Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1300/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İddiaçı Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zəbt edilmiş ərazinin boşaldılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zəbt edilmiş ərazinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən müvafiq prosessual pozuntulara yol vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, məhkəməyə müraciət edilərkən şəxs iddia ərizəsinə və ya onun verilməsinə dair Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş formaya, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl etməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı ərizənin sonunda “Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin rəhbərliyi bu problemin məhkəmə qaydasında həll olunmasına ümid edir, məsələnin müsbət həllinə kömək etməyinizi və onların zəbt etdikləri ərazidən məcburi qaydada çıxarılmasına qərarın verilməsini Sizdən xahiş edir” cümləsini qeyd etmiş, iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət etməmiş, tələbini konkret olaraq göstərməmişdir. Bu yerdə məhkəmə xüsusilə qeyd etməyi zəruri bilir ki, mülki prosessual qanunvericiliyə görə, iddiaçının tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bundan başqa, iddiaçı qiymətləndirilməyən iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, dövlət rüsumu ödəməkdən azad edilməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü bəndinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı isə büdcə təşkilatı olduğu halda, bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan nöqsana görə iddia ərizəsi iddiaçıya qaytarılmalı, nöqsan aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 150, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zəbt edilmiş ərazinin boşaldılması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-1300/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1300/2024
28.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver