Məhkəmə qərarları › İş №2(007)-153/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-153/2023

02.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-153/2023 02.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” barədə ilkin iddia tələbinə və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və "Youtube” kanalının Azərbaycandakı rəhbəri Cavabdeh2 ona vurduqları ziyanın əvəzi kimi 10000 manat mənəvi və 10.000 manat maddi ziyanın tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2018-ci il tarixində Nicat adlı şəxslə tanış olmuşdur. Həmin vaxt o, keçmiş adı "Melodiya”, hazırki adı "Yaşıl ada” adlanan məkanda şou proqramlarda iştirak etmişdir. Nicat Mustafayev həmin şou proqramlara gəlmişdir. Düz 6 ay həmin şou proqramlara gələn Nicat ona evlilik təklifi etmiş, iş yoldaşlarının təkidi ilə o, evlənməyə razılıq vermişdir. 2020-ci il tarixində "Sapfir” şadlıq sarayında toy mərasimi keçirmək üçün behi danışmış və toy gününü təyin etmişdir. Həmin günlərdə o, onun müğənni Cavabdeh1 ilə ona xəyanət etdiyini bilmiş və onu araşdırmağa başlamışdır. Məlum olmuşdur ki, Nicat evlidir, ailəsi və uşaqları var və müğənni Cavabdeh1 ilə münasibətdədir. Bunu bildikdən sonra o, onunla ciddi söhbət etmiş və ondan ayrılmışdır. Nicatın anası dəfələrlə ona yalvarmışdır ki, onun oğlunun ailəsi dağılır, ona oğlunun Cavabdeh1 uzaqlaşmasına kömək etsin. Bütün bu hadisələrdən sonra Nicat və Gülnar ona qarşı şantajlara, təhqirlərə, böhtanlara və 2020-ci ildən 2022-ci ilədək 2 il ərzində 3 mahnını sildirməyə başlamışdırlar. Hər 3 mahnı sosial şəbəkələrdə çox məşhurlaşmışdır. Onlar başa düşdülər ki, onun bu mahnıları "Youtube” kanalına yüklənsə yaxşı gəlir əldə edə bilər. 2020-ci ilin dekabr ayında vətənə aid "Alındı torpaqlarımız" adlı mahnısı "Youtube" kanalına yükləndikdən bir neçə saat sonra onlar tərəfindən silinmişdir. Onlar ona bildirmişdirlər ki, mahnılarının "Youtube" kanalında yüklənməsinə imkan verməyəcəklər. Cavabdeh1 bunu "Youtube" kanalının Azərbaycandakı rəhbəri Cavabdeh2 vasitəsilə həyata keçirirdi. Onlar "Youtube" kanalına saxta şikayətlər yazmış və onun mahnılarını sildirmişlər ki, guya o, Cavabdeh1 mahnıları oğurlamışdır. Halbuki yuxarıda qeyd etdiyi kimi şikayətlər saxta olmuş, mahnılar onun öz mahnılarıdır. Həmin mahnılar Zəfər günü ilə bağlı oxuduğu "Alındı torpaqlarımız", "2 dəqiqədən bir" və "Qalmaqal" mahnılarıdır. Bababyeva Gülnar "2 dəqiqədən bir" mahnısının musiqisini oğurlayıb öz adına çıxartmış və sözlərini başqa şəxsə yazdırmışdır. Halbuki bu mahnını birinci dəfə o oxumuş və tarixi də məlumdur. O, Bakı Sağlamlıq Mərkəzində onkoloji xəstəlikdən əməliyyat olunmuşdur. Ona stress keçirmək və əsəbləşmək olmaz. Bütün bunlara baxmayaraq Cavabdeh1, Nicat Mustafayevin və "Youtube" kanalının Azərbaycandakı nümayəndəsi Cavabdeh2 ona qarşı etdikləri bu qeyri-hüquqi hərəkətləri ilə bağlı böyük stress keçirtmiş, nəticədə qolunun altında və əməliyyat olunduğu nahiyyələrdə yenidən şişlər əmələ gəlmiş və həkimə müraciət etdikdə həkim həmin şişlərin həyəcan və stress nəticəsində yarandığını bildirmişdir. Cavabdeh1 bu qanunsuz hərəkətləri və hüquqlarını pozması nəticəsində dəfələrlə üstünə təcili tibbi yardım çağırılmışdır. Cavabdehlər ona maddi və mənəvi ziyan vurmuşlar. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 5000 manat maddi, 5000 manat mənəvi zərərin, həmçinin 120 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Rafail qızının məhkəmədə qaldırdığı iddiada iddia ərizəsində qeyd olunan mahnılar qarşılıqlı iddia üzrə iddiaçı Gülnar Babazadəyə məxsus olsa da İddiaçı həmin mahnıları ifadə edir, klip çəkdirib youtube və digər platformalarda paylaşımlar edir, toy və digər məclislərdə ifa etməklə əldə edir. Mübahisəsi gedən "Ayrı-ayrı", "Ömrüm günüm" və "Yazdım ürəyimə" mahnıları X3 (Ceyhun Ömər) məxsusdur və həmin mahnılar Gülnar Babazadə üçün bəstələnmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qeyd olunan mahnıların notları, musiqisi saxlanılmaqla sözləri deyişdirilməklə kopyalanmış formada ifa etmişdir. Gülnar Babazadə tərəfindən artıq tanıdılmış və sevdirilmiş mahnı İddiaçı tərəfindən çox rahat formada Gülnar Babazadənən razılığı olmadan ifa edilməklə gəlir əldə edilmiş, Gülnar Babazadəni gəlirindən məhrum etməklə yanaşı onu mənəvi iztirab çəkməyə məcbur etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında əməliyyat olunduğu üçün iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasını təxirə salıb başqa vaxta keçirilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə ərizələr ünvanlayaraq bildirmişdir ki, ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən məhkəməyə verilmiş eksertiza vəsatəti və məhkəmə iclasında vermiş olduğu izahatlarla təsdiq edilir ki, tərəflər arasında mübahisəsi gedən mahnılar eynilik təşkil edir. Məhkəməyə təqdim edilmiş əqli mülkiyyət agentliyi tərəfindən verilmiş şəhadətnamədən təsdiq edilir ki, mübahisəsi gedən mahnılara dair mülkiyyət hüququ tanınmış və hər iki tərəfin izahatlarından da təsdiq olunur ki, həmin mahnılar hüquqlarını müdafiə etdiyi şəxsə verilmişdir. İlkin iddia tələbi üzrə iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli teleqram vurularaq, əməliyyat olması və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin, qeyd olunan halları təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Bundan başqa tərəf məhkəmə iclasında vəkil və nümayəndə ilə təmsil edilir. Əvvəlki məhkəmə iclasları da bir neçə dəfə əsassız təxirə salınmışdır. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə iclasının təxirə salınması barədə vəsatətin təmin edilməməsi, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsi və yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, ilkin iddia üzrə Cavabdeh2 gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında əməliyyat olunduğu üçün iştirak edə bilməyəcəyini bildirib məhkəmə iclasını təxirə salıb başqa vaxta keçirilməsini tələb etsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianı qəbul etmədiyini bildirərək qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, onun mahnıları sosial şəbəkədən qanunsuz şəkildə silinmişdir. Sosial şəbəkədən silinən mahnılarından biri, yəni 2019-2020-cı ildə oxuduğu “Alındı torpaqlarımız” adlı mahnısı vətənə aid mahnıdır, həmin mahnı “Youtube” sosial şəbəkəsindən tamamilə silinmişdir və onun düşüncəsinə görə vətənə aid mahnının silinməsi ümumiyyətlə düzgün deyildir. Həmin mahnını ilk dəfə o özü oxumuşdur. Onun oxuduğu 3 mahnı da qeydiyyatdan keçməmiş, mahnınını bəstəkardan pul ilə almış, bəstəkarların həmin illlərdə yəni o, ifa etdiyi zamanda nə onun, nə də qarşı tərəfin mahnılarının şəhadətnaməsi olmamışdır. Qarşı tərəf mahnıya şəhadətnaməni iş məhkəmə veriləndə, avqust ayında almış və orada elə bir bəstəkar adı qeyd etmişlər ki, belə adda bəstəkar heç yoxdur. O, həmin mahnılar üçün bəstəkardan şəhadətnamənin vacib olubolmamasını soruşmuş, o da vacib olmadığını, yəni bəstəkar istəsə şəhadətnamə ala biləcəyini, istəməsə almayacağını demişdir. Onun bəstəkarla şifahi danışığı olmuşdur ki, ancaq o, həmin mahnıları oxuyacaqdır və bunu həmin şəxsin özü də gəlib təsdiq edə bilər. Bundan başqa onun gənclərə aid digər “2 dəqiqədən bir” mahnısı ilə bağlı isə Gülnar xanımın adamlarından və “Youtube” sosial şəbəkəsinin rəhbərliyindən onlara zəng edilib hədə-qorxu gəlinrək həmin mahnın onların mahnısına oxşadığını, guya onların mahnısından oğurlandığını bildirmiş və silinməsini istəmişlər. Onun “Youtube” meneceri həmin mahnını silməmiş, gizliyə atmışdır. Bundan 2 ay sonra o, “Youtube” sosial şəbəkəsində görmüşdür ki, onun həmin mahnısına, başqa sözlər yazılaraq klip çəkilmiş, qarşı tərəf “2 dəqiqədən bir” mahnısından oğurlayaraq “Yazdım ürəyimə” adlı mahnını ifa etmiş və guya musiqisi Canana, sözləri də Ülvi İbadlı adlı şəxsə aid olmuşdur. Qarşı tərəf Gülnarın mahnını Ceyhundan aldığını desə də, o, bunu qəbul etmir və o, ümumiyyətlə Ceyhun adlı bəstəkar eşitməmişdir. Həmin “2 dəqiqədən bir” bir mahnısının üzərinə girəndə də görünür ki, onun mahnısı Canan xanım tərəfindən saxta şikayət edilərək silinmişdir. Onların xəbəri yoxdur ki, onlar mahnını silməyib gizliyə atmışdır. Heç kimin onun mahnısını silməyə ixtiyarı yoxdur. “Youtube” sosial şəbəkəsindən rəsmi sənəd verilir ki, onun bütün mahnıları qorunma altındadır. Onda səs yazısı var ki, “Youtube” sosial şəbəkəsinin rəhbəri ona bu mahnı silinməsinə görə sakit durmasını, sonra onun başqa mahnısına trendə salmaq üçün kömək edəcəyini demişdir. Hər iki mahnıya qulaq asanda nəqarətlərinin eyni olduğu görünür. Əgər o, kiminsə mahnısını oğurlamışdırsa, həmin adam onu məhkəməyə verməli idi və bu hal sübut olunsa bəstəkar kanaldan mahnını silə bilərdi. Onun oxuduğu mahnıların tarixi də “Youtube” sosial şəbəkəsində vardır. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianı qəbul etmədiyini bildirərək qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, mənəvi zərər olaraq 10000 manat ona görə qoymuşlar ki, Aygün xanım onkoloji əməliyyat olunmuş, bu məsələlər baş verdikdən sonra 2019-cu ildən onda həmin xəstəlik yenidən başlamış, şişlər böyümüşdür və hazırda onun yenə həmin xəstəliklə bağlı əməliyyata ehtiyacı vardır. Eyni zamanda, mahnılara da 10000 manat xərc çəkmişdir. O, Bəstəkarlar İttifaqına sorğu vermiş və ona Ceyhun Məmmədov və Tural Fərzəliyev adlı şəxslərin hazırda və heç bir zaman Azərbaycan Bəstəkarlar İttifaqının üzvi olmadığı ilə bağlı cavab verilmişdir. Bundan başqa Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə də sorğu etmiş və cavab gəlmişdir ki, “Alındı torpaqlarımız (Mən daha qaçqın deyiləm), “İki dəqiqədən bir” və “Qalmaqal” adlı mahnılar Ceyhun Məmmədovun adına qeydiyyata alınmamışdır. Həmçinin Cavabdeh1 adlı müəllifin əsərləri Agentlikdə dövlət qeydiyyatından keçməmiş, müəllif X2 müraciəti əsasında “Ayrıayrı”, “Yazdım ürəyimə” adlı musiqi əsərləri və onun “Ömrüm-günüm” adlı şeiri müəllifhüquq qanunvericiliyinin tələblərinə uyğun qaydada Agentlikdə qeydiyyatdan keçirilmiş və müəllifə qeydiyyat haqqında 2022-ci il 6 avqust tarixdə 12094, 12952 və 12953 nömrəli şəhadətnamələr verilmişdir. Yəni onlar məhkəmədə iş aparan zaman qarşı tərəf müraciət etmiş və şəhadətnamə almışdır. Onlar musiqi sahəsində mütəxəssis deyillər və mütəxəssi rəyi lazımdır. Musiqi aləmində belə bir şey var ki, mahnını oxumaq üçün mahnını kim ilk dəfə oxumuşdursa, ondan icazə alınmalıdır. Onlar bildirirlər ki, ilk dəfə bu mahnını Aygün xanım oxumuş və ondan başqa kimsə oxusa ondan icazə almalıdır, bəstəkar istəsə mahnısını qeydiyyatdan keçirər, istəsə də keçirməz, onlar bəstəkarlarla bağlı məsələni araşdırmırlar. Qarşı tərəfin nə ixtiyarı var ki, Aygün xanımın mahnısını silmişdir. Bundan başqa tərəflərin arasında başqa məhkəmədə xüsusi ittiham qaydasında iş var. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin olunmasını, ilkin iddianı qəbul etmədiklərini bildirərək ilkin iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. O əlavə olaraq qeyd etmişdir ki, hazırki iş üzrə araşdırmalıdır ki, ilkin iddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ var ya yoxdur. Belə ki, ilkin iddiaçı özü də hər hansı bir mahnı ilə bağlı məsələnin mübahisələndirilməsinin bəstəkara aid olmasını demişdir. Hazırda isə bəstəkar iddia qaldırmamış və mübahisəndirməmişdir. Qarşı tərəf qeyd edir ki, 2 mahnıda da nəqarət hissəsi eynidir, qarşı tərəfin həmin mahnılara şəhadətnaməsi yoxdur və onun deməsinə görə şəhadətnamənin alınmasına ehtiyac yoxdur, amma mahnılara Gülnar xanımın şəhadətnaməsi var və bununla da, qarşılıqlı iddianın əsaslı olduğu görünür. Həmçinin, orada “Youtube” sosial şəbəkəsində yer var, mahnının silinməsi barədə oraya şikayət etməlidirlər. Qarşı tərəfin heç “Youtube” kanalı da yoxdur. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş ilkin iddia üzrə Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil3 iddianı qəbul etmədiklərini bildirmişdir. Məhkəmə tərəflərin izahatını, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia rədd edilməlidir. İclasda tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş: - xx.xx.2022-ci il tarixli Təcili və Təxirəsalınmaz Xəbərdarlıq vərəqəsindən görünür ki, İddiaçı üzərində müalicə aparılmış və həkim tərəfindən tövsiyyələr verilmişdir. - xx.xx.2022-ci il tarixli razılıq məktubundan görünür ki, Fərzəliyev Tural xx.xx.2022ci il tarixdə “Alındı torpaqlarımız”, “İki dəqiqədən bir” və “Qalmaqal” adlı musiqi əsərlərinin İddiaçı tərəfindən ifa edilməsinə və digər hərəkətlərə razılıq vermişdir. - AR Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxsin 810/02/31 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı Rafail qızı xx.xx.2019-cu il tarixdə Bakı Sağlamlıq Mərkəzinin Ginekologiya şöbəsinə daxil olmuş, “Uşaqlığın divardaxili leyomioması” diaqnozu qoyulmuş, xəstəyə “Laporoskopik miomektomiya” əməliyyatı icra edilmiş və kafi vəziyyətdə evə buraxılmışdır. xx.xx.2019-cu il tarixdən sonra xəstə Mərkəzimizə hər hansı müayinə və müalicə üçün müraciət etməmişdir. - Azərbaycan Bəstəkarlar İttifaq tərəfindən verilmiş 5/74 nömrəli xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Ceyhun Məmmədov və Tural Fərzəliyev heç bir zaman Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olmamışdır. - Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin PHŞ/2-2-2022-670 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, “Alındı torpaqlarımız”, “İki dəqiqədən bir” və “Qalmaqal” adlı mahnılar Ceyhun Məmmədovun adına qeydiyyata alınmamışdır. Həmçinin Cavabdeh1 adlı müəllifin əsərləri Agentlikdə dövlət qeydiyyatından keçirilməmişdir. Müəllif, X2 “Ayrı-ayrı”, “Yazdım ürəyimə” adlı musiqi əsərləri və “Ömrüm-ömrüm” adlı şeiri müəllif-hüquq qanunvericiliyinin tələblərinə uyğun qaydada Agentlikdən qeydiyyatdan keçirilmiş və müəllifə xx.xx.2022-ci il tarixdə qeydiyyat haqqında 12954, 12952 və 12953 nömrəli şəhadətnamələr verilmişdir. - Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin 12954, 12952 və 12953 nömrəli, xx.xx.2022-ci il tarixli şəhadətnamələrinin surətlərindən görünür ki, X2 “Ayrı-ayrı”, “Yazdım ürəyimə” adlı musiqi əsərləri və “Ömrüm-ömrüm” adlı şeiri müəllif-hüquq qanunvericiliyinin tələblərinə uyğun qaydada Agentlikdən qeydiyyatdan keçirilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, “Alındı torpaqlarımız", "2 dəqiqədən bir" və "Qalmaqal" mahnıları İddiaçı tərəfindən, "Ayrı-ayrı", "Ömrüm günüm" və "Yazdım ürəyimə" mahnıları da Cavabdeh1 tərəfindən ifa edilmişdir. Tərəflərin izahatları əsasında “Alındı torpaqlarımız" və "Yazdım ürəyimə" mahnılarının musiqisinin eynilik təşkil etdiyi müəyyən olunmuşdur. “Alındı torpaqlarımız”, “İki dəqiqədən bir” və “Qalmaqal” adlı mahnılar Ceyhun Məmmədovun adına qeydiyyata alınmamış, Müəllif, X2 “Ayrı-ayrı”, “Yazdım ürəyimə” adlı musiqi əsərləri və “Ömrüm-ömrüm” adlı şeiri müəllif-hüquq qanunvericiliyinin tələblərinə uyğun qaydada Agentlikdən qeydiyyatdan keçirilmiş və müəllifə qeydiyyat haqqında şəhadətnamələr verilmişdir. Cavabdeh1 adlı müəllifin əsərləri isə Agentlikdə dövlət qeydiyyatından keçirilməmişdir. İddiaçı mahnıları oxumaq üçün icazə verən Tural Fərzəliyev isə heç bir zaman Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olmamışdır. Məhkəmə hazırki mübahisə ilə bağlı ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Hazırki iş üzrə ilkin iddiaçı maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Lakin onun belə bir iddianı qaldırmasına əsas verən sübutlar məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında AR Qanununun: 6-cı maddəsinə əsasən mətnli və ya mətnsiz musiqi əsərləri müəlliflik hüququnun obyektlərindən biridir. 8.1-ci maddəsinə əsasən əsəri yaradan şəxs müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur. 8.5-ci maddəsinə əsasən əsəri qeydiyyatdan keçirən hüquq sahibinə nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir. Mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır. 14-cü maddəsinə əsasən müəllif əsərin müəllifi kimi tanınmaq; əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız istifadə etmək və ya bu cür istifadəyə icazə vermək; əsərin mənasının dəyişilməsinə, təhrif olunmasına və müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ; istifadədən fayda götürmək daxil olmaqla, əsərinin istənilən formada açıqlamaq və ya açıqlanmasına icazə vermək kimi şəxsi hüquqlara malikdir. 15.1-ci maddəsinə əsasən müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu qanunda nəzərə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır. 30.1-ci maddəsinə əsasən bu qanunun 15-ci maddəsi ilə nəzərdə tutulmuş əmlak hüquqları müəlliflər və müəlliflik hüquqlarının digər sahibləri tərəfindən müəllif müqaviləsi üzrə verilə bilər. 32.1-ci maddəsinə əsasən ifaçılar, fonoqram istehsalçıları və yayım təşkilatçıları əlaqəli hüquqların subyektləridir. Əlaqəli hüqquqlar bu Qanunda 2-ci bölməsində nəzərdə tutulmuş müəlliflik hüquqlarına zərər vurmadan həyata keçirilir. 32.3-cü maddəyə əsasən ifaçı bu bölmədə nəzərdə tutulan hüquqları, ifa olunan əsərin müəllifinin hüquqlarına riayət etmək şərti ilə həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2) Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Fərzəliyev Tural ilkin iddiaçı tərəfindən mübahisə edilən “Alındı torpaqlarımız”, “İki dəqiqədən bir” və “Qalmaqal” adlı mahnılara müstəsna müəlliflik hüququnun sahibi kimi qeydiyyat haqqında şəhadətnamə almadığından, yəni mübahisə edilən mahnıların müəllifinin Fərzəliyev Tural olması barədə məhkəməyə sübut təqdim edilmədiyindən onunla İddiaçı arasında olan razılıq İddiaçı “Müəlliflik hüququ və Əlaqəli hüquqlar” haqqında Qanunun 33-cü maddəsində müəyyən edilən ifaçı hüquqlarına (ad hüququ; ifanı ifaçının şərəf və ləyaqətinə xələl gətirə biləcək hər hansı təhrif, dəyişmə və digər qəsdlərdən müdafiə etmək hüququ; ifadan bu qanunda nəzərdə tutulan hallardan başqa, istifadənin hər növünə görə qonorar almaq hüququ da daxil olmaqla, hər hansı formada istifadəyə müstəsna hüquq) sahib olduğunu təsdiq edən sənəd hesab edilə bilməz. İlkin iddiaçının hazırki mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olması işdə olan sənədlərlə də sübuta yetirilməmişdir. Belə ki, ilkin iddia tələbi üzrə İddiaçı subyektiv hüquqa malik olmadığından, yəni ifa etdiyi mahnılara hüquq əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət etmədiyindən onun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tələb hüququna malik deyildir. Məhkəmə eyni zamanda iş materiallarına əlavə edilmiş CD disklərə münasibətdə bildirir ki, həmin disklərə əlavə edilmiş materiallar iş üçün əhəmiyyətli və mötəbər sübutlar deyildir. Belə ki, həmin disklərin birində olan səs yazısında Cavabdeh2 ilə İddiaçı arasında olan danışıqlar nəticəsində Cavabdeh2 reklama pul qoymaq lazım olduğunu, mahnıların, onların müəllif hüquqlarının onun olması barədə əlində rəsmi sənədlərin olmamasını, onların təqdim edilməsini, Agentlikdən Turalın ya da öz adından qeydiyyatdan keçirməsini, bundan sonra mahnıları yayacağını, onun mahnılarının qorunduğunu, Canan və digərlərinin də reklama pul ayırdığını, gəlib pulunu götürməsini, onun sorğu verib İddiaçı instaqramda adının qabağında olan mavi işarəni sildirəcəyini demişdir. İddiaçı isə səs yazısında onun hüquqlarının şirkət tərəfindən qorunmadığını, Cavabdeh2 tərəfindən mahnıların silinməsi barədə şikayət vermədiyini, “Youtube” sosial şəbəkəsində özünə kanal almaq üçün 400 manat pul verib aldığını, onun mahnılarının silinməsi üçün musiqi və sözün eyni olmasının lazım olduğunu, əgər mahnılar eynilik təşkil edirsə Cavabdeh2 qanuni şəkildə notları tələb etmədiyini, onun iki mahnnısı silindiyi halda onun kanalının xüsusi olaraq şikayət vermədiyini, onun pulunu gətirib ona təqdim etməsini, ondan sonra kanalını Şəhanənin işlətməsi üçün verəcəyini qeyd etmişdir. Eyni zamanda, ilkin iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş disklərdə olan fotoşəkildə olan Cavabdeh1 (Canan__oficial) tərəfindən edilmiş paylaşımda o, mahnının youtube tərəfindən silindiyini, təzminat davası açacağını, mahnının yazarının, ifa edən mügənninin də qanuni şəkildə cavab verəcəyini qeyd etmişdir. Beləliklə, məhkəmə bildirir ki, qeyd olunan danışıqlar, iş materiallarına əlavə edilmiş fotoşəkil mahnıların sırf cavabdehlər tərəfindən silinməsini təsdiq etmir. Bu hal öz təsdiqini tapdığı halda belə yenə də İddiaçı qeyd olunan mahnıların silinməsi barədə iddia qaldırmaq hüququ yoxdur. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 “Ayrı-ayrı”, “Yazdım ürəyimə” və “Ömrüm-ömrüm” adlı mahnılara müstəsna müəlliflik hüququnun X1 adına qeydiyyata alındığını təsdiq edən şəhadətnamələri məhkəməyə təqdim etməsinə baxmayaraq X1 “Müəlliflik hüququ və Əlaqəli hüquqlar” haqqında Qanunun 33-cü maddəsində müəyyən edilən həmin mahnılara olan müstəsna hüquqlarının Cavabdeh1 verilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən Cavabdeh1 da qeyd olunan mahnılara subyektiv hüquqa malik olmadığı qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbinin “10.000 manat maddi ziyanın tutulub ona verilməsi” və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı idddia tələbinin “5000 manat maddi zərərin onun xeyrinə tutulması” hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Konsitutsiyasının 46-cı maddəsinin 1-ci hissəsinin tələbinə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin 2-ci hissəsinin tələbinə görə, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə uyğun olaraq, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən 3 halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Maddi hüquq normasının tələbindən müəyyən olunur ki, məlumat özü şərəf və ləyaqəti ləkələyən məlumat olmalıdır. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məhkəmə vurğulayır ki, hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ilkin iddiaçının iddia tələbi mənəvi zərər hissəsində də əsassız olduğundan rədd edilməlidir. Belə ki, hazırki işdə ilkin iddia tələbi üzrə cavadeh Cavabdeh1 və Cavabdeh2 hərəkətləri nəticəsində, İddiaçı stress keçirtməsi, yenidən sağlamlığının pozulması, xəstəliyinin artması şərəf və ləyaqətini ləkələyən hərəkət kimi qiymətləndirilə bilməz. Həmçinin, yuxarıda qeyd olunan halların sırf qarşılıqlı iddiaçının və ilkin iddia üzrə digər cavabdehin hərəkətləri nəticəsində baş verməsi də ilkin iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Zərəçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədiolən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Eyni zamanda ilkin iddia tələbi üzrə İddiaçı iddia tələbinin mənəvi zərər hissəsinin əsası olaraq məhkəməyə AR Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxsin 810/02/31 nömrəli xx.xx.2022-ci il tarixli məktubunu təqdim etmişdir. Halbuki, o, öz iddia ərizəsində Nicat və Gülnarın ona qarşı şantajlara, təhqirlərə, böhtanlara və 2020-ci ildə 2022-ci ilədək 2 il ərzində 3 mahnısını sildirməyə başladıqlarını qeyd etməsini göstərməsinə baxmayaraq, AR Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxsin 810/02/31 nömrəli xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdən sonra xəstə Mərkəzə hər hansı müayinə və müalicə üçün mürüaciət etməmiş, yalnız xx.xx.2022-ci il tarixli Təcili və Təxirəsalınmaz Xəbərdarlıq vərəqəsinə əsasən İddiaçı üzərində müalicə aparılmış və həkim tərəfindən tövsiyyələr verilmişdir. İddiaçı məhkəməyə iddia ərizəsini xx.xx.2022-ci ildə poçtla göndərdikdən sonra xx.xx.2022-ci il tarixli məktubu əldə etmişdir. Eyni zamanda məhkəmə qarşılıqlı iddiaçının onun tərəfindən artıq tanıdılmış və sevdirilmiş mahnının İddiaçı tərəfindən çox rahat formada Gülnar Babazadənin razılığı olmadan ifa edilməklə gəlir əldə edilməsi, Gülnar Babazadənin gəlirindən məhrum etməklə yanaşı onu mənəvi iztirab çəkməyə məcbur etməsi nəticəsində mənəvi zərər tələb etməsinə münasibətdə bildirir ki, hazırki tələb maddi ziyan tələbindən yarandığından, maddi ziyan tələbi tərəfin subyektiv hüququ olmaması əsasında rədd edildiyindən, həmçinin qarşılıqlı iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hərəkətləri nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmədiyindən qarşılıqlı iddia tələbi bu hissədə də əsassız hesab edilərək rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia tələbi üzrə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh1 və "Youtube” kanalının Azərbaycandakı rəhbəri Cavabdeh2 ona vurduqları ziyanın əvəzi kimi 10000 manat mənəvi və 10.000 manat maddi ziyanın tutulub ona verilməsi” barədə ilkin və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “cavabdeh İddiaçı 5000 manat maddi, 5000 manat mənəvi zərərin, həmçinin 120 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması” barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan hər iki tərəf tərəfindən ödənilmiş dövlət rüsumları onlara aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh1 və "Youtube” kanalının Azərbaycandakı rəhbəri Cavabdeh2 ona vurduqları ziyanın əvəzi kimi 10000 manat mənəvi və 10.000 manat maddi ziyanın tutulub ona verilməsi” barədə ilkin və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “cavabdeh İddiaçı 5000 manat maddi, 5000 manat mənəvi zərərin, həmçinin 120 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması” barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. İlkin iddia tələbi üzrə İddiaçı tərəfindən ödənilmiş 150 manat və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən ödənilmiş 120 manat dövlət rüsumu özlərinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar