Məhkəmə qərarları › İş №2(007)-1050/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1050/2024

31.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1050/2024 31.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 74 saylı evin, 41 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 74 saylı evin, 41 saylı mənzili onun şəxsi mülkiyyətindədir. Həmin mənzili o 23 oktyabr 2012-ci il tarixli, AN-İ №0318920 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X5 almışdır. Sonra isə həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 08 noyabr 2012-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə çıxarış almışdır. Alqısatqı müqaviləsi bağlanarkən X9 öhdəsinə götürmüşdür ki, 1 ay ərzində ailə üzvləri ilə birlikdə mənzildən qeydiyyatdan çıxacaqlar. O bu günə kimi düşünür ki, onlar qeydiyyatdan çıxıblar, lakin 3 saylı Asan Xidmət Mərkəzindən əldə etdiyi arayışdan aydın oldu ki, Cavabdeh qeydiyyatda qalmışdır. Cavabdehin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalması səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır.

İş materialları :

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 74 saylı evin, 41 saylı mənzili İddiaçı mülkiyyətindədir.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır.

5. AN-İ seriyalı ******* nömrəli, xx.xx.2012-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yaşayan X2 şəhəri, M.Orucov küçəsi, D-7, ev 3-də yaşayan İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili 34518 (otuz dörd min beş yüz on səkkiz) manata satmışdır.

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəməyə ünvanlandırdığı xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh xx.xx.2004-cü il tarixdən hazırki vaxtadək ünvan 3 ünvanında qeydiyyatdadır.

7. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 204472 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, R.Rüstəmov küçəsi, 74 saylı evin, 16,22 kv.m yaşayış sahəsindən ibarət 1 (bir) otaqlı 41 saylı mənzili X9 xx.xx.2004-cü il tarixində xüsusi mülkiyyət hüququ qeydiyyatdan keçirmişdir.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil ilə bağlı məhdudiyyət (yüklülük) haqqında xx.xx.2012-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmamışdır.

9. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayonu MKTB-nin 57 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2312 nömrəli arayışın surətindən görünür ki, X1, 74 saylı evin, 41 saylı mənzilində qeydiyyatdadır. Həmin arayışda xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsinin adına olduğu, lakin qeydiyyata düşmədiyi və qeydiyyatda heç kimin olmadığı qeyd edilmişdir.

10. Bakı şəhəri 12 saylı dövlət notariat ofisinin xx.xx.2012-ci il tarixində 4Ə-03-871 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin 9-cu vərəqəsində X9 ailə vəziyyətinin subay olduğunu, gələcəkdə iddia olarsa cavabdehliyi öz üzərinə götürəcəyini qeyd etmişdir.

11. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 101 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

12. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir.

14. “Elektron Məhkəmə informasiya sistemi”ndən əldə edilmiş sorğu məlumatına əsasən Cavabdeh Aytdəmir qızının xx.xx.2017-ci il tarixindən ölkə hüdudlarından kənara çıxdığı müəyyən edilmişdir. Belə olan halda məhəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

15. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, X9 ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır və həmin alqı-satqı müqaviləsi əsasında İddiaçı Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 74 saylı evin, 41 saylı mənzilə mülkiyyət hüququ əldə etmişdir.

16. Cavabdeh xx.xx.2004-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 74 saylı evin, 41 saylı mənzildə qeydiyyata alınmışdır.

17. Mübahisəli Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 74 saylı evin, 41 saylı mənzilə qeydiyyat vəsiqəsinə əsasən xx.xx.2004-cü il tarixdə X6 xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır.

18. Cavabdeh həmin mənzildə qeydiyyatda qalması mülkiyyətçi kimi İddiaçı hüquqlarını pozduğu üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

Məhkəmə baxışının hədləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq :

20. Azərbaycan Respublikası Konstitusiyasının :

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun :

9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;

24. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolu :

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Məhkəmənin mövqeyi :

25. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

26. Hazırda İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbini X9 ilə onun arasında bağlanmış xx.xx.2012-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən sonra Cavabdeh həmin mənzildən qeydiyyatdan çıxmaması və cavabdehin hal-hazıradək həmin mənzildə qeydiyyatda qalması nəticəsində onun mülkiyyət hüququnun pozulması ilə əsaslandırmışdır.

27. Məhkəmə cavabdehin mübahisəli mənzilə olan istifadə hüququnun itirilməsi məsələsinə qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüququnun yaranıb-yaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir. Belə ki, mövcud olmayan hüquqa itirilməsindən söhbət gedə bilməz.

28. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 74 saylı evin, 41 saylı mənzilə Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 204472 nömrəli qeydiyyat vəsiqəsinə əsasən xx.xx.2004-cü il tarixində X6 xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. Cavabdeh isə xx.xx.2004-cü il tarixdən mübahisəli ünvan 3 ünvanında qeydiyyatdadır.

29. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarında göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

30. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə riayət edilməsi tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsi eyni zamanda nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə Mülki Məcəllənin 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.

31. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarları və Mülki Məcəllənin 228.1, 228.2 və 228.5-ci maddələri mülkiyyətçinin ailə üzvlərinin və digər şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu, həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə və belə hüququn əmələ gəlməsini, həyata keçirilməsi şərtlərini və xitamını mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə şərtləndirmişdir.

32. Məhkəmə iclasında tədqiq edilən iş materialları ilə müəyyən edilməmişdir ki, mübahiəli mənzil satıcı Cəlilova Əzizə tərəfindən İddiaçı satılan zaman həmin mənzilə dair məhdudiyyət və yüklülük qeydə alınmamışdır.

33. Bu isə onu deməyə əsasən verir ki, Cavabdeh həmin mənzilə istifadə hüququ qeydə alınmamışdır.

34. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.

35. Cavabdeh satıcı Cəlilova Əzizənin ailə üzvü kimi mübahisəli mənzilə istifadə hququnun yaranıb-yaranmadığını isə müəyyən etmək mümkün olmamışdır.

36. Məhkəmə sorğusu əsasında əldə edilmiş notariat işinə əsasən müəyyən edilmişdir ki, mübahiəli mənzilə dair alqı-satqı müqaviləsi bağlanan zaman 57 sayl Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş arayışda mübahisəli mənzildə qeydiyyatda heç kimin olmadığı bildirilmiş və satıcı isə notariat işində ailə vəziyyətinin subay olduğuna dair qeyd aparmışdır.

37. İşin faktiki hallarından isə görünür ki, Cavabdeh xx.xx.2004-cü il tarixdən ünvan 3 ünvanında yerləşən mənzilə qeydiyyata düşmüş və hazırki vaxtadək həmin ünvanda qeydiyyatdadır.

38. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, Cavabdeh xx.xx.2004-cü il tarixdən indiki zamana qədər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalsa da, həmin mübahisəli mənzildə uzun müddətdir ki, ən azından iddiaçının həmin mənzilə mülkiyyət hüququnun yarandığı 2012-ci ildən həmin mənzildə yaşamamışdır və cavabdehin ünvan 3 ünvanında yerləşən mənzildə qeydiyyatda qalması formal xarakter daşıyır.

39. Bu onu deməyə əsas verir ki Cavabdeh mübahisəli mənzilə istifadə hüququnun yarandığını hesab etsək belə, onun artıq uzun müddətdir ki, həmin mənzildə yaşamadığı, yaşayış sahəsinə olan ehtiyacını ödəmək üçün həmin mənzilə ehtiyacı olmadığı üçün mübahisəli mənzilə olan istifadə hüququnu itirmişdir.

40. Belə ki, əgər cavabdehin yaşayış sahhəsinə olan ehtiyacını ödəmək üçün mübahisəli mənzilə ehtiyacı olsa idi, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 74 saylı evin, 41 saylı mənzilin iddiaçının mülkiyyətində olduğu uzun müddət ərzində həmin mənzilə köçürülmə barədə iddia qaldırmış olardı. Lakin işin müəyyən edilmiş halı ondan ibarətdir ki, cavabdeh belə bir iddia tələbi ilə müraciət etməmişdir, ümumiyyətlə iddiaçı cavabdehi tanımır və cavabdeh 2017-ci ildən ölkə xaricində yaşayır.

41. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh həmin mübahisəli mənzildə qeydiyyatda qalması İddiaçı mülkiyyətçi kimi hüquqlarının pozulması ilə nəticələnir.

42. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

43. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsində qeyd edilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

44. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir.

45. Avropa Məhkəməsi Sporronq və Lönrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.

46. Bu mənada vurğulamaq lazımdır ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını, həmçinin mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam və istifadə hüququnu məhdudlaşdırır. İddiaçının hazırkı tələbindən aydın olur ki, cavabdehin həmin mənzildə formal olaraq qeydiyyatda qalması mülkiyyətçi kimi onun iradəsinə ziddir.

47. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mənzil iddiaçının mülkiyyətində olduğundan və cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığından, cavabdehin mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməlidir.

48. Həmçinin məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir.

Nəticə :

49. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 74 saylı evin, 41 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş 101 (yüz bir) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə Cavabdeh ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar