Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-158/2024 18.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüququna 12000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 58.9 kv.m (yaşayış sahəsi: 37.2 m2, yardımçı sahə: 21.7 m2) olan iki otaqlı mənzilə xüsusi mülkiyyət hüququ ilə xx.xx.2012-ci il tarixdə tam pay haqqı ilə **********9 qeydiyyat nömrəsi ilə İddiaçı daşınmaz əmlak üzərində hüququ bağışlama əsasında Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən qeydiyyata alınmış və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən müvafiq çıxarış (N9 0330304) verilmişdir. Qeyd etmək istəyir ki, yuxarıda göstərilən mənzili iddiaçının babası mərhum X3 17 dekabr 2011-ci il tarixli Bağışlama müqaviləsinə əsasən tam olaraq nəvəsi İddiaçı bağışlamışdır. Azərbaycan Respublikasının DİN-in ******* №-li arayışından göründüyü kimi hal-hazırda qeyd olunan mənzildə mənzilin mülkiyyətçisi olan iddiaçıdan başqa iddiaçının babası mərhum X3, iddiaçının arvadı X2, onların övladı X8 və iddiaçının atası Cavabdeh qeydiyyatdadırlar. Qeyd etmək istəyir ki, iddiaçı 1987-ci ildən, yəni doğulduğu vaxtdan bu evdə yaşayır və qeydiyyatdadır. İddiaçının atası Cavabdeh ilə anası Quliyeva (Novruzova) Rəna Orucəli qızının nikahının pozulması xx.xx.1990-cı ildə Nizami Rayon Qeydiyyat Şöbəsində dövlət qeydiyyatına alınmışdır. Elə həmin ildə Cavabdeh Quliyeva (İmanova) Nazmilə Hüseyn qızı ilə nikah bağlayaraq qeyd olunan mənzildən köçmüş və ailəsi ilə başqa mənzildə yaşamağa başlamışdır. Bu illər ərzində onun bu mənzilin saxlanılmasında heç bir iştirakı olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən daxil olmuş arayışda bildirilir ki, Cavabdeh həyat yoldaşı Quliyeva (İmanova) Nazmilə Hüseyn qızının adına onlar nikahda olduqları dövrdə, Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilən xx.xx.2004-cü il tarixli, 4789 saylı müqaviləyə və AN 311897 saylı, xx.xx.2010-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü’“ sənədinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4789 saylı bağ sahəsində yerləşən 0.1164 ha yaşayış məntəqələrinin torpaqları təyinata torpaq sahəsi qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. Qeyd etmək lazımdır ki, cavabdehlə həyat yoldaşının birgə mülkiyyəti olan həmin torpaq sahəsinin üstündə cavabdeh ev tikdirmiş və hal-hazırda ailəsi ilə birlikdə orada yaşayır. Bildirmək istəyir ki, iddiaçının övladı 2018-ci il təvəllüdlü X8 autizm xəstəliyindən əziyyət çəkir, ona uzunmüddətli və böyük məbləğdə xərc tələb edilən müalicə kursları vacibdir. Bu məbləği əldə etmək üçün iddiaçı qeyd olunan mənzili satmaq qərarına gəlmişdir, lakin hal-hazırda mülkiyyət hüquqları məhdudlaşdırıldığından öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu həyata keçirə bilmir. Bu məqsədlə, o, cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan başqa bildirmək istəyir ki, cavabdehin atası X3 rəhmətə getdikdən sonra mənzildə qalan iddiaçıya məxsus 1 ədəd "Samsung” markalı televizoru, 1 ədəd “LG” markalı kondisioneri, 1 ədəd “LG” markalı soyuducunu, stol, stul və 1 ədəd pianinonu mənzildən çıxararaq öz evinə aparmışdır. Bu əşyaları iddiaçı öz vəsaiti hesabına əldə etmiş və bu əşyalar iddiaçıya məxsusdur. Qeyd etmək istəyir ki, iddiaçı tərəfindən cavabdeh tərəfə kompensasiya təklif olunmuş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək, eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 bildirdi ki, iddia tələbini qəbul etmirlər, kompensasiyanın məbləği ilə razı deyillər. Bu səbəbdən iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********43-05101-093017 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 6 saylı evin 40 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 6 saylı evin 40 saylı mənzilində qeydiyyatdadır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixinə olan məlumatlara əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4789 saylı bağ sahəsində yerləşən 0.1164 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.1955-ci il təvəllüdlü X1 adına Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilən xx.xx.2004-cü il tarixli, 4789 saylı müqaviləyə və AN 311897 saylı, xx.xx.2010-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-95/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Xaliq oğlunun cavabdeh X5 qarşı "Cavabdeh ona məxsus Bakı şəhəri Nizami rayonu, Ə.Vəliyev küçəsi, 6 saylı evdə yerləşən 40 saylı mənzildə yaşayış sənəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddiası rədd edilmişdir. Həmçinin qətnamədən görünür ki, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli 05/2-7728/13 saylı məktubundan görünür ki, "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2019-cu ilədək olan dövrə aid daxil edilmiş məlumatlar öyrənilərkən Cavabdeh ilə Quliyeva (Novruzova) Rəna Orucəlı qızının nikahının xx.xx.1984-cu ildə Binəqədı rayon Leyla Nikah evində, həmin nikahın pozulmasının isə xx.xx.1990-cı ildə, Cavabdeh ilə Quliyeva (İmanova) Nəzmilə Hüseyn qızının nikahının xx.xx.1990-cı ildə Nizami Rayon Qeydiyyat Şöbəsində dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir”. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-655/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-95/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - “X6 Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli YDQM 007-145/2023 nömrəli hesabat aktından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 6 saylı evin 40 saylı mənzilin bazar dəyəri 119300 manat, aylıq kirayə haqqı 400 manatdır. - xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 6 saylı evin 40 saylı mənzili İddiaçı tam pay haqqı ilə xüsusi mülkiyyətindədir, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh ilə iddiaçının anası Quliyeva (Novruzova) Rəna Orucəli qızının nikahları xx.xx.1990-cı ildə pozulmuşdur. Elə həmin ildə Cavabdeh Quliyeva (İmanova) Nazmilə Hüseyn qızı ilə nikah bağlayaraq qeyd olunan mənzildən köçmüş və ailəsi ilə başqa mənzildə yaşamağa başlamışdır. Hazırda iddiaçı cavabdehə kompensasiya ödənilməklə mülkiyyətçisi olduğu mənzildən istifadə hüququna xitam verilməsini xahiş edir. Cavabdeh kompensasiyanın məbləği az olduğundan iddia tələbini qəbul etmir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığının müəyyənləşdirilməsidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, mübahisəli mənzil xx.xx.2012-ci il tarixdə iddiaçının xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Göründüyü kimi İddiaçı iddia tələbi ilə çıxış etmək üçün subyektiv hüququ var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. İşin hallarından göründüyü kimi Cavabdeh qeyd olunan mənzildə 1990-cı ilə qədər yaşamış və həmin tarixə kimi mənzilə istifadə hüququ yaranmışdır. 1990-cı ildən isə Quliyeva (İmanova) Nazmilə Hüseyn qızı ilə nikah bağlayaraq qeyd olunan mənzildən köçmüş və ailəsi ilə başqa mənzildə yaşamağa başlamışdır. Belə olan halda Cavabdeh 1990-cı ildən artıq sözügedən mənzildə yaşamadığından onun mənzilə olan ehtiyacı aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Lakin, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-95/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-655/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə qeyd olunan məsələyə artıq hüquqi qiymət verilmişdir. Bu səbəbdən məhkəmə hazırki iddia tələbinə iddiaçının tələbi çərçivəsində hüquqi qiymət verilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddianın kompensasiya verilməklə iddiaçıya məxsus yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi hissəsini faktiki olaraq qəbul edir, onun mübahisələndirdiyi hal yalnız kompensasiyanın məbləği ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə iddiaçı cavabdehlərə qarşı kompensasiya ödənilməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Bu baxımdan, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Plenum həmin Qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmə baxışı zamanı təklif etdiyi kompensasiya ilə cavabdeh təqribən 03 il müddətinə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olur, bu isə onların mübahisəli mənzildə ümumən yaşadığı dövr nəzərə alındığında ağlabatan kimi qəbul edilə bilər. Həmçinin cavabdehin mübahisəli mənzilin əldə edilməsində hər hansı töhfəsi olmamış, eləcə də onun tərəfindən mənzilin təmirinə və ya yaxşılaşdırılmasına hər hansı xərc çəkildiyinə dair sübutlar da təqdim edilməmişdir. Eyni zamanda cavabdeh əmək qabiliyyətlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təklif olunan məbləğə mənzil almağın mümkün olub-olmadığı məsələnin həlli baxımından əhəmiyyətli deyildir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı kompensasiyanın məbləğini təklif edərkən real bazar qiymətlərini, həmin ərazidə oxşar şəraitli mənzilin aylıq kirayəsini özünün mülkiyyət, cavabdehin isə istifadə hüququnu nəzərə almışdır və iddia 12000 manat kompensasiya təklif etmişdir. Müstəqil qiymətləndirici tərəfindən mənzilin hazırkı bazar qiymətinin müəyyən olunmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, kompensasiyanın məbləğinin iddiada qoyulan məbləğdə, yəni 12000 manat məbləğində olması ağlabatan və real qiymətdir, həmin məbləğ, Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007ci il tarixli Qərarı ilə müəyyən edildiyi kimi, “...mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən...” məbləğdir. O cümlədən, nəzərə alınmalıdır ki, təklif olunan kompensasiya məbləği faktiki olaraq sözügedən mənzilin bazar dəyərinin 1/9 hissəsindən artıq təşkil edir. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, istifadə hüququ əmlakdan (əşyadan) hər hansı formada fayda götürmək və ya istifadə etməklə şərtləndirilir, başqa sözlə, istifadə hüququ əmlakdan (əşyadan) fayda, bəhər götürmək və istifadə etməklə əlaqəlidir. Bu isə, öz növbəsində Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş həmin hüquqdan da istifadənin məhz zərurətdən doğan, başqa sözlə, onsuz keçinməyin mümkünsüz olması (başqa yaşayış yerinin olmaması) anlamına gəlməyə əsas verir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Belə olan halda, məhkəmə hesab edir ki, mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Məhkəmə hesab edir ki, istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində həmin hüququn əldə edilməsi əsasları fərqləndirilmir. Bu isə, o qənaətə gəlməyə əsas verir ki, istifadə hüququnun hansı əsasla əldə edilməsindən asılı olmayaraq, həmin hüquqa məhkəmə qaydasında kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 6 saylı evin 40 saylı mənzildən istifadə hüququna 12000 manat kompensasiya verilməklə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin sonuncu dəqiqləşməsində dövlət rüsumunu tələb etmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 6 saylı evin 40 saylı mənzildən istifadə hüququna 12000 manat kompensasiya verilməklə xitam verilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-158/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-158/2024
18.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver