Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1125/2020 19.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıCavabdeh qarşı “pul”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dələduzluq yolu ilə alıb qaytarmadığı 3000 (üç min) manat pulu, 1500 (min beşyüz) manat, bu müddət ərzində əldən çıxmış faydanın və 31 manat dövlət rüsumunun alınaraq ona verilməsi, eyni zamanda Cavabdeh əməlində cinayət tərkibi olduğundan barəsində xüsusi qərardad çıxarıb Prokurorluq orqanlarına göndərilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qohumu Cavabdeh 11.09.2019-cu il tarixdə oğlunun hərbi xidməti işini düzəltmək məqsədilə 3000 (üç min) manat pul vermişdir. Onun həmin anda ehtiyat pulu olmadığından bankdan kredit götürərək həmin pulu Cavabdeh vermişdir. Ancaq sonra ona məlum olmuşdur ki, Cavabdeh dələduzluq etməklə onu aldatmış və onun pulunu mənimsəmişdir. Belə olan halda o, aidiyyəti üzrə Nizami rayon Polis İdarəsinə müraciət etmişdir. Çoxsaylı araşdırmalardan sonra Nizami rayon Polis İdarəsinin müstəntiqi Polis baş leytinantı Fuad Bağırov tərəfindən Cavabdeh əməlində cinayət tərkibinin olmaması səbəbindən cinayət işinin başlanmasının rədd olunması barədə 10 dekabr 2019-cu il tarixli qərar verilmidir. Qərar rəsmən ona 27.01.2020-ci il tarixdə təqdim olunmuşdur. Qərarda işin təfsilatı qeyd olunmaqla ona mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Belə olan halda o, pozulmuş hüquqlarının bərpasını məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehə həmin pulun bir qismini iddiaçı və onun hazırki məhkəmədəki nümayəndəsi bankdan kredit götürərək vermişdir. Həmin pulun qalanhissəsi üçün isə ona müraciət etmiş və o da bankdan kredit götürüb iddiaçıya vermişdir. Həmin kreditləri faizləri ilə birlikdə qaytarmışlar. Cavabdeh 3000 manat pulu və əlavə olaraq 200 manat qaytarmışdır. Lakin onlar cavabdehə verdikləri pul üçün əlavə fazilər ödəmişlər. Həmçinin cavabdeh pulu gec qaytarmış və bununla da iddiaçıya əldən çıxmış fayda üzrə ziyan vurmuşdur. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İddiaçı onun qohumudur. Oğlu əsgərliyə gedən ərəfədə ona saxlaması üçün 3000 manat pul vermişdir. O, isə dostunun ehtiyacı olduğu üçün həmin pulu dostuna borc olaraq vermişdir. Ona görə də pulu biraz gec qaytarmışdır. Amma 3000 manatı tam olaraq qaytarmış və əlavə olaraq 200 manat ödəmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 10 dekabr 2019-cu il tarixli qərarın surətindən görünür ki, Cavabdeh əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı tərəfindən Cavabdeh 3000 manat məbləğində pul verilmiş, müəyyən müddət keçdikdən sonra cavabdeh həmin pulu iddiaçıya qaytarmışdır. Əlavə olaraq cavabdeh iddiaçıya həmin vəsaitə görə 200 manat vəsait də vermişdir. Hazırda İddiaçı Cavabdeh qarşı pul vəsaitinin qaytarılması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həl etmək üçün əhəmiyyəti olan başqa halların mövcüd olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Hazırkı halda müəyyən olundu ki, tərəflər arasında borc pulun verilməsi ilə bağlı hüquqi münasibətlər yaranmış, iddiaçı cavabdehə 3 000 manat məbləğində borc pul vermişdir. Lakin bununla bağlı yazılı müqavilə bağlanmamışdır. Qeyd olunan borc məbləği iddiaçıya qaytarılmışdır. Bu halı iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında da təsdiq etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı cavabdehlərdən əldən çıxmış faydaya görə 1 500 manat tələb etsə də, əldə edəcəyi gəlirlər, bu gəlirin həcmi barədə məhkəməyə sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə hesab edir ki hazırki mübahisə mülki xarakterli mübahisə olduğundan, cavabdeh tərəfindən iddiaçıya borcunun olması etira edildiyindən, habelə cavabdehin əməlində cinayət tərkibi olmadığından onun barəsində xüsusi qərardad çıxarılmasına əsas yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Cavabdeh dələduzluq yolu ilə alıb qaytarmadığı 3000 (üç min) manat pulu, 1500 (min beşyüz) manat, bu müddət ərzində əldən çıxmış faydanın və 31 manat dövlət rüsumunun alınaraq ona verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh dələduzluq yolu ilə alıb qaytarmadığı 3000 (üç min) manat pulu, 1500 (min beşyüz) manat, bu müddət ərzində əldən çıxmış faydanın və 31 manat dövlət rüsumunun alınaraq ona verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1125/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1125/2020
19.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver