Məhkəmə qərarları › İş №2(007)-1582/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1582/2023

29.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1582/2023 29.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “delikt nəticəsində dəymiş ziyanın ödənilməsi” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “delikt nəticəsində dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 21 saylı binanın 13 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* №- li, xx.xx.2010-cu il tarixli Çıxarış verilmişdir. Onun mənzili binanın 1-ci mərtəbəsində yerləşir, ümumi sahəsi 18 kv.m olmaqla bir otaqdan ibarətdir. Cavabdeh mənzili isə binanın 2-ci mərtəbəsində yerləşir. Cavabdeh yataqxanın 2-ci mərtəbəsində yaşayan sakinlərin ümumi istifadəsində olan “hamam və mətbəxi” özbaşına zəbt edərək, unitaz qoyaraq şəxsi tualeti və hamamı kimi istifadə edir. Lakin istifadə etdiyi tualet və hamamı təmir etmir və on ilə yaxındır ki, cavabdehin zəbt edərək işlətdiyi hamam və tualetdən mütəmadi olaraq onun mənzilinə çirkab suyu axıdılır. Cavabdehə dəfələrlə hamam və tualetini təmir edərək mənzilinə axıtdığı suyu dayandırmasını xahiş etsə də, cavabdeh hamam-tualetini təmir etmir, suyun axmasının qarşısını almır. Söyüşlü, təhqirli cavablar verir. Uzun illər cavabdehin mənzilindən çirkab sularının axması səbəbindən mənzili tamamilə yararsız vəziyyətə düşmüşdür. Mənzilin tavanı, divarında su axması nəticəsində çürüyüb ovxalanıb tökülmüş, tavanda və divarlarda dərin su xətləri yaranmışdır. Eyni zamandan mənzildəki əşyaları, divan kravat, yorğan-döşək və digər əşyalar xarab olub yararsız vəziyyətə düşmüşdür. Dəfələrlə cavabdehə mənzilinə su axıtmasının qarşısını alması və təqsiri üzündən vurduğu zərəri ödəməsi barədə müraciət etsə də, cavabdeh mənzilindən suyun axıdılmasının qarşısını almır, mənzilinə vurduğu zərəri ödəmir. Cavabdehin təqsiri üzündən mənzili tamamilə yararsız vəziyyətdədir, "nəm", "üfunət", " xoşa gəlməz qoxu" iyindən mənzildə yaşamaq mümkün deyil. Ev təmir edən ustalarla maraqlanmış, mənzili təmir olunub əvvəlki vəziyyətinə, yaşamaq üçün yararlı vəziyyətə salınması üçün (usta pulu və materiallarla birlikdə) 6-8 min arası pul lazımdır. Eyni zamanda cavabdehin qanunsuz hərəkətləri, uzun illər mənzilindən axan çirkab sularının axımının qarşısını almaması səbəbindən mənzilinin yararsız vəziyyətə salınması, ev əşyalarının üzərinə su axıdılması və nəmişlik səbəbindən yararsız vəziyyətə düşməsi və etdiyi özbaşnalığın qarşısını almaması səbəbindən ailəliklə çəkdiyi "stres", "gərginlik", "narahatçılıq", "ünvanına nalayiq sözlər" işlətməsi səbəbindən mənəvi əzab çəkmiş və bütün bunlar davam etməkdədir. Cavabdeh "heç kəsdən qorxmadığını, hara şikayət etsə də, heç kəs ona heçnə edə bilməyəcəyini" deyir. O, cavabdehin mənzilindən su axması nəticəsində mənzilinin yararsız vəziyyətə düşməsini müəyyən edib "AKT" bağlanması barədə Bakı şəhəri Nizami Rayonu, 83 saylı Mənzil İstismar Sahəsinə müraciət etmişdir. Müraciətlə əlaqədar olaraq 83 saylı MKŞ tərəfindən mənzilinə xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş və bu barədə xx.xx.2023-cü il tarixdə "AKT" tərtib olunmuşdur. Buna görə də, Cavabdeh mənzilinə mütəmadi olaraq su axıtması səbəbindən vurduğu maddi zərərə görə 6000 (altı min) manat, mənəvi zərərə görə 2000 (iki min) manat, məhkəmənin hesabına dövlət rüsumu olaraq ödədiyi 100 (yüz) manat olmaqla, ümumilikdə 8100 (səkkiz min yüz manat) pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehin ünvanının ünvan 1ını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz verərək etirazında göstərmişdir ki, iddia ərizəsindən bəlli olmur ki, su axan yer hamam-tualetdir, yaxud onun mənzilidir. Belə ki, iddiaçı iddia ərizəsinin əvvəlində göstərir ki, guya onun mənzilinə 2-ci mərtəbədə yerləşən ümumi istifadədə olmuş hamam və mətbəxdən (tualetdən) çirkab suyu axır. Lakin, sonradan iddia ərizəsində göstərir ki, guya mənzilinə onun mənzilindən su axır. İddiaçı artıq hamam, tualet, çirkab su ifadələrini unudub, ona məxsus mənzildən onun mənzilinə su axmasını göstərir. İddia edir ki, guya o, onu təhqir edir və s. Ancaq məhkəməyə heç bir sübut təqdim etməyib. 83 saylı MKİS tərəfindən tərtib olunmuş AKT özü qərəzli və yalandır. Belə ki, həmin vaxt aktı tərtib edənlər ən azından suyun dəqiq haradan axığını müəyyən etməli idilər. Əgər su 2-ci mərtəbədəki ümumi istifadədə olan hamam və tualetdən axırdısa həmin yerlərə cavabdeh elə MKİS özüdür və həmin yeri təmir etməli idilər. Lakin, hansı səbəbdənsə bütün bunlar birtərəfli qaydada baş verib. Görəsən iddiaçı hansı səbəbdən 10 ili gözləyib, indi AKT üçün MKİS-ə müraciət edib? O, ümumiyyətlə, yaşadıqları bina haqqında qısa məlumat vermək istəyir. Bildirir ki, bina yataqxana binasıdır. 5 mərtəbəlidir. Binanın hər mərtəbəsində ümumi istifadə üçün hamam və mətbəx nəzərdə tutulub. Hamam və mətbəxlər hamısı eyni istiqamətdə hər bir mərtəbədədir. 2-ci mərtəbədə olan hamam və mətbəx ümumi istifadə üçün nəzərdə tutulub və hal-hazırda da 2-ci mərtəbənin sakinləri tərəfindən istifadə olunur, yəni ümumi istifadədədir. Mənzillər özəlləşdirilib. Lakin, hamam və mətbəxin vəziyyətinə nəzarət 83 saylı MKİS-ə aiddir. Əgər hər hansı bir su sızması baş verirsə həmin nasazlıq MKİS tərəfindən aradan qaldırılmalıdır. 2-ci mərtəbənin sakinləri tərəfindən tərtib edilmiş aktı təqdim edir. Bildirir ki, o, heç bir yeri zəbt etməmiş, 2-ci mərtəbədəki hamam və mətbəx 2-ci mərtəbənin bütün sakinlərinin ümumi istifadəsindədir. Əlavə onu bildirmək istəyir ki, binanın 1-ci mərtəbəsində də hamam və mətbəx kimi nəzərdə tutulmuş otaq necə mənzilə çevrilə bilib? Bu necə baş verib və qanuna uyğundurmu? İddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, onun imkanı olmasa yataqxanada yaşamaz. Cavabdeh ümumi hamam dediyi yerə unitaz qoyub və hamamın ağzına qıfıl qoyub. Mətbəxin onun evinə heç bir dəxlisi yoxdur. Cavabdeh onun mənzilinə su axıdır. İş materiallarında MKİS-in tərtib etdiyi akt vardır. Həmin aktda bu hal sübuta yetir. O, hər il evini təmir etdirir. Evi suyun axmasından bərbad vəziyyətə düşüb. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini bildirərək, etirazında göstərdikləri ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, Zəminənin evinin üstündə olan hamam ümumi hamamdır, hamı istifadə edir, bununla bağlı qonşuların aktı da var. Yataqxana ümumidir, o, üç uşaqla kiçik bir otaqda yaşayır, onun mənzili əks istiqamətdədir. Ayaqyolu jek tərəfindən bağlanılıb, hər yerə qıfıl qoyulub. O, məcbur olub, ümumi hamama unitaz qoymuşdur. Onlar oraya qonşularla qıfıl qoymuşdur , çünki ora bağlı olmayanda narkomanlar yığışır. Qonşuların ümumi tərtib etdiyi aktda göstərilir ki, orda tək o yox, hamı hamamdan istifadə edir. Hamam və mətbəxə nəzarət “jek”in nəzarəti altında olmalıdır. Dəfələrlə “jek” gəlib on günlərlə suyu bağlayıb. İddiaçı tələbini ona yox, MKİS-ə qaldırmalı idi. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasına iddiaçının vəsatəti əsasında dəvət edilmiş şahid X1 ifadəsində bildirmişdir ki, onların Zəminə xanımla evi qabaq- qabağadır. Zəminə xanım hər il evini təmir edir, əşyaları çölə çıxarır. O da Zəminə xanıma təmir vaxtı kömək etmişdir, onlar Zəminə xanımla bacı kimidir. Zəminənin evinə su tökülür, ev suyun içərisindədir, su yuxarıdan tökülür. Su əməlli axır. Rəsmiyyə xanımın evi Zəminə xanımın evinin üstündədir. Zəminə xanımın evinin boyaları tökülür, əşyaları ortada qalır, ev bərbad vəziyyətdədir. Onlar Rəsmiyyə xanıma müraciət etmişlər, Rəsmiyyə də deyir ki, “gedin kimə şikayət edirsiniz edin”. Zəminə xanım bircə bu il evi təmir etməyib, ancaq ümumilikdə hər il mənzilini təmir edirdi. Məhkəmə iclasına iddiaçının vəsatəti əsasında dəvət edilmiş şahid X6 ifadəsində bildirmişdir ki, o, Zəminə xanımın oğludur. Bu proseslər davamlı olaraq gedir. Jekə müraciət edirlər, onlara deyirlər ki, “qonşudandır, onlara deyin”. Onların bu evə çıxarışı var. O, qalxır ki, baxsın su kimdən axır, dəfələrlə deyiblər ki, qıfıl Rəsmiyyə xanımdadır. Məhkəmə iclasına cavabdehin vəsatəti əsasında dəvət edilmiş şahid X3 ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdeh onun qonşularıdır. Rəsmiyyə xanımla bir mərtəbədə yaşayır. 1994-cü ildən o yataqxanada yaşayır. Əvvəllər binanın 2-ci mərtəbəsində ümumi hamam, ümumi mətbəx və ümumi tualet olub. Sonra bəzi adamlar balkonlarda tikinti aparıb, aralandılar. Hökumət daha sonra oranı təmir etdi, ora daha da gözəlləşdi. Hamı istifadə etməyə başlamışdır, hamının açarı var, qıfılı da onun yoldaşı düzəldib. Açarı ona görə qoymuşlar ki, birdən oğurluq falan olar. 1-ci mərtəbədə əvvəl yaşayış olmayıb. Bir müddət sonra mətbəxin suyunu kəsdilər, o da o vaxta qədər Zəminə xanımı tanımırdı. Zəminə xanımın qapısını döymüş, oğlu qapını açmışdır. Suyun kəsildiyi barəsində soruşduqda, demişdir ki, “suyu o kəsib, çünki su aşağı axır”. Üçüncü və dördüncü mərtəbədə bərbad vəziyyətdədir. Evdə oturduğu yerdə tavandan su axır. Bina köhnə binadır. Bütün mərtəbələrdə su damır, bərbad vəziyyətdədir. Ayaqyolu da bağlıdır, ordan da su kəsilib. O da mətbəxdən, hamamdan istifadə etmiş, xalça-palaz yumuşdur. Bəli, açar onun özündə də var. 1998-ci ildən Gövhərxanımgil kanalizasiya xəttinə qoşulub. Məhkəmə iclasına cavabdehin vəsatəti əsasında dəvət edilmiş şahid X4 ifadəsində bildirmişdir ki, o da həmin yataqxanada üçüncü mərtəbədə yaşayır. Onlarda da hamama qıfıl qoyulub. Qıfılın qoyulma səbəbi narkomanların olmasıdır. Hamamda yox, ayaqyolunda unitaz var. Rəsmiyyə xanımın olduğu mərtəbədə hamamda da olmuşdur. Onların mərtəbəsinə də su axır. 5-ci mərtəbədən üzüyuxarı su axır. Zəminə xanım 2 il əvvəl yuxarı mərtəbəyə qalxdı, dedi ki, buradan betonun altından partlayıb su axır. O da jekə müraciət etmişdi. Onun yoldaşı özü də usta idi, materialı aldı-gətirdi ki, təmir etsin, su axmasın. Su orada hər zaman axıb, orada divarların içi ilə axırdı. Ayaqyolundan ən çox istifadə edən onlardır, ona görə yoldaşı oranı düzəltdirib. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 21, mənzil 13 İddiaçı tam payda xüsusi mülkiyyətindədir. - “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilə Cavabdeh ¾ hissədə payı vardır. - Bakı şəhəri 83 saylı MKİS-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 21, 13 saylı mənzilin mülkiyyətçisi İddiaçı MKİS-nə ərizə ilə müraciət edərək, üst mərtəbədə yerləşən X2 məxsus 37 saylı mənzildən onun mənzilinə su axdığını bildirmiş və müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Müraciətlə bağlı həmin ünvana baxış zamanı mənzilin su axan hissəsinin əvvəllər hamam kimi istifadə olması müəyyən edilmişdir. Akta fotoşəkillər əlavə olunmuşdur. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 28 sentyabr 2023-cü il tarixli 10/5229 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsində yerləşən 21 saylı evin 13 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 1593 manat müəyyən olunmuşdur. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən həmin tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. Bеləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsindəki 21 saylı evin 13 saylı mənzilinə həmin evin Cavabdeh məxsus olan 37 nömrəli mənzilindən su sızması baş vermiş, bunun nəticəsində iddiaçının mənzilinin konstruktiv elementlərinə maddi ziyan vurulmuşdur. Lakin cavabdeh həmin maddi ziyanı iddiaçıya ödəməmişdir. Hazırda iddiaçı ona dəymiş ziyanın ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu dedikdə (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl nəzərdə tutulmuş və pozuntu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməli olduğu müəyyən edilmişdir. İddiaçı iddia ərizəsinin əsaslandırma hissəsində qeyd etmişdir ki, cavabdehin hərəkətləri nəticəsində ona ziyan vurulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə iddiaçının tələbinə münasibətdə belə qənaətə gəlir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir. Belə ki, subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. İddiaçı Cavabdeh mənzilinə mütəmadi olaraq su axıtması səbəbindən vurduğu ziyanın ödənilməsi tələbini irəli sürsə də, müəyyən edilmişdir ki, suyun axdığı hamam və sanitar qovşaq ümumi istifadədə və MKİS nəzatində olmaqla, nə onun, nə də cavabdehin xüsusi mülkiyyətində deyil və nəticə etibarı ilə onun mübahisə predmeti ilə bağlı hər hansı tələb hüququ yoxdur. Buna görə də, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “delikt nəticəsində dəymiş ziyanın ödənilməsi” tələbinə dаir iddiası rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, məhkəmə xərclərin iddiaçıya aid edilməli, məhkəmənin təşəbbüsü ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf olunmuş 100 manat pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “delikt nəticəsində dəymiş ziyanın ödənilməsi” tələbinə dаir iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf olunmuş 100 manat pul vəsaiti dövlət büdcəsi hesabına, Məhkəmə Ekspertizası Mərkəzinə (VÖEN **********, Hesab AZ34CTRE**********00********) ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar