Məhkəmə qərarları › İş №2(006)-965/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-965/2023

17.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-965/2023 17.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı Nağıyeva Nı̇ gar Azər qızının, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Nağıyeva Nı̇ gar Azər qızının Cavabdeh Cavı̇ d oğluna qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Nağıyeva Nı̇ gar Azər qızı Cavabdeh Cavı̇ d oğluna qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışa əsasən Nağıyeva Nı̇ gar Azər qızının mülkiyyətindədir. Həmin binanın 11-ci mərtəbəsində (bir mərtəbə yuxarıda, həmin mənzilin üstündəki) mənzil isə cavabdehə məxsusdur. 2020-ci ilin mart ayında cavabdehin mənzilindən suaxıtma nəticəsində iddiaçının yeni təmir edilmiş mənzilinin yataq otağına zərər dəymişdir. Bu faktı binanın komendantı Habil Mürşüdlü hər iki mənzilə baxış keçirərək və akt tərtib edərək təsdiq etmişdir. Həmin vaxt mənzili sığortalı olduğundan sığorta şirkəti mənzilə dəymiş zərəri ödəmişdir, lakin zərərin 250 manat məbləğində olan hissəsi iddiaçıdan tutulmuşdur. xx.xx.2022-ci il tarixdə yenidən (ikinci dəfə) cavabdehin mənzilindən su axıdılmış və bunun nəticəsində iddiaçının mənzilinin yataq otağının tavanı deformasiyaya uğramış, divar kağızı yararsız vəziyyətə düşmüş, su axan yerlərdə divarlar kiflənmişdir. Həmçinin aşağıdakı əşyalara ziyan dəymiş, onlar korlanmışlar. Divarda asılmış güzgü aşmış və çərçivəsi əyilərək yararsız hala gəlmiş, “Fossil” markalı qol saatının şüşəsi sınmışdır. Nağıyeva Nı̇ gar Azər qızı yenidən binanın komendantına müraciət etmiş, suyun haradan axmasını müəyyənləşdirilməsini xahiş etmiş, onun müraciəti əsasında mənzilinə baxış keçirilmiş və həqiqətən də iddiaçının mənzilinə cavabdehin mənzilinin mətbəxindən su axıdılması və onun mənzilinə maddi ziyan dəyməsi müəyyən edilmişdir. Bu hal komnedant Habiul Mürşüdovun tərtib etdiyi xx.xx.2022 tarixli arayışla təsdiq olunur. Bununla bağlı cavabdehə xəbərdarlıq edilmiş və suyun axıdılmasının qarşısının alınmasını və iddiaçının mənzilinə dəymiş ziyanın ödənilməsi təklif olunmuşdur. Lakin cavabdeh kobud şəkildə imtina etmiş və iddiaçıya qarşı xuliqanlıq hərəkətləri etmişdir. Bu zaman binanın mühafizəçisi Məhərrəmov Sərdar da orada olmuş, bütün hadisələrə şahid olmuşdur. O, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş, şikayət araşdırılmış və xx.xx.2022-ci il tarixli məktubla mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Yararsız vəziyyətə düşmüş əmlakın ümumi dəyəri 700 manat təşkil edir. Həmçinin cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mənzilə X2 tərəfindən tərtib edilmiş bərpa smetasına əsasən təmir dəyəri 3735 manat təşkil edən bərpa təmir işləri aparılması tələb olunur. Göstərilənlərə əsasən 4435 manat maddi ziyanın və 5000 manat mənəvi ziyanın əvəzi Cavabdeh Cavı̇ d oğlundan tutularaq Nağıyeva Nı̇ gar Azər qızına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçı Nağıyeva Nı̇ gar Azər qızı izahat verərək bildirmişdir ki, yaşadığı binanın komendantı tərəfindən subasma halı müəyyən edilmişdir. Onlar öz gözləri ilə suyun axdığını görümüşlər. Susızmasının dayandılrılması üçün hətta komendant ümumi su verilməsini dayandırmış və susızma da dayanmışıdır. Həmin su sızmasının səbəbi cavabdehin hava şaxtasından öz evinə su xətlərini çəkməsidir. Əvvəlki məhkəmə iclasında cavabdeh tərəf qeyd etmişdir ki, susızma yağış suları və qar yağması ilə də bağlı ola bilər. Məhkəmə tərəfindən təyin olunmuş ekspert binanın tavanına baxış keçirmiş və elə bir halın mümkün olmayacağını bildirmişdir. Həmçinin cavabdeh tərəf iddia edir ki, ekspert cavabdeh evdə olduğu halda onun evinə baxış keçirməmişdir. Ekspert və komendant tərəfindən 1 saata yaxın bir müddət cavabdehə məxsus evin qapısı döyülsə də, cavabdeh tərəf qapını açmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, susızmasının konkret səbəb cavabdeh tərəfindən hava şaxtasından öz mənzilinə çəkilmiş drenaj xətlərinin texniki normativlərə uyğun olmadan qurulması səbəb olmuşdur. Əgər cavabdeh belə bir xəttləri çəkirsə, onun risklərini də özü daşımalıdır. Həmçinin bildirmişdir ki, əlavə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizalarının təyin olunması barədə cavabdehin vəsatəti tam əsassızdır və işin lüzumsuz uzadılması məqsədini daşıyır. Ona görə də, vəsatətin rədd edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onlar ekspert rəyi ilə razı deyillər, çünki ekspert kifayət qədər dəqiq və aydın rəy verməmiş, ehtimallara əsaslanmış, əlavə ekspertizanın keçirilməsi zəruridir. Bundan başqa ekspert cavabdeh evdə olduğu halda cavabdehin evinə baxış keçirməmiş, yalnız iddiaçıya məxsus evdə olmaqla etimallar əsasında rəy vermişdir. Həmçinin ekspert qarşısına qoyulmuş 1 və 3-cü suallara cavab verilərkən 50 saylı mənzilə su sızmasının səbəblərini dəqiqliklə müəyyən olunmadığını bildirmişdir. Əgər səbəb aydın deyildirsə, demək ki, suyun haradan gəldiyi də müəyyən deyildir. Qərardadın 5-ci sualına isə ümumiyyətlə cavab verilməmişdir. Belə ki, həmin mənzilə 2020-ci ildə də su sızması halı olmuş və bu zaman iddiaçı sığortadan aldığı pulla təmir işlərini görübgörməməsi müəyyən deyildir. Bundan başqa 2020-ci ildə də eyni subasma halı olduğu vaxt dəymiş ziyan kimi 940 manat müəyyən edilsə də, hazırki ekspert rəyində 2700 manat müəyyən edilmişdir. Eyni zərər üçün 3 qat artıq məbləğin müəyyən edilməsi obyektiv deyildir. Hazırda su sızmasının konkret səbəbləri qeyri-müəyyəndir. Bu halların təkrar yaşanmaması üçün bu halın haradan və nədən qaynaqlandığı dəqiq müəyyən edilməlidir.

6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a)Məhkəmə tərəfindən müəyyən edilən hallar:

7. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı Nağıyeva Nı̇ gar Azər qızının mülkiyyətində olan ünvan 2 saylı evin 50 saylı mənzilinə Cavabdeh Cavı̇ d oğlunun yaşadığı ünvan 2 saylı evin 55 saylı mənzilindən su axıtması baş vermiş və bunun nəticəsində iddiaçıya ziyan dəymişdir. Hazırda iddiaçı maddi və mənəvi ziyanın ödənilməsini tələb edir.

b) Mülki işin materialları:

8. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın surətinə əsasən ünvan 2, M11, m5 tam mülkiyyət hüququ üzrə Nağıyeva Nı̇ gar Azər qızının mülkiyyətindədir.

9. Mülki işin materiallarında olan ünvan 2 saylı evin komendantı Habil Mürşüdlü tərəfindən verilmiş arayışda bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən hündür mərtəbəli binanın 12-ci mərtəbə mənzil № 55-də yaşayan Cavabdeh Cavı̇ d oğlunun mətbəxindən su axaraq 11-ci mərtəbədəki mənzil 50-də yaşayan Nağıyeva Nı̇ gar Azər qızının yataq otağına maddi ziyan vurmuşdur.

10. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən Nağıyeva Nı̇ gar Azər qızına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda müraciətlə bağlı mülki qaydada məhkəmə orqanlarına müraciəti məqsədə müvafiq hesab olunduğu bildirilmişdir.

11. Məhkəmə qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizalarının 10/1230 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinə əsasən: - 1-ci və 3-cü suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 50 saylı mənzilin yaşayış otağı tikilisinin konstruktiv elementlərində (tavan, divar, döşəmə və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, eləcədə su sızma izlərinin yuxarıdan aşağıya doğru olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq,,Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 29 saylı evin, 50 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 55 saylı mənzildən su axıdıldığı və nəticədə 50 saylı mənzilin bir yaşayış otağı tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 55 saylı mənzilin qapısı bağlı olduğundan 50 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 50 saylı mənzilə su sızması 55 saylı mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. - 2-ci sual üzrə: Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 29 saylı evin, 50 saylı mənzilə dair tərtib edilmiş Texniki pasportda Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 29 saylı evin, 50 saylı mənzilin daxilindən keçən ümumi şaxta bağlı olduğundan həmin hissənin bağlanmasının tikinti normalarına uyğun olduğu, eləcədə sözügedən mənzilin yerləşdiyi binanın dam hissəsində yerləşən şaxtanın üstünün bağlı olduğunu nəzərə alaraq, həmin şaxtaya yağış sularının daxil olmadığı müəyyən edilmişdir. - 4-cü və 5-ci suallar üzrə: Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 29 saylı evin, 50 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2706 manat məbləğində müəyyən olunmuşdur.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

15. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

16. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

17. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə ekspertizasının rəyi ilə təsdiq olunmuşdur ki, iddiaçının yaşadığı 50 saylı mənzilə 55 saylı mənzildən suyun sızması müəyyən edilmişdir. Su sızma nəticəsində iddiaçıya məxsus mənzilinə dəymiş zərərin aradan qaldırılması üçün 2706 manat pul vəsaiti tələb olunur. Eyni zamanda, iddiaçının mənzilinə su sızmasının cavabdehin yaşadığı mənzilindən baş verməsi komendant Habil Mürşüdov tərəfindən tərtib edilmiş arayışla da öz təsdiqini tapmışdır.

18. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə ekspert rəyini əsas götürərək, belə nəticəyə gəlir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli və cavabdehdən su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 2706 (iki min yeddi yüz altı) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı tərəfindən ona vurulmuş maddi zərərin məhz 4435 (dörd min dörd yüz otuz beş) manat miqdarında (2706 manatdan yuxarı olan hissəsini) olmasını təsdiq edən kifayət qədər mötəbər sübut məhkəməyə təqdim olunmamışdır.

19. Mənəvi zərərlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

20. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

21. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

22. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

23. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

24. İddiaçı isə ona məhz cavabdeh tərəfindən mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir.

25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiası bu hissədə əsassız olduğuna görə təmin edilməməlidir.

26. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

29. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh Cavı̇ d oğlundan (cavabdehin özünün vermiş olduğu vəsatətə münasibətdə keçirilmiş ekspertiza) tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir.

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavı̇ d oğlundan vurulmuş maddi ziyanın əvəzi kimi 2706 (iki min yeddi yüz altı) manat məbləğində pul tutularaq iddiaçı Nağıyeva Nı̇ gar Azər qızına ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh Cavı̇ d oğlundan tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar