Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1119/2024 07.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasını təmin edib, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və yetkinlik yaşına çatmayan X1, X2 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 41 saylı evin, 65 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 41 saylı evin, 65 saylı mənzili onun şəxsi mülkiyyətindədir. O,həmin mənzili 54 saylı notariat ofisinin 21 fevral 2023-cü il tarixli, AN-l № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 almış, sonra isə həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 15 mart 2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə çıxarış almışdır. Alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh1 öhdəsinə götürmüşdür ki, 1 ay ərzində ailə üzvləri ilə birlikdə mənzildən qeydiyyatdan çıxacaqlar. O, bu günə kimi onların qeydiyyatdan çıxdıqlarını düşünmüş, lakin Asan 6 Xidmət Mərkəzindən əldə etdiyi arayışdan aydın olmuşdur ki, cavabdehlər qeydiyyatda qalmışlar. Onların onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalması səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. O əlavə olaraq bildirdi ki, alqısatqı zamanı alqı-satqı qiymətini tam şəkildə ödəmişdir. Digər Cavabdeh2 alqı-satqı edən zaman mübahisəli mənziln satılmasına razılıq vermiş və bununla bağlı notariat işində razılıq ərizəsi da vardır. Cavabdehlər qeydiyyatdan çıxmaq üçün vaxt istəmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 21 fevral 2023-cü il tarixli, AN-l № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə sonuncu ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 41 saylı evin, 65 saylı mənzilini iddiaçıya satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 15 mart 2023cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən həmin mənzil İddiaçı adına 15 mart 2023-cü il tarixdə qeydə alınmışdır. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə notarial qaydada ərizələr verərək mübahisəli mənzilin özgəninkiləşdirilməsinə, satılmasına və ya bağışlanmasına etiraz etmədiyini bildirmişdir. İşin mübahisəli halları: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və yetkinlik yaşına çatmayan X3 və X4 mübahisəli mənzildə qeydiyyatdadırlar. Hazırda iddiaçı idda ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və onların yetkinlik yaşına çatmayan övladlarının mübahisəli mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, iddiaçının izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.1-ci, 27.2-ci, 158.3-cü, 178.1-ci, 425-ci maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Beləliklə, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 41 saylı evin, 65 saylı mənzilinə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmişdir. Hazırda cavabdehlər və yetkinlik yaşına çatmayan X3 və X4 həmin mənzildə yaşamadıqları üçün həmin mənzildən istifadə hüquqlarını itirmiş və mənzildə formal olaraq qeydiyyatda qalmışdırlar. İş materiallarında olan sənədlər də onların qeyd olunan mənzilə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. Məhkəmə onu da qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə yanaşı yetkinlik yaşına çatmayan X1 və X2 da mübahisəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarına əsasən məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onlarla birlikdə yetkinlik yaşına çatmayan X1 və X2 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 41 saylı evin, 65 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri qismində iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2, onlarla birlikdə yetkinlik yaşına çatmayan X1 və X2 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 41 saylı evin, 65 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. İddiaçı tərəfindən məhkəmə xərcləri qismində ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1119/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1119/2024
07.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver