Məhkəmə qərarları › İş №2(007)-1339/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1339/2025

01.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1339/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəyən 227 manat maddi ziyanın, iddia ərizəsinin təqdim olunası üçün nəzərdə tutulan 30 (otuz) manat dövlət rüsumunun və iki təqvim ayından artıq müddətdə ona dəyən mənəvi və psixoloji ziyanın, həmçinin vaxt itikisinin əvəzi olaraq 400 (dörd yüz) manat təzminatın (cəmi 657 (altı yüz əlli yeddi manat)) manat 16 rəqəmi göstərilən bank kartına və ya qoşmaya əlavə olunan bank rekvizitlərinə ödənilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2025-ci ildə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona dəən maddi ziyana görə 227 manat məbləğin, mənəvi ziyana görə 400 manat məbləğin, məhkəməyə müraicət etmək üçün ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, , 20 noyabr 2024-cü il tarixində ona məxsus 4169 7388 7371 2511 rəqəmlərindən ibarət olan kart hesabından Türkiyə Respublikasında fəaliyyət göstərən ZARA brendinə məxsus onlayn mağazadan geyim alınıb ölkəyə çatdırılaraq ona təhvil verilməsi üçün AZ1119, ünvan 1 ünvanında qeydiyyatda olan, ********** saylı VÖEN və “EXPARGO” brendi adı altında fəaliyyət göstərən Cavabdeh hesabına 267 (iki yüz altmış yeddi manat) məbləğində vəsait köçürüb. Həmin vəsait qarşılığında cəmi 40 (qırx) manat dəyirində geyim alınıb ona təhvil verilib, geri qalan 227 manat məbləğində isə heç bir mal verilməyib və ya pul vəsaiti geri ödənilməyib. Bundan sonra 28 noyabr 2024-cü il tarixindən etibarən dəfələrlə mobil tətbiq üzərindən, əlavə olaraq çağrı mərkəzinə çoxlu sayda zənglər edərək pulunun geri qaytarılması üçün müraciətlər ediblər. Bunlardan əlavə olaraq https://www.expargo.com/contact internet səhifəsidə qeyd olunan 28 May küçəsi 17B, (“ABB” ilə üzbəüz) Bakı, AZ1014, Nəsimi rayonu - ünvanına yaxınlaşaraq həmin tələbinin yerinə yetirmələrini xahiş edib. Əlavə olaraq həmin müəssisənin Biləcəri qəsəbəsi, Yəhya Hüseynov 59, Biləcəri dairəsinin yaxınlığında (Qədim Qəbələ restoranının yanı) yerləşən filialına da eyni müraciətini edib. Bütün bu cəhdləri qarşısında cavabdeh tərəfin nümayəndələri tərəfindən “sorğunuz qısa zamanda icra olunacaq və ya müraciətlərin çoxluğuna görə ödəmə bir neçə gün ərzində olacaq” kimi gecikdirici və yalan məlumatlar verib. Ən son 17 yanvar 2025-ei il tarixində çağrı mərkəzinə ((012) 2100085) zəng edərək 2 iş günü ərzində ödənişi həyata keçirmədikləri təqdirdə toplanmış sənədləri məhkəməyə verəcəyi barədə məlumatlandırıb. Zəngin səs qeydini qarşı tərəfə məlumat verərək telefonunda qeyd edib və ehtiyac olduğu təqdirdə məhkəməyə təqdim etməyə hazırdır. Vətəndaş olaraq ilk öncə məsələnin həllini hüquq orqanları məşğul etmədən həll etməyə çalışıb, lakin bütün bu səylərinə baxmayaraq həmin tələbi nəticəsiz qalıb. Ona dəyən 227 manat maddi ziyanın, iddia ərizəsinin təqdim olunası üçün nəzərdə tutulan 30 (otuz) manat dövlət rüsumunun və iki təqvim ayından artıq müddətdə ona dəyən mənəvi və psixoloji ziyanın, həmçinin vaxt itikisinin əvəzi olaraq 400 (dörd yüz) manat təzminatın (cəmi 657 (altı yüz əlli yeddi manat)) yuxarıda 16 rəqəmi göstərilən bank kartına və ya qoşmaya əlavə olunan bank rekvizitlərinə ödənilməsini tələb edir. Yaranan bu halı hüquqlarının tapdalanması və ödəniş etdiyi Cavabdeh MMC-nin dələduzluq ilə məşğul olması halı kimi qiymətləndirir və məsələnin həllini Azərbaycan Respublikasının ədaləti təmin edən məhkəmə sisteminə həvalə edir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir.

İş materialları:

4. İddiaçı “Expargo”da olan profilindən görünür ki, onun TRY balansında 4679,10 TL məbləğində vəsait mövcuddur.

5. Məhkəməyə İddiaçı məxsus bank hesabından çıxarış təqdim edilmişdir.

6. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları:

7. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddianın mənəvi ziyanla bağlı hissəsi ilə bağlı qeyd edir ki, onun vaxtı və enerjisi gedib. O, gödəkçə sifariş edib, cavabdeh gödəkçəni vaxtında çatdırmalı idi, sonra həmin məhsul bitib, lakin cavabdeh ödənişi ona geri qaytarmayıb. O, bir neçə dəfə cavabdeh cəmiyyətdə olub, işdən icazə alıb, məhkəmə iclaslarında iştirak edib.

8. Cavabdehin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddianı cavabdehə ödənilmiş pul vəsaiti hissəsində qəbul edirlər. İddianın digər hissəsi əsassız olduğun və heç bir sübutla təsdiq edilmədiyindən həmin hissədə rədd edilməsini xahiş edirlər.

9. Məhkəmə işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

Məhkəmə baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir.

12.Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

İşin faktiki halı:

13. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ona məxsus olan bank hesabından ödəniş etməklə Cavabdeh MMC-nin hesabında 267 manat məbləğində vəsait köçürüb. Həmin vəsaitdən 40 manat təyinatı üzrə istifadə edilməklə müvafiq mal alınmış, qalan 227 manat üzrə heç bir mal alınmamış və həmin pul iddiaçıya geri qaytarılmamışdır. Hazırda iddiaçı həmin 227 manatı və mənəvi ziyanın əvəzi olaraq 400 manat məbləğində pulu tələb edir. Cavabdeh isə iddia tələbinin “maddi ziyanın ödənilməsi” hissəsinə etiraz etməyərək, iddia tələbini qismən qəbul etmişdir. Məhkəmənin mövqeyi:

14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.

15. Məhkəmə iddiaçının “227 manat maddi ziyanın ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır.

16. Məhkəmə iddia tələbinin “400 manat mənəvi ziyanın ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.

17. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.

18. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

19. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir.

20. Belə ki, fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır.

21. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

22. Belə ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi “400 manat məbləğində mənəvi zərərin ödənilməsi” hissəsində təmin edilməməlidir.

Nəticə:

23. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 227 manat məbləğində maddi ziyan tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri:

24. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir.

26. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 19 manatı iddiaçıya, 11 manatı cavabdehə aid edilməlidir.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 227 manat məbləğində maddi ziyan və ödənilmiş 11 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 19 manatı İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar