Məhkəmə qərarları › İş №2(007)-1459/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1459/2025

12.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1459/2025 12.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi İmanzadə Türbət Rəşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı "vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən 3000 manat maddi ziyan, 1000 manat mənəzi zərər və 60 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 4060 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı xx.xx.2025-ci il tarixində iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən 4943 manat maddi ziyanın, 1000 manat mənəvi zərərin, 200 manat təmizlik işlərinin aparılması üçün ödənilmiş vəsaitin, məhkəmə üçün ödənilmiş 60 manat dövlət rüsumunun və müstəqil ekspertiza tərəfindən aparılmış qiymətləndirməyə görə ödənilmiş 250 manat vəsaitin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində, gecə saatlarında Nizami rayonu, B.Nuriyev küçəsi, 15/9A, mənzil 105 ünvanında Cavabdeh Əflatun qızına məxsus beş mərtəbəli binanın 8 blokun 2-ci mərtəbəsində yerləşən mənzildə yanğın baş vermişdir. Yanğın, Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən əməkdaşları tərəfindən qarşısı alınaraq, söndürülmüşdür. Belə ki, qeyd edilən ünvanda yanğın su ilə söndürülən zaman su axıntısı baş vermiş və ona məxsus olan 101 saylı mənzilin ümumi tavanı, divar kağızları, yerin laminat döşəməsi islanaraq axmış suyun nəticəsində yararsız vəziyyətə düşmüş və mənzilin laminat döşəməsi islanmış, qabarmalar müşahidə olunmuşdur. xx.xx.2025-ci il tarixində 10 saylı MKİS-nin əməkdaşları tərəfindən mənzilə texniki baxış keçirilmiş və qeyd edilən qüsur və hallarla bağlı akt tərtib edilmişdir. Hadisə baş verdiyi vaxtdan artıq bir aydır ki, mənzilində yaşaya bilmir. Başqa şəxslərdə, yaxınlarında qalmalı olur. Mənzil yararsız vəziyyətdədir. Bununla yanaşı ona məxsus paltar-geyim, yorğan döşək, çarpayı, mənzildə olan əşyalar da tam yarasız vəziyyətə düşərək öz keyfiyyətini itirmiş və onlardan pis qoxu gəlməkdədir, istifadə etmək mümkün deyildir. Axan su mənzilin divarlarında çatlar əmələ gətirmişdir ki, bu da axan su nəticəsində evdə nəmişliyin yaranmasına səbəb olmuşdur. Cavabdeh həyat yoldaşı Nümayəndə adlı şəxs ilk olaraq vurulmuş maddi ziyanı aradan qaldıracağı vədini versə də vədinə əməl etməmişdir. Vurulmuş maddi ziyan ilə bağlı Nümayəndə müraciət edərək mənzilini təmir etdirməsini bildirsə də bir nəticəyə hasil ola bilməmişdir. Ona bildirir ki, hara istəyirsən şikayət elə, heç bir köməklik göstərməyəcəyik. Bildirir ki, qeyd edilən ünvanda hadisə baş verən zaman orada X1 yaşamaqda idi. Həmin kirayəçi bir qədər öncə xx.xx.2024-ci il tarixində evinə su axıtmışdır. Cavabdeh artıq neçə ildir ki, fərqli-fərqli insanlara mənzilini kirayə vermişdir və mənzilini kirayə verərək müəyyən məbləğdə qazanc əldə edirdi. Artıq kirayəçi X6 mənzildən çıxarılıb və yanğın baş vermiş mənzildə təmir işləri demək olar ki, bitmişdir. Mənzildə baş vermiş hadisədən sonra təmizlik işlərinin aparılması zərurəti yaranmışdır. Tərəfindən mənzilini təmizlik işlərinin aparılması üçün “Green Cleanig” (VÖEN:1********) təmizlik şirkəti dəvət olunmuşdur.

İş materialları :

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli xx.xx.2010cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1128 nömrəli reyestr kitabının 102245 nömrəli vərəqəsində qeydiyyata alınmışdır.

5. Bakı şəhəri 10 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı ərizəsi əsasında qeyd olunan ünvana və üst mərtəbədə olan Cavabdeh məxsus olan 105 nömrəli mənzillərə texniki baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə 105 saylı mənzildə yanğın olmuş, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən əməkdaşları tərəfindən yanğın su ilə söndürülən zaman aşağı mərtəbədə olan 101 saylı mənzilə su axıntısı nəticəsində mənzilin tavanı, elektrik xətləri, mənzilin divar kağızı, həmçinin mətbəxin tavanı və divarı islanmışdır. Mənzilin paket döşəməsi islanmış, bəzi yerlərdə qabarma müşahidə olunmuşdur. Mənzildə olan ev əşyaları, yataq dəsti və döşək islanmışdır.

6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq idarəsinin təhqiqatçısı, baş leytenant X5 xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 15/9a, ünvanında yerləşən, Cavabdeh məxsus 105 saylı mənzildə baş vermiş yanğın faktında Cavabdeh və X4 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanmasının rədd olunması qərara alınmışdır.

7. İş materiallarına 1 ədəd CD disk əlavə edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 10/4265 nömrəli rəydən görünür ki, Birinci və ikinci sual üzrə: Rəyin tədqiqat hissəində göstərilənləri, o cümlədən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 15/9a nömrəli evin cavabdehə məxsus olan 105 saylı mənzilinin 101 saylı mənzilin üst mərtəbəsində yerləşdiyini, Fövqaladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin təhqiqatçısı Jalə Cavadovanın 12 fevral 2025-ci il tarixli Qərarında 21 yanvar 2025-ci il tarixində 105 saylı mənzildə yanğın hadisəsi baş verdiyini və həmin yanğının qarşısının alınması zamanı istifadə olunan suyun təsirindən 101 saylı mənzilin iki otağının tavan və döşəməsinin yararsız vəziyyətə düşdüyünün göstərildiyini, eləcə də 101 saylı mənzildə aşkar edilmiş qüsurların suaxmadan yaranmaya xarakterik qüsurlar olduğunu nəzərə alaraq, 101 saylı mənzildə aşkar edilmiş qüsurların 105 saylı mənzildə baş vermiş yanğının qarşısının alınması zamanı istifadə olunan suyun 101 saylı mənzilə axması nəticəsində yaranmaya xarakterik qüsurlar olduğu müəyyən edilmişdir. Sahəsi 3.8 kv.metr olan dəhlizin divarlarında divar kağızının qopduğu və döşəməyə vurulmuş laminatın birləşmə hissələrinin şişməsi müəyyən edilmişdir. Sahəsi 5.3 kv.metr olan tikilinin divarlarında divar kağızının qopduğu və döşəməyə vurulmuş laminatın birləşmə hissələrinin şişməsi müəyyən edilmişdir. Sahəsi 16.8 kv.metr olan yaşayış otağında tavanda alçıpanın üzərində su sızma izlərinin olduğu, döşəməyə vurulmuş laminatın birləşmə hissələrinin şişməsi müəyyən edilmişdir. Sahəsi 5.1 kv.metr olan eyvanda tavanda alçıpanın üzərində su sızma izlərinin olduğu, döşəməyə vurulmuş laminatın birləşmə hissələrinin şişməsi müəyyən edilmişdir. Üçüncü sual üzrə: Tədqiq olunan mənzildə aşkar edilmiş qüsurların aradan qaldırılması ilə əlaqədar, yerinə yetiriləcək təmir işlərinə sərf ediləcək materialların həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir.

9. "xxxx" Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MEB-380- 1025 nömrəli Qiymətləndirmə Hesabatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 15/9 a nömrəli evin, 101 saylı mənzilinə dəymiş zərərin dəyəri, həmçinin zərər dəymiş hissələrin təmiri üçün çəkilməli xərclər, o cümlədən bununla bağlı görülməli işlərin (xidmətlərin) bu günkü gündə bazar qiyməti 4943 manat təşkil edir.

10. “Green Cleaning” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, 200 manat ödəniş olunmuşdur.

11. "xxxx" tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən qiymətləndirmənin aparılması üçün 250 manat pul vəsaiti ödənilmişdir.

12. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

13. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 25 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

14. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, yanğın kirayəşinin məsuliyyətsizliyi nəticəsində baş vermişdir. Yanğın baş verəndə evin qapısını bağlayıb qaçmışdır. Qonşular görüb, yanğınsöndürən çağırmışlar. Onun evinin döşəməsi qalxmışdır, əgər döşəməni dəyişdirsə gərək mənzili yenidən təmir etdirsin. Halbuki, mənzili 2-3 il olar ki, təmin etdirmişdir. Baş vermiş hadisə nəticəsində onun atasının mənzilinə də su keçmişdir. Lakin onlar atasının mənzili ilə bağlı tələb irəli sürməmişlər. Mənzilə ekspert tərəfindən baxış keçirildikdən sonra mənzilin divar kağızlarını dəyişdirmişdir. Divar kağızının 1 rulonunu 65 manata almışlar.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək əlavə olaraq izahatında bildirmişdir ki, hadisə qısaqapanma nəticəsində baş vermişdir. Yanğın böyük olduğu üçün Fövqəlada Hallar Nazirliyini çağırmışlar. O, gələndə artıq yanğını söndürmüşdülər. Zərər onun təqsiri nəticəsində dəyməmiş, FHN əməkdaşları tərəfindən suyun çox vurulması nəticəsində olmuşdur.

İşin faktiki halı :

16. Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında xx.xx.2025-ci il tarixində, saat 23 radələrində yanğın hadisəsi baş vermiş və baş vermiş yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülmüşdür.

17. Yanğının baş verən zaman ünvan 2 cavabdehin deyil, başqa şəxsin (cavabdeh tərəfin deməsinə görə qohumu), X4 istifadəsində olmuşdur.

18. Yanğın Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 15/9A, 105 saylı mənzilin yataq otağının sol uzaq küncündə divarda quraşdırılmış elektrik yuvasında baş vermiş qəza nəticəsində baş vermişdir.

19. Baş vermiş yanğın hadisəsinə görə Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 15/9A, 105 saylı mənzilin sahibi və X4 mənzilin sakini kimi üzərlərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər olduğu halda "Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları"nın 1.10.2, 6.5, “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi Qaydaları”nın 1.2, 2.3.3.1, 2.3.3.2, 2.3.5-ci və “X3 Qaydaları”nın 3.4-cü bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməmələri müəyyən edilmişdir.

20. Baş vermiş yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülərkən istifadə olunan su iddiaçıya məxsus olan Bakı şəhəri Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 15/9a, 101 saylı mənzilə zərər vurmuşdur.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 10/4265 nömrəli rəyə əsasən 101 saylı mənzildə aşkar edilmiş qüsurların suaxmadan yaranmaya xarakterik qüsurlar olduğu nəzərə alınaraq, 101 saylı mənzildə aşkar edilmiş qüsurların 105 saylı mənzildə baş vermiş yanğının qarşısının alınması zamanı istifadə olunan suyun 101 saylı mənzilə axması nəticəsində yaranmaya xarakterik qüsurlar olduğu müəyyən edilmişdir.

22. "xxxx" Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 15/9 a nömrəli evin, 101 saylı mənzilinə dəymiş zərərin dəyəri, həmçinin zərər dəymiş hissələrin təmiri üçün çəkilməli xərclər, o cümlədən bununla bağlı görülməli işlərin (xidmətlərin) bu günkü gündə bazar qiyməti 4943 manat təşkil etdiyi müəyyən edilmişdir.

Məhkəmə baxışının hədləri:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1111. binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

26. Azərbaycan Respublikasının Mənzil məcəlləsi :

22. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 29.4. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.

27. Azərbaycan Respublikasındayanğın Təhlükəsizliyi Qaydaları: 1.5. ayrı-ayrı ərazilərin, binaların, tikililərin, otaqların, sexlərin, sahələrin, texnoloji avadanlığın, elektrik şəbəkələrinin, isitmə sistemlərinin və s. yanğın təhlükəsizliyinə cavabdeh şəxslər müəssisənin rəhbəri tərəfindən xüsusi əmrlə təyin edilməlidir. 1.6. X2 tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qüvvədə olan qanunvericiliyə əsasən məsuliyyət daşıyırlar. 1.10. Yanğın Təhlükəsizliyinin təmin edilməsi sahəsində fiziki şəxslər (vətəndaşlar) aşağıdakı tələbləri yerinə yetirməlidirlər: 1.10.1. Yanğın Təhlükəsizliyi normalarına, standartlarına və qaydalara ciddi riayət etmək; 1.10.2. Öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı avadanlıq saxlamaq; 1.10.7. Onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın təhlükəsizliyinin tələblərinə riayət olunmasına nəzarət etmək və bunların pozulmasının qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün səhər və rayon X7 Orqanı vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmaq. 6.5. Elektrik qurğularının istismarı zamanı aşağıdakılar qadağan olunur: - elektrik aparatlarını və cihazlarını onu hazırlayan müəssisənin tövsiyyələrinə (təlimatlarına) uyğun olmayan şəraitdə və ya yanğına səbəb ola bilən nasazlığı olduqda istifadə etmək, eləcə də örtüyü (izolyasiyası) zədələnmiş və ya sıradan çıxmış naqilləri və kabelləri istismar etmək; - nasaz elektrik qurğularından istifadə etmək; - standartlara uyğun olmayan (qeyri standart) elektrik istilik cihazlarından, düzgün seçilməmiş əriyən qoruyuculardan, qısa qapanmadan və artıq yüklənmədən mühafizə edən digər (əldəqayırma) aparatlardan istifadə etmək;

28. X3 Qaydaları:

3.4. Elektrik qurğularının istismara buraxılışı, yaşayış evlərinin elektrik xətləri və elektrik avadanlıqları istisna olmaqla, yalnız sifarişçidə müvafiq elektrotexniki heyətin və elektrik təsərrüfatına cavabdeh şəxsin olduğu halda mümkündür. Yaşayış evlərinin elektrik xətlərinin və elektrik avadanlıqlarının texniki vəziyyətinə və düzgün istismarına görə cavabdehlik onun mülkiyyətçisinin üzərinə düşür.

Məhkəmənin mövqeyi :

29. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

30. İddiaçı Cavabdeh qarşı olan “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbini onun mənzilinə cavabdehə məxsus olan mənzildə yanğın baş verməsi səbəbindən su axması nəticəsində ziyan dəyməsi ilə əsaslandırmışdır.

31. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

32. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

33. İşin müəyyən edilmiş faktiki hallarına əsasən cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 15/9A, 105 saylı mənzildə xx.xx.2025-ci il tarixində, saat 23 radələrində yanğın hadisəsi baş vermişdir. Baş vermiş yanğın hadisəsi zamanı mənzil cavabdehin istifadəsində olmamış, cavabdehin nümayəndəsinin deməsinə görə qohumlarının, iddiaçının bildirməsinə görə isə kirayəçinin istifadəsində olmuşdur. Baş vermiş yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülmüş və yanğının söndürülməsi zamanı istifadə edilən suyun təsirindən iddiaçının mülkiyyətində olan mənzilə ziyan dəymişdir.

34. İşin müəyyən edilmiş hallarına əsasən məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntusuna” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.

35. Mülki qanunvericiliyə əsasən hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl mülki hüquq pozuntusudur (1096.1m). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (1097.1 m).

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18.04.22-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

37. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.

38. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

39. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə iddiaçının mülkiyyətində olan mənzilə zərər dəyməsi, zərərin cavabdehin mülkiyyətində olan mənzildə baş vermiş yanğının söndürülməsi zamanı istifadə olunan suyun təsirindən dəyməsi işin mübahisəsiz halını təşkil edir.

40. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara, həmçinin iddiaçı və cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdikləri izahata əsasən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixində cavabdehin mülkiyyətində olan mənzildə yanğın hadisəsi baş vermiş və baş vermiş yanğının söndürülməsi zamanı iddiaçının mülkiyyətində olan mənzilə zərər dəymişdir.

41. Həmçinin məhkəmə tərəfindən iddiaçıya məxsus olan mənzilə zərər dəyibdəyməməsini, əgər zərər dəymişdirsə, dəymiş zərərin 105 nömrəli mənzildən su axması nəticəsində dəyib-dəyməməsini və dəymiş zərərin məbləğini müəyyən etmək üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-1459/2025 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməklə müvafiq rəy alınmışdır.

42. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 10/4265 nömrəli rəyə əsasən müəyyən edilmişdir ki, 101 saylı mənzildə aşkar edilmiş qüsurların suaxmadan yaranmaya xarakterik qüsurlar olduğu nəzərə alınaraq, 101 saylı mənzildə aşkar edilmiş qüsurların 105 saylı mənzildə baş vermiş yanğının qarşısının alınması zamanı istifadə olunan suyun 101 saylı mənzilə axması nəticəsində yaranmaya xarakterik qüsurlar olduğu müəyyən edilmişdir.

43. Həmçinin 10 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı ərizəsi əsasında qeyd olunan ünvana və üst mərtəbədə olan Cavabdeh məxsus olan 105 nömrəli mənzillərə texniki baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə 105 saylı mənzildə yanğın olmuş, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən əməkdaşları tərəfindən yanğın su ilə söndürülən zaman aşağı mərtəbədə olan 101 saylı mənzilə su axıntısı nəticəsində mənzilin tavanı, elektrik xətləri, mənzilin divar kağızı, həmçinin mətbəxin tavanı və divarı islanmışdır. Mənzilin parket döşəməsi islanmış, bəzi yerlərdə qabarma müşahidə olunmuşdur. Mənzildə olan ev əşyaları və yataq dəsti, döşək islanmışdır.

44. Məhkəmə qeyd edir ki, hazırki mülki işin mübahisəli, yəni cavabdeh tərəfindən mübahisələndirilən və məhkəmə tərəfindən qiymət verilməli olan hallarını iddiaçıya məxsus mənzilə dəymiş zərərə görə cavabdehin məsuliyyət daşımalı olub-olmaması, təqsiri olub-olmaması və dəymiş zərərin məbləği təşkil edir.

45. Belə ki, cavabdehin nümayəndəsinin iddia tələbinə münasibəti belə olmuşdur ki, “iddiaçının mənzilinə zərər onların təqsiri nəticəsində deyil, FHN-nin əməkdaşları tərəfindən suyun vurulması nəticəsində dəymişdir”.

46. Qeyd edilməlidir ki, ilk məhkəmə iclasında (xx.xx.2025-ci il tarixli) cavabdehin nümayəndəsi izahatında iddiaçının mənzilinə dəymiş zərərdə özünü qismən təqsirli hesab etdiyini bildirmişdir. Belə ki, mənzili qohumlarının istifadəsinə vermişdir. Dəymiş zərəri isə qismən (gücü çatdığı qədər) ödəməli olduğunu qəbul etdiyini bildirmişdir. Sonrakı məhkəmə iclaslarında isə zərərin FHN-nin əməkdaşları tərəfindən suyun axıdılması nəticəsində dəydiyindən iddia tələbini qəbul etmədiyini bildirmişdir.

47. Həmçinin xx.xx.2025-ci il tarixli məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehin nümayəndəsi iddiaçının mənzilinə dəymiş zərəri aradan qaldıracağını söz vermiş, lakin yalnız mənzilin asma tavanına dəymiş zərəri aradan qaldırmaqda köməklik etmişdir. Divar kağızlarına dəymiş zərəri isə öz ustası tərəfindən yerinə yapışdırmaqla aradan qaldırmaq istəmişdir. Lakin usta 130 manat pul istədiyindən və imkanı olmadığından ödəyə bilməmişdir. Bildirmişdir ki, hadisə zamanı öz mənzilinə də zərər dəydiyi üçün hər iki mənzili təmir etdirməyə imkanı olmadığından və öz mənzilinə çox xərc çəkdiyindən iddiaçının mənzilini təmir etdirməmişdir.

48. Məhkəmə cavabdehin nümayəndəsinin zərərin onun təqsiri nəticəsində dəyməməsi barədə dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, həmin dəlillər əsassızdır. Belə ki, mülki qanunvericiliyə görə əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

49. Hazırki mülki işin müəyyən edilmiş halı isə ondan ibarətdir ki, yanğın hadisəsi cavabdehin mülkiyyətində olan mənzilin yataq otağının sol uzaq küncündə divarda quraşdırılmış elektrik yuvasında baş vermiş qəza nəticəsində baş vermişdir. xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərara əsasən baş vermiş yanğın hadisəsinə görə Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 15/9A, 105 saylı mənzilin sahibi və X4 mənzilin sakini kimi üzərlərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər olduğu halda "Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları"nın 1.10.2, 6.5, “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi Qaydaları”nın 1.2, 2.3.3.1, 2.3.3.2, 2.3.5-ci və “X3 Qaydaları”nın 3.4-cü bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməmələri müəyyən edilmişdir.

50. Yəni işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, cavabdeh mənzilin mülkiyyətçisi olaraq yanğın təhlükəzisliyi qaydalarına riayət etməli olmasına baxmayaraq riayət etməmiş və nəticədə yanğın hadisəsi baş vermişdir. Yəni FHN tərəfindən baş vermiş yanğının, yəni cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermiş yanğının söndürülməsi nəticəsində iddiaçının mülkiyyətində olan mənzilə zərər dəymişdir.

51. Müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilə dəymiş zərərlə cavabdehin mülkiyyətində olan mənzildə baş vermiş yanğın hadisəsi arasında birbaşa səbəbli əlaqə vardır. Belə ki, həmin mənzildə baş vermiş yanğın hadisəsinin söndürülməsi zamanı suyun axıdılması nəticəsində ziyan dəymişdir. Əgər cavabdeh yanğın təhlükəsizliyi qaydalarına riayət etsə idi, o zaman yanğın baş verməz və iddiaçının mülkiyyətində olan mənzilə isə zərər dəyməz idi.

52. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçıya dəymiş zərər cavabdehin hüquqazidd əməli ilə birbaşa səbəbli əlaqəli olduğundan iddiaçıya dəymiş ziyan cavabdeh tərəfindən ödənilməlidir.

53. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmanı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır.

54. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, nə qədər ki, hadisə zamanı mənzilin istifadəsində olduğu şəxslə cavabdeh arasında kirayə müqaviləsi mövcud olmamışdır, cavabdehin nümayəndəsi həmin şəxsin onun qohumu olduğunu bildirmişdir belə olan halda dəymiş zərərə görə mənzilin mülkiyyətçisi olaraq cavabdeh məsuliyyət daşımalıdır.

55. Məhkəmə iddiaçının mənzilinə dəymiş zərərin miqdarı ilə bağlı qeyd edir ki, Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında cavabdehin nümayəndəsi dəymiş zərərin məbləği ilə razılaşmadığı üçün Məhkəmənin həmin tarixli Qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və müvafiq rəy məhkəməyə təqdim edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 10/4265 saylı xx.xx.2025-ci il tarixli rəyinə əsasən iddiaçının mülkiyyətində olan 101 saylı mənzildə aşkar edilmiş qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin həcmini müəyyən etmək üçün smeta tərtib edilmişdir. Lakin ekspert tərəfindən qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilməmişdir.

56. Məhkəmə tərəfindən iddiaçının mülkiyyətində olan mənzildə zərər dəymiş hissələrin təmiri üçün çəkilməli xərclər və görülməli işlərin dəyərini müəyyən etmək üçün mütəxəssis rəyi alınmışdır.

57. Mütəxəssis ekspert tərəfindən xx.xx.2025-ci il tarixli rəydə tərtib edilmiş smeta əsasında qiymətləndirmə apararaq və mənzilə baxış keçirərək rəy verilmişdir.

58. Müətəxəssis rəyinə əsasən iddiaçının mülkiyyətində olan mənzilə dəymiş zərərin dəyəri, zərər dəymiş hissələrin təmiri üçün çəkilməli olan xərclər, o cümlədən bununla bağlı görülməli işlərin bazar dəyərinin 4343.4 manat (müətəxəssis rəyi ilə müəyyən edilmiş 4943 manatdan matrasın dəyəri çıxılıb) təşkil etdiyi müəyyən edilmişdir.

59. Məhkəmə mütəxəssis rəyinə münasibətdə qeyd edir ki, mütəxəssis rəyi məhkəmə iclasında tərəflər ilə müzakirə edilmiş cavabdehin nümayəndəsi tərəfindən məbləğ mübahisələndirilməmiş, o cümlədən rəy ilə müəyyən edilmiş məbləği şübhə altına alacaq başqa sübut təqdim edilməmişdir.

61. Məhkəmə qeyd edir ki, ekspert rəyinin və mütəxəssis rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Ekspert rəyi və mütəxəssis rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında aparılmış tədqiqat əsasında verilmiş ekspert və mütəxəssis rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki mülki iş üzrə araşdırma zamanı ekspert rəyində və mütəxəssis rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməmişdir. Odur ki, bu halda, həmin rəylər hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər.

62. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən, iş üzrə ekspert və mütəxəssis rəyi əsas götürülməklə iddia tələbi mənzilə dəymiş maddi zərər hissəsində 4343.4 manat məbləğdə təmin olunmalıdır.

63. İddiaçı həmçinin mənzilə su axması nəticəsində mənzildə olan əşyalara zərər dəydiyini bildirərək, matrasa dəymiş zərərin əvəzinin də cavabdehdən tutulmasını tələb etmişdir. İddiaçı izahatında matrası 550 manata aldığını bildirmiş, mütəxəssis tərəfindən isə matrasın dəyəri 600 manat olaraq müəyyən edilmişdir. İddiaçı bildirmişdir ki, matras yuyulsa da, ləkələr və qoxu getmədiyindən onu başqasına hədiyyə etmişdir.

64. Məhkəmə iddia tələbinin hazırki hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən matrasın mövcudluğu, ona zərər dəyməsi və su axması nəticəsində ondan istifadə edilməsinin mümkünsüzlüyünə dair məhkəməyə sübut təqdim edilmədiyindən iddia tələbi hazırki hissədə təmin edilə bilməz.

65. Mütəxəssis rəyi ilə müəyyən edilən matrasın dəyərinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mütəxəssis tərəfindən qiymətləndirmənin hansı sübutlar əsasında aparıldığı və məbləğin necə müəyyən edildiyi rəydə əsaslandırılmamışdır.

66. İddiaçı həmçinin mənzilə su axması nəticəsində dəymiş zərər ilə bağlı mənzildə aparılmış təmizlik işlərinə görə təmizlik şirkətinə ödənilən 200 manat məbləğində pul vəsaitinin də cavabdehdən tutulmasını tələb etmişdir. İddiaçı bildirmişdir ki, o baş vermiş yanğından sonra evdən qoxu getmədiyi üçün iki ay atası gildə qalmış, sonra təmizlik şirkəti çağıraraq evi təmizlətmişdir.

67. Müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixində “Green Cleaning” şirkətinə 200 manat məbləğində pul vəsaiti ödənilmişdir.

68. Məhkəmə qeyd edir ki, iddiaçının mənzilinə dəymiş zərərdə cavabdeh təqsirli olduğundan, onun mənzilində təmizlik işləri aparması baş vermiş yanğın hadisəsi ilə birbaşa əlaqəli olduğundan iddiaçı həmin xərcin də cavabdeh tərəfindən ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, nəzərə alınmalıdır ki, yanğın baş verməsə idi, iddiaçı həmin xərci çəkməyəcək idi.

İddia tələbinin dəymiş mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pul vəsaitinin tutulmasına dair hissəsi :

69. İddiaçı tərəfindən iddia tələbinin “mənəvi zərərin ödənilməsi” hissəsi cavabdeh tərəfin qanunsuz hərəkətləri nəticəsində onun mənəvi zərər dəyməsi ilə əsaslandırılmışdır.

70. Bu məsələ ilə əlaqədar məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsini tələb etmək hüququ fiziki şəxsin yalnız qanunla qorunan qeyri-maddi nemətlərinə edilən hüquqazidd müdaxilə nəticəsində yaranır və əsasən mülki hüquq pozuntusunun (delikt) təsirindən əmələ gəlir. Hüquqla əhatə olunmayan qeyri-maddi nemətlər cəmiyyətdə dəyər olaraq mövcud olmaqla, onlara edilən qəsd nəticəsində şəxsin mənəvi sarsıntı və iztirab keçirməsi mümkündür.

71. Mülki qanunvericiliyə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir.

72. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl isə şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır.

73. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir.

74. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

75. Məhkəmə qeyd edir ki, bu təbiidir ki, gecə saatlarında yanğın hadisəsi baş verməsi, həmin hadisə nəticəsində şəxsin mənzilinə zərər dəyməsi, xüsusilə nəzərə alınmalıdır ki, yaxın vaxtlarda təmir edilmiş mənzilə zərər dəyməsi, iddiaçının yaşayış yerindən məhrum olaraq başqa ünvanda yaşamağa məcbur olması şəxsin mənəvi sarsıntı keçirməsinə səbəb olacaqdır.

76. Həmçinin cavabdeh tərəfin iddiaçının mənzilinə dəymiş zərərə laqeyd münasibət göstərməsi, öz mənzilini təmir etdirməsi, hansıki onun faktiki yaşayış yeri olmayan (başqalarının istifadəsinə verdiyi) mənzilə dəymiş zərəri ilk olaraq aradan qaldırması, lakin iddiaçının yaşayış yeri olan mənzilə dəymiş zərəri aradan qaldırmaması, dəymiş zərəri aradan qaldıracağına dair vəd verməsinə baxmayaraq sonradan dəymiş zərəri divar kağızlarını yapışdırmaqla aradan qaldırmağa çalışması, iddiaçının uzun müddət cavabdehin evi təmir etdirəcəyinə dair vədini gözləyərək yaşayış ünvanından kənarda yaşamağa məcbur olması şəxsin keçirdiyi mənəvi sarsıntı və iztirabın artmasına səbəb olan hallardır.

77. Odur ki, iddiaçı cavabdehdən mənəvi zərərin əvəzinin tutulması tələbini irəli sürməkdə haqlı olmuşdur. Lakin tələb edilən məbləğə münasibtədə isə məhkəmə qeyd edir ki, işin faktiki halları nəzərə alınaraq mənəvi zərərin əvəzi qismində 100 manat məbləğində vəsaitin tutulması ağlabatandır.

Məhkəmə xərcləri.

78. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65.43 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir.

79. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat vəsait tərəflər arasında bərabər şəkildə bölünərək, İddiaçı 100 manat və Cavabdeh 100 manat məbləğində vəsait tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.

80. Qiymətləndiricinin xidmət haqqı olaraq 250 manat məbləğində vəsait tərəflər arasında bərabər şəkildə bölünərək, İddiaçı tərəfindən ödənilmiş 250 manat məbləğində pul vəsaitinin 125 manat hissəsi özünə aid edilməli və 125 manat məbləğində vəsait isə Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə :

81. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı xeyrinə Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 4343.4 manat, mənəvi zərər görə 100 manat, təmizlik işlərinin aparılması üçün 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 65.43 manat məbləğində pul vəsaiti tutulmalıdır.

82. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

Cavabdeh İddiaçı xeyrinə dəymiş maddi ziyanın əvəzi olaraq 4343.4 manat, mənəvi zərər görə 100 manat, təmizlik işlərinin aparılması üçün 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 65.43 manat məbləğində pul vəsaiti tutulsun. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat vəsait tərəflər arasında bərabər şəkildə bölünərək, İddiaçı 100 manat və Cavabdeh 100 manat məbləğində vəsait tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qiymətləndiricinin xidmət haqqı olaraq 250 manat məbləğində vəsait tərəflər arasında bərabər şəkildə bölünərək, İddiaçı tərəfindən ödənilmiş 250 manat məbləğində pul vəsaitinin 125 manat hissəsi özünə aid edilməli və 125 manat məbləğində vəsait isə Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar