Məhkəmə qərarları › İş №2(007)-1269/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1269/2024

16.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1269/2024 16.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddianı təmin edib, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 74 saylı evin, 12 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 74 saylı evin, 12 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Həmin mənzilli o 13 sentyabr 2021-ci il tarixli AN-l ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X1 almışdır. Sonra isə həmin mənzilə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 02 oktyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə çıxarış almışdır. X6 mənzili satandan sonra öhdəsinə götürmüşdür ki, 1 ay ərzində ailə üzvləri ilə birlikdə mənzildən qeydiyyatdan çıxacaqlar. O bu günə kimi düşünürdü ki, onlar qeydiyyatdan çıxıblar, lakin Asan 5 Xidmət Mərkəzindən əldə etdiyi arayışdan aydın oldu ki, Cavabdeh qeydiyyatda qalıbdır. Cavabdehin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmağı səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır.

İş materialları :

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 74 saylı evin, 12 saylı mənzili İddiaçı mülkiyyətindədir.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X8 və xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar.

5. ünvan 2 tərəfindən təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli, xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan X6 ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili 100000 manata satmışdır. Həmin müqavilənin 13-cü bəndinə əsasən satıcı(lar) xx.xx.2021 tanxinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.

6. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 101 manat dövlət rüsumu ödənilmişdir.

7. ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh əvəzinə X2 Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu X7 ünvanlandırdığı xx.xx.2021-ci il tarixli, **********423 nömrəli ərizəsinin surətindən görünür ki, Cavabdeh qeydiyyatda olduğu və X4 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 74 saylı evin 12 saylı mənzilin satılmasına etiraz etmədiyini, razı olduğunu, müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və daimi qeydiyyatdan çıxmağı öhdəsinə götürdüyünü bildirmişdir. Həmçinin həmin ərizədə X2 Cavabdeh RF X5 şəhərinin notariusu S.S.Kornakov tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 50/138-H/50-2021-1-1092 reyesr nömrəli etibarnamə əsasında əvəz edilməsi qeyd edilmişdir.

Tərəflərin izahatları :

8. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir.

10. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

11. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə X6 arasında xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır və həmin alqı-satqı müqaviləsi əsasında İddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 74 saylı evin, 12 saylı mənzilə mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh mənzil satıldıqdan sonra qeydiyyatdan çıxacağına dair öhdəlik götürməsinə baxmayaraq mübahisəli mənzildən qeydiyyatdan çıxmamışdır. Belə olduğu təqdirdə iddiaçı məhkməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

13. Azərbaycan Respublikası Konstitusiyasının :

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

16. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun :

9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;

17. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolu :

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Məhkəmənin mövqeyi :

18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

19. Hazırda İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbini X6 ilə bağlanmış xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək həmin mənzildən qeydiyyatdan çıxmaması ilə əsaslandırmışdır.

20. Məhkəmə cavabdehin mübahisəli mənzilə olan istifadə hüququnun itirilməsi məsələsinə qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüququnun yaranıb-yaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir. Belə ki, mövcud olmayan hüquqa itirilməsindən söhbət gedə bilməz.

21. Məhkəmə cavabdehin mübahisəli mənzil üzərində istifadə hüququnun yaranıbyaranmaması məsələsinə münasibət bildirərək ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyin yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair müddəalarından göründüyü kimi yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər (MM 228.5.).

22. Belə ki, iş materiallarından göründüyü kimi ünvan 1 ünvanında yerləşən mənzil cavabdehin anası X3 mülkiyyətində olmuşdur.

23. Bu isə ona əsas verir ki, Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi olan X3 ailə üzvü kimi mübahisəli mənzilə istifadə hüququ yaranmışdır.

25. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

26. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəllənin 228.4-cü maddəsi çıxış edir.

27. Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

28. Maddənin məzmunu ona əsas verir ki, mənzil ilə bağlı istifadə hüququ olan şəxs mülkiyyət hüququndan imtina edərək mülkiyyət hüquqularını digər şəxsə keçməsi ilə əlaqədar notarial qaydada təsdiq olunmuş müqavilədən irəli gələn öhdəliyi olduğu halda həmin yaşayış yerinə istifadə hüququda itirilmiş sayılır.

29. İşin faktiki hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X6 tərəfindən İddiaçı satılan zaman, Cavabdeh (əvəzinə etibarnamə üzrə nümayəndəsi) həmin mənzilin satılmasına etiraz etməmiş və həmin mənzildən qeydiyyatdan çıxacağına dair öhdəlik götürmüşdür.

30. Lakin işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxmamışdır.

31. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

32. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir.

33. Avropa Məhkəməsi Sporronq və Lönrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.

34. Bu mənada vurğulamaq lazımdır ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını, həmçinin mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam və istifadə hüququnu məhdudlaşdırır. İddiaçının hazırkı tələbindən aydın olur ki, cavabdehin mənzildə formal olaraq qeydiyyatda qalması mülkiyyətçi kimi onun iradəsinə ziddir.

35. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mənzil iddiaçının mülkiyyətində olduğundan, Cavabdeh Bakı şəhəri 50 saylı notariat ofisində yazdığı xx.xx.2021-ci il tarixli ərizədə həmin mənzilin satılmasına razı olduğundan və alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra müqavilədə göstərilən müddət ərzində qeydiyyatdan çıxacağına dair öhdəlik götürdüyündən, həmçinin cavabdehin uzun müddətdir ki başqa yaşayış yerində yaşadığından, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığından, cavabdehin mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməlidir.

36. Həmçinin məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir.

Nəticə :

37. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 74 saylı evin, 12 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş 101 (yüz bir) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə Cavabdeh ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar