Məhkəmə qərarları › İş №2(007)-1600/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1600/2023

24.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1600/2023 24.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ”zaq̇ ırəzA“ İstehsalat Bı̇ rlı̇ yinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən fərdi yaşayış evinə aid (abonent kodu: **********00011) tərtib olunmuş xx.xx.2023-cii il tarixli, ******* saylı aktın ləğv edilməsi və əsassız hesablanmış 6744,00 (altı min yeddi yüz qırx dörd) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev 57, mənzil 24-də ailə üzvləri ilə birlikdə uzun illərdir ki, yaşayır. Bundan əlavə olaraq onun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən fərdi yaşayış evi vardır, lakin orada yaşamırlar, orada qısa müddətdə, 2022-ci ilin iyun-avqust aylarında, təxminən 2-3 ay müddətində kirayənişin yaşamışdır. Həmin ünvanda olan fərdi yaşayış evinə cavabdeh tərəfindən təbii qazdan istifadə olunması üçün xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmış və eyni zamanda da istifadə olunan qaz sərfiyyatını hesablamaq üçün küçədə qaz sayğacı quraşdırılmışdır. Abonent kodu **********800011 olmuş, istifadə olunan qazın pulunu həmişə Smartkartla ödəmişdir. Lakin həmin ünvanda olan fərdi yaşayış evinin həyətində cavabdehə məxsus qaz xətti olmuş və həmin xəttin sonluğu bağlanılmış, heç kim istifadə etməmişdir. Dəfələrlə cavabdehdən xahiş etmiş ki, həmin xətti onun həyətindən çıxarsınlar. Hətta bu barədə baş mühəndisə də məlumat vermişdir. Hətta cavabdeh təşkilatın mühəndisləri gəlib yerində baxmışlar və bildirmişlər ki, həmin xətt həyətindən çıxarılmalıdır. Buna baxmayaraq həmin xətt ləğv edilməmiş və həyətindən çıxarılmamışdır. Ona aid qaz sayğacı həmin xəttdə deyil, yəni küçədə quraşdırılmışdır. 2023-ci ilin aprel ayının əvvəllərində ona məlum oldu ki, cavabdehə 6744 manat borcu yaranmışdır. Bununla əlaqədar maraqlandıqda məlum oldu ki, cavabdeh tərəfindən xx.xx.2023-ci il tarixdə ******* saylı Akt tərtib olunmuşdur. Həmin Aktı cavabdehin əməkdaşları imza etmişlər və guya aktı imza etməkdən o, imtina etmişdir. Əslində o, ümumiyyətlə orada olmamış, onlar tərəfdən də orada heç kim olmamışdır. Həmin əməkdaşlar özbaşınalıq edərək icazəsiz olaraq həyətə daxil olmuşlar və həmin aktı tərtib etmişlər. Aktda qeyd olunmuşdur ki, abonent sayğacdan kənar rezin boru vasitəsilə təbii qazdan qanunsuz istifadə edir. Həmin akta əsasən cavabdehə dəymiş ziyan hesablanmış və qaz sərfiyyatı hər saat üçün 6 kubmetr olmaqla 360 gün üçün cəmi 51840 kubmetr (6x24x360-51840) hesablanmışdır. Hesablanmış borcun məbləği isə 6744 (altı min yeddi yüz qırx dörd) manat olmuşdur. Belə hesab edir ki, həmin borc cavabdeh tərəfindən tam qanunsuz və əsassız olaraq hesablanmışdır. Belə ki, həmin ünvanda (Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi) evdə yaşayış olmadığı halda cavabdeh tərəfindən ona 51840 kub metr qaz sərfiyyatı hesablanmış və əsassız olaraq 6744 manat borc yaranmışdır. Həmin borcun silinməsi barədə şifahi qaydada cavabdehə etdiyi müraciəti təmin edilməmiş və borcun silinməsi barədə məhkəməyə müraciət etməyini bildirmişlər. Ona görə də məcbur olub məhkəməyə müraciət edir. Cavabdeh nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı "Azəriqaz" İB-yə qarşı qaldırmış olduğu iddianı qəbul etmirlər və hesab edirlər ki, iddia ərizəsi əsassızdır. Belə ki, əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən İddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunduğu müəyyən edilmişdir. Qeyd olunan fakt barəsində xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmiş, faktla bağlı fotoşəkillər çəkilmişdir. Tərtib olunmuş akta əsasən 6220,80 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin təmin olunmaması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən fərdi yaşayış evində kənar xətt var. Sayğac evdən kənarda yerləşir. Qaz turbası həyətdən keçir. Müvəqqəti olaraq 5 aylıq evi bir tanışa kirayəyə vermişdir. Kənar xətti o, qoşmuşdur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Sayğac küçədə yerləşir, lakin kənar xətt içəridə yerləşir. Sayğac 1 saata 6 kub metr ötürə bilir. Cərimə 360 günlük hesablanıb. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İstehsalat Biriliyi ilə istehlakçı İddiaçı arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə xx.xx.2018-ci il tarixli 75069 nömrəli müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməli, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməlidir. - Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 29 mart 2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, baxış zamanı abonentin sayğacdan kənar rezin boru vasitəsilə təbii qazdan qanunsuz istifadə etməsi müəyyən edilmiş, bu barədə akt tərtib edilmişdir. - Abonentin saldosundan görünür ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən fərdi yaşayış evində İddiaçı adlı abonentə xx.xx.2023-cü il tarixdə ZENNER G4T SMART markalı, **********303 nömrəli sayğac quraşdırılmışdır, abonent kodu **********00011-dir. Abonentə sayğacdan kənar qoşulma üçün 6220.80 manat borc hesablanmışdır. - Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlərin icra olunması nəzərdə tutulmuşdur. Qaz sayğacının nominal qaz sərfi 6 m3 ortagünlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 6x24x360=51840 m3 - xx.xx.2023-cü il tarixli elektron çıxarışdan görünür ki, İddiaçı 6744 manat borcu vardır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 29 mart 2023-cü il tarixli akta əsasən İddiaçı məxsus Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına keçirilmiş baxış zamanı sayğacdan kənar rezin boru vasitəsi ilə təbii qazdan qanunsuz istifadə edilməsi müəyyən edilmiş və akt tərtib edilmişdir. İddiaçıya 6220.80 manat borc hesablanmışdır. Hesabat müddəti 360 gün qəbul edilmişdir. İddiaçı həmin aktın ləğv edilməsi və cərimənin silinməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının təbii qazdan qanunsuz istifadə etməsi sayğacdan kənar qaz borusuna rezin boru vasitəsi ilə qoşulmaqla olmuşdur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, sayğacdan kənar rezin boru vasitəsilə təbii qazdan qanunsuz istifadə olunması müəyyən edilmiş, bu barədə akt tərtib edilmişdir. İddiaçı həmin evi 5 ay müddətinə kirayəyə verdiyini və qanunsuz xəttin kirayədə qalan tərəfindən qoşulduğunu etiraf etmişdir. İddiaçı kənar xətti onun qoşmadığını bildirsə də müqavilə onunla bağlanmışdır və məsuliyyət mülkiyyətçinin üzərinə düşür. Göründüyü kimi cavabdeh tərəfindən sayğacdan kənar birbaşa qaz borusuna kənar xəttlə qoşulması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilmişdir. Lakin Cavabdeh tərəfindən hesablanmış cərimə 360 gün qəbul edilməklə hesablanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, Cavabdeh İB-nin nümayəndələri hər ay sayğaclara baxış keçirirlər. Cavabdeh İB-nin nümayəndəsi iddiaçının nə zamandan qazdan sayğacdan kənar sərf edildiyi sübuta yetirə bilmədi. İddiaçı isə 5 ay müddətində kənar qoşulmanı etiraf etdi. Belə olan halda təbii qazdan sayğacdan kənar sərf edildiyi üçün abonentə hesablanmış borc məbləği istifadə etdiyi 5 ay ərzində hesablanmalıdır. Göründüyü kimi Cavabdeh İB qaz sayğacının nominal qaz sərfi 6 m3 ortagünlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə (6x24x360=51840 m3) hesablanmışdır. Beləliklə sərf olunmuş qaza görə hesablanmış (6220.80:12=518,40x5=2592) 2592 manat borc çıxılaraq Cavabdeh tərəfindən İddiaçı **********00011 abonent kodu üzrə hesablanmış 3628.80 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********00011 abonent kodu üzrə hesablanmış 3628.80 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Belə olan halda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən məhkəmə xərclərinə aid olan dövlərt rüsumu dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00011 abonent kodu üzrə hesablanmış 3628.80 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar