Məhkəmə qərarları › İş №2(007)-1334/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1334/2021

12.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1334/2021 12.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Qurbanov Ramil Firuddin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1, cavabdehlər Cavabdeh1, Cavabdeh3, onun nümayəndəsi Nümayəndə2 və Cavabdeh4 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 cəlb edilməklə “mənzillərin və qeyri yaşayış sahəsinin sökülməsi” tələbinə dair mülki işə iddia icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, X2 və Cavabdeh4 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 cəlb edilməklə “mənzillərin və qeyri yaşayış sahəsinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin 13 saylı mənzilinə, Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin 11 saylı mənzilinə, Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin 8 saylı mənzilinə, X1 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin 8 saylı mənzilinə, Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin 13 saylı mənzilinə və 36 kv metr sahəsi olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının 02 il müddətinə məhdudlaşdırılması, həmin mənzillərin və qeyri-yaşayış sahəsinin sökülməsi, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, həmin binanın yerində tikiləcək yeni yüksək mərtəbəli, müasir yaşayış binasında kompensasiya qismində cavabdehlərə mülkiyyətlərində olan mənzillərin və qeyri-yaşayış sahəsinin ümumi sahəsindən 20% artıq sahəsi olan yeni, tam təmirli müvafiq mənzillər və qeyri-yaşayış sahəsinin verilməsi və cavabdehlərin yeni yaşayış binası tikilənədək, müvəqqəti olaraq yaşadıqları əraziyə yaxın yerdə kirayədə yaşamaları üçün hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli, 177 №-li Sərəncamına əsasən, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, Ə.Əzimzadə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2536 və 2537-ci məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi, qeyd edilən torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmiş və həmin ərazidə yerləşən yaşayış binalarının sökülməsi, sakinlərin köçürülməsi və kompensasiyanın verilinəsi İddiaçı MMC-yə həvalə olunmuşdur. Eyni zamanda Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 15 aprel 2014-cü il tarixli, 177 saylı sərəncamının icrası məqsədilə iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına və yaşayış sahələrinin mülkiyyətçilərinə müraciətlər edilmiş və Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən 42 saylı yaşayış binasının və Nəsimi küçəsində yerləşən 16 saylı yaşayış binasının mövcud vəziyyəti barədə məlumatlar əldə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və X9 İnstitutunun rəyinə əsasən qeyd edilən binaların texniki vəziyyəti qeyriqənaətbəxşdir və bina istismara yararsızdır və bina qüvvədə olan tikinti normalarının tələblərinə cavab vermir. Eyni zamanda, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən 42 saylı yaşayış binasının və Nəsimi küçəsində yerləşən 16 saylı yaşayış binasının sökülüb, yerində müasir tələblərə uyğun, yeni yüksək mərtəbəli yaşayış binasının tikilib istismara təhvil verilməsinə 02 il vaxt sərf ediləcəkdir. Yeni yaşayış binası inşa edildikdən sonra, həmin binalardan cavabdehlərə konpensasiya qismində hazırda yaşadıqları mənzillərin ümumi sahəsindən 20% artıq sahəsi olmaqla yeni, tam təmirli mənzillər veriləcək, habelə bina inşa edilib cavabdehlərə təhvil verilənədək, onların yaşadıqları əraziyə yaxın yerdə kirayədə yaşamaları üçün isə hər ay 500 manat kirayə haqqı ödəniləcəkdir. Lakin cavabdehlər hər hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina edirlər. Göstərilən sərəncamın icrası ilə bağlı, İddiaçı MMC tərəfindən həmin ərazidə yerləşən sahə mülkiyyətçiləri əksəriyyəti ilə danışıqlar aparılmış və razılıq əldə olunaraq müvafiq müqavilə bağlanmış və həmin sakinlərə yeni bina inşa edilənədək hər ay kirayə haqqı ödənilir, lakin cavabdehlər hər bir vəchlə hüquqlarından sui-istifadə etməklə, sərəncamın icrası ilə razılaşmayaraq, ədalətsiz məbləğdə qanunla nəzərdə tutulmayan, fantastik kompensasiya tələb etməklə əsassız varlanmaq niyyətindədir və bu hərəkətləri ilə digər mülkiyyətçilərə və şirkətə külli miqdarda ziyan vururlar. Qeyd olunan faktlar və mənzillərin real qiyməti və sahəsi barədə tərəflərindən məhkəməyə rəylər və sübutlar təqdim ediləcəkdir. Bununla belə İddiaçı MMC-nin öhdəliyi olmasa belə humanistlik nümayiş etdirərək, sərəncama əsasən sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri öz üzərinə götürür və mülkiyyətçilərin malik olduqları yaşayış və qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvanda inşa ediləcək yeni çoxmərtəbəli binada yaşayış və qeyri-yaşayış sahəsinin ölçülərindən 20% əlavə ölçülərdə tam təmirli yaşayış və qeyriyaşayış sahələrini onlara verməyi öhdəsinə götürür. Cavabdehlər isə bu məzmunda müqavilə bağlamaqdan imtina etsələr də, belə imtina qanuni hesab edilə bilməz. Belə ki, mülkiyyətlərində olan yaşayış və qeyri-yaşayış sahələrinin qəzalı vəziyyətdə saxlanılıması yaşayış binasının digər mülkiyyətçilərinin hüquqlarını pozur və onların bərpa etmək vəzifələrini həyata keçirməyə maneə olur. Göründüyü kimi, cavabdehlər mülkiyyət hüquqlarından sui-istifadə etməklə Mənzil Məcəlləsi üzrə vəzifələrinin həyata keçirməkdən yayınırlar və bu maraqlı şəxs olaraq İddiaçı MMC-nin hüquqlarını pozur və digər sakinlər qarşısında götürdüyü öhdəliklərin icrasına maneəçilik yaradır. İddiaçı MMC-nin nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin 13 saylı mənzilinə, Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin 11 saylı mənzilinə, Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin 8 saylı mənzilinə, Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin 11 saylı mənzilinə və 36 kv metr sahəsi olan zirzəmidə qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının 02 il müddətinə məhdudlaşdırılması, həmin mənzillərin və qeyri-yaşayış sahəsinin boşaldılması, cavabdehlərin mənzillərindən çıxarılması, həmin mənzillərin və qeyri-yaşayış sahəsinin sökülməsi, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, həmin binanın yerində tikiləcək yeni yüksək mərtəbəli, müasir yaşayış binasında kompensasiya qismində cavabdehlərə mülkiyyətlərində olan mənzillərin və qeyri-yaşayış sahəsinin ümumi sahəsindən 20% artıq sahəsi olan yeni, tam təmirli müvafiq mənzillər və qeyri-yaşayış sahəsinin (zirzəmidə) verilməsi və cavabdehlərin yeni yaşayış binası tikilənədək, müvəqqəti olaraq yaşadıqları əraziyə yaxın yerdə kirayədə yaşamaları üçün hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslnda Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildir və əlavə olaraq qeyd etdi ki, onlarla heç bir razılıq əldə edilməmişdr. Onlarla razılıq olunsa mənzildən çıxarlar. Mənzil yox, pul istəyirlər. Verirsə mənzilin faktiki sahəsinə uyğun mənzil sahəsi verilsinlər. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 və onun nümayəndəsi (atası) Nümayəndə2 iddia tələbini qəbul etmədiklərini bildirdilər və əlavə olaraq qeyd etdilər ki, neçe ildir ki həmin yerdə yaşayırlar. Bundan başqa həmin binada qeyri- yaşayış sahəsi də vardır. Həmin obyektə də sənədi vardır. Buna baxmayaraq iddiaçı tərəfindən onlara heç bir kompensasiya təklif edilməmişdir. İddiaçı MMC ilə razılaşarlarsa oradan çıxarlar. Verirsə mənzilinin faktiki sahəsi mütəxəssis tərəfindən ölçülsün. Mənzilin faktiki sahəsinə uyğun sahə verilsin. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etmədiyini bildirdi bə əlavə olaraq qeyd etdi ki, onlarla heç bir razılıq əldə edilməmişdir. Ona biri iki otaqlı, biri isə bir otaqlı olmaqla iki mənzil verilsə çıxar. O birinci mərtəbədə yaşayıq aşağıda qeyri-yaşayış sahəsi yerləşir. Ona zirzəmidə yox özünü qeyri-yaşayış sahəsinə uyğun yerdə qeyri-yaşayış sahəsi verilsin. Ona görə də, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 adıgedən ünvandakı söküntü işləri ilə bağlı mənzillərdən çıxarılmaları tələbi üzrə iddia tələbini o da dəstəkəyir. Həmin şəxslərin mənzillərini könüllü boşaltmamaları onun da hüquqlarına toxunur və nəzərdə tutulan müddət ərzində onun mənzillə təmin olunmasını qəsdən ləngidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki proseslərində iştirak etmiş Cavabdeh2 nümayəndəsi X7 iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, onun mənzili sənəddə 63.6 kv.m olsa da, faktiki 88 kv.m təşkil edir. onlarla heç bir razılıq əldə edilməmişdir. Ona 250.000, manat pul verilərsə və ya bir iki otaqlı və bir üç otaqlı mənzil versələr razılaşar. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli 177 nömrəli Sərəncamının surətindən görünür ki, İddiaçı MMC-nin 10 oktyabr 2013-cü il tarixli 05 saylı müraciətini nəzərə alaraq, Nizami rayonu, Q.Qarayev prospekti, Ə.Əzimzadə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2536 və 2537-ci məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmiş və həmin ərazidə yerləşən yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi İddiaçı MMC-yə həvalə olunmuşdur. - Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestirindən MH ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0.0963 ha torpaq sahəsində yerləşən 16 nömrəli binanın zirzəmisində yerləşən 35.3 kv.m. sahədən ibarət olan qeyri yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına 06 oktyabr 2006-cı il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestirindən RX ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin 11 saylı mənzili Cavabdeh4 adına 14 sentyabr 2018-ci il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş seriya ÖM 017831 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin 13 saylı mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət kimi 30 sentyabr 1999-cu il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestirindən MA ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin 8 saylı mənzili Cavabdeh2 adına 05 noyabr 2010-cu il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestirindən RX ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin 11 saylı mənzili X11 qızının adına 15.08.202-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və X9 İnstitutunun 21 sentyabr 2015-ci il tarixli rəyinə əsasən qeyd edilən binaların texniki vəziyyəti qeyri-qənaətbəxşdir və bina istismara yararsızdır. Bina qüvvədə olan tikinti normalarının tələblərinə cavab vermir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsijnə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Həmin Məcəllənin 4.2 və 4.2.1-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarədtdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə 25.02.2016-cı il tarixli 86 saylı qərarının 1.1-ci bəndindən görünür ki, Bakı şəhəri Nizami rayon İcra hakimiyyətinin 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümümi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Bakı şəhəri Nizami rayonu üzrə keçən əsrin 50- 60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yeridən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Kəmitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini həyata keçirməsi qərara alınmışdır. Həmin qərarın 1.2, 1.3 və 1.4-cü bəndlərinə əsasən, Bakı şəhəri Nizami Rayon İcra hakimiyyətinin mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə eldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün ümumi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını, tikintiyə başlamazdan əvvəl tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələrinin rayon icra hakimyyətlərinin müraciətləri əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmasını həyata keçirməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı Bakı şəhəri Nizami rayonu ərazisində apardığı tikinti işlərini Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 15 aprel 2014-cü il tarixli, 177 saylı sərəncamı ilə həyata keçirsə də, sonradan 26 fevral 2016-cı ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı şəhərinin bir neçə rayonlarında, o cümlədən Nizami rayonu ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerinə müasir tələblərə uyğun yenilərinin tikilməsini və qəzalı vəziyyətdə olan binalarda yışayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını qərara almışdır. Məhkəmə hesab edir ki, cavabdehlərin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehlərə mənzillərinin sahəsinə 20 faiz əlavə sahə olmaqla yeni mənzillər verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onlarla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilmələri üçün hər birinə 500 manat məbləğində kirayə haqq ödənilməsini öhdəliyini İddiaçı MMC öz üzərinə götürür. Göründüyü kimi, tikinti işlərini aparan iddiaçı tərəfindən cavabdehlərə edilən həmin təkliflər, Sərəncamla İddiaçı MMC-nin üzərinə qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MMC bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir, mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu hüquqi mövqeyin davamı olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və X9 İnstitutunun 21 sentyabr 2015-ci il tarixli rəyindən görünür ki, qeyd edilən binaların texniki vəziyyəti qeyri-qənaətbəxşdir və bina istismara yararsızdır. Bina qüvvədə olan tikinti normalarının tələblərinə cavab vermir. Məhkəmə hesab edir ki, cavabdehlərin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşamaları gələcəkdə məhz cavabdehlər üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nın irəli sürdüyü təklifdən də görünür ki, təkliflər günün tələblərindən də artıqdır və kifayət qədər ədalətli və ağlabatandır, təkliflərin icrasının dərhal həyata keçirilməsinə Sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MMC tərəfindən hər hansı maneə yoxdur. İddiaçı tərəfindən vaxtında öz üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi həmin evdə yaşayan digər sakinlərin də hüquqlarının vaxtında reallaşmasına maneə yarada bilər. Məhkəmə bu zaman xüsusilə qeyd edir ki, Sərəncamı icra edən İddiaçı MMC tərəfindən cavabdehlərin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehlərə mülkiyyətlərində olan əmlakın müqabilində ədalətli təkliflər edilir. Bu isə, cavabdehlərin öz mülkiyyətlərində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Cavabdehlər tərəfindən də məhkəmə prosesi zamanı mənzillərinin sökülərək əvəzinə yeni tikiləcək müasir binada tam təmirli yeni mənzillərin verilməsinə etiraz edilməmiş, lakin veriləcək mənzillərin sahəsində və ya mənzillərə görə pul əvəzinin verilməsində mübahisələrinin olması bildirilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı konteksində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Məhkəmə onu da qeyd edir ki, cavabdehlərin məhkəmə iclasında verdikləri izahatlarında razılıq üçün qeyd etdikləri tələblər, İddiaçı MMC-nın kifayət qədər əlverişli şərtlərlə və ağlabatan təklifləri ilə razılaşmamaları onların hüquqdan sui-istifadə etmələri kimi qiymətləndirilməlidir. Belə ki, İddiaçı MMC tərəfindən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi həyata keçirilsə də, ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehlərin mübahisəli mənzillərlə əlaqədar, faktiki olaraq ümumi sahəsindən 20 faiz artıq sahəsi olan mənzillər, habelə mənzillər hazır olanadək kirayə bazarına uyğun məbləğdə kirayə haqlarının ödənilməsini təklif edən İddiaçı MMC ilə razılaşmamaları onların hüquqdan suiistifadə etmələri kimi qiymətləndirilməlidir. Bu sui-istifadə isə, cavabdehlərin mənzillərə görə MMC-dən əsassız olaraq real olmayan qiymət tələb etmələrində və ya şərtlər irəli sürmələrində ifadə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, cavabdehlər İddiaçı MMC tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından sözügedən Sərəncamı icra edən iddiaçıya ziyan vuran şəkildə sui-istifadə edirlər ki, onların bu hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər işlər üzrə gəldiyi hüquqi mövqeyindən irəli gələrək diqqətə çatdırılmalıdır ki, mülkiyyətçiyə istismar müddətini bitirmiş, texniki vəziyyətinə görə yolverilməz hesab edilən yaşayış sahəsinin əvəzinə ona daha üstün şəraitli, təmirli yeni tikilmiş və bütün kommunikasiya ilə təchiz edilmiş yaşayış sahəsinin verilməsi heç də onun mülkiyyət hüququna müdaxilə kimi qəbul edilməməli və qiymətləndirilməməlidir. Məhkəmə qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Hazırki işdə, tikiləcək çoxmərtəbəli yaşayış binasından veriləcək mənzillərin dəyərinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün məhkəmə hər hansı əsas müəyyən etməmişdir. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstanaqarşı iş). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin 13 saylı mənzilinə, Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin 11 saylı mənzilinə, Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin 8 saylı mənzilinə, Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin 11 saylı mənzilinə və zirzəmidə olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları 02 il müddətinə məhdudlaşdırmalı, həmin mənzillər və qeyri-yaşayış sahəsi boşaldılmalı, bu mənzillər və qeyri-yaşayış sahəsi sökülməli, həmin binanın yerində tikiləcək yeni yüksək mərtəbəli, müasir yaşayış binasında kompensasiya qismində cavabdehlərə mülkiyyətlərində olan mənzillərin və qeyri-yaşayış sahəsinin (zirzəmidə) ümumi sahəsindən 20% artıq sahəsi olan yeni, tam təmirli müvafiq mənzillər və qeyri-yaşayış sahəsinin verilməli, cavabdehlərin yeni yaşayış binası tikilənədək, müvəqqəti olaraq yaşadıqları əraziyə yaxın yerdə kirayədə yaşamaları üçün hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin 13 saylı mənzilinə, Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin 11 saylı mənzilinə, Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin 8 saylı mənzilinə, Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin 11 saylı mənzilinə və onun zirzəmidə yerləşən qeyriyaşayış sahəsinə dair mülkiyyət hüquqları 02 il müddətinə məhdudlaşdırılsın. Həmin mənzillər və qeyri-yaşayış sahəsi cavabdehlər tərəfindən boşaldılmaqla, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin 13 saylı mənzili, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin 11 saylı mənzili, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin 8 saylı mənzili, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin 11 saylı mənzili və ona məxsus qeyri-yaşayış sahəsi İddiaçı MMC tərəfindən sökülsün. Həmin binanın yerində tikiləcək yeni yüksək mərtəbəli, müasir yaşayış binasında kompensasiya qismində cavabdehlərə mülkiyyətlərində olan mənzillərin və qeyri-yaşayış sahəsinin ümumi sahəsindən 20% artıq sahəsi olan yeni, tam təmirli müvafiq mənzillər və qeyri-yaşayış sahəsinin (zirzəmidə) 02 (iki) il müddətinə verilməsi öhdəliyi İddiaçı MMC-yə həvalə edilsin. Cavabdehlərin yeni yaşayış binası tikilənədək, müvəqqəti olaraq yaşadıqları əraziyə yaxın yerdə kirayədə yaşamaları üçün hər ay 500 (beş yüz) manat kirayə haqqının ödənilməsi vəzifəsi İddiaçı MMC-yə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar