Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-993/2025 16.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin səlahiyyətli vəzifəli şəxsləri tərəfindən iddiaçıya vurulmuş maddi zərərə görə 1.250 (bir min iki yüz əlli) manat, mənəvi zərərə görə 600 (altı yüz) manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə şəxsi istifadəsində olan avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon adlanan ərazidə hərəkətdə olarkən **-YP-*** dövlət qeydiyyat nişanlı yol-patrul xidmətinin əməkdaşı Emin Süleymanov tərəfindən saxlanılaraq, inzibati xəta törətdiyinə görə barəsində inzibati protokol tərtib ediləcəyi bildirilmişdir. Lakin iddiaçı etiraz etməsinə və qayda pozuntusu etmədiyini vurğulamasına baxmayaraq, yol-patrul xidmətinin əməkdaşı iddiaçının iştirakı olmadan, həmçinin, protokola heç bir sübut (videogörüntü və s.) əlavə etmədən onun barəsində xx.xx.2022-ci il tarixli tənbeh vermə haqqında qərar qəbul etmiş, iddiaçı 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə şikayəti qismən təmin edilərək, işin yenidən baxılması üçün həmin quruma göndərilməsi qərara alınmışdır. Daha sonra məhkəmə qərarında qeyd olunan nöqsanlar aradan qaldırılmadan və inzibati araşdırmada təkrarən iddiaçının iştirakı təmin edilmədən işə baxılmış və 23 fevral 2023-cü il tarixdə inzibati cərimə olunması barədə müvafiq qərar qəbul edilmişdir. Əlavə olaraq həmin zaman kəsiyində iddiaçıya inspektor tərəfindən müvafiq bildiriş göndərilmiş və bildirişdə “inzibati işə xx.xx.2023-cü il tarixdə baxılacaqdır” yazılsa da, xx.xx.2023-cü il tarixdə artıq işə baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Daha sonra həmin qərardan iddiaçı tərəfindən şikayət verilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə barədə qərarın ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Hazırda isə yuxarıda qeyd olunanlara əsasən, Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin səlahiyyətli şəxsləri tərəfindən inzibati xəta üzrə işi qanunvericilikdə nəzərdə tutulmuş qaydada tam, obyektiv və hərtərəfli araşdırmadan, qərəzli olaraq iddiaçı barəsində inzibati tənbeh verilməsinə dair qərar qəbul edildiyindən və sözügedən qərarların məhkəmədə ayrı-ayrı icraatlarda 2 dəfə mübahisələndirmək məcburiyyətində qaldığından, o cümlədən qarşı tərəfin nümayəndəsi dəfələrlə məhkəmə iclaslarına gəlməyərək, süründürməçiliyə yol verdiyinə görə, iddiaçıya maddi və mənəvi zərər dəymişdir. Belə ki, bunlarla bağlı iddiaçı zaman-zaman öz işindən və qayğılarından uzaq durmaq məcburiyyətində qalmış, həmçinin, sözügedən proseslərdə iştirak etmək üçün nəqliyyat, telefon, poçt və digər zəruri xərclərin sərf etmişdir. Dəymiş maddi və mənəvi zərərlər aşağıdakı kimidir: 1. 4 dəfə Yasamal Rayon Məhkəməsinə gedib-gəlmək – 16 (on altı) manat; 2. 6 dəfə Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinə gedib-gəlmək – 30 (otuz) manat; 3. İddiaçı 72 (yetmiş iki) manat məbləğində cərimə ödəmişdir; 4. 8 dəfə Nəsimi Rayon Məhkəməsinə gedibgəlmək – 32 (otuz iki) manat; 5. İddiaçı usta kimi fəaliyyət göstərdiyindən, tapşırıq əsasında görüləcək bir işindən kənarda qalmış və həmin işi icra edə bilmədiyinə görə, itirdiyi iş günlərinə münasibətdə (14 gün) – 1.100 (bir min bir yüz) manat; 6. Mənəvi ziyana görə - 600 (altı yüz) manat. İddiaçı Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin səlahiyyətli şəxslərinin yuxarıda qeyd olunan qanunsuz və qərəzli əməlləri nəticəsində çox böyük əsəb, stres və sarsıntı keçirmişdir.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib bildirdi ki, tələbinin maddi ziyan hissəsi ilə bağlı özündə olan bütün sübutları məhkəməyə təqdim etmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iddiaçını izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-87/2023 nömrəli işində olan sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(004)- 7432/2022 nömrəli qərardadı ilə şikayətçi İddiaçı Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-87/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə şikayətin qismən təmin edilməsi, Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və işin baxılması üçün həmin quruma göndərilməsi qərara alınmışdır.
7. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı “Daxili İşlər Nazirliyi – BDYPİ (Cərimə)” hesabına İXP5036849 nömrəli sənəd əsasında 72 (yetmiş iki) manat məbləğində pul ödəmişdir.
8. Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 60 manat miqdarında cərimə edilməsi qərara alınmışdır.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2408/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, şikayət təmin edilmiş, Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.
10. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 39,60 (otuz doqquz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2408/2023 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 3(006)-2408/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardan şikayət verilməmiş və xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır.
12. “https://www.asanpay.az/intro/home” rəsmi internet səhifəsindən əldə edilmiş məlumatdan görünür ki, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə ödəniş edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli qərardan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət vermiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının şikayətinin qismən təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilərək, işin baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinə göndərilməsi qərara alınmışdır.
14. İddiaçının məhkəmə iclasında verdiyi izahatı əsasında müəyyən edilmişdir ki, barəsində müvafiq qərar olduğundan o, sürücülük vəsiqəsini alanda problem yaranmaması üçün xx.xx.2023cü il tarixdə 72 manat məbləğində cəriməni ödəmişdir. Ödənişə dair qəbz iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş, məhkəmə tərəfindən “https://www.asanpay.az/intro/home” rəsmi internet səhifəsindən əldə edilmiş məlumatla da ödənişin həyata keçirildiyi müəyyən edilmişdir.
15. Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi məhkəmə tərəfindən göndərilmiş materialları araşdıraraq, xx.xx.2023-cü il tarixdə qərar qəbul edərək, iddiaçının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 60 manat miqdarında cərimə edilməsini qərara almışdır.
16. İddiaçı həmin qərarı da mübahisələndirmiş və nəhayət, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin sözügedən qərarından şikayət verilməmiş, xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır.
17. Hazırda iddiaçı Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər vurulduğunu bildirərək, məhkəmələrə gedişgəliş, cərimənin ödənilməsi, usta işlədiyi üçün itirdiyi 14 iş gününün əldən çıxmış faydası kimi 1.250 manat məbləğində maddi, 600 manat məbləğində isə mənəvi zərərin əvəzinin ona ödənilməsini xahiş edir.
c) Məhkəmənin mövqeyi:
18. Məhkəmə hesab edir ki, İddiaçı barəsində Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qanunsuz qərarlar qəbul edilməsi sübuta yetirildiyindən, həmin orqan tərəfindən iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır.
19. Məhkəmə İddiaçı barəsində X4 İdarəsi tərəfindən qanunsuz qərar qəbul olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyrimümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.
20. İddia tələbinin “1.250 manat maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində ona məhkəmələrə gediş-gəliş, cərimənin ödənilməsi, usta işlədiyi üçün itirdiyi 14 iş gününün əldən çıxmış faydası olmaqla, cəmi 1.250 manat məbləğində maddi zərər dəydiyini iddia etsə də, bu tələbinin yalnız 72 manat cərimənin ödənilməsi hissəsini təsdiq edən mötəbər sübutu (xx.xx.2023-cü il tarixli qəbzi) məhkəməyə təqdim etmişdir. Məhkəmələrə taksi ilə gedib-gəldiyinə görə ödədiyi xərcin əvəzini tələb edən iddiaçıya müvafiq qəbzlərin, həmçinin, usta işləməsi, gəlirləri barədə sübutların təqdim edilməsi təklif edilsə də, iddiaçı özündə olan bütün sübutları məhkəməyə təqdim etdiyini, başqa sübutlarının olmadığını, usta fəaliyyəti ilə bağlı rəsmi sənədinin (VÖEN və s.) və gəlirlərinin sübutunun olmadığını bildirmişdir.
21. Xüsusilə qeyd edilməlidir ki, məhkəmə tərəfindən maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Əldən çıxmış fayda qismində zərər tələbində də şəxsin onu əldə etmək üçün əvvəlcədən gördüyü tədbirlər, bu məqsədlə hazırlıq işlərinin mövcud olub-olmaması, işlədiyi dövrdə real gəlirləri və s. nəzərə alınmalıdır.
22. Qeyd olunan sübutların iddiaçı tərəfindən təqdim edilməməsi isə məhkəmənin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 72 (yetmiş iki) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir.
23. İddia tələbinin “600 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçı barəsində qanunsuz olaraq 2 dəfə inzibati xəta haqqında qərarlar çıxarılması onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Lakin məhkəmə hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzinin 600 manat məbləğində qiymətləndirilməsi mümkün deyil.
24. Belə ki, məhkəmə mənəvi zərərin ödənilməsinin məqsədinin şəxsi zənginləşdirmək deyil, onu mənəvi cəhətdən rahatlaşdırmaq olmasını vurğulayaraq və iş üzrə bütün digər diqqətəlayiq halları (aparılmış icraatın xarakterini və s.) nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 300 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 300 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir.
25. Məhkəmə qeyd edir ki, insan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir.
d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
26. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1-21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096, 1097.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
28. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.
29. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.
30. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası: Maddə 41. Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.
31. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
32. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.
34. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»: 13-cü bənd. Mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 114.1.1. Qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1.13. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
37. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 72 (yetmiş iki) manat, mənəvi zərərin əvəzi kimi 300 (üç yüz) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
41. Qanunla bu qəbildən olan işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunduğundan, iddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 39,60 (otuz doqquz manat altmış qəpik) manat məbləğində pul ona geri qaytarılmalıdır.
Nəticə:
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 72 (yetmiş iki) manat, mənəvi zərərin əvəzi kimi 300 (üç yüz) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 39,60 (otuz doqquz manat altmış qəpik) manat məbləğində pul İddiaçı qaytarılsın (qəbz №: **********). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova