Məhkəmə qərarları › İş №2(007)-1151/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1151/2024

22.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1151/2024 22.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, iddianı təmin edib, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və yetkinlik yaşına çalmayan X2, X1 Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanskı küçəsi, 62 saylı evin, 8 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 62 saylı evin, 8 saylı mənzili onun şəxsi mülkiyyətindədir. O, həmin mənzili Bakı şəhəri 53 saylı notariat ofisinin 18 avqust 2020-ci il tarixli, № 391/20 saylı 18 avqust 2020-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasında Cavabdeh1 alıb. Sonra isə həmin mənzilə dair Əmlak Məsələləri Dövlət Xidmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puhlik Hüquqi Şəxsi tərəfindən 09 sentyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə çıxarış alıb. Alqı-satqı müqaviləsi bağlanarkən X6 öhdəsinə götürmüşdür ki, 3 ay ərzində ailə üzvləri ilə birlikdə mənzildən qeydiyyatdan çıxacaqlar. O, bu günə kimi düşünürdü ki, onlar qeydiyyatdan çıxıblar, lakin Asan 4 Xidmət Mərkəzindən əldə etdiyi arayışdan aydın oldu ki, cavabdehlər qeydiyyatda qalıblar. Cavabdehlərin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaqları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır.

İş materialları:

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir.

4. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı arayışdan görünür ki, İddiaçı, xx.xx.2009-cu il təvəllüdlü X5, Cavabdeh1, Cavabdeh2, X4, X3 ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar.

5. Kreditor-ipoteka saxlayan "xxxx" ASC, alıcı-ipoteka qoyan İddiaçı və satıcı Cavabdeh1 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 39İ/20 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı ünvan 1 ünvanında yerləşən mənzilini Alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. Daşınmaz əmlakın satış qiyməti 103000 manatdır, mənzilin dəyərinin 23000 manatı Alıcı-İpoteka qoyanın özü tərəfindən, 80000 manatı isə Kreditor- İpoteka saxlayan tərəfindən xx.xx.2020-ci il tarixli 39İ-20 saylı Kredit müqaviləsinə əsasən Alıcı-İpotekaqoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı-İpoteka qoyan satılan mənzili bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor-İpoteka saxlayan arasında bağlanmış xx.xx.2020-ci il tarixli 39İ-20 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Kreditor-İpoteka saxlayana ipotekaya verir.

6. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

7. Notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh3, anası Cavabdeh1 məxsus olan və ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına və "xxxx" ASC-dən götürülən kreditin təminatı kimi həmin banka ipoteka qoyulmasına razılıq verir. Alqı-satqı və İpoteka müqaviləsinin şərtləri ilə tanışdır və banka olan əsas, faiz və digər borclar ödənilmədiyi təqdirdə tutmanın həmin əmlaka yönəldilməsinə razıdır və bu halda Bankın ilk tələbinə əsasən əmlakı könüllü boşaltmağı öhdəsinə götürür.

8. Notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh2, həyat yoldaşı Cavabdeh1 məxsus olan və ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına və "xxxx" ASC-dən götürülən kreditin təminatı kimi həmin banka ipoteka qoyulmasına razılıq verir. Alqı-satqı və İpoteka müqaviləsinin şərtləri ilə tanışdır və banka olan əsas, faiz və digər borclar ödənilmədiyi təqdirdə tutmanın həmin əmlaka yönəldilməsinə razıdır və bu halda Bankın ilk tələbinə əsasən əmlakı könüllü boşaltmağı öhdəsinə götürür.

Tərəflərin izahatları:

9. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və baxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, zərf üzərində “köçüb“ məzmununda qeyd edilərək məhkəməyə geri qayıtmışdır.

İşin faktiki halı:

11. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh1 mülkiyyətində olmuşdur. O, xx.xx.2020-ci il tarixdə İddiaçı ilə alqı-satqı və ipoteka müqaviləsi bağlayıb, mülkiyyətində olan həmin mənzili İddiaçı sataraq onun mülkiyyətinə vermişdir. Alğı-satqı müqaviləsinin bağlanmasından sonra həmin mənzilə İddiaçı mülkiyyət hüququ tanınmış və mənzil üzərində bu mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzilin köhnə sakini olan cavabdehlər mənzildən köçsələr də, formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmışlar, bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Bu səbəbdən iddiaçı məhkməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Konstitusiyasının:

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

16. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun:

9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;

17. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolu:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

19. Belə ki, Cavabdeh1 İddiaçı ilə xx.xx.2020-ci il tarixdə bağladığı alğı-satqısı və ipoteka müqaviləsinə əsasən mülkiyyətində ünvan 1 ünvanında yerləşən mənzilini İddiaçı sataraq onun mülkiyyətinə vermişdir. Bununla yanaşı, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mənzilin satılmasına etiraz etməmələri barədə notarial qaydada ərizə vermişlər. Belə ki, alğı-satqı müqaviləsinin bağlanmasından sonra mənzil iddiaçıya təhvil verilmişdir, cavabdehlər həmin vaxtdan mənzildə yaşamamışlar. Cavabdehlərin halhazıradək mənzildə qeydiyyatda qalması mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozur.

20. Məhkəmə hesab edir ki, qeyd olunan mənzil üzərində mülkiyyət hüququ həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığı andan ona keçmiş və cavabdehlər mülkiyyət hüququnun tərkib hissəsi olan mənzildən istifadə hüququnu itirmişlər. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir.

21. MM-in 27-ci maddəsinin 2-ci bəndinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

22. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 və X1 yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır.

23. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə:

25. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri X2 və X1 ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməli, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilməlidir.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri X2 və X1 ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar