Məhkəmə qərarları › İş №2(007)-1596/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1596/2021

24.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1596/2021 24.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və mənəvi ziyan” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun hüquqlarının BNA tərəfindən kobudcasına pozulduğuna görə yazılmış cərimənin ləğv olunmasını və ona dəyən maddi və mənəvi ziyana görə 200 manat təzminat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin yolverilməzliyinə görə qəbul etməkdən imtina olunmalıdır. Belə ki, ərizədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı barəsində BNA tərəfindən 05 fevral 2021-ci il tarixdə ******* nömrəli inzibati xəta haqqında qərar qəbul olunmuşdur. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv olunmasını və ona vurulmuş maddi və mənəvi ziyana görə təzminat ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göründüyü kimi, İddiaçı barəsində inzibati xəta haqqında qərardadn müvafiq məhkəməyə şikayət verə bilər və qeyd olunan xarakterli mübahisələrə iddia icraatı qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və mənəvi ziyan” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci və 153-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə qəbul edilməkdən imtina edilsin və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar