Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1605/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı Hüseynova (Cəfərova) Səyyarə İftixar qızının iştirakı ilə, İddiaçı Hüseynova (Cəfərova) Səyyarə İftixar qızının Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Hüseynova (Cəfərova) Səyyarə İftixar qızı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 12 avqust 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 12 iyul 2007-ci il təvəllüdlü X23 və 29 oktyabr 2008-ci il təvəllüdlü X24 adlı iki övladları dünyaya gəlmişdir. Əvvəllər münasibətləri normal olsa da, sonradan kəskinləşərək cavabdeh onunla nalayiq davrandığından və onları evdən qovduğundan iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Nizami Rayon Məhkəməsinin 2(007)-553/2019 saylı, 23 avqust 2019-cu il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş və Cavabdeh 12 iyul 2007-ci il təvəllüdlü X13 və 29 avqust 2008-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanılması üçün 29 noyabr 2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qeyd etmək istəyir ki, nikaha daxil olduğu gündən 2018-ci ilin noyabr ayınadək ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. Hətta, Nizami rayon Polis İdarəsində sözügedən mənzilə müvəqqəti pasport qeydiyyatına düşmüşdür. Mənzil əvvəllər icarə müqaviləsi əsasında cavabdehin nənəsinin istifadəsində olmuşdur, o, ölən günə kimi yalnız o, onun qayğısına qalmış və qulluğunda dayanmışdır. Ona görə də həmin mənzil bilavasitə onların daimi istifadəsində olmuşdur. Həmçinin, cavabdeh və birgə nikahdan olan uşaqları hal-hazırda həmin ünvanda pasport qeydiyyatındadırlar. O, formal olaraq ünvan 3 ünvanında atasının evində pasport qeydiyyatında olsa da, 2006-cı ildən etibarən həmin ünvanda faktiki olaraq yaşamır. Cavabdehlə aralarında yaranmış mübahisə nəticəsində onu təhqir edərək yaşadığı mənzildən qovmuşdur, o, geyim əşyalarını götürmədən uşaqları ilə birlikdə kirayə mənzildə yaşamağa məcbur qalmışdır. Bundan sonra o, sözügedən mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir və Nizami Rayon Məhkəməsinin 2(007)- 1448/2019-011 saylı, 30 may 2019-cu il tarixli icra sənədinə əsasən İddiaçı ünvan 4 ünvanına köçürülməsi qət edilmiş və Nizami rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Könül Allahverdiyeva tərəfindən 25 sentyabr 2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borclu Cavabdeh qətnamənin 10 gün müddətinə könüllü icra edilməsi təklif edilsə də, borclu qərəzli olaraq qanuni qüvvəsini almış qətnaməni icra etməkdən qəsdən yayınmış və formal cavabdeh onunla Nizami rayon icra və probasiya şöbəsində yazılı razılığa gələrək onun uşaqları ilə birlikdə ünvan 4 ünvanına köçürülməsi əvəzinə ona müvafiq kompensasiyanın ödənilməsinə, eyni zamanda kompensasiya ödənilən günə kimi kirayə xərclərinin onun tərəfindən ödəniləcəyinə dair vəd versə də, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, beləliklə də onu və övladlarını maddi və mənəvi ziyana salmışdır. Belə ki, sözügedən mənzilə köçürülməklərinə dair qanuni qüvvəyə minmiş qətnamə olmasına baxmayaraq, cavabdeh yaşadığı ərazidə qonşuların arasında onun şəxsiyyətini alçaldaraq pozğun insan kimi qiymətləndirib, haqqında rüsvayedici məlumatlar yayaraq və özbaşınalıq nümayiş etdirərək onun heç bir vaxt həmin mənzilə köçürülməyinə şərait yaratmayacağını bildirmişdir. Hazırda o və uşaqları da həmin qonşular arasında rüsvay olmuşlar. Uşaqları həmyaşıdları ilə ünsiyyətdə çox çətinlik çəkirlər. Eyni zamanda yaşadıqları mənzildə olan istər geyim, istərsə də məişət əşyalarını cavabdeh tərəfindən yararsız hala gətirilib, bu da uşaqlarına mənəvi stress yaradır. Belə ki, həmin mənzilə qonaq kimi gedirlər, orada yaşamaq, həmyaşıdları ilə normal ünsiyyət qurmaq istəyirlər, lakin, hər dəfə cavabdeh onlara “əgər ananız bu evə gəlsə onun başını kəsəcəm” deyə hədə-qorxu gəlir. Ona görə də uşaqları da mənəvi sıxıntı keçirərək, onun həmin evə köçəcəyi təqdirdə cavabdeh tərəfindən öldürüləcəyi qorxusu ilə yaşayırlar. Cavabdeh qətnaməni könüllü icra etmədiyindən 27 dekabr 2019-cu il tarixdə iddiaçının məcburi qaydada sözügedən mənzilə köçürülməsi məqsədilə yaşayış evinə gedərək, həmin mənzildə yaşayan Cavabdeh və həmin mənzildən daimi istifadə etmək hüququ olmayan və sözügedən qətnamənin icrasına maneəçilik törədən digər şəxslər X9, X21, Cavabdeh Carullah oğlu, X8, X5, X18 və X15 xəbərdarlıq edilərək müvafiq Akt tərtib edilmiş və sonuncular tərəfindən imzalanmışdır. Lakin, həmin şəxslər icra məmurlarının evi tərk etməsindən dərhal sonra ona və himayəsində olan iki azyaşlı uşağına fiziki və psixoloji təzyiqlər göstərərək onların mənzildən çıxarılmalarına nail olmuşlar. İddiaçının mənzilə daxil olmasını, oradan sərbəst istifadə etməsini məhdudlaşdırmışlar. Həmin dövrdən bu günədək iddiaçı “102” polis xidmətinə dəfələrlə zəng edərək qətnamənin təmin olunmasını xahiş etsə də, hər hansı nəticəyə nail olmamışdır. Belə ki, cavabdeh qərəzli və mütəmadi olaraq qanunsuz hərəkətlərinə davam edərək uşaqlarına belə rəhm etmədən, onların paltarlarını və məktəb ləvazimatlarını bir torbaya yığıraq qonşusunun evinə vermiş və mənzili açarlayaraq guya rayona getmişdir. Qeyd edir ki, mənzildə olan əşyalar ona məxsus cehiz əmlak və birgə nikah dövründə aldığı əşyalardır. Həmçinin qeyd edir ki, 01 noyabr 2018-ci il tarixdən etibarən bugünkü günədək cavabdeh onu və uşaqlarını yaşadıqları mənzildən məcburi qaydada çıxarmış və onlar kirayədə qalmaq məcburiyyətində qalmışlar. Geyim əşyaları və məişət əşyaları yaşadıqları evdə qaldığından və uşaqlarının təhsil aldığı məktəbə yaxın olduğundan məişət əşyaları ilə tam təhciz olunmuş mənzil kirayəsinə görə hər ay 500 manat olmaqla kirayədə qalsa da, sonradan cavabdehin təkidi ilə rəsmi kirayə müqaviləsi bağlayaraq 18 fevral 2020-ci ildən 01 noyabr 2020-ci il tarixədək icarədarla aralarında bağlanmış notarial qaydada təsdiq edilmiş mənzillərin müvəqqəti icarəyə verilməsi müqaviləsinə əsasən hər ay 800 manat olmaqla pul ödəmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ona dəymiş maddi zərərə görə 20000 (iyirmi min) manat və mənəvi zərərə görə 10000 (on min) manat olmaqla, ümumilikdə 30000 (otuz min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Hüseynova (Cəfərova) Səyyarə İftixar qızı iddia tələbini müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verdi və iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət göstərmişdir ki, İddiaçı ona qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ondan maddi ziyana görə 20000 (iyirmi min) manat, mənəvi zərərə görə 10000 (on min) manat olmaqla, ümumilikdə 30000 (otuz min) manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirmək istəyir ki, iddia tələbi tam əsassız və iftiradır. Belə ki, Nizami Rayon Məhkəməsinin 2(007)-553/2019 saylı, 23 avqust 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş və hər ay iki uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat aliment tutularaq İddiaçı ödənilməsi məhkəmə tərəfindən qət edilmiş və sözügedən aliment ödənişlərini bugünə kimi vaxtlı-vaxtında ödəyir. Nizami Rayon Məhkəməsinin 2(007)-1448/2019 saylı, 30 may 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı ünvan 6 ünvanına köçürülməsi qət edilmişdir. Bildirmək istəyir ki, daha sonra icra vərəqəsi müvafiq qaydada icraya yönəldilmiş və İddiaçı sözügedən ünvana icra şöbəsi tərəfindən köçürülmüş və icra məmurları tərəfindən bu barədə müvafiq akt tərtib edilmişdir. Onlar iddiaçının köçürülməsinə heç bir etiraz bildirməmiş və icra məmurları vasitəsi ilə iddiaçı sakit şəkildə mənzilə köçürülmüşdür. İddiaçı bir müddət köçürülmüş mənzildə yaşadıqdan sonra mənzilə aradabir gəlmiş və daha sonra uşaqlar vasitəsi ilə iddiaçının başqa yerdə yaşadığı barədə məlumatlanmışlar. Bildirmək istəyir ki, uşaqlar ayın 20 gününü onlarla qalırlar. Qeyd etmək istəyir ki, iddiaçının onlarla ünvan 6 ünvanına yaşamasına etiraz etmirlər. Lakin görünür iddiaçı onlarla yaşamaq istəmədiyindən, ailə tərkibimiz böyük, evimiz kiçik, darısqal olduğu üçün, özünə komfortlu bina evində yaşamağı üstün tutduğundan kirayə 500 manatlıq ev tutmuşdur. Bildirmək istəyirlər ki, onlar balaca həyət evində yaşayırlar. İddiaçı iddiada onu qovduqlarını deyir, lakin deyilənlər sadəcə yalandır. İcra şöbəsi tərəfindən icra vərəqəsi icra olduqdan sonra, icra vərəqəsi xitam edilmişdir. Lakin, iddiaçı bir dəfə də olsun belə məhkəməyə icra vərəqəsinin təkrar yönəldilməsi ilə əlaqədar müraciət etməmişdir. Deməli, iddiaçının məqsədi onların mənzilində yaşamaq deyil, əksinə onlardan əlavə özünə qazanc əldə etməkdir. Niyə iddiaçı bu günə kimi vəkili vasitəsi ilə xitam edilmiş icra vərəqəsinin ləğv edilərək təkrar icraya yönəldilməsi barədə məhkəməyə müraciət etməmişdir?! Məgər mənzildə yaşama və köçürülmə məsələsinə polis baxır?! Sadaladıqlarını iddiaçı çox gözəl bilir və məlumatlıdır. Sadəcə iddiaçı onlardan əlavə gəlir əldə etmək niyyətindədir. Birdaha bildirmək istəyirlər ki, onlar iddiaçının ünvan 6 ünvanında yaşamasına etiraz etmir və yazılanlar cəfəngiyyatdır, uydurmadır. Onlar iddiaçının ünvanına nalayiq ifadələr belə işlətməmişlər, uşaqlarımızı sevir və onların psixoloji sarsıntı keçirmələrinə razı deyil, uşaqlar istədikləri vaxt, istədikləri qədər gəlib sözügedən ünvanda qalırlar. Bir daha qeyd etməyi zəruri hesab edir ki, evi balacadır və iddiaçı görünür onların yaşayış şəraitini bəyənmədiyi üçün özünə bina evində komfortlu mənzil kirayələmişdir, gəlsin onlarla yaşasın, etirazları yoxdur. İddiaçının mənəvi ziyanla bağlı iddiasını əsassız hesab edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəv zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7№-li Qərarında da Plenum izah etmişdir ki, “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır”. Yuxarıda göstərilənlərə əsasən İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsinə verilmiş etirazı mülki işin materialları ilə birlikdə araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı, 365009 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında bağlanmış nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş, nikaha 07 noyabr 2019-cu il tarixdə xitam verilmiş, bu barədə Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması haqqında akt qeydləri kitabında 10 sentyabr 2020-ci il tarixdə, 224 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Hüseynova” soyadı verilmişdir; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(007)- 1448/2019 saylı qətnamənin surətindən görünür ki, iddiаçı Cəfərоvа Səyyаrə İftiхаr qızının Bаkı şəhəri, Nizаmi rаyоnu, Mətləb Ağayev küçəsində yеrləşən ev 60, mənzil 2 ünvanına köçürülməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir; - Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 25 sentyabr 2019-cu il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, həmin tarixdə, iddiаçı Cəfərоvа Səyyаrə İftiхаr qızının Bаkı şəhəri, Nizаmi rаyоnu, Mətləb Ağayev küçəsində yеrləşən ev 60, mənzil 2 ünvanına köçürülməsi barədə qəbul edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(007)-1448/2019 saylı icra sənədi üzrə icraata başlanılmışdır; - Bakı şəhəri Nizami rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 28 dekabr 2019-cu il tarixli aktın surətindən görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmurları X1, X4, borclu Cavabdeh, tələbkar İddiaçı, habelə hal şahidləri X3 və X10 iştirakları ilə, ünvan 8 ünvanında akt tərtib edilmişdir. Akt tərtib edilən zaman borclu Cavabdeh tərəfindən tələbkar İddiaçı qeyd olunan mənzilə köçürülməsinə etirazının olmadığı bildirilmiş, tələbkar icra məmurları tərəfindən icra sənədində qeyd olunan mənzilə köçürülmüş, hər iki tərəfə hüquq və vəzifələri izah edilmişdir, həyata keçirilmiş icra hərəkətlərinə dair tərəflərin heç birindən şikayət və ya tələb daxil olmamışdır; - 28 dekabr 2019-cu il tarixli ərizənin surətindən görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(007)-1448/2019 saylı icra sənədi üzrə tələbkar İddiaçı ərizə ilə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin rəisinə müraciət edərək, 28 dekabr 2019-cu il tarixdə icra sənədində göstərilən mənzilə köçürüldüyünü, bununla bağlı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənləri nəzərə alaraq icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir; - Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 28 dekabr 2019-cu il tarixli icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, iddiаçı Cəfərоvа Səyyаrə İftiхаr qızının Bаkı şəhəri, Nizаmi rаyоnu, Mətləb Ağayev küçəsində yеrləşən ev 60, mənzil 2 ünvanına köçürülməsi barədə tələb borclu tərəfindən tam şəkildə icra edildiyindən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(007)-1448/2019 saylı icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır; - 18 fevral 2020-ci il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin tarixdə “kirayəyə verən” X7 ilə “kirayəçi” İddiaçı arasında bağlanmış müqaviləyə əsasən, “kirayəyə verən” tam mülkiyyət hüququ ilə özünə məxsus ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 71 kvadrat metr olan mənzili, 800 (səkkiz yüz) manat kirayə haqqı müqabilində 18 may 2020-ci il tarixədək “kirayəçi” İddiaçı vermişdir; - 01 iyun 2020-ci il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin tarixdə “kirayəyə verən” X7 ilə “kirayəçi” İddiaçı arasında bağlanmış müqaviləyə əsasən, “kirayəyə verən” tam mülkiyyət hüququ ilə özünə məxsus ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 71 kvadrat metr olan mənzili, 800 (səkkiz yüz) manat kirayə haqqı müqabilində 01 noyabr 2020-ci il tarixədək “kirayəçi” İddiaçı vermişdir; Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Hüseynova (Cəfərova) Səyyarə İftixar qızı ilə Cavabdeh arasında bağlanmış nikah pozulduqdan sonra, iddiaçı özünün mənzilə köçürülməsi barədə məhkəmədə iddia qaldırmış, məhkəmənin qətnaməsinə əsasən onun Bаkı şəhəri, Nizаmi rаyоnu, Mətləb Ağayev küçəsində yеrləşən ev 60, mənzil 2 ünvanına köçürülməsi qət edilmiş, qətnamənin icrası ilə əlaqədar icra sənədi tam icra edildiyindən bu barədə icra məmurları tərəfindən müvafiq akt tərtib edilmiş, icra sənədi tam şəkildə icra edilmiş, tələbkar Hüseynova (Cəfərova) Səyyarə İftixar qızının ərizəsinə əsasən icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçı Hüseynova (Cəfərova) Səyyarə İftixar qızı yuxarıda göstərilən icra sənədi üzrə borclu Cavabdeh qərəzli olaraq qanuni qüvvəsini almış qətnaməni icra etməkdən qəsdən yayınmasını, formal şəkildə cavabdehin onunla Nizami rayon İcra şöbəsində yazılı razılığa gələrək uşaqları ilə birlikdə ünvan 4 ünvanına köçürülməsi əvəzinə ona müvafiq kompensasiyanın ödənilməsinə, eyni zamanda kompensasiya ödənilən günə kimi kirayə xərclərinin onun tərəfindən ödəniləcəyinə dair yalan vəd verməklə, onun aylıq 800 manat kirayə haqqı müqabilində kirayə müqaviləsi bağlamasına səbəb olmasını bildirmişdir. Hazırda iddiaçının qənaətinə görə, cavabdeh verdiyi vədə əməl etmədiyinə görə, ona dəymiş maddi və mənəvi ziyanı ödəməlidir. İddiaçı kirayə pulunun ödənilməsini tələb edərkən bunu maddi ziyan kimi (delikt) kimi qiymətləndirmiş və onunla bağlı maddi hüquq normalarına istinad etmiş, sübut qismində iki ədəd kirayə müqaviləsi təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl isə şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iddia tələbinin əsasını təşkil edən maddi ziyanın iddiaçı tərəfindən cavabdehdən tələb edilməsinin, tələbin əsaslılığının yoxlanılması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehin mülki hüquq pozuntusu (delikt) törətməsi, onun iddiaçıya ziyan vurması, bu ziyanın vurulmasında təqsirli olması, habelə bu əməlin qanuna zidd olması müəyyən edilməmişdir. Cavabdehə vurulmuş maddi ziyanın kirayə pulunun ödənilməsindən irəli gəldiyi qəbul edilərsə, nəzərə alınmalıdır ki, iddiaçının cavabdehin yaşadığı evə köçürülməsinə dair məhkəmə qətnaməsi vardır, iş materiallarından da göründüyü kimi, icra sənədi icra olunmuş, bu barədə akt tərtib edilmiş və icra olunduğuna görə icra sənədinin icraatına xitam verilmişdir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı sözügedən mənzilə köçürüldükdən sonra cavabdehin iddiaçının həmin evdə yaşamasına mane olması və ya kirayə yaşadığı halda kirayə haqqını özünün ödəyəcəyi barədə öhdəlik götürməsi də məhkəmə iclasında sübuta yetirilməmiş, belə ki, cavabdeh yazılı etirazında iddiaçıya evdə yaşamasına mane olmadığını, istənilən vaxt mənzilə gəlib yaşaya biləcəyini bildirmiş, habelə iddiaçı tərəfindən cavabdehin mənzildə yaşamasına mane olması ilə əlaqədar, hüquq-mühafizə orqanlarına, o cümlədən icra şöbəsinə müraciət edilməsi barədə də mötəbər hesab oluna biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da, məhkəmə hesab edir ki, maddi ziyanın cavabdeh tərəfindən yetirilməsi, ziyanın vurulmasında cavabdehin təqsirinin olması məhkəmə iclasında müəyyən olunmadı, ona görə iddia həmin hissədə təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iki ədəd kirayə müqaviləsi cavabdehin təqsiri üzündən iddiaçıya maddi ziyan vurulmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı ona maddi ziyan vurulması ilə bağlı iddia qaldırmaqla yanaşı ona mənəvi ziyan vurulması ilə bağlı da iddia qaldırmışdır, bu zaman o, mənəvi ziyanın həcmini 10000 (on min) manat həddində müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının qənaətinə görə mənəvi ziyan məhz maddi ziyanın yetirilməsi ilə bağlı olmuşdur, bundan irəli gəlmişdir, hansı ki, həmin maddi ziyanla bağlı iddia tələbinin əsassız olması və təmin edilməli olmaması məhkəmə iclasında müəyyən edilmişdir. İddiaçı digər tələbində olduğu kimi özünə mənəvi ziyan vurulmasına dair də məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mənəvi ziyanla bağlı iddia tələbi də təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Hüseynova (Cəfərova) Səyyarə İftixar qızının “ona dəymiş maddi zərərə görə 20000 (iyirmi min) manat və mənəvi zərərə görə 10000 (on min) manat olmaqla, ümumilikdə 30000 (otuz min) manat məbləğində pulun Cavabdeh tutulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Hüseynova (Cəfərova) Səyyarə İftixar qızının “ona dəymiş maddi zərərə görə 20000 (iyirmi min) manat və mənəvi zərərə görə 10000 (on min) manat olmaqla, ümumilikdə 30000 (otuz min) manat məbləğində pulun Cavabdeh tutulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Hüseynova (Cəfərova) Səyyarə İftixar qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1605/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1605/2021
20.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver