Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1152/2024 19.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “atası olmaması faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “atası olmaması faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı xx.xx.2023-cü il təvəllüdlü X1 atası olmaması faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
35.1. qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.4. iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Məhkəmənin mövqeyi :
3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
4. İddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, ərazi aidiyyatına dair mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla məhkəməyə müraciət edilmişdir. Hansı ki mülki prosessual qanunvericiliyin tələbinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir.
5. Belə ki, mülki prossesual qanunvericiliyə əsasən əgər qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir.
6. “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
7. Şəxsin olduğu yer isə onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.
8. Həmin qanunun 3-cü maddəsinə əsasən yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: a. Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; b. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - xüsusi nümunəli vəsiqə. c. Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar; d. Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz.
9. İş materialları və “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş sorğu məlumatına əsasən müəyyən edilir ki, Cavabdeh ünvan 1i ünvanında və İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır.
10. Belə olan halda, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə, yəni Şamaxı rayon Məhkəməsinə verilməli olduğu halda, iddiaçı tərəfindən ərazi aidiyyətinə dair mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla hazırkı iddia ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edilmişdir.
Nəticə :
11. Beləliklə, məhkəmə qeyd edir ki, ərazi aidiyyətınə dair mülki prosessual qanunvericiliyin tələbinə əməl olunmadığı üçün İddiaçı Cavabdeh qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.
12. İddiaçı hazırki iddia tələbi ilə Şamaxı rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.
13. Dövlət rüsumuna dair məhkəmə qeyd edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-8116/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, həmin qərardadla iddiaçının Xətai rayon Məhkəməsinin hesabına ödədiyi və hazırki iddia ərizəsinə əlavə etdiyi dövlət rüsumunun dövlət büdcəsindən iddiaçıya geri qaytarılması qərara alınmışdır.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Cavabdeh qarşı “atası olmaması faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırki iddia tələbi ilə yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Starə Əliyeva