Məhkəmə qərarları › İş №2(007)-146/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-146/2020

27.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-146/2020 27.02.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 1790 manat maddi ziyanın, 2000 manat məbləğində mənəvi zərərin, cəmi 3790 manat mələğində vurulmuş ümümi ziyanın əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, onun şəxsi mülkiyyətində olan “Mersedes-Benz” ** XB *** dövlət nömrə nişanlı avtomobilində nasazlıq (yəni mühərrik hissəsində maye axması, antifrizlə mühərrik yağının antifriz qutusunda qarışması, mühərrikin içərisində köpük əmələ gəlməsi kimi nasazlıq) əmələ gəlmişdir. Həmin nasazlığın təmir etməsindən ötrü o, 11 mart 2018-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “Babək” avtomobil servisində mühərrik üstası işləyən, Cavabdeh müraciət etmişdir. Sonuncu avtomaşına baxıb maşında olan nasazlığı düzgün müəyyən etməyərək, “yağ radiatoru” və “kitabca” adlanan cihazların nasaz olmasını və bu səbəbdən mühərrik yağın antifriz yağı ilə qarışdığını, bildirmişdir. Bu nasazlığı aradan qaldırmaq üçün, yağ radiatorunu özündən gətirmiş və maşının üzərinə qoyaraq, maşının təmirli (yəni saz vəziyyətdə) olduğunu ona göstərmişdir. Görülmüş bu xidmət üzrə ondan 50 manat, dəyişdiyi yağ radiaatorun əvəzində isə, ondan 110 manat, cəmi 160 manat məbləğində pul alıb, maşının saz olmasını ona bildirmişdir. Lakın, 11 aprel 2018-ci il tarixdə, maşını idarə edərkən, onda nasazlıq əmələ gəlməsini, mühərrikin qaynatmasını və yenə də antifrizin yerə axmasını, radiatorda suyun xeyli miqdarda azalmasını o, müəyyən etmişdir. Qeyd edilən bu nasazlığı aradan qaldırmaq üçün o, 14 aprel 2018-ci il tarixdə Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində yerləşən avtomobil servisinə və orada xidmət edən “Azər” adlı üstaya müraciət etmişdir. Sonuncu avtomobilə baxarkən, onda su radiatorunun zədələnməsini müəyyən etmiş və bu barədə ona məlumat vermişdir. O, Bakı şəhəri, Babək prospektində yerləşən “Avanqard” adlı avtomobil hissələri mağazasından 210 manat dəyərində yeni su radiatoru almış, onu Azər ustaya gətirmiş və sonuncu həmin ehtiyyat hissəni maşının üzərinə qoymuşdur. Bundan sonra da, maşında olan nasazlıqlar aradan qaldırılmamışdır. Usta Azər tərəfində maşında yağ radiatorun da, nasaz olması əlavə müəyyən edilmişdir. Ona görə yağ radiatirunu da, o mağazadan almış və usta Azər həmin radiatoru maşının üzərinə qoymuşdur. Bundan sonra, usta Azər mühərrikdə əmələ gələn nasazlıqları da aradan qaldırmışdır. Yəni mühərrikin şlifovkasını etmişdir. Yalnız bundan sonra maşın işlək vəziyyətinə salınmışdır. Maşının tam təmiri üçün onun tərəfindən 400 manat mühərrikin şlifovkasına, 550 manat mühərrikin ehtiyat hissələrinə, 90 manat yağ radiatoruna, 100 manat mühərrik yağı və filtirinə, 500 manat usta Azərin zəhmət haqqına pul xərcləmişdir. Beləliklə, Cavabdeh keyfiyyətsiz iş görməsi və maşına keyfiyyətsiz ehtiyyat hissəsi quraşdırılması nəticəsində ona 1590 manat məbləğində mühərrikin yığılmasına görə, 50 manat yağ radiatorun içinin yığılmasına görə və 150 manat cavabdeh tərəfindən keyfiyyətsiz ehtiyyat hissəsinin qoyulması görə, cəmi 1790 manat məbləğində ona maddi ziyan vurulmuşdur ki, həmin ziyanın əvəzi ona ödənilməlidir. Zaur həm də onu aldadaraq təzə yağ raditorunun mağazalarda 180-200 manata satıldığını bildirmiş, halbuki, o, radiatorun təzəsini mağazadan 90 manata almışdır. Yağ radiatorunun maşina quraşdırılması üçün də Zaur ondan məzənnədən 2 dəfədən artıq zəhmət haqqı almışdır. Belə ki, soruşdu ustalar bunun üçün 15-20 manat kifayət etdiyini bildirmişlər. Köhnə yağ radiotorunun da qiymətində Zaur onu dəfələrlə aldatmışdır. Belə ki, soruşduğu yerlərdə işlənmiş yağ radiatorunun qiymətinin maksimum 20-30 manat olduğunu bildirmişlər. Zaurun onu aldatması və keyfiyyətsiz iş görməsi nəticəsində o, mənəvi əzab çəkmiş, bununla şərəf və ləyaqətinin alçaldıldığını hesab edir. İztirablar çəkməyi ilə əlaqədar ona mənəvi ziyan vurulmuşdur. Dəymiş mənəvi ziyana görə 2000 manat pul tutularaq ona ödənilməsini tələb edir. 2019-cu ilin təxminən may ayında Zaurun ********** №-li telefonuna zəng edib qeyd olunanları onun nəzərinə çatdırmış və dəymiş ziyanı ödəməsini təklif etmiş, o isə uzun müddət keçdiyinə görə narazılıq edib ödəməkdən imtina etmiş, istənilən yerə müraciət etməyinə etirazı olmadığını bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirib, izahat verərək göstərdi ki, o, maşının qızdırmasına cavabdeh deyil, ona görə ki, iddiaçının maşınını böyük radiatorunu dəyişməmişdir. O, kitabçanı dəyişdirdikdə tərəfə bildirmişdir ki, radiator su buraxır, lakin tərəf bildirmişdir ki, maddi imkanı yoxdur hal-hazırda, sonra imkanı olduqda dəyişdirər. İddiaçı uzun yol gedərək Ağsu rayon ərazisində maşını qızdırmış və bundan sonra ona yox Azər adlı ustaya müraciət etmişdir. Azər usta da şahid kimi ifadəsində maşında yaranmış nasazlığın onun yağ radiatorunun (kitabçanın) dəyişdirilməsinin matorun başlığının sıradan çıxması ilə əlaqəli olmamasını bir danaha təsdiq etmişdir. Ona görə də, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında X1 şahid qismində ifadə verərək göstərmişdir ki, o, maşının kitabçasını dəyişəndə yağ suya qarışmışdı. Su rezindən buraxmışdır. Zaur kitabçanı dəyişdikdən sonra o da kitabçanı dəyişmişdir. O, maşına baxanda iddiaçıya bildirmişdir ki, maşının matoru sökülməlidir. Söküləndə görmüşdür ki, çürünmə baş veribdir. Təqribən 1500 manat xərci var idi. Həmçinin o bildirdi ki, kitabçanın dəyişdirilməsi matorun sıradan çıxmasına hər hansı təsiri ola bilməzdi. Antifilizin keyfiyyətsiz olması səbəbindən matorun başlığında çürümə getmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Avtomobilin texniki servis kitabçasının surətindən görünür ki, avtomobilin yağ radiatoru 11.03.18-ci il tarixdə Babək servis tərəfindən, su radiatoru 14.04.1918-ci il tarixdə və yağ radiatoru 16.04.18-ci il tarixdə usta Azər tərəfindən dəyişdirilmişdir. - 06 sentyabr 2018-ci il tarixli qəbzdən görünür ki, yağ radiatoru, salnik, antifiriz, mühərrik yağı, yağ filtri alınmış və 240 manat ödənilmişdir. - 22 fevral 2020-ci il tarixli qüsur aktından görünür ki, İddiaçı məxsus olan ** XB *** dövlət nömrə nişanlı avtomobildə ümumi dəyəri 1835 manat olan təmir bərpa işləri (ehtiyyat hissələrinin qiymətləri daxil olmaqla) aparılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı avtomobilində yaranmış nasazlıq ilə əlaqədar “Babək” avtomobil servisinə müraciət etmiş, Cavabdeh avtomaşının “yağ radiatorunu”( kitabçanı) adlanan hissəsini yenisi ilə əvəz edərək avtomobili təmir etmişdir. Bundan bir müddət sonra avtomobildə yenidən nasazlıq yaranmış və iddiaçı həmin nasazlığı aradan qaldırmaq üçün başqa ustaya müraciət edərək maddi xərc çəkmişdir. Hazırda iddiaçı həmin nasazlığın cavabdeh tərəfindən keyfiyyətsiz təmir olunması ilə əlaqədar yarandığını bildirərək, ondan maddi və mənəvi zərər tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl isə şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının qeyd etdiyinə görə, Cavabdeh keyfiyyətsiz iş görməsi və maşına keyfiyyətsiz ehtiyyat hissəsi quraşdırılması nəticəsində ona 1590 manat məbləğində mühərrikin yığılmasına görə, 50 manat yağ radiatorun içinin yığılmasına görə və 150 manat cavabdeh tərəfindən keyfiyyətsiz ehtiyyat hissəsinin qoyulması görə, cəmi 1790 manat məbləğində ona maddi ziyan vurulmuşdur ki, həmin ziyanın əvəzi ona ödənilməlidir. Hazırkı iddia tələbinin əsasını təşkil edən maddi ziyanın iddiaçı tərəfindən cavabdehdən tələb edilməsinin, tələbin əsaslılığının yoxlanılması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehin mülki hüquq pozuntusu (delikt) törətməsi, onun iddiaçıya ziyan vurması, bu ziyanın vurulmasında təqsirli olması, habelə bu əməlin qanuna zidd olması müəyyən edilməmişdir. İddiaçı bununla bağlı mötəbər hesab oluna biləcək hər hansı sübutunu təqdim etməmişdir. Maddi ziyanın olması barədə qüsur aktı mövcuddur, sadəcə olaraq bu ziyanın məhz hansı şəraitdə, harada, kimin təqsiri nəticəsində baş verməsi, ziyanın baş verməsində təqsiri olan şəxs məlum deyildir. Bununla da, məhkəmə hesab edir ki, maddi ziyanın cavabdeh tərəfindən yetirilməsi, ziyanın vurulmasında cavabdehin təqsirinin olması məhkəmə iclasında müəyyən olunmadı, ona görə iddia həmin hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin “2000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən tutulması” hissəsini əsassız sayır. Belə ki, mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı ona maddi ziyan vurulması ilə bağlı iddia qaldırmaqla yanaşı ona mənəvi ziyan vurulması ilə bağlı da iddia qaldırmışdır, bu zaman o, mənəvi ziyanın həcmini müəyyən etməmiş, başa düşülən həddə müəyyən edilməsini xahiş etmişdir. Lakin nəzərə alınmalıdır ki, iddiaçının qənaətinə görə mənəvi ziyan məhz maddi ziyanın yetirilməsi ilə bağlı olmuşdur, bundan irəli gəlmişdir, hansı ki, həmin maddi ziyanla bağlı iddia tələbinin əsassız olması və təmin edilməli olmaması məhkəmə iclasında müəyyən eidlmişdir. İddiaçı digər tələbində olduğu kimi özünə mənəvi ziyan vurmaya dair də məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mənəvi ziyanla bağlı iddia tələbi də təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Cavabdeh onun xeyrinə 1790 manat maddi ziyanın, 2000 manat məbləğində mənəvi zərərin, cəmi 3790 manat mələğində vurulmuş ümümi ziyanın əvəzinin tutulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə görə stehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərclərinə aid olan dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən onun xeyrinə 1790 manat maddi ziyanın, 2000 manat məbləğində mənəvi zərərin, cəmi 3790 manat mələğində vurulmuş ümümi ziyanın əvəzinin tutulması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar