıq sazişini imzaladıqlarını bildirmişdir. Təqdim olunan barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh “pul” tələbi ilə bağlı tərəflər arasında barışıq sazişinin imzalandığını, barışıq sazişinin şərtləri ilə razı olduğunu bildirmiş, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:

1. “Cavabdeh iddia tələbində nəzərdə tutulmuş 3.333 (üç min üç yüz otuz üç) manat məbləğin 3.300 (üç min üç yüz) manat hissəsini iddiaçıya ödəməyi qəbul edir.”

2. “İddiaçı 3.333 (üç min üç yüz otuz üç) manat məbləğin 33 (otuz üç) manat dəyərindəki hissəsindən imtina edir.”

3. “Cavabdeh 3.300 (üç min üç yüz) manat təşkil edən məbləği hər ay 100 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürür. Ödənişin edilmə forması tərəflər arasında qarşılıqlı razılıq əsasında müəyyənləşdirilir.”

4. “Cavabdeh hər ay ayın 30-a kimi ödənişi həyata keçirməlidir.Ödəniş ödənilməsi ilə bağlı müddət 28 fevral 2022-ci il tarixdən başlayır və ilk ödəniş 30 mart 2022-ci il tarixdə ödənilir. Bundan sonra hər ayın 30-a qədər ödəniş edilməlidir (barışıq sazişinə əlavə edilən ödəniş qrafikinə uyğun olaraq). Son ödəniş tarixi 30 noyabr 2024-cü il təşkil edir.”

5. Cavabdeh hər ay ödəniş etdikdən sonra ödənişə dair iddiaçıya məlumat verməlidir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü və 52.4-cü maddələrinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1 və 262.4-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Bu Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən 21.02.2022-ci il tarixli barışıq sazişi qanuna zidd olmadığından və iş üzrə tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı və Cavabdeh arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən 21.02.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin:

1. “Cavabdeh iddia tələbində nəzərdə tutulmuş 3.333 (üç min üç yüz otuz üç) manat məbləğin 3.300 (üç min üç yüz) manat hissəsini iddiaçıya ödəməyi qəbul edir” məzmunlu barışıq sazişi təsdiq edilsin.

2. “İddiaçı 3.333 (üç min üç yüz otuz üç) manat məbləğin 33 (otuz üç) manat dəyərindəki hissəsindən imtina edir” məzmunlu barışıq sazişi təsdiq edilsin.

3. “Cavabdeh 3.300 (üç min üç yüz) manat təşkil edən məbləği hər ay 100 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürür. Ödənişin edilmə forması tərəflər arasında qarşılıqlı razılıq əsasında müəyyənləşdirilir” məzmunlu barışıq sazişi təsdiq edilsin.

4. “Cavabdeh hər ay ayın 30-a kimi ödənişi həyata keçirməlidir.Ödəniş ödənilməsi ilə bağlı müddət 28 fevral 2022-ci il tarixdən başlayır və ilk ödəniş 30 mart 2022-ci il tarixdə ödənilir. Bundan sonra hər ayın 30-a qədər ödəniş edilməlidir (barışıq sazişinə əlavə edilən ödəniş qrafikinə uyğun olaraq). Son ödəniş tarixi 30 noyabr 2024-cü il təşkil edir.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

5. “Cavabdeh hər ay ödəniş etdikdən sonra ödənişə dair iddiaçıya məlumat verməlidir.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 53 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar