Məhkəmə qərarları › İş №2(007)-1436/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1436/2024

26.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1436/2024 26.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X8 qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 36000 manat məbləğində pulun alınaraq ona verilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh atası mərhum X6 hissəhissə olmaqla 2019-2023-cü illərdə ev tikdirmək üçün ondan hissə-hissə 40000 manat pulu borc almış, aldığı borcdan 4000 manatını qaytarsa da 36000 manat ödənilməmiş qalmışdır. X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Cavabdeh onun qızıdır. Borcun verilməsini və ödənişlərin olunmasını təsdiq edən şahidlər məhkəməyə təqdim olunacaqdır. Cavabdehdən borcun ödənilməsini tələb etsə də borcu ödəməkdən boyun qaçırır. Ərizəyə əlavə olunan qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, Cavabdeh X3 vəfatından sonra ona məxsus əmlakdan vərəsəlik qaydasında tam pay almışdır.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, məhkəmənin sonrakı iclasında bildirdi ki, əmisi ilə razılığa gəlmişdilər ki, evin həyətində olan torpaqda ev tiksinlər. Sonra əmisi böyük evi satıb pulunu qaytaracaqdı, çünki pulu o, qoymuşdur. O, 40000 manat pul vermişdir, ondan 4000 manatı qaytarmışdı. Əmisi Mərdəkan bağlarında olan 2 mərtəbəli evin həyətində yeni tikilən evdə yaşayırdı. Təxminən 4 il yaşayıb həmin evdə. 2021-ci ildə pandemiya vaxtı 25000, 12000, 8000 manat pul vermişdir. Pulu əlbəəl verməyib. Onun xərclərini çəkmişdir. Usta, material, özünə dərman və s. Xəstə idi, özünü idarə edə bilmirdi, ona görə o, kömək edib tikirdi, pul xərcləyirdi. Əmisinə o, baxırdı ona görə əmisi demişdi ki, tikilən evi sonra ona verəcək. Ev böyük idi 2 mərtəbəli idi cıxıb düşə bilmirdi ona görə yerdən 1 mərtəbəli ev tikdirmək istəyirdi əmisi. Əslində əmisinə 40000 manatdan çox pul vermişdi 2022-ci ilin may, iyun ayında onun qarajını satdı və 8 min manatı götürdü, ondan sonra 36000 manat borc qaldı.

4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 bildirdi ki, iddia tələbini qəbul etmirlər və iddia tələbinin rədd edilməsini məhkəmədə xahiş etdi.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Məmmədov Arif onun əmisidir. Rəhimin ona pul verməsini gözü ilə görməmişdir. Qonaq gedəndə söhbət əsnasında əmisi deyirdi ki, evi Rəhimə verəcək. Evi Rəhim tikirdi. Ev 1 mərtəbəlidir. Evdə tikinti gedirdi o, görəndə. Rhim nə qədər pul verib, bilmir. Amma bilir ki, Rəhim ona maddi kömək edib. Pul verib, ya material alıb bilmir. Onların evləri bir həyətdə idi. Rəhim ona qulluq edirdi deyə o, da evi Rəhimə verəcəyini deyirdi.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Arif Məmmədov qonşusu olub. 20 ildi orada yaşayır. Arifin evi ilə onun evi arasında 1, 2 ev var. Rəhimin arvadı Kəmalə xanım ilə rəfiqədir. Kəmalənin maşınını və torpağın bir hissəsini satıblar. Arifin həyətində ev tikilirdi. Kəmalə deyib ki, pul çatmadı, Rəhim verdi. 20000 manatdan çox pul xərcləyib deyirdi Kəmalə. Arif ölməmişdən 1 il qabaq ev tam tikildi. Rəhimin əmisi Arif orada yaşayırdı. Pulun verilməsini görməyib, Kəmalədən eşidib. Evi tikən Rəhim olub, ora pul xərcləyib. Əmisi evin Rəhimin olduğunu deyirdi. O vaxt Rəhimə əmisi təklif edib ki, evləri onun adına keçirsin, o, razı olmayıb.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, usta işləyirdi. Evi bünövrədən o, tikib. Usta pulunu onlara Rəhim verirdi. Materialları da Rəhim alırdı. Arif Rəhimə deyirdi ki, qoyulan xərci ev satılan kimi verəcək, əvvəlki 2 mərtəbəli evi deyirdi. Nə qədər məbləğ olduğunu bilmir. O, öz payına düşən 8000 manat usta pulunu almışdı.

İş materialları:

9. AZ-İİ seriyalı 371367 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 22 aprel 2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 oktyabr 2023-cü il tarixdə 763 nömrəsi ilə qeyd edilmişdir.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********43-11301 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2224 saylı bağ evi X3 xüsusi mülkiyyətindədir. Bağ evi onun adına 26 fevral 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.

11. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 22 aprel 2023-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi qızı Cavabdehdır və o, miras əmlakdan tam hissədə irs almalıdır. Miras əmlak Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2224 saylı bağ evidir.

İşin faktiki halları:

12. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh atası mərhum X6 22 aprel 2023-cü il tarixdə ölmüşdür. Onun yeganə vərəsəsi Cavabdehdır. İddiaçı iddia edir ki, X5 hissə-hissə olmaqla 2019-2023-cü illərdə ev tikdirmək üçün 40000 manat pulu borc vermişdi, lakin verdiyi borcun 4000 manatını Arif Məmmədovun qarajını sataraq qaytarsa da 36000 manat ödənilməmiş pulu qalmışdır. Hazırda iddiaçı Cavabdeh 36000 manat pulun alınıb ona verilməsini tələb edir.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Məhkəmə baxışının hədləri:

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir.

16. Belə ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatına və şahid ifadələrinə əsasən iddiaçı tərəfindən X3 tikdiyi ev üçün alınmış materialların İddiaçı tərəfindən alındığı bildirilsə də həmin materialların nədən ibarət olması və dəyəri barədə konkret məlumat verilməmiş və bunu sübut edəcək hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır.

17. İddiaçı məhkəmə iclasında bir neçə dəfə ziddiyyətli izahatlar vermişdi. Belə ki, ilk olaraq X5 40000 manat pul borc verdiyini və ondan 4000 manatın qaytarılaraq 36000 manat pul borcu qaldığını, daha sonra hissə-hissə 25000, 12000, 8000 manat pul borc verdiyini, sonda isə ümumilkdə həm X3 saxlanması, dərmanları, tikinti materialları, usta pulu və borc verdiyi pul olan 36000 manatı tələb etdi. Məhkəmə iclasında dindirilən şahidlər isə nə borc verilən vaxt, nə də tikinti materialları, usta pulu verilən vaxt İddiaçı yanında olmamışlar, ümumi söhbət əsnasında başqa adamlardan eşitdiklərini bildirmişlər.

18. Bundan əlavə tələb olunan borc məbləği 3000 manatdan yuxarı olduğu üçün tərəflər arasında yazılı şəkildə borc müqaviləsi bağlanmalı idi, lakin belə bir müqavilə mövcud deyildir.

19. Yuxarıda göstərilən normanın tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Göründüyü kimi, iddiaçı iddia ərizəsində qeyd etdiyi 36000 manat məbləğində pulun cavabdehin atasına verilməsini sübut edə bilməmişdir.

Məhkəmə xərcləri:

22. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

Nəticə:

23. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir.

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar