Məhkəmə qərarları › İş №2(007)-106/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-106/2021

18.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-106/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - Cavabdeh tərəfindən 5000 (beş min) manat məbləğində ona vurulmuş maddi zərərin cavabdehdən tutularaq tam həcmdə ona ödənilməsi, cavabdehin təqsirli hərəkətlərinin nəticəsi olaraq ona vurulmuş 2000 (min) manat məbləğində mənəvi zərərin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nizami rayonu, Elşən Süleymanov küçəsi 148, mənzil 15 ünvanında yerləşən mənzil ona məxsusdur (282 saylı xx.xx.1982-ci il larixli order ) Həmin mənzildə uzun müddətdir ki, yaşayır. Lakin yaşadığı mənzilin üstündə ünvan 1 ünvanında yaşayan cavabdeh-Cavabdeh yaşayışlarını dözülməz edib. Belə ki, onun yaşadıqları evin üstündən vaxtaşırı çirkab su axıtması və bunun qarşısının alınması üçün heç bir addım atmaması yaşadığı evin tavanını və divarlarını yararsız və qəzalı vəziyyətə salmışdır. İddia ərizəsinə əlavə etdiyi fotoşəkillər də buna sübutdur. Cavabdehin bu cür etinasız münasibətindən dolayı axıdılmış suyun divarı yararsız vəziyyətə salması səbəbindən ona məxsus olan mətbəx mebeli yerindən qoparaq düşmüş, nəticədə qabqacaq dəsti, mətbəxdəki qabyuyan yer və s. əşyaları sınaraq yarasız vəziyyətə düşmüşdür. Ona təsir edən budur ki, bu hal artıq bir neçə dəfə təkrarlanıb. Hətta əvvəllər eyni hərəkətlərin edilməsi səbəbindən mətbəxdə olan televizor yanaraq yararsız vəziyyətə düşmüşdür. Hər dəfə şikayət etməkdən boğaza yığılmışlar. Qeyd edilənləri 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin şöbə müdiri İ.Məmmədov, 12 saylı MKİS-in rəisi İ.İmanov və mühəndis M.Əliyev də xx.xx.2017-ci il tarixli aktla təsdiq etmişlər. Həmin aktda da bildirilmişdir ki, evin müayinəsi zamanı su axma nəticəsində ona məxsus evdə mətbəx və mətbəx əşyaları yararsız vəziyyətə düşmüşdür. Dəfələrlə ona xəbərdarlıq etmələrinə baxmayaraq iddiaçı bunlara məhəl qoymur və hesab edir ki, elə belə də olmalıdır. İş o yerə çatıb ki, axıdılan su hətta evlərində nəmişlik yaradır. Cavabdehin qanun qarşısında öz məsuliyyətini dərk etməməsi və istədiyini etməsi nəinki onlara külli zərə vurur, hətta səhhətlərinə də təsirsiz ötüşmür. Cavabdehin qanunsuz hərəkətləri hər dəfə stress və əsəb gərginliyi keçirməyi ilə nəticələnir ki, bu da səhhətində pisləşmə yaradır. Eyni zamanda, cavabdehin təqsirli hərəkətlərinin nəticəsi olaraq ona həm də, mənəvi ziyan dəymişdir. Bu səbəbdən də, cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi ziyan tam ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, onların yaşadıqları bina köhnə yataqxanadır, su divarların içi ilə axır. İmkan olanda təmir etmişdir. Həmçinin santexnik dəfələrlə gəlib baxış keçirmiş, lakin suyun hardan axmasını müəyyən edə bilməmişdir. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 282 nömrəli Orderin surətindən görünür ki, Nizami rayonu, Elşən Süleymanov küçəsi 148, 15 nömrəli mənzil 03 noyabr 1982-ci il tarixli Orderlə İddiaçı verilmişdir. - Bakı şəhəri, Nizami rayonu 1 saylı xüsusi təyinatlı MKTB-in şöbə müdiri İ.Məmmədov, 12 saylı MKİS-in rəisi İ.İmanov və mühəndisi M.Əliyev tərəfindən tərtib edilmiş aktdan görünür ki, onlar İddiaçı yaşadığı ünvan 2 ünvanına baxış keçirmiş və müəyyən olunmuşdur ki, 27 nömrəli mənzildən 15 saylı mənzilə su axıdılır. Su axıdılmsaı nəticəsində mətbəx və mətbəx əşyaları yararsız hala düşmüşdür. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 05 may 2020-ci il tarixli 29710 nömrəli rəyindən görünür ki, Baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə və mülki iş materiallarında olan məlumatlara əsasən, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 148 saylı evin 15 saylı mənzilinə suyun üst mərtəbədə yerləşən 26-27 saylı otaqlardan sızması, suyun sızmasının isə otaqlarda yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilməsi müəyyən edilir. Su sızma nəticəsində, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 148 saylı evin 15 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 713,0 manat məbləğində müəyyən edilir. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 yanvar 2021-ci il tarixli 9/2214 nömrəli rəyindən görünür ki, iddia ərizəsində qeyd edilən və ekspert baxışınatəqdim olunmuş və olunmamış malların istifadə olması nəzərə alınmaqla normal vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1115 manat müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı məxsus olan ünvan 2 ünvanına həmin evin Cavabdeh məxsus olan mənzilindən su sızması baş vermiş, bunun nəticəsində iddiaçının mətbəx mebellərində qüsur yaranmış və maddi ziyan vurulmuşdur. Lakin cavabdeh həmin maddi ziyanı iddiaçıya ödəməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Bu zaman cavabdeh qonşuya əlavə təsirdən çəkinməmişdir. Belə olan halda, Cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçı X4 ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, İddiaçı məxsus mənzilə Cavabdeh məxsus mənzildən su sızmasının baş verməsi və bunun nəticəsində iddiaçının mətbəx mebelində qüsurların yaranması və maddi ziyan dəyməsi tədqiq edilmiş digər iş materialları ilə yanaşı, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının və məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə tam təsdiq olunur və sübuta yetirilir, maddi ziyanın yetirilməsi ilə bağlı ekspertizanın qeyd edilən rəyinin şübhə altına alınması üçün hər hansı bir əsas yoxdur. Belə ki, məhkəmə tikinti-texniki ekspertizasının 05 may 2020-ci il tarixli rəyindən görünür ki, baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə və mülki iş materiallarında olan məlumatlara əsasən, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 148 saylı evin 15 saylı mənzilinə suyun üst mərtəbədə yerləşən 26-27 saylı otaqlardan sızması, suyun sızmasının isə otaqlarda yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilməsi müəyyən edilir. Su sızma nəticəsində, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 148 saylı evin 15 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 713,0 manat məbləğində müəyyən edilir. Bundan başqa, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 yanvar 2021-ci il tarixli 9/2214 nömrəli rəyindən görünür ki, iddia ərizəsində qeyd edilən və ekspert baxışınatəqdim olunmuş və olunmamış malların istifadə olması nəzərə alınmaqla normal vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1115 manat müəyyən edilmişdir. İddiaçı dəymiş maddi zərərin məbləği müəyyənləşdirilərkən yuxarıda qeyd olunan ekspertlərin rəyi nəzərə alınmalı, Cavabdeh vurulmuş maddi zərərə görə 1828 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin “cavabdeh X1 mənəvi zərərin əvəzi olaraq 2.000 (min) manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, İddiaçı mənəvi zərərin ödənilməsi barədə iddia qaldırsa da, özünə mənəvi zərər vurmaya, habelə bu mənəvi zərərin məhz Cavabdeh təqsirli hərəkətləri nəticəsində yetirilməsinə dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1828 manat (min səkkiz yüz iyirmi səkkiz) manat məbləğində maddi ziyan qismində vəsait tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə əlavə olaraq hesab edir ki, məhkəmə xərclərinə aid olan məhkəmə ekspertizalarının dəyəri olan 200 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət nəfinə alınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1828 manat (min səkkiz yüz iyirmi səkkiz) manat məbləğində maddi ziyan qismində vəsait tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzi Cavabdeh tutularaq ona ödənilsin. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 200,00 manat pul Cavabdeh alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar