Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1408/2025 21.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddianı təmin edib, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 15 saylı evin, 32 saylı mənzil, yeni qaydalarla: AZ 1096, Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, giriş 173, M4, M3 mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırılması:
2. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 15 saylı evin, 32 saylı mənzil, yeni qaydalarla: AZ 1096, Bakı şəhəri. Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, giriş 173, M4, M3 mənzil onun şəxsi mülkiyyətindədir. Həmin mənzili o, Bakı şəhəri 50 saylı notariat ofisinin 01 oktyabr 2024-cü il tarixli, AN-İ nömrəli, ******* saylı alqı-satqı müqaviləsinə əsasında X1 Səfailovnadan almışdır. Sonra isə həmin mənzilə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 05 oktyabr 2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə çıxarış almışdır. Alqı-satqı müqaviləsi bağlanarkən X1 Səfailovna öhdəsinə götürmüşdür ki, 1 ay ərzində ailə üzvləri ilə birlikdə mənzildən qeydiyyatdan çıxacaqlar. O, bu günə kimi düşünmüşdür ki, onlar qeydiyyatdan çıxıblar, lakin Asan 5 Xidmət Mərkəzindən əldə etdiyi arayışdan aydın olmuşdur ki, Cavabdeh qeydiyyatda qalıbdır. Onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmağı səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:
2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia).
Tətbiq edilən hüquq :
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.5. ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur.
Məhkəmənin mövqeyi :
5. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina olunmalıdır.
6. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini icraata qəbul etməkdən imtina edir.
7. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə X1 Səfailovna arasında bağlanılmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 15 saylı evin, 32 saylı mənzili iddiaçı tərəfindən satın alınmış və xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə iddiaçının adına Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 15 saylı evin, 32 saylı mənzil yeni qaydalarla: AZ1096, Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, giriş 173, M4, m3 X1 Səfailovna tərəfindən İddiaçı satılmasına baxmayaraq ailə üzvləri ilə birlikdə həmin mənzildən qeydiyyatdan çıxmamışdır.
8. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 15 saylı evin, 32 saylı mənzil, yeni qaydalarla: AZ 1096, Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, giriş 173, M4, M3 mənzilində olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Hazırkı mübahisə həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etməsi nəzərə alınmalıdır.
10. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsində məqsəd, cavabdehin onun mülkiyyətində olan mənzildə formal qeydiyyatda qalmasının onun xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 15 saylı evin, 32 saylı mənzilinə, yeni qaydalarla: AZ 1096, Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, giriş 173, M4, M3 mənzilə olan istifadə, sərəncam və digər hüquqlarının həyata keçirilməsinə maneçilik törətməsidir.
11. Məhkəmə qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
12. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd emişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnrot İsveçə qarşı” işdə isə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına mülkiyyət hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyəta keçirilməsi imkanının məhdudlaşdıırlması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xaarkter almış olur.
13. Qeyd edilənlərə nəzərə alaraq məhkəmə qeyd edir ki, mülkiyyətçinin iradəsinə zidd olaraq cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda qalmaları iddiaçının həmin evə olan mülkiyyət hüququnu şərti və qeyri-sabit edir.
14. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan mənzil daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmış və cavabdeh həmin ünvanda faktiki olaraq yaşamır, bu ünvandakı qeydiyyatı hazırda formal xarakter daşıyır, bu səbəbdən cavabdehin həmin ünvanda qeydiyyatda qalması iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
15. Məhkəmə nəzərə çatdırmağı zəruri hesab edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
16. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
17. Həmin qərara əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
18. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.
19. Həmin Qərarda göstərilmişdir ki şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Həmin Qərarda qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir.
20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 493 saylı, xx.xx.1996-cı il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər.
22. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehin mübahisə predmeti olan mənzildə qeydiyyatı formal xarakter daşıdığından, cavabdeh yaşayış yerini dəyişdiyindən, həmin mənzildə istifadə hüququ olmadığından, istifadə hüququ reyestrdə qeydə alınmadığından mövcud iddia ərizəsinə mülki mühakimə icraatı qaydasında baxılmalı deyildir. Buna görə də iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, həmçinin iddiaçıya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq İdarəsinə müraciət etmək hüququnun olması izah edilməlidir. İnzibati orqan tərəfindən üzərinə düşən öhdəliyin icrasından imtina edildiyi halda, iddiaçının inzibati məhkəmə icraatı qaydasında baxılması üçün məhkəməyə müraciət etmək hüququna malikdir.
23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun adından göründüyü kimi, bu Qanunun tənzimlədiyi məsələlər vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının aparılması ilə bağlıdır. Qanunun müddəalarına əsasən qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun mənzillə bağlı münasibətləri tənzimləmir və yaşayış sahəsinə qeydiyyata alınmış şəxsin həmin yaşayış sahəsinə mütləq köçürülməsi üçün əsas deyildir. (Konstitusiya Məhkəməsi Plenumunun “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 noyabr 2018-ci il tarixli Qərarı).
24. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən məhkəmə aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.
Nəticə :
25. Belə olan halda, məhkəmə qeyd edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir.
26. İddiaçıya cavabdehin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq İdarəsinə müraciət etmək hüququnun olması izah olunmalıdır.
27. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ( "xxxx" ASC VÖEN: **********; Ödəyici: İddiaçı; qəbzin nömrəsi:31325; GPP qəbz nömrəsi:**********; tarix:xx.xx.2025, saat: 12:01) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 153, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ( "xxxx" ASC VÖEN: **********; Ödəyici: İddiaçı; qəbzin nömrəsi:31325; GPP qəbz nömrəsi:**********; tarix:xx.xx.2025, saat: 12:01) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İddiaçıya cavabdehin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq İdarəsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva