Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1368/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi” Qaydalarının 4.8-ci bəndinə əsasən direktor müavini vəzifəsində işlədiyi məktəbdə dərs yükü olduğu halda onu direktor müavini kimi müddətli əmək müqaviləsinə xitam verildiyi gündən qanuna müvafiq qaydada Sabunçu rayonu 108 nömrəli məktəbdə ixtisası üzrə riyaziyyat müəllimi kimi işlə təmin etmədikləri üçün və buna görə onun Təhsil Nazirliyi tərəfindən keçirilən direktorların işə qəbul imtahanında iştirakdan məhrum edən “X1 Qanunun” tələblərinə əməl etməyərək etdiyi müraciət xx.xx.2022-ci il tarixində saat 11:23 də alınsa da hal hazıradək ona heç bir rəsmi cavab verməyərək hüquqlarını kobud şəkildə pozan Sabunçu rayonu 108 nömrəli məktəbin direktoru işləmiş Cavabdeh əməllərinin qanunsuz hesab edilməsi barədə etdiyi qanunsuz əməllərlə ona maddi və mənəvi ziyan vuran onun və ailə üzvlərinin sarsıntı keçirməsinə və etdiyi ədalətsizliklərə və qanunsuzluqlara görə səhhətindəki problemlərin yaranmasına və uzun müddət müalicə almağına səbəbkar olan Cavabdeh ona 50000 (əlli min) manat məbləğində təzminat (kompensasiya) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, ona maddi və mənəvi ziyan vuran onun və ailə üzvlərinin sarsıntı keçirməsinə və etdiyi ədalətsizliklərə və qanunsuzluqlara görə səhhətindəki problemlərin yaranmasına və uzun müddət müalicə almağına səbəbkar olan, onu 3 ay işsiz saxlayan və buna görə də bir tədris ili minimum dərs saatıyla işləməyinə səbəbkar olan Cavabdeh ona maddi ziyana görə 20000 manat, mənəvi ziyana görə 30000 manat məbləğində təzminat (kompensasiya) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi” Qaydalarının 4.8-ci bəndinə əsasən o, ixtisası üzrə işlədiyi məktəbdə müəllim kimi işlə təmin etmədiyi üçün bununla bağlı etdiyi müraciətə “X1 qanunun” tələblərinə uyğun heç bir rəsmi cavab verilmədiyinə görə onu qanunsuz olaraq işsiz saxladıqları üçün və buna görə Təhsil Nazirliyi tərəfindən keçirilən direktorların işə qəbul imtahanında iştirakdan məhrum etdikləri üçün ona maddi və mənəvi ziyan vurulduğu üçün hüquqları pozulduğuna görə Cavabdeh əməllərinin qanunsuz hesab edilməsi və ona dəymiş maddi və mənəvi ziyana görə təzminat (kompensasiya) ödənilməsiylə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin K-682 nömrəli əmriylə onunla təlim- tərbiyə işləri üzrə direktor müavini kimi bağlanmış müddətli əmək müqaviləsi uzadılmayaraq Əmək Məcəlləsinin 68-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2022-ci il tarixində xitam verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 fevral 2014-cü il tarixli 205 nömrəli əmri ilə əlavə edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş mövcud Qaydaların 4.8-ci bəndinə əsasən ümumi təhsil müəssisələrinin ixtisası üzrə dərs yükü ilə təmin edilmiş direktor müavinlərinin tutduqları vəzifədən azad edilərkən işlədikləri məktəbdə müəllim kimi saxlanması və ya həmin müəsissədə vakant yer olmadığı halda rayonun (şəhərin) müvafiq fənn üzrə müəllimə tələbatı olan digər məktəbində müəllim kimi işlə təmin edilməsi rayon (şəhər) təhsil şöbəsi (idarəsı) ilə razılaşdırmaqla ümumi təhsil müəssisəsinin direktoru tərəfindən həyata keçirilir. Bakı Şəhəri Sabunçu Rayonu 108 nömrəli məktəbin direktoru işləmiş Cavabdeh mövcud Qaydaların 4.8-ci bəndinin tələblərinə əməl etməyərək məktəbdə ixtisası üzrə dərs yükü olduğu halda onu müəllim vəzifəsinə təyin etməmişdir. O, bununla bağlı Cavabdeh yazılı şəkildə 19 iyul 2022-ci il tarixli ərizə ilə müraciət edərək mövcud təlimata əsasən onu ixtisası üzrə müəllim vəzifəsinə təyin etməsini xahiş etsə də "Vətəndaşların Müraciətləri haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə əməl olunmamış, müraciəti 19 iyul 2022 tarixində ona çatan xəbərnaməyə əsasən alınsa da ona 108 nömrəli məktəbin direktoru vəzifəsində işləmiş Cavabdeh heç bir rəsmi cavab verməmişdir. Bununla bağlı aidiyyəti orqanlara və Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət etsə də "X1 Qanunun" tələblərini pozan Cavabdeh əməlləri qanunsuz hesab edilərək onun haqqında qanuna müvafiq qaydada heç bir tədbir görülməmişdir. O, Təhsil Nazirliyi tərəfindən keçirilən direktorların işə qəbul imtahanında iştirak etmək istəsə də məktəbin direktoru Cavabdeh Təhsil Nazirliyinin mövcud təlimatının 4.8-ci bəndinə əməl etməyərək onu qanunsuz olaraq işsiz saxladığı üçün elektron ərizəsi Təhsil Nazirliyi tərəfindən qəbul olunmamışdır. Təhsil Nazirliyinin 11 avqust 2022-ci il tarixli cavab məktubunda bildirilir ki, "Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirakla əlaqədar müraciətiniz müsabiqə şərtlərinə uyğun gəlmədiyi üçün elektron ərizəniz qəbul olunmamışdır. Müsabiqənin şərtlərinə əsasən namizədlərin 5 il pedaqoji stajı olmalı və mütləq hazırda ümumitəhsil müəsissəsində pedaqoji fəaliyyətlə məşğul olması əsas şərt kimi qəbul edilir. Onun 25 il pedoqoji stajı olsa da 04 iyul 2022-ci il tarixində direktor müavini kimi müddətli əmək müqaviləsinə xitam verilsə də onu qanunsuz olaraq müəllim vəzifəsinə təyin etməyərək işsiz saxladıqları üçün onun Direktorların işə qəbul müsabiqəsində iştirakla bağlı elektron ərizəsi qəbul olunmamışdır. Onun hüquqları kobud şəkildə pozulmuşdur. O, Bakı şəhərində yerləşən ümumitəhsil müəsissələrinin təlim-tərbiyə işləri üzrə direktor müavinlərin imtahan müsabiqəsində yüksək nəticə göstərərək 01 oktyabr 2021-ci il tarixində şəffaf şəkildə öz biliyi ilə direktor müavini vəzifəsinə işə təyin olunduğu ilk gündən məktəbin direktoru Cavabdeh ondan işindən imtina etməyini tələb edərək vəzifə funksiyalarını yerinə yetirməyinə maneçilik törədərək vəzifə səlahiyyətlərinə aid olan heç bir sənədi ona vermədi və onu heç bir sənədlə tanış etmədi. O, məcbur qalaraq 20 oktyabr 2021-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yazılı müraciət ünvanladı. Ona çatan xəbərnaməyə əsasən 25 oktyabr 2021-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə daxil olan məktubu məqsədli şəkildə daxil olduğu gündə qeydiyyata alınmayaraq gizlədildi və ona heç bir köməklik göstərilmədi. Onun Bakı Şəhəri Üzrə Təhsil İdarəsinə 25 oktyabrda daxil olan müraciətinin nəyə görə daxil olunduğu gündə qeydiyyata alınmamasının səbəbi barəsində etdiyi çoxsaylı müraciətlərinə də heç bir qənaətbəxş və qanuna müvafiq cavab verilmədi. Şəffaf şəkildə öz biliyi ilə direktor müavini vəzifəsinə təyin olunduğu üçün Cavabdeh onun işləməyinə maneçilk törətməklə onunla direktor müavini kimi bağlanmış müddətli əmək müqaviləsinin uzadılmamasına nail oldu. Eyni zamanda ona qarşı edilən ədalətsizlik və haqsızlıqlara görə o və ailə üzvləri ciddi sarsıntı keçirtdilər. Ona qarşı olan haqsızlıqlara görə onun və yaxınlarının səhhətində ciddi problemlər yarandı. O, səhhəti ilə əlaqədar uzun müddət müalicə aldı.108 nömrəli məktəbin direktoru işləmiş Cavabdeh “X1 Qanunun" tələblərinə əməl etməyərək etdiyi müraciəti cavabsız saxladığı üçün və Təhsil Nazirliyinin mövcud təlimatın 4.8-ci bəndinə əməl etməyərək onu işsiz saxladığı üçün və buna görə onun Təhsil Nazirliyi tərəfindən keçirilən direktorların işə qəbul imtahanında iştirak etməkdən məhrum edərək hüquqlarını kobud şəkildə pozduğu üçün onun haqqında müvafiq qaydada tədbir görülməsi ilə bağlı aidiyyəti qurumlara və Bakı Şəhəri Üzrə Təhsil İdarəsinə müraciət etsə də heç bir nəticəsi olmamış və onun haqqında bu qanunsuzluqlarına görə qanuna müvafiq qaydada heç bir tədbir görülməmişdir. O, eyni zamanda işə bərpa ilə bağlı Nəsimi Rayon Məhkəməsinə də iddia ərizəsi ilə müraciət etmişdi. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4417/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qətnaməsinə əsasən işdən azad olunduğu tarixdən dərs yükü verilən fənn üzrə müəllim kimi işlə təmin edilməyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və 108 nömrəli məktəbə həvalə edilmişdir. Cavabdeh ona həm maddi, həm də mənəvi ziyan vurduğu üçün ona 50000 (əlli min) manat məbləğində təzminat ödəməlidir. O, Lerik rayonunun Orand kəndində 5 il müəllim, 19 il fasiləsiz olaraq direktor vəzifəsində çalışmışdır. Çalışdığı müddətdə heç bir intizam tənbehi almamışdır. Dəfələrlə Lerik Rayon Təhsil Şöbəsi, həmkarlar təşkilatı YAP-sı tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur. İşlədiyi əvvəlki təhsil müəssisəsi də həm nizam-intizamı ilə həm də nəticələri ilə fərqlənən məktəblərdən biri olub. Ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərinə köçmək məcburiyyətində olduğundan və Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrin təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin imtahan müsabiqəsində uğurlu nəticə göstərdiyindən öz ərizəsi əsasında Lerik rayonun Orand kənd tam orta məktəbin direktoru vəzifəsindən 28 sentyabr 2021-ci il tarixində işdən azad olunub. 01 oktyabr 2021-ci il tarixində Sabunçu rayonu 108 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub. Öz biliyi ilə şəffaf gəldiyi üçün Cavabdeh məqsədli şəkildə onun hüquqlarını kobud şəkildə pozaraq ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. İnsan hüquq və azadlıqların konstitutsiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qarunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər ölkədə xalqın iradəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul olunan beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənməsi və ona hörmət olunması məhkəmə işinin səmimiliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə bütövlükdə cəmiyyətin etimadına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında bunu belə ifadə etmişdir .Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh onunla müddətli müqavilə bağlayıb 01 oktyabr 2021-ci ildən 01 iyul 2022-ci il tarixədək. Direktor onunla işləmək istəmirdi. Müqavilənin müddəti 01 iyul 2022-ci il tarixdə bitəndə müqaviləyə xitam verdi. Təlimata əsasən direktor müavini işdən azad ediləndə dərs yükü varsa müəllim kimi işdə saxlanmalı idi. Onun 10 saat iş yükü vardı. O, müəllim kimi tam iş saatı ilə təmin olunmalı idi. Məhkəmə qətnaməsindən sonra məcbur olub 26 nömrəli məktəbə müəllim kimi təyin olundu. 01 iyul 2022-ci il tarixində direktor müavini kimi müqaviləsi bitmişdir. Lakin müəllim kimi 56 gün məzuniyyətləri olur. Həmin müddətin maaşını və 26 avqustda işə çıxırlar həmin vaxtdan 14 sentyabradək olan maaşını almamışdır.14 sentyabrdan yeni iş yükü müəyyən olunur. 108 nömrəli məktəbdə müəllim kimi əmək müqaviləsi bağlamamışdır, lakin müəllim kimi dərs saatı var idi. 108 nömrəli məktəbdə müəllim kimi dərs dediyi ödənilməyən əmək haqqını, son haqq-hesabı və məzuniyyət pulunun verilməməsi nəticəsində ona 20000 manat mənəvi ziyan dəymişdir. Bütün bu olanlardan səhhətində problemlər yaranıb. Bu səbəbdən kompensasiya olaraq 20000 manat məbləğində maddi ziyan və 30000 manat mənəvi ziyan tutulmasını xahiş edir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, İddiaçı direktor müavini vəzifəsinə təyin edilmişdir. Məktəbin direktoru və direktor müavini dərs deməyə bilərlər. Yalnız dərs saatı olanda onlar Bakı Şəhəri Təhsil İdarəsinə müraciət edirlər, onlara dərs saatı verilir. Lakin riyaziyyat müəllimi vakansiyası olmadığından dərs saatı yox idi. Direktor və müavinə dərs saatı yazılanda digər müəllimlərin razılığı ilə yazılır. Çünki onların dərs saatlarından götürülüb verilir. İddiaçı çox xahiş etdi ehtiyacı olduğunu dedi o, da riyaziyyat fənni üzrə dərs keçən müəllimdən xahiş edərək ona 10 saat dərs verdi. Əvəzetmə kitabını müavin yazıb işləməli idi, 9 ay ərzində heç işləməmişdir. Təhsil Nazirliyindən dedilər ki, özün işlə. İddiaçı 19 il direktor vəzifəsində işləsə də heç nə bilmirdi. Jurnalları işləyə bilmirdi. Şiddətli töhmət verildi axırıncı xəbərdarlıqla. Dayanmadan şikayət edirdi, 6 ayadək bülletenə çıxdı. Evində repititorluq edirdi. Bülleteni də kənddə həkim vermişdir, saxta idi. Bakıda yaşayırdı büllütüni kənd həkimi vermişdi. Yazığı gəldiyi üçün həkimi şikayət eləmədi. Həkim yalvardı ki, işindən olmasın. 5 dəfə Daxili Nəzarət gəlib, prokurorluğa verib. Onun işə götürüb işdən çıxarmaq səlahiyyəti yoxdur. Bu, Bakı Şəhəri Təhsil İdarəsinin səlahiyyətindədir. Bakı Şəhəri Təhsil İdarəsi ilə müəllim kim müqavilə bağlanır, sonra məktəbə göndərilir və direktor əmri verir. Müqaviləsi müddətli idi. Onlarda riyaziyyat müəllimi vakansiyası yox idi. İyulun 1-dən müəllim məzuniyyətə çıxır, elə o vaxtdan da müqavilənin müddəti bitdiyində görə işdən çıxıb və ona ödənilməli olan son haqq-hesabı, maaşı və məzuniyyət pulunun hamısını alıb. 26 nömrəli məktəbdə dərs saatı çox olduğu üçün oranı seçdi getdi. Qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
İş materialları:
6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4417/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı işdən azad olunduğu tarixdən dərs yükü verilən fənn üzrə müəllim kimi işlə təmin edilməsi, İddiaçı işdən azad olunduğu tarixdən dərs yükü verilən fənn üzrə müəllim kimi Bakı şəhəri C.Nurməmmədov adına 108 nömrəli tam orta məktəbində işlə təmin edilməsi cavabdehlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Bakı şəhəri C.Nurməmmədov adına 108 nömrəli tam orta məktəbinə həvalə edilməsi, İddiaçı işdən azad olunduğu gündən dərs yükü verilən fənn üzrə müəllim kimi işlə təmin edilən günədək buraxılmış müddət üçün əmək haqqı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Bakı Baş Səhiyyə Mərkəzinin 28 aprel 2022-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrinə müraciəti qeydə alınmamışdır.
8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2344/2022 saylı, 30 iyun 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı “intizam tənbehi barədə əmrin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi təmin edilməmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6286/2022 saylı, 27 oktyabr 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2344/2022 saylı, 30 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1140/2023 saylı, 13 mart 2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6286/2022 saylı, 27 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8520/2023 saylı, 18 may 2023-cü il tarixli qərardadının surətindən görünür ki, İddiaçı cavabdehlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Sabunçu Rayon 108 nömrəli tam orta məktəbin direktoru Cavabdeh qarşı “kompensasiya və s.” tələbinə dair iddiası mümkün sayılmamışdır.
12. Əmək qabiliyyətinin olmaması barədə vərəqələrdən görünür ki, 07 fevral 2022-ci il tarixdən 27 mart 2022-ci il tarixədək, 11 may 2022-ci il tarixdən 03 iyun 2022-ci il tarixədək və 19 iyun 2022-ci il tarixdən 25 iyun 2022-ci il tarixədək işdən azad edilmişdir. 01 iyul 2022-ci il tarixdə işə başlamalıdır.
13. ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, 01 sentyabr 1997-ci il tarixdə Orand kənd orta məktəbinə müəllim vəzifəsinə təyin edilmişdir. 18 sentyabr 2002-ci il tarixdə həmin məktəbdə direktor vəzifəsinə təyin edilmişdir. 29 sentyabr 2021-ci il tarixdə vəzifədən azad edilmişdir. 01 oktyabr 2021-ci il tarixdə 108 nömrəli tam orta məktəbdə 01 iyul 2022-ci il tarixədək 1 ştat vahidi ilə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. 04 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin, 2-ci hissəsinin “b” bəndinə əsasən vəzifəsinə xitam verilmişdir. 29 sentyabr 2022-ci il tarixdə Xəzər rayonu İ.Tağıyev adına 26 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi vəzifəsinə təyin edilmişdir.
14. Çıxarışdan görünür ki, İddiaçı direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirakı ilə əlaqədar müraciəti müsabiqə şərtlərinə uyğun gəlmədiyi üçün elektron ərizə qəbul olunmamışdır. İşin faktiki halları:
15. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 01 sentyabr 1997-ci il tarixdə Orand kənd orta məktəbinə müəllim vəzifəsinə, 18 sentyabr 2002-ci il tarixdə həmin məktəbdə direktor vəzifəsinə təyin edilmişdir. 29 sentyabr 2021-ci il tarixdə vəzifədən azad edilmişdir. 01 oktyabr 2021-ci il tarixdən 108 nömrəli tam orta məktəbdə 01 iyul 2022-ci il tarixədək direktor müavini vəzifəsinə təyin edilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin K- 682 nömrəli əmri ilə 04 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin, 2-ci hissəsinin “b” bəndinə əsasən vəzifəsinə xitam verilmişdir. 29 sentyabr 2022-ci il tarixdə Xəzər rayonu İ.Tağıyev adına 26 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi vəzifəsinə təyin edilmişdir. Hazırda iddiaçı ona maddi və mənəvi ziyan vuran onun və ailə üzvlərinin sarsıntı keçirməsinə və etdiyi ədalətsizliklərə və qanunsuzluqlara görə səhhətindəki problemlərin yaranmasına və uzun müddət müalicə almağına səbəbkar olan, onu 3 ay işsiz saxlayan və buna görə də bir tədris ili minimum dərs saatıyla işləməyinə səbəbkar olan Cavabdeh ona maddi ziyana görə 20000 manat, mənəvi ziyana görə 30000 manat məbləğində təzminat (kompensasiya) ödənilməsini tələb edir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
17. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi” Qaydaları:
4.1-ci bəndinə əsasən təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə, xüsusi tipli ümumi təhsil müəssisələrinə (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəblərinə) və peşə liseylərinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı hər il Nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir.
18. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil, təlim - tərbiyə müəssisələrinin rəhbər, inzibati - təsərrüfat, tədris - köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında normaları”: 3-cü bəndinə əsasən məktəb direktorları, onların müavinləri əsas iş üzrə müvafiq qaydalar əsasında tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq dərs ilinin əvvəlində tarifləşmə siyahısına salınmaqla həftədə 12 saata qədər dərs apara bilərlər, o cümlədən psixoloqlara, uşaq birliyi rəhbərlərinə tam vəzifə maaşı almaqla işlədikləri təhsil müəssisələrində ixtisasları üzrə həftədə 12 saata qədər dərs verilə bilər”
19. Təhsil Nazirliyinin 04 avqust 2017-ci il tarixli 236 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində müəllimlərin və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”
5-ci bəndinə əsasən isə direktor və direktor müavinləri yalnız rəhbər vəzifədən azad olunduqları və müəllim kimi saxlandıqları təqdirdə onların qiymətləndirmə nəticəsi dərs yükünün müəyyənləşdirilməsi zamanı nəzərə alınır.
20. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı:
Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndi:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
22. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 4 nömrəli qərarının 6-cı bəndi:
İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.
Məhkəmə baxışının hədləri:
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi:
24. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir.
25. Məhkəmə ilk öncə qeyd edir ki, məhkəmə iclasında iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi təklif edilsə də o, yenə də iddia ərizəsində tələbinin mahiyyətini açıq şəkildə qeyd etməmişdir. Lakin, məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, o, 20000 manat maddi ziyan dedikdə ona ödənilməyən əmək haqqı, son-haqq hesabı və məzuniyyət pulunu nəzərdə tutur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4417/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı işdən azad olunduğu tarixdən dərs yükü verilən fənn üzrə müəllim kimi işlə təmin edilməsi, İddiaçı işdən azad olunduğu tarixdən dərs yükü verilən fənn üzrə müəllim kimi Bakı şəhəri C.Nurməmmədov adına 108 nömrəli tam orta məktəbində işlə təmin edilməsi cavabdehlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Bakı şəhəri C.Nurməmmədov adına 108 nömrəli tam orta məktəbinə həvalə edilməsi, İddiaçı işdən azad olunduğu gündən dərs yükü verilən fənn üzrə müəllim kimi işlə təmin edilən günədək buraxılmış müddət üçün əmək haqqı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
26. Göründüyü kimi tələbin 20000 manat maddi ziyan hissəsinə daxil olan əmək haqqı tələbi yuxarıda qeyd olunan qətnamə ilə təmin olunmuşdur.
27. Məhkəmə iddia tələbinin maddi ziyanın digər hissəsinin tutulmasına münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı ona maddi ziyan dəyməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi iddiaçı 01 oktyabr 2021-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək müqavilə ilə 108 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. 04 iyul 2022ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin, 2-ci hissəsinin “b” bəndinə əsasən müqavilənin müddəti bitdiyindən iddiaçının vəzifəsinə xitam verilmişdir. İddiaçı 29 sentyabr 2022-ci il tarixdə Xəzər rayonu İ.Tağıyev adına 26 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi vəzifəsinə təyin edilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı 18 sentyabr 2002-ci il tarixədək müəllim kimi fəaliyyət göstərib. Daha sonra Orand kənd orta məktəbində direktor və 108 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, 108 nömrəli tam orta məktəbdə müəllim kimi onunla əmək müqaviləsi bağlanmamışdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarından da göründüyü kimi direktor müavinləri işlədikləri təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq dərs ilinin əvvəlində tarifləşmə siyahısına salınmaqla həftədə 12 saata qədər dərs apara bilərlər. Lakin qeyd olunan tarifləşmə siyahısı məhkəməyə təqdim olunmamışdır. İddiaçının direktor müavini kimi işlədiyi təhsil müəssisəsində ixtisasına uyğun yəni riyaziyyat müəllimi vakansiyası olmadığı halda ona əlavə 10 dərs saatı verilmişdir. 26 nömrəli tam orta məktəbdə ona sıravi müəllim kimi 18 dərs saatı verildiyi üçün 108 nömrəli tam orta məktəbdə müəllim kimi qalıb işləməmişdir.
28. Qeyd olunanlardan belə qənaətə gəlmək olar ki, müəllimlər müsabiqə əsasında işə qəbul edilirlər və müəllimlər Bakı Şəhəri Təhsil İdarəsi tərəfindən işə götürülürlər. Təhsil müəssisələrinin direktorlarının işə götürüb və işdən azad etmək kimi səlahiyyətləri yoxdur. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdeh belə bir öhdəlik daşımır. Bu səbəbdən iddiaçıya maddi ziyan dəyməsi heç bir halla sübuta yetirilmir.
29. Məhkəmə iddia tələbinin “mənəvi ziyana görə 30000 manat pul məbləğinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı bu tələbini sübut edə bilməmişdir. Belə ki, təqdim olunmuş bülletenlər 108 nömrəli tam orta məktəbdə təlimtərbiyə işləri üzrə direktor müavini kimi işlədiyi zaman verilmişdir. Həmin bülletenlər ona işdən azad olunandan sonra sarsıntı keçirməsi səbəbindən verilməmişdir.
30. Göründüyü kimi, mənəvi zərərin əvəzinin ödənilməsi üçün əsas şərtlərdən biri, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi və bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsidir.
31. Məhkəmə qeyd edir ki, iddiaçı X2 fiziki və mənəvi sarsıntılar keçirməsi, ona mənəvi ziyan dəyməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən iddia bu hissədə təmin edilə bilməz.
Nəticə:
32. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova