Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1507/2023 19.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Dadaşov Emina Bəhruz qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 qarşı “mənzilə olan istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 qarşı “mənzilə olan istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasını təmin edib, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1 və Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 7A saylı evin, 32 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 7 A saylı evin, 32 saylı mənzili onun şəxsi mülkiyyətindədir. Həmin mənzili o, xx.xx.2022-ci il tarixli, AN-İ No ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasında cavabdehlərdən almışdır. Sonra isə həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə çıxarış almışdır. Alqı-satqı müqaviləsi bağlanarkən cavabdehlər öhdəsinə götürmüşdür ki, 2 ay ərzində ailə üzvləri ilə birlikdə mənzildən qeydiyyatdan çıxacaqlar. O, bu günə kimi düşünürdü ki, onlar qeydiyyatdan çıxıblar, lakin Asan 5 Xidmət Mərkəzindən əldə etdiyi arayışdan aydın oldu ki, cavabdehlər qeydiyyatda qalıblar. Onların onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasının təmin edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın təmin olunmasını xahiş etmiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı onun qardaşıdır və mənzil alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixində alınmışdır. Cavabdehlər mənzil üzrə qeydiyyatdan 2 ay müddətinə, təxminən yanvar ayının 30-na kimi çıxacaqlarını bildirmələrinə baxmayaraq, hələ də evdən çıxmamışlar. Cavabdeh1 başqa digər cavabdehlər evdən çıxmağa razıdırlar. Məhkəmə iclasda iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ № ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə sonuncu ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 7A saylı evin, 32 saylı mənzilini iddiaçıya satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən həmin mənzil İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli Arayışa əsasən, cavabdehlər mübahisəli mənzildə qeydiyyatdadır. 28 saylı MKİS-nin xx.xx.2023-cü il tarixli arayışı ilə cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda olduğu, evin xx.xx.2022-ci ildə satıldığı, bu ünvanda yaşamadıqları müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 notarial qaydada ərizələr verərək mübahisəli mənzilin satılmasına etiraz etmədiyini, müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və daimi qeydiyyatdan çıxmağı öhdələrinə götürdüklərini bildirmişlər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. İş materiallarında olan sənədlər cavabdehlərin qeyd olunan mənzilə qeydiyyatın formal xarakter daşıdığını sübut edir. Beləliklə, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 7A saylı evin, 32 saylı mənzilinə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, həmçinin cavabdehlər həmin mənzildə yaşamadığı üçün həmin evdə istifadə hüquqlarını itirmiş və mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.1-ci, 158.3-cü, 178.1-ci, 425-ci maddələrinə əsasən məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 7A saylı evin, 32 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilməli, iddia tələbində Cavabdeh1 mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi iki dəfə qeyd edildiyindən iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri qismində iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 7A saylı evin, 32 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən məhkəmə xərcləri qismində ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1507/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1507/2023
19.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver