Məhkəmə qərarları › İş №2(007)-1437/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1437/2021

14.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1437/2021 14.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı MTK-nın nümayəndəsi X3, cavabdeh Cavabdeh7 iştirakları ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh7 qarşı “mənzillərin sökülməsi, yeni tikiləcək binada yeni mənzillərin verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair mülki işə iddia icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdehlər Cavabdeh1, X8, X5, X6, X9, X7 və digərlərinə qarşı “mənzillərin sökülməsi, yeni tikiləcək binada yeni mənzillərin verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452 saylı məhəllədə yeni tikilən binada cavabdehlərin mülkiyyətlərindəki mənzillərin əvəzinə otaqların sayı eyni, lakin mənzillərinin hər birinin sahəsindən 30 faizədək artıq sahəsi olan mənzillər tikilib təhvil verilməklə yeni yaşayış binası inşa etməsinə mane olan hərəkətlərin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MTK-nın nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi və həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh1 onun 56.4 kv.m. təşkil edən 4 saylı iki otaqlı mənzilinin sökülərək əvəzində iddiaçının ünvan 1 ünvanında yerləşən yaşayış binasının yerində inşa edəcəyi yaşayış binasından sahəsi 30 faizədək artıq təşkil edən ikiotaqlı təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə hər ay 400 manat kirayə haqqının ödəməsi, cavabdehlər Cavabdeh2 Cavabdeh4 və Cavabdeh7 hər birinə 1/3 pay hüququ ilə məxsus olan 55.6 kv.m. təşkil edən ikiotaqlı 12 saylı mənzilinin sökülərək əvəzində, iddiaçının həmin ünvanda inşa ediləcəyi yaşayış binasından sahəsi 30 faizədək artıq təşkil edən ikiotaqlı təmirli mənzil verməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacaqları mənzilə görə hər ay 400 manat kirayə haqqı ödəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 26 fevral 2016-cı il tarixli, 75 saylı Sərəncamına əsasən, Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452 saylı məhəllədə çoxmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 25 Fevral 2016-cı il tarixli 75 saylı sərəncamı, tərtib olunmuş 13281 saylı inşaat passportu və digər sənədləşmələr İddiaçı MTK-nın adına rəsmiləşdirilib və torpaq sahəsi İddiaçı MTKnın istifadəsinə verilmişdir. Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri,ünvan 3 ünvandakı 12 mənzilli ikimərtəbəli bina və Özbəkistan küçəsi 14 ünvandakı 18 mənzilli ikimərtəbəli bina Bakı Şəhər İcra Hakimiyyəti başçısının qeyd olunan sərəncamı ilə iddiaçı “Orbita" MTK-ya ayrılmış torpaq sahəsində yerləşir. Həmin yaşayış binaları 20-ci əsrin 50-ci illərində tikilib, köhnə və istifadəyə yararsızdır, binanın istismar müddəti bitib, qəzalı vəziyyətdədir, binada yaşamaq həyat və səhhət üçün təhlükəlidir, o, hər an uça və bədbəxt hadisələr törədə bilər. Bu barədə 16 Fevral 2016-cı il tarixli aktlar tərtib edilmişdir. İddiaçı MTK-nın qeyd edilən sərəncamının icrası ilə bağlı Bakı şəhəri, Nizami rayonu,Q.Qarayev prospekti, A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452 saylı məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi işlərini həyata keçirir. İddiaçı ünvan 5 ünvanda və Özbəkistan küçəsi 14 ünvanda yerləşən binalardakı yaşayış sahələrinin mülkiyyətçiləri olan cavabdehlərin hər birinə mövcud mənzillərinin əvəzinə həmin ünvanda, yeni tikilən binada otaqlarının sayı eyni, lakin 30 faiz artıq sahəsi olan yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilməsini təklif etmişdir. Mənzillərinin təhvil verilməsi və mənzillərinin əvəzinə yeni mənzillər almaları ilə əlaqədar Nizami rayonu, T.Abbasov 16 ünvanda 13 sakindən 11 sakin ilə qarşlıqlı razılaşma əldə olunmuş, yalnız cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh7 ilə razılıq əldə elmək mümkün olmamışdır. Onlar əsassız varlanmaq və “Orbita'’ MTK-ya bilərəkdən ziyan vurmaq məqsədilə Cavabdeh1 56,4 kv.m. təşkil edən mənzilinin əvəzinə, iki ədəd ikiotaqlı təmirli 76,70 kv.m. sahəsi olan mənzillər, digər cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh7 isə 55.6 kv.m. təşkil edən mənzilinin əvəzinə 91.67 kv.m sahəsi üçotaqlı 76.70 kv.m sahəsi olan ikiotaqlı təmirli mənzillər və ya 200 000 manat pul vəsaiti verilməsini tələb edirlər. Onlar bununla yeni binanın tikintisinə başlamağa imkan vermir, qalan 11 ailənin yeni mənzillərlə təmin olunmasına maneçilik törədirlər. Məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Həmçinin o bildirdi ki, cavabdehlərin uzun müddət ərzində razılığa gəlməməsi, MTK tərəfindən üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməməsi, digər vətandaşların vaxtında yeni mənzillərlə təmin oluna bilməməsi və nəticədə onlar tərəfindən kirayə haqlarının ödənilməsi üçün əlavə vəsait ödəmələrinə şərait yaradır. Ona görə də həmin şəxlərə qarşı məhkəmədə belə bir iddia qaldırmışlar. Məhkəmə iclasında Cavabdeh7 iddia tələbini qəbul etmədiyini bildirdi. Həmçinin o bildirdi ki, onların binası qəzalı vəziyyətdə deyildir. O, mənzilindən narazı deyildir. MTK tikinti işləri apardığı üçün həmin bina yaşanmaz hala düşmüşüdür. Mənzillərinin əvəzinə 91.67 kv.m sahəsi üçotaqlı, 76.70 kv.m sahəsi olan ikiotaqlı təmirsiz mənzillər istəmiş, hətta əlavə olaraq MTK-ya 10.000 manat verə biləcəyini də təklif etmişdir. Lakin onlar arasında razılıq əldə olunmamışdır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, mənzillərinin əvəzinə iki təmirsiz iki otaqlı kirayə haqqı istəmədən ev istəmiş, lakin MTK tərəfindən onunla razılığa gəlinməməsini bildirmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh4 məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, həmin cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının 26 fevral 2016-cı il tarixli, 75 saylı Sərəncamının surətindən görünür ki, “STL-K” firmasının xx.xx.2016-cı il tarixli 01 saylı müraciətini nəzərə alaraq, Nizami rayonu, Q.Qarayev prospekti, A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452-ci məhəllədə yerləşən tikililərin sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin firmanın istifadəsinə verilmiş və həmin ərazidə yerləşən yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi, “STL-K” firmasına həvalə olunmuşdur. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2017-ci il tarixli 17/95 “STL-K” firmasının istifadəsinə verilən torpaq sahəsi barədə ayrıcı aktın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452-ci məhəllədə 10000 hektar torpaq sahəsi MTK-ya çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün ayrılmışdır. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının 06 oktyabr 2017ci il tarixli, 461 saylı Sərəncamının surətindən görünür ki, İddiaçı MTK-nın xx.xx.2017-ci il tarixli 177 saylı müraciətini və “STL-K” firmasının xx.xx.2017-ci il tarixli 08 saylı razılıq məktubunu nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452-ci məhəllədə çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 26 fevral 2016-cı il tarixli, 75 saylı Sərəncamı tərtib olunmuş, 13281 saylı inşaat pasportu və digər sənədləşmələrin İddiaçı MTK-nın adına rəsmiləşdirilməsi müəyyən olunmuşdur. - Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küşəsi 16 ünvanında yerləşən yaşayış evinə keçirilən texniki baxış haqqında xx.xx.2016-cı il tarixli aktın surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin Əsas Təmir və Tikinti şöbəsinin müdiri F.Əliyev, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin 1-ci müavini, Baş mühəndis R.Abdullayev, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin mühəndisləri Ə.Əlibəyli, V.Cəfərov, «Bakımənzilkommunlayihə» Layihə İnstitutunun direktoru C.Quliyev, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi «Azərdövlətikintilayihə» Dövlət Layihə İnstitutunun texniki şöbəsinin aparıcı mühəndisi M.İsgəndərov, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma şöbəsinin mühəndisi C.Axundov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq X1 müdiri Y.Eminov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Mənzil-Kommunal Siyasəti şöbəsinin müdir müavini B.Rzayev, Nizami rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini Q.Məmmədov, Nizami rayon MKTD-nin 1 №-li Xüsusi Təyinatlı MKTB-nin rəisi E.Talıbov Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, xx/xx/5185-12 saylı dərkənarı ilə yaşayış evlərinin texniki vəziyyətinin bir daha araşdırılması və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixi 542 №-li sərəncamının icrası ilə əlaqədar qeyd edilən ünvana baxış keçirilməsi və baxış zamanı binanın 1959-cu ildə inşa olunması, iki mərtəbəli 12 mənzildən ibarət olması, binanın bünövrəsinin lentvari dəmir betondan olması, divarların bəzi hissələrində çatların olması, pilləkənlərin qəfəs hissələrində yükdaşıyıcı konstruksiyada aşınmaların olması, eyvanların, karniz elementlərinin qəzalı vəziyyətdə olması, dam örtüklərinin texniki vəziyyətinin qeyri-qənaətbəxş olması halları nəzərə alınaraq bütövlükdə binaya dair istismar müddətinin bitməsi, texniki vəziyyətinin qeyri-qənaətbəxş olması, şəhərsalma və tikinti normalarına cavab verməməsi barədə rəy verilməsi qeyd edlmişdir. - Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi ev 16, mənzil 4 (yeni qaydalarla AZ1002 Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 60, M2, mənzil 1) tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 16 saylı evin 12 saylı mənzili Cavabdeh2, Cavabdeh4 və Cavabdeh7 hər birinə 1/3 hissədə adlarına xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Həmin Məcəllənin 4.2 və 4.2.1-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarədtdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə xx.xx.2016-cı il tarixli 86 saylı qərarının 1.1-ci bəndindən görünür ki, Bakı şəhəri Nizami rayon İcra hakimiyyətinin 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Bakı şəhəri Nizami rayonu üzrə keçən əsrin 50- 60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini həyata keçirməsi qərara alınmışdır. Həmin qərarın 1.2, 1.3 və 1.4-cü bəndlərinə əsasən, Bakı şəhəri Nizami Rayon İcra hakimiyyətinin mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün ümumi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını, tikintiyə başlamazdan əvvəl tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələrinin rayon icra hakimiyyətlərinin müraciətləri əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmasını həyata keçirməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, 26 fevral 2016-cı ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı şəhərinin bir neçə rayonlarında, o cümlədən Nizami rayonu ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerinə müasir tələblərə uyğun yenilərinin tikilməsini və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını qərara almışdır. Məhkəmə hesab edir ki, cavabdehlərin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehlərə mənzillərinin sahəsinə 30 faiz əlavə sahə olmaqla yeni mənzillər verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onlarla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilmələri üçün hər birinə 400 manat məbləğində kirayə haqq ödənilməsi öhdəliyini İddiaçı MTK öz üzərinə götürür. Göründüyü kimi, tikinti işlərini aparan iddiaçı tərəfindən cavabdehlərə edilən həmin təkliflər, Sərəncamla İddiaçı MTK-nın üzərinə qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MTK bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir, mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu hüquqi mövqeyin davamı olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. İş materiallarında olan Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küşəsi 16 ünvanında yerləşən yaşayış evinə keçirilən texniki baxış haqqında xx.xx.2016-cı il tarixli aktdan da görünür ki, bütövlükdə həmin binaya dair istismar müddətinin bitməsi, texniki vəziyyətinin qeyri-qənaətbəxş olması, şəhərsalma və tikinti normalarına cavab verməməsi barədə rəy verilmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşamaları gələcəkdə məhz cavabdehlər üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Məhkəmə hesab edir ki, İddiaçı MTK-nın irəli sürdüyü təklifdən də görünür ki, təkliflər günün tələblərindən də artıqdır və kifayət qədər ədalətli və ağlabatandır, təkliflərin icrasının dərhal həyata keçirilməsinə Sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MTK tərəfindən hər hansı maneə yoxdur. İddiaçı tərəfindən vaxtında öz üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi həmin evdə yaşayan digər sakinlərin də hüquqlarının vaxtında reallaşmasına maneə yarada bilər. Məhkəmə bu zaman xüsusilə qeyd edir ki, Sərəncamı icra edən İddiaçı MTK tərəfindən cavabdehlərin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehlərə mülkiyyətlərində olan əmlakın müqabilində ədalətli təkliflər edilir. Bu isə, cavabdehlərin öz mülkiyyətlərində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Cavabdehlər tərəfindən də məhkəmə prosesi zamanı mənzillərinin sökülərək əvəzinə yeni tikiləcək müasir binada tam təmirli yeni mənzillərin verilməsinə etiraz edilməmiş, lakin veriləcək mənzillərin sahəsində və ya mənzillərə görə pul əvəzinin verilməsində mübahisələrinin olması bildirilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı konteksində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Məhkəmə onu da qeyd edir ki, cavabdehlərin məhkəmə iclasında verdikləri izahatlarında razılıq üçün qeyd etdikləri tələblər, İddiaçı MTK-nın kifayət qədər əlverişli şərtlərlə və ağlabatan təklifləri ilə razılaşmamaları onların hüquqdan sui-istifadə etmələri kimi qiymətləndirilməlidir. Belə ki, İddiaçı MTK tərəfindən ərazidə yerləşən sahələrinin yaşayış sahələrinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi həyata keçirilsə də, ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehlərin mübahisəli mənzillərlə əlaqədar, faktiki olaraq ümumi sahəsindən 30 faiz artıq sahəsi olan mənzillər, habelə mənzillər hazır olanadək kirayə bazarına uyğun məbləğdə kirayə haqlarının ödənilməsini təklif edən İddiaçı MTK ilə razılaşmamaları onların hüquqdan suiistifadə etmələri kimi qiymətləndirilməlidir. Bu sui-istifadə isə, cavabdehlərin mənzillərə görə MTK-dan əsassız olaraq real olmayan qiymət tələb etmələrində və ya şərtlər irəli sürmələrində ifadə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, cavabdehlər İddiaçı MTK tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından sözügedən Sərəncamı icra edən iddiaçıya ziyan vuran şəkildə sui-istifadə edirlər ki, onların bu hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər işlər üzrə gəldiyi hüquqi mövqeyindən irəli gələrək diqqətə çatdırılmalıdır ki, mülkiyyətçiyə istismar müddətini bitirmiş, texniki vəziyyətinə görə yolverilməz hesab edilən yaşayış sahəsinin əvəzinə ona daha üstün şəraitli, təmirli yeni tikilmiş və bütün kommunikasiya ilə təchiz edilmiş yaşayış sahəsinin verilməsi heç də onun mülkiyyət hüququna müdaxilə kimi qəbul edilməməli və qiymətləndirilməməlidir. Məhkəmə qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Hazırki işdə, tikiləcək çoxmərtəbəli yaşayış binasından veriləcək mənzillərin dəyərinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün məhkəmə hər hansı əsas müəyyən etməmişdir. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstana qarşı iş). Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 onun 56.4 kv.m. təşkil edən 4 saylı iki otaqlı mənzilinin sökülərək əvəzində İddiaçı MTK-nın ünvan 8 ünvanda yerləşən yaşayış binasının yerində inşa edəcəyi yaşayış binasında sahəsi 30 faizədək artıq təşkil edən ikiotaqlı təmirli mənzil verilməli, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 400 manat kirayə haqqı ödənilməsi İddiaçı MTK-ya həvalə edilməli, cavabdehlər Cavabdeh2 Cavabdeh4 və Cavabdeh7 hər birinə 1/3 hissədə məxsus olan 55.6 kv.m. təşkil edən ikiotaqlı 12 saylı mənzilinin sökülərək əvəzində, İddiaçı MTK-nın ünvan 8 ünvanda yerləşən yaşayış binasının yerində inşa edəcəyi yaşayış binasında sahəsi 30 faizədək artıq təşkil edən ikiotaqlı təmirli mənzil verilməli və yeni mənzil tikilib təhvil verilənədək onlara müvəqqəti yaşayacaqları mənzilə görə hər ay 400 manat kirayə haqqı ödənilməsi İddiaçı MTK-ya həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 onun 56.4 kv.m. təşkil edən 4 saylı iki otaqlı mənzilini sökülərək əvəzində İddiaçı MTK-nın ünvan 8 ünvanda yerləşən yaşayış binasının yerində inşa edəcəyi yaşayış binasında sahəsi 30 faizədək artıq təşkil edən ikiotaqlı təmirli mənzil verilsin, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 400 manat kirayə haqqının ödənilməsi İddiaçı MTK-ya həvalə edilsin. Cavabdehlər Cavabdeh2 Cavabdeh4 və Cavabdeh7 hər birinə 1/3 hissədə məxsus olan 55.6 kv.m. təşkil edən ikiotaqlı 12 saylı mənzilinin sökülərək əvəzində, İddiaçı MTKnın ünvan 8 ünvanda yerləşən yaşayış binasının yerində inşa edəcəyi yaşayış binasında sahəsi 30 faizədək artıq təşkil edən ikiotaqlı təmirli mənzil verilsin və yeni mənzil tikilib təhvil verilənədək onlara müvəqqəti yaşayacaqları mənzilə görə hər ay 400 manat kirayə haqqının ödənilməsi İddiaçı MTK-ya həvalə edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar