Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1045/2025 30.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edərək, Cavabdeh Ehtiram oğlundan onun xeyrimə 60000 manat pulun, vəkil xərci kimi ödədiyi 326 manat pulun və ödədiyim dövlət rüsumu 271 manatın (120 manat + 10000 manatdan yuxarı olan məbləğin 0,3%-271 manat), cəmi 60597 manat pulun onun xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddia üzrə iddiaçı tələbi onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə hazırkı iş üzrə cababdeh Cavabdeh AR CM-nin 178.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, qəti olaraq 8 il 5 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Hökm qanuni qüvvəsini alıb və icraya yönəlib. Hazırda cəzasını Penitensiar Xidmərin 11 saylı CÇM-də çəkir. Həmin cinayət işi üzrə zərərçəkmiş şəxs olaraq, ona 60000 manat zərər vurulması müəyyən edilib. Məhkəmənin hökmündə 60000 manat pulun təqsirləndirilən şəxs Cavabdeh mülki mühakimə icraatı qaydasında tələb etmək hüququ izah edilib. Cavabdehin ona 60000 manat pul ödəməli olması məhkəmənin qanuni qüvvəsini almış hökmündə göstərildiyindən, bu xüsusatın əlavə sübutlarla təsdiq edilməsinə zərurət yoxdur. Cavabdeh ondan aldığı pullarını özünə qaytarmalıdır. AR MM-nin 21, 23, 449.1 və 449.4 maddələrinə əsasən pulunu qaytarmaqla yanaşı, vurduğu mənəvi zərərə və pulunu qanunsuz saxladığı üçün əsas məbləğdən əlavə faizlər də ödəməli olsa da, o tələb etmir.
İş materialları:
3. Bakı Ağır Cinayət Məhkəməsinin 1(101)-800/2021 saylı xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) il 06 (altı) ay, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən Cavabdeh təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Cavabdeh 2019-cu il iyulun 04-dən 2020-ci il yanvarın 05-dək həbsdə saxlanıldığı 06 (altı) ay 01 (bir) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 08 (səkkiz) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, Cavabdeh cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 2020ci il avqustun 17-dən hesablanması, 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxs Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, Cavabdeh göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından vəkili X2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 360 manat köçürülməsi, zərər çəkmiş şəxs X1 mülki iddiası tam təmin edilməklə təqsirləndirilən şəxs Cavabdeh alınıb X1 xeyrinə 250000 manat tutulması, Cavabdeh cinayət əməlləri nəticəsində iş üzrə zərər çəkmiş şəxs İddiaçı 60000 manat təşkil edən maddi ziyan ilə bağlı mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməsi və s. hökm edilmişdir.
4. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 270 manat dövlət rüsumu və 1,75 manat xidmət haqqı ödəmişdir.
Tərəflərin izahatları:
5. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddianın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi.
6. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Cavabdeh iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 17 avqust 2020-ci ildə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Hazırda Pentensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Məhkəmədə barəsində cinayət işi olub, barəsində hökm qəbul edilib. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində də pul məsələsini inkar edib. Onun iddiaçıya borcu yoxdur. İddiaçının problemləri, başqa şəxslərə borcu olub, onun yanına gələrək həmin şəxslərin onu narahat etdiklərini bildirib və ondan köməklik etməyini istəyib. İddiaçı ondan pul borclu olduğu həmin şəxslərdən vaxt verməyə razılaşdırmağı istəyib. Elə olub ki, bu iş alınyıb. İddiaçı hazırda ondan nə istəyir, bilmir. İddiaçı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib. Yaxın zamanlarda isə azadlığa çıxıb.
7. Məhkəmə cavabdehin Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur; 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
İşin faktiki halı:
11. Belə ki, məhkəmə Bakı Ağır Cinayət Məhkəməsinin 1(101)-800/2021 saylı xx.xx.2021-ci il tarixli hökmünə əsasən müəyyən etmişdir ki, Cavabdeh tanışı, hazırkı iş üzrə İddiaçı etibarından sui-istifadə edərək sonuncuya bu sahədə çalışan yüksək vəzifəli tanışlarının vasitəsi ilə “Təməl” sərbəst kiçik müəssisəsinin balansında olan ünvan ünvanda yerləşən 1,68 hektar torpaq sahəsinin özəlləşdirilməsinə kömək edəcəyinə yalan vəd verib adı çəkilən şəxsdən 2017-ci ilin iyul ayında Bakı şəhərinin “Nərimanov” metrostansiyasının yaxınlığında vahid niyyətlə əhatə olunan qəsdlə aldığı əvvəlcə 30000 manat, sonra isə 30000 manat, ümumilikdə 60000 manat məbləğində pulu, yəni özgənin əmlakını ələ keçirmiş, bununla da zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
Məhkəmənin mövqeyi:
12. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
13. Bakı Ağır Cinayət Məhkəməsinin 1(101)-800/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə müəyyən edilir ki, məhkəmə Cavabdeh cinayət əməlləri nəticəsində iş üzrə zərər çəkmiş şəxs İddiaçı 60000 manat məbləğində dəymiş maddi ziyan ilə əlaqədar məsələni müzakirə edərək hesab etmişdir ki, İddiaçı cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən sonuncuya Azərbaycan Respublikasının CPM-nin 180.2.-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Məhkəmə hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmin cinayət işi üzrə iddiaçı zərərçəkmiş şəxs kimi tanınmış, lakin qeyd edilən səbəblərdən tərəflər arasında olan mülki mübahisə öz həllini tapmamışdır.
14. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya məxsus olan 60000 manat məbləğində pulu ələ keçirməklə əsassız varlandığından iddia təmin edilməli və cavabdehdən 60000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə:
15. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 60000 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır.
16. Məhkəmə qeyd edir ki, Azərbaycan respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq iş materiallarına əlavə edilmiş mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 270 manat dövlət rüsumu ödənilmişdir.
17. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 270 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
18. Həmçinin, iddiaçı 326 manat vəkil xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etsə də, buna dair müvafiq sübutlarını (qəbz, müqavilə və s.) məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 326 manat pul iddiaçının özünə aid edilməlidir.
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 60000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 270 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva