Məhkəmə qərarları › İş №2(007)-1214/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1214/2025

26.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1214/2025 26.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhəri 30 saylı Notariat Ofisinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “icra qeydinin ləğvi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri 30 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı cavabdeh Bakı Şəhəri 30 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 30 saylı notariat ofisinin 8İ-15678 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X16 tərəfindən "Notariat haqqında “Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən "xxxx" ASC-nin xeyrinə İddiaçı 13867,55 manat pul tutulması barədə 8İ-15678 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi verilmişdir. Lakin bu icra qeydinin verilməsi zamanı “Notariat haqqında “Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, "xxxx" ASC ilə X8 arasında xx.xx.2023-cü il tarixli, MK-1875 saylı, illik 19% olmaqla, 30000 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli, MK-487545/23 saylı müqaviləyə əsasən "xxxx" ASC ilə X8 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq X9, X14 və İddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə ödənişlərə baxmayaraq, icra qeydinə əsasən kredit üzrə 11636,22 manat əsas borc, 2231,33 manat isə penya tələb olunur. Hal hazırda isə ayrı-ayrılıqda bütün borclulardan, o cümlədən, ondan sözügedən icra qeydinə əsasən 11636,22 manat əsas borc, 2231,33 manat isə penya olmaqla 13867,55 manatın ödənilməsi tələb olunur. Bunun sübutu olaraq İsmayıllı Rayon Məhkəməsinin 8(037)-4/2025 saylı qərardadına əsasən məlum olur ki, İsmayıllı Rayon Notariat Kontorunun 8İ-7487 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu X2 13867,55 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi icra olunması üçün İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 8(037)- 4/2025 saylı qərardadı ilə borclu X5 məxsus “Toyota Prius (hibrid)” minik markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bununla sübut olunur ki, bank məhkəməyə müraciət etmədən hər bir borcludan borc vəsaitini tutmaq istəyir. Qeyd olunanlar kifayət qədər mübahisəli olduğu üçün, "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmədən, Bakı şəhəri 30 saylı notariat ofisində icra qeydi yazdırılaraq, Nizami Rayon İcra Şöbəsində icraya yönəldilmişdir. Qeyd edilməsi zəruridir ki, icra qeydinin alınması üçün ilk öncə ona kreditor tərəfindən bildiriş göndərilməli olduğu halda belə bir bildiriş göndərilməmişdir. Halbuki, icra qeydinin alınması üçün tələb olunan iki sənəddən biri məhz borcluya göndərilmiş bildirişdir. Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, icra qeydi veilməmiş bildiriş göndərilməli idi, lakin bildiriş göndərilməyib. Notariat Ofisi birbaşa icra qeydi yazıb. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Bakı Şəhəri 30 saylı Notariat Ofisinin nümayəndəsi X10 bildirdi ki, iddia tələbini qəbul etmirlər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Tələbkar icra qeydinin verilməsi barədə müraciət edəndə artıq bildirişi borcluya göndərmiş olur, notarius borcluya bildiriş göndərmir. Müraciət zamanı, bildirişə və onun alınmasını təsdiq edən qəbzə əsasən notarius icra qeydi verib və heç bir qanun pozuntusu etməyib. Ona görə iddia tələbinin təmin olmamasını xahiş etmişdi.

5. Cavabdeh Bakı Şəhəri 30 saylı Notariat Ofisi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

8. "xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MK-487545/23 saylı kredit müqaviləsinə əsasən X6 illik 19% olmaqla 18 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir.

9. "xxxx" ASC ilə X9, X14 və İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zaminlər X9, X14 və İddiaçı həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu X8 ilə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər.

10. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X3 xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri 30 saylı notariat ofisinin 8İ- 15678 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.

11. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli qərarla icra məmuru icraata başlamış və Bakı şəhəri 30 saylı notariat ofisinin 8İ-15678 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində icra edilməsi borcludan xahiş olunmuşdur.

12. İsmayıllı Rayon Məhkəməsinin 8(037)-4/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə borclu X5 məxsus “Toyota Prius (hibrid)” minik markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur.

13. Bakı Şəhəri 30 saylı Notariat Ofisinin xüsusi notariusu X12 8İ-15678 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinin surətindən görünür ki, "xxxx" ASC-nin xeyirinə 11636 manat 22 qəpik, 2231,33 manat peniya və 25 manat dövlət rüsumu tutulması qərara alınmışdır.

14. "xxxx" ASC-nin İddiaçı, X6, X5 və X11 ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixə yaranmış 24046.09 manat əsas, 1746.22 manat faiz, 2231.33 manat cərimə məbləğində borcunun 3 gün müddətində ödənilməsi tələb edilmişdir. Əks təqdirdə borc 20 gün müddətində ödəilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır.

15. 27.01.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

16. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MK-487545/23 saylı kredit müqaviləsinə əsasən X6 illik 19% olmaqla 18 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə X9, X14 və İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zaminlər X9, X14 və İddiaçı həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu X8 ilə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. "xxxx" ASC-nin müraciəti əsasında Bakı Şəhəri 30 saylı Notariat Ofisinin xüsusi notariusu X16 8İ-15678 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi vermişdir. İcra qeydinə əsasən "xxxx" ASC-nin xeyirinə 11636 manat 22 qəpik, 2231,33 manat penya və 25 manat dövlət rüsumu tutulması qərara alınmışdır. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X7 Bakı şəhəri 30 saylı notariat ofisinin 8İ-15678 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamışdır. Həmçinin İsmayıllı Rayon Məhkəməsinin 8(037)-4/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə zamin X5 məxsus “Toyota Prius (hibrid)” minik markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda iddiaçı Bakı şəhəri 30 saylı notariat ofisinin 8İ-15678 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun:

76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın:

161-ci bəndinə əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda:

Qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur.

Məhkəmənin mövqeyi:

21. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

22. İlk öncə məhkəmə qeyd edir ki, Bakı şəhəri 30 saylı notariat ofisinin 8İ-15678 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinin İddiaçı göndərilməsi barədə "xxxx" ASC tərəfindən məhkəməyə bildirişin göndərilməsi barədə qaimə təqdim olunsa da qaimədə bildirişin kim tərəfindən, nə vaxt qəbul edilib-edilməməsi, barədə heç bir məlumat oxunmur. Bildirişin İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilmir.

23. Həmçinin məhkəmə qeyd edir ki, Bakı şəhəri 30 saylı notariat ofisinin 8İ-15678 saylı, xx.xx.2024-cü il tarixli icra qeydində "xxxx" ASC-yə olan borcun yalnız İddiaçı tutulması qeyd olunmuşdur. "xxxx" ASC ilə X9, X14 və İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən zaminlər X9, X14 və İddiaçı həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu X8 ilə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Göründüyü kimi kredit müqaviləsi üzrə əsas borclu ilə yanaşı birgə məsuliyyət daşımağı yalnız İddiaçı deyil, X9 və X14 da öhdəlik götürmüşlər. Bu səbəbdən məhkəmə tutulmalı olan borcun yalnız İddiaçı tutulmasını ədalətli hesab etmir.

24. Həmçinin icra qeydi ilə əsas borclu X8 da kənarda qalaraq ondan borc tutulmamışdır. Bundan başqa iş materiallarına əlavə olunmuş İsmayıllı Rayon Məhkəməsinin 8(037)-4/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə zamin X5 məxsus “Toyota Prius (hibrid)” minik markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Gələcəkdə qeyd olunan avtomobil hərracdan satılıb tələbkarın borcu ödənilsə hazırki icra qeydi ilə də borclu İddiaçı tutulmalı olan borc tutulsa tələbkar əsassız olaraq varlanmış olacaq və məhkəmədə yeni iddia tələblərinin qaldırılmasına səbəb olacaq.

25. Odur ki, Bakı şəhəri 30 saylı notariat ofisinin 8İ-15678 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi ləğv edilməlidir.

Məhkəmə xərcləri:

26. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Məhkəmə baxışının hədləri:

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə:

28. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri 30 saylı notariat ofisinin 8İ-15678 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi ləğv edilməlidir.

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia təmin edilsin. Bakı şəhəri 30 saylı notariat ofisinin 8İ-15678 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi ləğv edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar