Məhkəmə qərarları › İş №2(007)-142/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-142/2025

13.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-142/2025 13.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı cavabdeh X2 qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh X1 mənzilinə mütəmadi olaraq su axıtması səbəbindən vurduğu maddi zərərə görə 5000 manat, mənəvi zərərə görə 1000 manat, məhkəmənin hesabına dövlət rüsumu olaraq ödədiyi 80 manat və məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkilin hesabına ödədiyi 300 manat olmaqla, ümumilikdə 6380 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 16 saylı binanın 67 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 01477938 saylı Çıxarış verilmişdir. Yaşadıqları bina 5 (beş) mərtəbəli binadır. Onun mənzili binanın 1-ci mərtəbəsində yerləşir və ümumi sahəsi 57.5 kv.m olmaqla 3 otaqdan ibarətdir. Cavabdeh X3 mənzili onun yaşadığı Nizami rayonu, Rəhruz Nuriyev küçəsində yerləşən 16 saylı binanın 2-ci mərtəbəsində yerləşən 69 saylı mənzilidir və həmin mənzil də üç otaqdan ibarətdir. Bildirir ki, cavabdehin mənzilindən neçə illərdir onun mənzilinə su axıdılır. Son vaxtlar isə suyun axması mütəmadi xarakter daşayır. Bu barədə cavabdehə dəfələrlə irad tutaraq narazılığını bildirərək, mənzilindən su axıdılmasının qarşısını almasını, təqsiri üzündən vurulmuş zərərin ödənilməsini xahiş etsələr də, cavabdeh sözünə əhəmiyyət vermir, mənzilindən axıdılan suyun qarşısını almır. Bildirir ki, cavabdehin mənzilindən onun mənzilinə dəfələrlə suyun axması nəticəsində mənzili yararsız vəziyyətə düşmüşdür. Bu barədə Mənzil İstismar Sahəsinə şikayət edərək, mənzilə baxış keçirilərək, mənzilə axıdılan suyun və su axıdılması nəticəsində mənzilə vurulan zərər barədə "Akt" tərtib edilməsini xahiş etmişdir. Müraciətləri əsasında 121 saylı MKİS-nin işçiləri 13 fevral 2024-cü il tarixdə mənzilə baxış keçirərək, "Akt" tərtib etmişlər. "Akt"-da göstərilir ki, "Baxış zamanı aşkar olundu ki, B.Nuriyev küçəsi 16 Saylı binanın 67 saylı mənzilinə həmin binanın 69 saylı mənzilindən vanna otağına su axıdılır. Mənzilə su axması nəticəsində mənzilin hamamı, mətbəxi, dəhlizin bir hissəsi tamamilə yararsız vəziyyətə düşmüş, divarları çürüyüb ovxalanıb tökülmüş,elektrik xətti sradan çıxmış, su axması nəticəsində qapı şişmiş-örtülmür, mənzildən üfünət iyi gəlir,mənzildə yaşamaq dözülməz olmuşdur. Evin təmiri üçün material almaq, usta pulu və sair xərclər lazımdır. Cavabdehin təqsiri üzündən onlar ailəlikcə mənəvi əzab çəkirlər, narahatçılıqları olub, əsəbləşmişlər. Cavabdeh isə mənzilinə axa suyun qarşısını almır, vurulmuş zərəri aradan qaldırmır.

İş materialları :

3. Bakı şəhəri 121 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, B.Nuriyev küçəsi, ev 16, mənzil 67 ünvanında yaşayan İddiaçı ərizəsi əsasında qeyd olunan ünvana baxış keçirilmiş və həmin ünvanda üst mərtəbədə yerləşən 69-cu mənzildən 67-ci mənzilə su axması aşkar edilmişdir. Axan su mənzilin vanna otağının tavanını və mətbəxin divarının bir hissəsini yararsız hala salmışdır.

4. xx.xx.2024-cü il tarixli, 6816 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 6 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul vəsaiti ödənilmişdir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli, xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzilin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi X7 məxsusdur.

6. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 80 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/6381-9/6649 nömrəli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 67 saylı mənzilin tavanı və divarları üzərində su sızma ləklərinin olduğü nəzə alınaraq, yuxarı mərtəbədən suyun sızması nəticəsində zərər dəydiyi müəyyən edilmişdir. Lakin 67 saylı mənzilin üst mərtəbəsində yerləşən 69 saylı mənzilin qapısı bağlı olduğundan. Həmin mənzilə və komunikasiya xətlərinə baxış keçirilməsi mümkün olmamışdır və bu səbəbdən də 67 saylı mənzilə su sızmanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. ünvan 2 ünvanında yerləşən 67 saylı mənzilin tavanında və divarlarında su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1437.0 manat məbləğində olduğu müəyyən edilmişdir.

Tərəflərin izahatları :

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında cavabdeh ilə “whatsapp” mobil tətbiqi vasitəsilə videogörüntülü telefon əlaqəsi saxlanılmış və o, iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, onun evi təmirli evdir. Su onun evindən axmır. İddiaçı ona müraciət edib, o isə dəfələrlə kafeli sökdürərək yenidən vurdurmuşdur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Məhkəmə iclasında (xx.xx.2025-ci il tarixli) iştirak edən 121 saylı MKİS-nin mühəndisi X6 (xx.xx.2022-ci il tarixli aktı tərtib edən) izahatında bildirmişdir ki, 2019-cu ildən iddiaçı yuxarı mərtəbədən onun mənzilinə su axması ilə bağlı müraciət edib. Onun tərəfindən iki dəfə, həm 2019-cu ildə, həm də 2022-ci ildə iddiaçıya məxsus mənzilə cavabdehə məxsus mənzildən su axması aşkar edilmişdir. 2019-cu ildə özünü evin sahibi kimi təqdim edən şəxsə bu barədə məlumat verilmiş, o isə iddiaçı ilə danışıb həll edəcəyini bildirmişdir. Daha sonra isə həmin evdə yaşayan kirayəçiyə bildirilmişdir ki, ev sahibinə məlumat verilsin ki, onlarla əlaqə saxlasın. Həmçinin bildirmişdir ki, həmin binada iddiaçıdan başqa digən şəxslər tərəfindən su axma ilə bağlı müraciət daxil olmamışdır.

11. Məhkəmə iclasında (xx.xx.2025-ci il tarixli) rəyi tərtib etmiş Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Elmar Səidov izahatında bildirmişdir ki, onun tərəfindən iddiaçıya məxsus mənzilə baxış keçirilmiş və baxış zamanı mənzilin mətbəx və dəhlizində divar kağızlarında, tavanda su sızma ləkələri aşkar edilmişdir. İddiaçıya məxsus mənzilə hər bir halda yuxarı mərtəbədə yerləşən cavabdehə məxsus olan mənzildə su sızması baş vermişdir. Lakin cavabdehə məxsus olan mənzilin qapısı bağlı olduğu üçün dəymiş zərərin səbəbini müəyyən etmək mümkün olmamışdır. İddiaçıya dəymiş zərərin aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri 1437.0 manat təşkil edir. Dəymiş zərər həm dəhliz, həm mətbəxt üçün hesablanmışdır və zərərin məbləği hesablanarkən bir kvadrat metrə ziyan dəyibsə, yalnız həmin kvadrata hesablanmır, ümumi hesablanır. Çünki həmin divar kağızını yenidən tapa bilinməyəcək.

İşin faktiki halı :

12. Beşmərtəbəli yaşayış binanın 1-ci mərtəbəsində yerləşən ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzilin 1/2 hissəsi İddiaçı, həmin binanın ikinci mərtəbəsində yerləşən ünvan 1 ünvanında yerləşən 69 nömrəli mənzil cavabdeh X2 məxsusdur.

13. Bakı şəhəri 121 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, B.Nuriyev küçəsi, ev 16, mənzil 67 ünvanında yaşayan İddiaçı ərizəsi əsasında qeyd olunan ünvana baxış keçirilmiş və həmin ünvanda üst mərtəbədə yerləşən 69-cu mənzildən 67-ci mənzilə su axması aşkar edilmişdir. Axan su mənzilin vanna otağının tavanını və mətbəxin divarının bir hissəsini yararsız hala salmışdır.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/6381-9/6649 nömrəli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 67 saylı mənzilin tavanı və divarları üzərində su sızma ləklərinin olduğu nəzə alınaraq, yuxarı mərtəbədən suyun sızması nəticəsində zərər dəydiyi müəyyən edilmişdir. Lakin 67 saylı mənzilin üst mərtəbəsində yerləşən 69 saylı mənzilin qapısı bağlı olduğundan həmin mənzilə və komunikasiya xətlərinə baxış keçirilməsi mümkün olmamışdır və bu səbəbdən də 67 saylı mənzilə su sızmanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. ünvan 2 ünvanında yerləşən 67 saylı mənzilin tavanında və divarlarında su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1437.0 manat məbləğində olduğu müəyyən edilmişdir.

Məhkəmə baxışının hədləri:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1111. binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

18. Mənzil Məcəlləsi:

15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 29.4. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.

Məhkəmənin mövqeyi :

19. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

20. İddiaçı cavabdeh X2 qarşı olan “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbini onun mənzilinə cavabdehə məxsus olan mənzildən su axması nəticəsində ziyan dəyməsi ilə əsaslandırmışdır.

21. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbi şərti olaraq aşağıdakı hissələrdən ibarətdir: a. Dəymiş maddi ziyanın ödənilməsi; b. Dəymiş mənəvi ziyanın ödənilməsi; c. Hüquqi yardıma görə ödənilmiş 300 manat və dövlət rüsumunun əvəzi olaraq 80 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması.

İddia tələbinin “dəymiş maddi ziyanın ödənilməsi” hissəsi:

22. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

23. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

25. İşin müəyyən edilmiş halı odur ki, ünvan 2, 67 saylı mənzilin 1/2 hissəsi İddiaçı mülkiyyətindədir və həmin mənzilə su sızma nəticəsində ziyan dəymişdir.

26. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı birinci hüququ, yəni məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ vardır.

27. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

28. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

29. İşin müəyyən edilmiş hallarına əsasən məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntusuna” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.

30. Mülki qanunvericiliyə əsasən hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl mülki hüquq pozuntusudur (1096.1m). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (1097.1 m).

31. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18.04.22ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

33. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.

34. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

35. Belə olan halda məhkəmə tərəfindən iddianın təmin edilib-edilməməsi məsələsi araşdırılarkən yuxarıda qeyd olunanlara əsasən ilk öncə mülki hüquqi məsuliyyətin yaranması üçün əsas olan dörd şərtin mövcud olub-olmaması məsələsi araşdırılaraq iddia tələbinə müvafiq hüquqi qiymət verilməlidir.

36. Hazırki mülki iş üzrə delikt öhdəliyinin yaranması üçün ilk şərt olan zərərin mövcud olması işin mübahisəsiz halıdır.

37. Belə ki, məhkəmə tərəfindən iddiaçıya məxsus olan mənzilə zərər dəyibdəyməməsini, əgər zərər dəymişdirsə, dəymiş zərərin 69 nömrəli mənzildən su axması nəticəsində dəyib-dəyməməsini və dəymiş zərərin məbləğini müəyyən etmək üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-2134/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır.

38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/6381-9/6649 nömrəli rəyinə əsasən ünvan 2 ünvanında yerləşən 67 saylı mənzilin tavanına və divarlarına su sızma nəticəsində zərər dəydiyi və yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1437.0 manat məbləğində olduğu müəyyən edilmişdir.

39. Məhkəmə həmçinin qeyd edir ki, mülki hüquqi məsuliyyətin yaranması üçün digər şərt-zərərin məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlməsi şərti də mövcud olmalıdır.

40. Hüquqazidd əməl dedikdə, mülki hüquq normalarını pozan əməl başa düşülür. Bu əməl müəyyən hərəkət və ya hərəkətsizlikdə özünü nümayiş edə bilər.

41. Müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan mənzilə zərər cavabdehə məxsus olan mənzildən su sızması nəticəsində dəymişdir.

42. Qeyd edilən hal, 121 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt və MEM-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən öz təsdiqini tapmışdır.

43. Ekspert rəyində ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzilin tavanı və divarları üzərində su sızma ləkələrinin olduğu nəzərə alınaraq, 67 saylı mənzilə yuxarı mərtəbədən suyun sızması nəticəsində zərər dəydiyi müəyyən edilmiş, lakin 67 saylı mənzilin üst mərtəbəsində yerləşən 69 saylı mənzilin qapısı bağlı olduğundan həmin mənzilə və komunikassiya xətlərinə baxış keçirilməsi mümkün olmadığından 67 saylı mənzilə su sızmanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır.

44. Rəydə iddiaçıya məxsus olan mənzilə zərərin yuxarı mərtəbədən suyun sızması nəticəsində dəydiyi qeyd edildiyindən, suyun cavabdehə məxsus olan mənzil, yoxsa digər mənzildən axdığını dəqiqləşdirmək ekspert Elmar Seyidov xx.xx.2025-ci il tarixli məhkəmə iclasında dindirilmişdir. Ekspert izahatında bildirmişdir ki, iddiaçıya məxsus mənzilə hər bir halda yuxarı mərtəbədə yerləşən cavabdehə məxsus olan mənzildən su sızması baş vermişdir.

45. Həmçinin 121 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, B.Nuriyev küçəsi, ev 16, mənzil 67 ünvanında yaşayan İddiaçı ərizəsi əsasında qeyd olunan ünvana baxış keçirilmiş və həmin ünvanda üst mərtəbədə yerləşən 69-cu mənzildən 67-ci mənzilə su axması aşkar edilmişdir.

46. Aktı tərtib etmiş 121 saylı MKİS-nin mühəndisi X6 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında dindirilmiş və o, izahatında bildirmişdir ki, onun tərəfindən iddiaçının müraciəti əsasında mənzilə baxış keçirilmiş və 2019-cu ildə və 2022-ci ildə iddiaçıya məxsus olan mənzilə cavabdehə məxsus olan mənzildən su axması aşkar edilmişdir.

47. Həmçinin məhkəmə tərəfindən iddiaçıya məxsus olan mənzilə cavabdehin deyil, yuxarı mərtəbədə yerləşən mənzildən su axması ehtimalının dəqiqləşdirilməsi üçün həmin binada digər mənzil sakinləri, o cümlədən cavabdeh tərəfindən yuxarı mərtəbədən su axma ilə bağlı müraciət olub-olmaması aydınlaşdırılmış və mühəndis izahatında belə bir müraciət olmadığını bildirmişdir.

48. Beləliklə işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan mənzilə cavabdehə məxsus olan mənzildən su axması nəticəsində ziyan dəymişdir.

49. Cavabdeh ölkə xaricində olduğu üçün cavabdeh ilə “whatsapp” mobil tətbiqi vasitəsilə videogörüntülü telefon əlaqəsi saxlanılmış və o, iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, onun mənzili təmirli mənzildir, suyun onun mənzilindən axması mümkün deyildir.

50. Məhkəmə tərəfindən cavabdehə məhkəmə iclasında nümayəndə ilə təmsil olunmaq, etirazının dəlillərinə dair sübutlar təqdim etmək hüququ izah edilmiş, lakin cavabdeh məhkəmə prosesinə lazımi prosessual maraq göstərməmiş, öz etirazının dəlillərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

51. Məhkəmə işin müəyyən olunmuş hallarını nəzərə alıb qeyd edir ki, yuxarıda göstərilən hallar iddiaçının mənzilinə dəymiş zərərə görə cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlməyə kifayət qədər əsas verir. Belə ki, cavabdeh mənzilin mülkiyyətçisi olaraq ona məxsus olan mənzildə su borularını məsuliyyətlə mühafizə etməmiş, nəticədə iddiaçıya məxsus olan mənzilə ziyan dəymişdir.

52. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçıya dəymiş zərər cavabdehin hüquqazidd əməli ilə birbaşa səbəbli əlaqəli olduğundan iddiaçıya dəymiş ziyan cavabdeh tərəfindən ödənilməlidir.

53. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmanı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır.

54. Ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilin tavanında və divarlarında su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən dəyəri 1437.0 manat təşkil edir.

55. İddiaçı ekspert rəyi ilə müəyyən edilmiş məbləğ ilə razı olmayaraq, onun mənzilinə 3000 manat məbləğində ziyan dəydiyini iddia etsə də, öz iddiasının əsasını təşkil edən dəlilləri məhkəməyə təqdim edə bilməmişdir.

56. Məhkəmə qeyd edir ki, ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki mülki iş üzrə araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməmiş və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər isə ehtimal xarakterlidir. Odur ki, bu halda, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər.

57. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən, iş üzrə ekspertiza rəyi əsas götürülməklə iddia qismən, yəni maddi zərər hissəsində 1437 manat məbləğdə təmin olunmalıdır.

İddia tələbinin dəymiş mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pul vəsaitinin tutulmasına dair hissəsi :

58. İddiaçı iddia tələbinin “vurulmuş mənəvi ziyanın ödənilməsi” hissəsini cavabdehə məxsus olan mənzildən su axıdılması nəticəsində iddiaçının ailəsi ilə birlikdə mənəvi əzab çəkməsi ilə əsaslandırmışdır.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

60. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

61. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi cavabdehin təqsiri nəticəsində ona dəymiş mənəvi zərərin nədə ifadə olunmasını göstərməmiş, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı ona mənəvi zərərin vurulduğunu bildirsə də, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir.

62. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən onun əzab çəkməsinə dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdeh şəxsdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi rədd olunmalıdır.

İddia tələbinin hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsi ilə bağlı:

63. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqi yardıma görə ödinilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasına dair tələbi əsaslı olduğundan təmin edilməlidir.

64. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

65. Məhkəmə qeyd edir ki, xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da hərdən az məbləğ kimi qəbul edilə bilər.

66. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat məbləğində pul vəsaiti ağlabatan olduğundan, iddia tələbi təmin edildiyindən və iddaçı tərəfindən müvafiq tələb irəli sürüldüyündən vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə Xərcləri :

67. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34.37 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir.

Nəticə :

68. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə dəymiş ziyanın əvəzi olaraq 1437 manat, hüquqi yardıma görə ödənilmiş 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34.37 manat məbləğində pul vəsaiti tutulmalıdır.

69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə dəymiş ziyanın əvəzi olaraq 1437 manat, hüquqi yardıma görə ödənilmiş 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34.37 manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar