Məhkəmə qərarları › İş №2(007)-130/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-130/2024

21.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-130/2024 21.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüquqlarına xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 8 saylı evin 15 saylı mənzilindən istifadə hüquqlarının xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 8 saylı evin, 15 saylı mənzili mərhum atası X6 məxsus olub. Atası 16 mart 2021-ci ildə vəfat etdikdən sonra həmin mənzilə dair vərəsəliyi qəbul edib. 26 may 2022-ci il tarixdə isə Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən ona ********** qeydiyyat nömrəli çıxarış verilib. Cavabdeh1 isə onun rəhmətlik X1nun həyat yoldaşı olub, Cavabdeh2 isə onların oğludur. X1 27 fevral 2010-cu ildə vəfat edib. Qardaşı vəfat edəndən sonra cavabdehlər atasının onlar üçün tikdirdiyi Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən fərdi evə köçüblər. 10 ildən artıqdır ki, cavabdehlər onun mülkiyyətində olan evdə yaşamır. Cavabdehlərə məxsus heç bir əşya onun mənzilində qalmayıb. Cavabdehlər onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaqları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Qanunun mənasından göründüyü kimi o, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 8 saylı evin, 15 saylı mənzilin xüsusi mülkiyyətçisi olsa belə, mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ayrıca sərəncam vermək üçün cavabdehlərin də razılığı tələb olunur, bu da onun xüsusi mülkiyyətçi kimi hüquqlarını pozur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 8 saylı evin 15 saylı mənzili əvvəllər atası X6 məxsus olub. X28 xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən, müraciətinə əsasən mərhum atasının mirası üzrə 50 saylı notariat kontorunda vərəsəlik işi açılıb və X28 tərəfindən 09 aprel 2014-cü il tarixdə, 50 saylı notariat kontorunda adına rəsmiləşdirilmiş vəsiyyətnamə və bacısı X16 ilə bağlanılmış “Miras qalmış əmlakdan çatası payın əvəzinə kompensassiyanın verilməsi barədə” müqavilə əsasında 50 saylı notariat kontorundan ona xx.xx.2021-ci il tarixli “X15 Hüququ haqqında Şəhadətnamə” verilib ki, həmin şəhadətnamə əsasında da həmin mənzil üzərində onun mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adına xx.xx.2022-ci il tarixli çıxarış verilib. İddia tələbi üzrə cavabdehər Cavabdeh1 və Cavabdeh2 əvvəllər onunla eyni mənzildə yaşasalar da, qardaşı (Cavabdeh1 həyat yoldaşı, Cavabdeh2 atası) X12 27 fevral 2010-cu il tarixdə vəfat etdikdən sonra, cavabdehlər öz istəkləri ilə, özlərinə aid olan bütün əşyaları da çıxarıb aparmaqla, mülkiyyətində olan mənzildən köçüb, daimi yaşamaq üçün Biləcəri qəsəbəsi ərazisində yerləşən və özlərinə məxsus olan fərdi yaşayış evinə köçüb gediblər ki, onlar hazırda da həmin ünvanda yaşamaqla, həmin vaxtdan bir daha mülkiyyətində olan mənzilə qayıtmayıb və bir gün olsun belə onlarla birlikdə yaşamayıblar. Məhkəmənin nəzərinə onu da çatdırmaq istəyir ki, iddia tələbi üzrə hazırki mülki iş məhkəmənin icraatında baxılan zaman cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona və digərlərinə qarşı "vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş mülkiyyət hüququ haqqında çağırışın ləğv edilməsi və məcburi pay hüququnun müəyyən edilməsi" barədə iddia tələbi ilə məhkəməyə müraciət etsələr də, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, İş № e-2(007)-3059/2023 saylı qətnaməsilə onların iddia tələbi rədd edilib, həmçinin cavabdehlər tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayəti də hazırda qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2406/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin edilməyib. Hazırki ərizəsinə əlavə edilmiş, həmin iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, iş № e-2(007)-3059/2023 saylı qətnaməsində də qeyd edilənlərdən: Məhkəmədə şahid qismində dindirilmiş X17, X13, X3, Yüzbaşev Aslan Əbdül-Hüseyn oğlunun, X2 və X18 ifadələrindən, həmin iş materiallarında olan Nizami MKTB-nin 28 saylı MKİS-in xx.xx.2023cü il tarixli, 454 nömrəli arayışından, Qonşuların “AKT”dan, habelə həmin iş üzrə iddia ərzəsinin məzmunundan da aydın göründüyü kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum X1 27 fevral 2010-cu il tarixdə vəfat etdikdən sonra, heç bir mübahisə və münaqişə olmadan, yalnız öz istəkləri ilə onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 8 saylı evin 15 saylı mənzildən köçüb, Biləcəri qəsəbəsi ərazisində yerləşən və özlərinə məxsus olan fərdi yaşayış evinə gediblər ki, onlar hazırda da daimi olaraq həmin ünvanda yaşyırlar. Məhkəmənin nəzərinə onu da çatdırmaq istəyir ki, cavabdehlərin 15 ilə yaxın bir müddətdir ki, onun mülkiyyətində olan mənzildən öz istəkləri ilə, özlərinə aid olan bütün əşyaları da aparmaqla köçüb gedərək başqa ünvanda, Biləcəri qəsəbəsi ərazisində yerləşən, özlərinə məxsus fərdi yaşayış evində daimi olaraq yaşamalarına və mülkiyyətində olan həmin mənzilə ümumiyyətlə ehtiyaclarının olmamasına baxmayaraq, onların yalnız formal olaraq onun mülkiyyətində olan mənzildə qeydiyyatda olması nəticə etibarı ilə öz mülkiyyəti üzərində onun konstitusion hüquqlarının kəskin pozulması ilə yanaşı, həmçinin, cavabdehlərin də əvəzinə hər gün artan mənzilin bəzi kommunal xərclərini ödəmək zərurətini də yaradıb ki, həmin səbəblərdən də hesab edir ki, mülkiyyət hüququ ilə ona məxsus olan həmin mənzildə cavabdehlərin istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Qeyd edilənlərə əsasən mülkiyyətində olan, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 8 saylı evin 15 saylı mənzilində cavabdehər Cavabdeh1 və Cavabdeh2 istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında idiaçı İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında idiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı mübahisəyə 2009-cu il tarixinədək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Tərəflər arasında mübahisəli mənzillə bağlı mübahisə 2009-cu ilədək yaranmışdır. Tərəflər artıq 6 aydan uzun müddətdir ki, 2010-cu ildən müahisəli mənzili tərk etmiş və həmin vaxtdan Biləcəri qəsəbəsi ərazisində yerləşən evdə yaşayırlar. Cavabdehlər mübahisəli mənzili könüllü şəkildə tərk ediblər, heç bir kompensasiyadan söhbət gedə bilməz. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, hazırda başqa ünvanda yaşayır, ev qanunsuz tikilidir, həmin ünvanda neft yataqları var, bir neçə dəfə evini sökmək istəyiblər. Ona görə qeydiyyata düşə bilmir. Amma torpaq sahəsi ona məxsusdur. Ona həmin əmlak işlədiyi müəssisə tərəfindən verilib. Artıq 7 ildir ki, mübahisəli mənzildə yaşayırlar. Məhkəmə iclasında Cavabdeh2 Mehman oğlu iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onların mübahisəli mənzildə yaşamamaqlarının səbəbi onların mənzilə buraxılmamasıdır. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlər 2010-cu ildən sonra mübahisəli mənzildən köçüblər. Cavabdeh1 mübahisəli mənzilə gəlin köçüb, digər Cavabdeh2 isə həmin mənzildə dünyaya gəlib. Hazırda cavabdehlər mübahisəli ünvanda qeydiyyatda qalmaq istəyirlər, gələcəkdə mənzil satılarsa kompensasiya ödənilməsini tələb edə bilərlər. Hazırkı mübahisəyə köhnə Mənzil Məcəlləsi tətbiq edilməli deyil, münasibətlərin yaranma vaxtı cavabdehlərin mənzili tərk etmə vaxtından hesab edilməlidir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** №-si ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. - Asan 5 tərəfindən verilmiş ******* saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2, X14, X20 və X9 ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar. - AZ-İ № 400079 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2010-cu il tarixdə ölmüşdür. - AZ-İ № 158243 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə ölmüşdür. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 1S/2-25825-23 saylı məktubundan görünür ki, Cavabdeh1 xx.xx.1991-ci il, Cavabdeh2 xx.xx.2008-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadırlar. - ünvan 3 xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçılar Cavabdeh2 və X4 cavabdehlər Bakı şəhəri 50 saylı Notariat ofisinə, İddiaçı və X11 qarşı “vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mülkiyyət hüququ haqqında verilmiş çıxarışın ləğv edilməsi və məcburi pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2406/2024 saylı xx.xx.2024-cü il tarixli qətnamədən görünür ki, apellyasiya şikayəti təmin edilməyərək, ünvan 3 iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 2 ünvanında yerləşən mənzil iddiaçı Cavabdeh1 qayınatası X5 mülkiyyətində olmuşdur. X10 16 mart 2021-ci il tarixdə vəfat etmişdir. 09 aprel 2014-cü il tarixdə Mirzə Xankişiyev Bakı şəhəri 50 saylı notariat kontorunda vəsiyyət yazmış, vəsiyyətə əsasən, özünə məxsus olan bütün daşınar və daşınmaz əmlakı oğlu İddiaçı vəsiyyət etmiş, 26 may 2022-ci il tarixdə Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən İddiaçı yuxarıda qeyd olunan mənzil üçün ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdeh1 iddiaçının qardaşı Telman Xankişiyevlə xx.xx.1991-ci ilə nikahda daxil olmuş və elə həmin ildə mübahisəli mənzilə qeydiyyatda alınmışdır. Onların birgə nikahlarından iş üzrə digər cavabdeh olan Cavabdeh2 doğulmuşdur. Cavabdeh2 xx.xx.2008-ci il tarixdən, yəni şəxiyyət vəsiqəsi əldə edərkən valideynlərinin yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyata alınmışdır. Cavabdehlər Telman Xankişiyevin ölümündən sonra mübahisəli mənzildə köçmüşlər. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmaları onun əmlakı üzərində sərbəst şəkildə mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsini məhdudlaşdırır. Cavabdehlər formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmışlar, bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Qeyd olunanlara əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: MPM-in 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müyyənləşdirmişdir. Proses iştirakçılaının izahatlarından və tədqiq edilmiş sübutlardan məlum olur ki, tərəflər arasında yaşayış sahəsindən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri 2000-ci ilədək yaranmışdır. Bu isə o deməkdir ki, mövcud mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olan) normalarına uyğun həll edilməlidir. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Eyni Məcəllənin 60-cı maddəsinin 10-cu bəndinin sonuncu abzasında göstərilmişdir ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehlər mərhum Telman Xankişiyevin ölümündən sonra mübahisəli mənzili tərk etmişlər. Məhkəmənin icraatında olmuş və qanuni qüvvəyə minmiş e-2(007)-3059/2024 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnamədən görünür ki, Nizami MKTB-nin 28 saylı MKİS-in xx.xx.2023-cü il tarixli, 454 nömrəli arayışına əsasən İddiaçı Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 8 saylı evin 15 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır. X8 və onun oğlu Cavabdeh2 qonşuların aktına əsasən 2011-ci ilin mart ayından həmin mənzildən köçüb getmişlər və həmin mənzildə yaşamırlar. Cavabdehlər mənzilə qeydiyyata alınarkən mübahisəli mənzil mərhum Mirzə Xankişiyevin mülkiyyətində olmuş, onun vəfatından sonra isə oğlu, iş üzrə iddiaçının adına xx.xx.2022-ci ildə dövlət qeydiyyatına alınmışdır. Belə ki, cavabdehlər uzun illərdir ki, mübahisəli mənzildə yaşamır və onların qeydiyyatı formal xarakter daşıyır. Cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda qalmaları iddiaçıya mülkiyyətindən maneəsiz istifadə etməyə imkan vermir. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar