Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-998/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 500.000 manat məbləğində kompensasiya və 102.468,46 manat 67 ay ərzində faktiki aylıq qazancı, 3.000 manat məzuniyyət məvacibi, 1.800 manat geyim pulu, 4.288 manat ərzaq pulu və 3.685 manat kirayə pulu, 2.000 manat maddi yardım, 5.000 manat mükafat pulu, 5.000 manat məvacib üçün əlavə edilən mükafat pulu və son haqq-hesab pulu olan 3.356 manat 19 qəpik pul olmaqla, cəmi 125.597 manat 65 qəpik pul vəsaitinin Dövlət büdcəsi hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 500.000 manat məbləğində kompensasiya və 102.468 manat 46 qəpik 67 ay ərzində faktiki aylıq qazanc, 3.000 manat məzuniyyət məvacibi olmaqla, cəmi 105.468 manat 46 qəpik pulun dövlət büdcəsi hesabına onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ildə həbs edilib və ağır işgəncələrə məruz qalaraq Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 331.2, 329.1, 329.3, 338.1, 338.2, 341.3, 349.2.1, 349.2.2, 349.2.3, 349.2.4-cü maddələri ilə təqsirləndirilmişdir. Tərtər Hərbi Məhkəməsinin 14 iyun 2018-ci il hökmü ilə iddiaçı 20 il müddətinə azadlıqdan məhrum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi 16 oktyabr 2018-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 14 iyun 2018-ci il hökmünü qüvvədə saxlamışdır. Ali Məhkəmə 20 iyun 2019-cu il tarixli və 29 sentyabr 2020-ci il tarixli qərarları ilə əvvəlki qərarları qüvvədə saxlamışdır. İddiaçı 5 il 7 ay, cəmi 67 ay həbsdə saxlanılmışdır. 2018-ci ilin oktyabr ayından 2022-ci ilin may ayına kimi Qobustan həbsxanasında 24 m2 otaqda 6 nəfərlə birlikdə qalmışdır. 2022-ci ilin noyabr-dekabr aylarında isə Bakı İstintaq Təcridxanasında cəza çəkmişdir. 06 dekabr 2022-ci il tarixdə bəraət alaraq azadlığa buraxılmışdır. Tərtər işi - Azərbaycan Silahlı Qüvvələrinə mənsub olan şəxsi heyətin bir hissəsinin (mülki, əsgər, çavuş, gizir və zabit heyəti) və mülki vətəndaşların ermənistan Milli Təhlükəsizlik Xidməti ilə mümkün əlaqəsi və bu mümkün əlaqələr nəticəsində Azərbaycanın əleyhinə olaraq ermənistanın maraqlarını təmin etmək məqsədilə casusluq fəaliyyəti və bu mümkün fəaliyyətin Azərbaycanın dövlət orqanları tərəfindən ifşa olunmasından sonra mümkün təqsirkarların 2017-ci ilin aprel-iyun aylarında Azərbaycanın hüquq mühafizə orqanları əməkdaşları və hərbi qulluqçuları tərəfindən qeyri-insani fiziki və mənəvi işgəncələrə məruz qoyularaq ifadələrinin alınması, bu proses zamanı onların öldürülməsi, əlil edilməsi, mümkün təqsirkarları müxtəlif üsullarla məcbur edərək onların etiraf edici ifadələrə imza atdırılması və s. kimi qeyri-qanuni əməlləri özündə ehtiva edən və yekunda keçirilən məhkəmə proseslərinin cəmləşdirilmiş adıdır. Məhkəmənin hökmünə əsasən, ermənistan MTX-sı ilə mümkün əlaqələrə görə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunan 22 nəfər barəsində 5 ildən 20 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzaları çıxarılmışdır. Hökm, 1-ci mərhələdə 11 nəfər, 2-ci mərhələdə 7 nəfər, 3-cü mərhələdə 4 nəfər olmaqla 3-lü mərhələ şəklində çıxarılmışdır. İstintaq prosesinin qeyri-rəsmi olaraq «Tərtər işi» kimi adlandırılmasının səbəbi, kütləvi işgəncələrin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən istismara yararsız və istifadə edilməyən 1-ci Ordu Korpusunun tabeliyində olan hərbi hissənin keçmiş Qərargahında baş verməsi (həmçinin, işgəncələrin çox kiçik bir hissəsi Mingəçevir şəhərində yerləşən 3-cü Ordu Korpusuna tabe olan hərbi hissədə baş vermişdir), istintaqın Tərtər rayon Hərbi Prokurorluğunda aparılması, hökmün Gəncə və Tərtər Hərbi Məhkəmələrində çıxarılması və mümkün casusluq faktlarının Ağdam və Tərtər rayonlarının təmas xətti boyunca yerləşən mövqelərində baş verməsidir. Əslində isə rəsmi olaraq istintaq prosesinin heç bir xüsusi adı mövcud deyildi. 2017-ci ilin may ayında Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat verərək, hərbçilərin ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə tutulduğunu bildirmişlər. Daha sonra 2019-cu ildə tədricən daha geniş ictimaiyyət, rəsmi və qeyri-rəsmi olaraq casusluqda şübhəli bilinən hərbçilərə qarşı işlərin detallarını, xüsusən də 2017-ci ilin may və iyun aylarında edilən kütləvi işgəncələri açıqlamağa başlamışdır. Hüquq müdafiəçisi Oktay Güləliyevin dediyinə görə, kütləvi həbslərin ilk aylarında nə ictimaiyyət, nə də hüquq müdafiəçiləri baş verənlər barədə heç nə bilməmişlər. Azərbaycan hüquq müdafiəçilərinin bildirdiyinə görə, Azərbaycan Silahlı Qüvvələrinin 100-dən çox əsgər və zabitinə işgəncə verilmiş, 25 nəfər uzun müddətli həbs cəzası almış və 12 nəfər işgəncədən ölmüşdür. Xüsusilə ehtiyatda olan polkovnikleytenant Saleh Qafarovun əllərini və ayaqlarını bağlayıb suda batırmış, bədəninə cərəyan vermiş, dırnaqlarını çıxarmış, çənəsini sındırmış və əlləri bağlı şəkildə 2-ci mərtəbədən atmışdılar. Bunu məhkəməyə onun həyat yoldaşı eşitdiklərindən bildirmişdir. Bundan sonra komaya düşənə qədər işgəncə verməyə davam etmişdilər. Keçmiş bölük komandiri, kapitan rütbəsi olan Vaqif Abdullayevin dediyinə görə o, ac saxlanılmış, çılpaq vəziyyətdə üzərinə soyuq su atılmış, elektroşok ilə işgəncə verilmişdir, sonra isə ordudan qovulmuşdur. Hüquq müdafiəçisi Oktay Gülalıyevin sözlərinə görə, 9 hərbçi işgəncələrə dözə bilməyərək ölmüş, onlardan 5-nə belə cinayət işi açılmayıb. Hərbiçilər aşağıdakı işgəncələrə məruz qalıb: əl-ayaqlar bağlı halda döyülmək, suda boğmaq; əl və ayaq dırnaqlarının kəlbətinlə çıxarılması; əl və ayaqlar bağlı şəkildə yuxarı mərtəbələrdən aşağı atılması; cinsiyyət orqanlarına və bədəninə elektrik cərəyanının verilməsi; cinsiyyət orqanına elektrik cərəyanı verilərək partladılması; gözlərin göz dəliyindən çıxarılması; bağırsaqlarına dəmir armaturun daxil edilməsi; plastik su borularını yandıraraq ərimiş plastiki çılpaq bədənə damızdırmaq və yara yerinə duz, istiot tökmək; günlərlə ac-susuz saxlanılmaq; ata və övladı birlikdə gətirib, övladın atanın başına sidik ifrazı etməyə məcbur etmək; rezin boru ilə zorlama; armaturla zorlama; hərbi qulluqçuların ağzına lampa qoyub, bədənindən cərəyan keçirməklə o lampanı yandırmaq; su şüşələri üzərində otuzdurmaq; diz qapaqlarının drellə deşilməsi və s. Əsgər və zabitlər qarşısında qoyulan tələb bu olub ki, ya ermənilərə işlədiyini etiraf etməlisən, ya da öləcəksiniz. Onlara səslənən ittihamları qəbul etməyən və işgəncələrə dözən hərbçilərə bildiriblər ki, atanız, ananız və yoldaşlarınızı gətirib, onları zorlayacaqlar. Bəzilərinə isə övladlarının öldürüləcəyi ilə bağlı təhdidlər edilib. İşgəncələr nəticəsində ölən hərbçilərlə bağlı rayon icra hakimiyyəti səviyyəsində «vətən xaini» kampaniyası başladılmış, onların övladları «vətən xaininin uşağıdır» damğası ilə məktəblərdə psixoloji təqibə və təzyiqə məruz qalmışdır. Ən azı 9 hərbi qulluqçu işgəncələrdən ölüb, ancaq bəzi ekspertlər öldürülənlərin sayının daha çox olduğunu bildirirlər. Öldürülən hərbçilərin cənazələrinin yuyulmasına, normal dəfninə imkan verilməmiş, polis nəzarəti altında tələsik dəfn edilmişlər. Yerli icra hakimi nəzarətində onların vətən xaini olması barədə təbliğat aparılmışdır. Öldürülənlərdən bir neçəsinin ailəsinə ölümlərindən sonra rəsmi məlumat verilmişdir ki, onların təqsiri sübuta yetirilməyib. Yəni, günahsız olaraq işgəncəyə məruz qalıblar və öldürülüblər. 25 hərbçi həbs edilib, yüzlərlə hərbçi zərərçəkən olub. Zərərçəkənlərin dediklərinə görə, 200-ə yaxın hərbçiyə eyni məkanda bənzərsiz işgəncələr verilib. Zərərçəkənlərin ailə üzvlərinin dediklərinə görə, ümumilikdə 1700-dən çox hərbçiyə işgəncə verilib. İşgəncələrə məruz qalanların çoxu aprel döyüşlərində xüsusi fəallıq nümayiş etdirmiş, vətənpərvərliyi, peşəkarlığı ilə seçilən hərbçilər olmuşlar. «Tərtər işi» kimi tanınan cinayət işinin araşdırılmasını həyata keçirən hüquq-müdafiəçisi Oqtay Gülalıyev 2019-cu ilin oktyabr ayında mətbuat konfransından qayıdarkən müəmmalı şəkildə avtomobillə vurulmuşdur və bu günə qədər komadadır. 16 aprel 2021-ci ildə Azərbaycan Respublikasının Hərbi X13 işgəncələrlə bağlı deyilənləri qəbul etmədiyini bildirib: «Mən bu iddiaları eşitmişəm. Amma yalandır. Ümumiyyətlə, hesab edirəm ki, bu nağıldır və kim danışırsa, nağıl söyləyir». 2021-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Hərbi X13 mətbuat konfransında hərbçilərə qarşı kütləvi işgəncə hallarının olduğunu etiraf etmiş, amma qeyd etmişdir ki, bu hallar işə Hərbi Prokurorluq baxmazdan əvvəl baş vermişdir. İşgəncələr nəticəsində yalnız bir nəfərin öldüyünü deyən Vəliyev bu hadisənin də rəhbərlik etdiyi qurum məsələdən hali olana qədər baş verdiyini bildirmişdir: «Cinayət işləri açılıb, günahkarlar məhkəmə məsuliyyətinə cəlb ediliblər. Bu işlər Azərbaycanda mövcud olan bütün məhkəmə mərhələlərindən keçib. Müəyyən edilib ki, həm dövlətə xəyanətdə günahlandırılanlar, həm də qanunsuz işgəncə tətbiq edənlər haqqında çıxarılmış hökmlər əsaslıdır». Prokuror həmçinin qeyd etmişdir ki, «erməni xislətli şəxslər» bilərəkdən «Tərtər işi»ni şişirdirlər və «tamamilə əsassız şəkildə bu məsələni gündəmə gətirməyə çalışırlar». 2021-ci ilin dekabr ayında isə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti gözlənilmədən «Tərtər işi» barədə birgə bəyanat yaymışlar. Bəyanatda qeyd olunmuşdur ki, kütləvi işgəncə hallarıyla bağlı yeni ibtidai istintaq başlanıb və Baş prokurorun birinci müavini Elçin Məmmədov bu işi xüsusi nəzarətə götürüb. 2022-ci ilin noyabr-dekabr aylarında cəmi 19 nəfərə bəraət verilmişdir və həmin şəxslər azadlığa buraxılmışlar. Bundan əlavə, vəfat edən daha iki hərbçinin də günahsız olduğu üzə çıxmış və onlara da bəraət verilmişdir. 01 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev İddiaçı Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 331.2, 329.1, 329.3, 338.1, 338.2, 341.3, 349.2.1, 349.2.2, 349.2.3, 349.2.4-cü maddələri və qeyrilərinin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə yeni açılmış hallarla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 20 iyun 2019-cu il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2020-ci il tarixli qərarlarının ləğv edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının apellyasiya şikayəti üzrə məhkəmə baxışının təyin edilməsi haqqında 7 sentyabr 2018-ci il tarixli qərarı və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 16 oktyabr 2018-ci il tarixli yekun qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışının təyin edilməsi haqqında yeni qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr 2022-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmünə əsasən X1 Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 330.3, 331.2, 331.3, 332.3, 338.1, 338.2, 341.3, 349.2.1, 349.2.2, 349.2.3, 349.2.4-cü maddələri, X12 CM-nin 274, 338.1, 338.2 və 341.3-cü maddələri, X3 CM-nin 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 331.2, 331.3, 338.1, 338.2 və 341.3-cü maddələri, X8 CM-nin 274, 331.2, 331.3, 338.1, 338.2 və 341.3-cü maddələri, X4 CM-nin 134, 150.2.1, 150.2.4, 151, 228.1, 274, 331.2, 331.3, 338.1, 338.2 və 341.3-cü maddələri, X9 CM-nin 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 331.2, 331.3, 332.2.1, 332.2.2, 332.2.3, 332.2.4, 332.3, 338.1, 338.2, 341.3, 349.2.1, 349.2.2, 349.2.3 və 349.2.4-cü maddələri, X10 CM-nin 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 331.2, 331.3, 332.2.1, 332.2.2, 332.2.3, 332.2.4, 332.3, 338.1, 338.2, 341.3, 349.2.1, 349.2.2, 349.2.3 və 349.2.4-cü maddələri, X5 CM-nin 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 331.2, 331.3, 332.2.1, 332.2.2, 332.2.3, 332.2.4, 332.3, 338.1, 338.2, 341.3, 349.2.1, 349.2.2, 349.2.3 və 349.2.4-cü maddələri, X2 CM-nin 274-cü maddəsi, X6 CM-nin 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 331.2, 331.3, 332.2.1, 332.2.2, 332.2.3, 332.2.4, 332.3, 338.1, 338.2, 341.3, 349.2.1, 349.2.2, 349.2.3 və 349.2.4-cü maddələri ilə, İddiaçı CM-nin 120.2.1, 120.2.4, 120.2.12, 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 331.2, 331.3, 338.1, 338.2, 341.3, 349.2.1, 349.2.2, 349.2.3 və 349.2.4-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında hazırlıq iclasının 14 fevral 2018-ci il tarixli qərarına, Tərtər Hərbi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmünə, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının apellyasiya şikayəti üzrə məhkəmə baxışının təyin edilməsi haqqında 7 sentyabr 2018-ci il tarixli qərarına, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 16 oktyabr 2018-ci il tarixli yekun qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasinin 20 iyun 2019-cu il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2020-ci il tarixli qərarlarına yeni açılmış hallar üzrə baxilmasına dair Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən verilmiş ərizə təmin edilərək qeyd olunan qərarlar ləğv edilməklə cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışa təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 noyabr 2022-ci il tarixli qərarı ilə X1 Azərbaycan Respublikası CM-nin 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 330.3, 331.2, 331.3, 332.3, 338.1, 338.2, 341.3, 349.2.1, 349.2.2, 349.2.3, 349.2.4-cü maddələri və qeyrilərinin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 14 fevral 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Gəncə Hərbi Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli qərarı ilə X1 Azərbaycan Respublikası CM-nin 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 330.3, 331.2, 331.3, 332.3, 338.1, 338.2, 341.3, 349.2.1, 349.2.2, 349.2.3, 349.2.4-cü maddələri və qeyrilərinin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin icraatına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 12 noyabr 2022-ci il tarixdə cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. 06 dekabr 2022-ci il tarixli qərarına əsasən Baş Prokurorluğun İstintaq İdarəsi İddiaçı Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 338.1, 338.2, 341.3, 349.2.1, 349.2.2, 349.2.3, 349.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair hissəsinə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən hissəvi xitam verilmişdir. Həmçinin qərara əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 329.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına cinayət qanunu müddəalarının qüvvəsinə görə və şəraitin dəyişməsi ilə bağlı xitam verilmişdir. İddiaçı barəsində seçilmiş «həbs» qətimkan tədbirinə xitam verilmiş və o, dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı istintaq təcridxanasından həbsdən azad edilmişdir. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, məhkəməyə verilməsi və məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası iddiaçıya izah edilmişdir. İddiaçı 03 may 2017-ci il tarixdə həbs edilmiş və 06 dekabr 2022-ci ildə bəraət alaraq azadlığa buraxılmışdır. Beləliklə, 5 il 7 ay 3 gün, yəni təxminən 2038 gün (67 ay 3 gün) iddiaçı qanunsuz olaraq həbsdə qalmışdır. 2017-ci ilin 3 mayından 2018-ci ilin oktyabr ayına kimi İstintaq Təcridxanalarında, oktyabr ayından 2022-ci ilin may ayına kimi isə Qobustan həbsxanasında cəza çəkmişdir. Yəni 5 il qapalı kameralarda saxlanılmış, gün ərzində dəqiqə ilə havaya çıxarılmışdır. İddiaçı cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində «həbs» qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin may ayında zabit olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etmişdir. O, cinayət məsuliyyətinə cəlb edilməzdən öncə sonuncu dəfə aylıq əmək haqqını 2017-ci ilin may ayında almışdır. Onun orta aylıq əmək haqqı məbləği 1529,38 manat təşkil etmişdir. İddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci ilin may ayından 2022-ci ilin dekabr ayına qədər, yəni 67 ay ərzində faktiki aylıq qazancından məhrum edilmişdir. Bu isə 102.468,46 manat təşkil edir (1529,38 manat x 67 ay = 102.468,46 manat). Üstəlik, iddiaçı 5 il 7 ay ərzində hər il 45 günlük məzuniyyət pulunu, yəni bir aylıq vəzifə maaşı məbləğində pul təminatından məhrum edilmişdir. Zabit kimi onun illik məzuniyyət üçün nəzərdə tutulmuş pul təminatı sonuncu dəfə (2017-ci ilin may ayına kimi) 600 manat təşkil etmişdir. Beləliklə, iddiaçı 5 il 7 ay ərzində 3.000 manat məvacibindən məhrum edilmişdir. Zabit kimi hər il 1.800 manat miqdarında geyim pulu, 4.288 (67 ay x 64) manat miqdarda ərzaq pulu və 3.685 (67 ay x 55) manat miqdarda kirayə pulundan, 2.000 (5 il x 400) manat miqdarda maddi yardım hüququndan məhrum edilib. Məvacibinə hər il mükafat qismində əlavə edilən 1.000 manat, cəmi 5.000 manat gəlirdən məhrum edilib. Üstəlik, ehtiyata buraxılması zamanı son məvacib hesabından, yəni məvacibinin 3 qatı məbləğində müəyyən edilən 3.356 manat 19 qəpikdən (1.118,73 manat x 3) məhrum edilib. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəməyə iddia ərizəsinə etiraz göndərmişdir. Həmin etirazda qeyd olunmuşdur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında İddiaçı maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə mülki iş vardır. Həmin iddia tələbinə etiraz edərək bildirirlər ki, qeyd olunan tələb əsaslı olmadığından rədd edilməlidir. İddiaçı Tərtər Hərbi Məhkəməsinin icraatında olmuş cinayət işi üzrə zərərçəkmiş şəxs olduğuna əsaslanaraq dəymiş mənəvi ziyana görə 500.000 manat, maddi ziyana görə 228.065 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Bununla bağlı bildirirlər ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi ilə bağlı müddəalar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 189-191-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə kompensasiya verilməsi məsələsini zərər çəkmiş şəxsin ərizəsi ilə məhkəmə həll edir. Zərər çəkmiş şəxsə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya verilməsi haqqında qərarı ittiham hökmündə əks etdirərkən məhkəmə həmçinin kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını hökmdə göstərir. Bu baxımdan hesab edirlər ki, ilk növbədə cinayət işi üzrə məhkəmə icraatı zamanı iddiaçıya kompensasiya ödənilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib-etməməsi, həmin məhkəmə işi üzrə hökmdə kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılması məsələsinin qeyd olunubolunmaması araşdırılmalıdır. Bundan başqa, Cinayət Prosessual Məcəllənin 197-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərər çəkmiş şəxsə vurulmuş ziyana görə kompensasiya qismində ödənilmiş məbləğ məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən yuxarıda qeyd olunan məhkəmə məsrəfi məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Göstərilənlərə əsasən bildirirlər ki, məhkəmə tərəfindən kompensasiya müəyyən edilərkən kompensasiyanın dövlət büdcəsinə qaytarılması məsələsi də həll edilməlidir. Bununla yanaşı iddia ərizəsində «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununa istinad edilərək kompensasiya tələb edilmişdir. Bununla bağlı bildirirlər ki, Cinayət Prosessual Məcəllənin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Lakin iş materiallarında iddiaçıya cinayət prosesini həyata keçirən orqanın (təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının) səhvi və ya sui-istifadəsi nəticəsində ziyan dəyməsi faktını müəyyənləşdirmək mümkün deyildir. Eyni zamanda nəzərə çatdırırlar ki, Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti sözügedən cinayət işi ilə bağlı 2017-ci il 7 may tarixli bəyanat yaymışdır. Bu baxımdan hesab edirlər ki, yuxarıda qeyd olunan məsələlər ilə bağlı adıçəkilən orqanların məhkəmə işinə cəlb olunması məqsədəmüvafiqdir. Bundan başqa qeyd edirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 8 nömrəli Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bununla yanaşı maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir (ona qarşı xüsusilə ağır cinayət törədildikdə - üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə - yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə - əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə - on bir manat). Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. İndiki halda isə iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmişdir və ağlabatan deyildir. Bu baxımdan onun faktlara və sübutlara deyil, şəxsi mülahizələrinə söykənən bu iddiası təmin edilə bilməz. Bundan başqa, iddiaçı maddi zərərə görə kompensasiya tələb etmişdir. Bununla bağlı bildirirlər ki, sözügedən məsələ əmək mübahisəsi olduğundan qeyd olunan məsələ işçi (hərbi qulluqçu) və işəgötürən (müvafiq hərbi hissə) arasında tənzimlənməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə uyğun olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən maddi və mənəvi zərərə məruz qaldığını sübut edən hallar mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmədən İddiaçı Əhmədəli oğlunun Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiasının rədd edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində zabit rütbəsində xidmət etmişdir. Onun aylıq əmək haqqı həmin dönəmdə 1.529,38 manat təşkil etmişdir. İddiaçı barəsində çıxarılmış aktlar, nə vaxt həbs edilməsi, nə vaxt bəraət alaraq azad olunması və s. hallar iddia ərizəsində müfəssəl şəkildə qeyd olunmuşdur. Məhkəmə hazırki mülki iş üzrə yekun aktın həcminin həddindən artıq çox olmaması məqsədi ilə həmin aktların (birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarları və s.) bir-bir sadalanmasına zərurət görmür. İddiaçının bəraət alması, bəraət alanadək 67 ay 3 gün ərzində əsassız yerə həbsdə saxlanılması işin mübahisəsiz halıdır. Təqdim olunmuş sübutların məcmusundan göründüyü kimi, İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar (təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi, iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə işsiz qalması, ordu sıralarından tərxis edilməsi və s.) doğrudur. İddiaçıya yuxarıda qeyd edilən hallarla bağlı həm mənəvi, həmçinin işsiz qaldığı dövr ərzində hər ay aldığı əmək haqqı miqdarında maddi ziyan vurulmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ona vurulmuş mənəvi ziyana görə ədalətli həddə, yəni 100.500 (yüz min beş yüz) manat məbləğində pul vəsaiti tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X7rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 100.500 manat (1.500 manat x 67 ay) müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. İddia ərizəsinin məzmunundan aşkar şəkildə görünür ki, iddiaçı bir qrup digər şəxslər kimi əsassız yerə təqsirləndirilərək, həbs edilmiş, uzun müddət ərzində olmazın mənəvi iztirab çəkmiş, törətmədiyi cinayət əməllərinə görə barəsində mənfi fikirlər səslənmiş, mənfi obraz yaradılmış, sevdiyi işindən və ordu mühitindən kənarda qalmış, ömrünü bağladığı zabit peşəsini sonadək davam etdirə bilməmişdir. İddiaçı ailəsindən, rahatlığından məhrum olmuşdur. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd edir ki, təqdim edilmiş sənədlərə əsasən İddiaçı öncələr əmək fəaliyyəti ilə məşğul olarkən stabil şəkildə əmək haqqı almışdır. Bununla bağlı arayış məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı iş yerindən və aylıq stabil gəlirdən məhrum olmuşdur. İddiaçının həmin dövr ərzində gəlirindən məhrum olması nəzərə alındıqda, iddiaçıya vurulmuş maddi ziyan 102.468,46 manat (1.529,38 manat x 67 ay) təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 100.500 (yüz min beş yüz) manat məbləğində pul və əmək haqqı qismində ödənilməli olan 102.468,46 (yüz iki min dörd yüz altmış səkkiz manat qırx altı qəpik) manat cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin təmin edilməyən, yəni məzuniyyət pulunun əvəzinin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi kifayət qədər əsaslandırılmamışdır. Bununla belə iddiaçı təkcə məzuniyyət pulunu deyil eyni zamanda ödənilməmiş əmək haqqının da əvəzinin verilməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, iddiaçıya ödənilməmiş əmək haqqının məbləği hesablanarkən hər təqvim ilinin 12 ayı nəzərə alınmış, nəticədə 67 ay üzrə ödənilməli olan əmək haqqı məbləği hesablanmaqla bir növ hər təqvim ilinə görə ödənilməli olan məzuniyyət haqqı məbləği də ümumilikdə tutulan məbləğlə (102.468,46 manat) əhatə olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 100.500 (yüz min beş yüz) manat məbləğində pul və əmək haqqı qismində ödənilməli olan 102.468,46 (yüz iki min dörd yüz altmış səkkiz manat qırx altı qəpik) manat cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-998/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-998/2024
11.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver